Ləman Həsənova: “Biz qalib gəldikdə, hamıdan çox türklər fəxr edirlər”
Tarix: 22.11.2013 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


“Anadoluda bütün adət-ənənələr Azərbaycandakı kimidir”

Xarici ölkələrdə yaşayıb fəaliyyət göstərən azərbaycanlıların sayı kifayət qədərdir. Lakin bu soydaşlarımız arasında elələri var ki, onlar vətəndən uzaqda olsalar da, yaşadıqları ölkədə özlərini qərib saymırlar. Belə azərbaycanlılardan biri Türkiyədə yaşayan və aktiv gənclərdən olan Ləman Həsənovadır. Ləman Həsənovanın “Palitra”ya müsahibəsini təqdim edirik:
- Özünüz və Türkiyədəki fəaliyyətiniz barədə məlumat verərdiniz…
- İki il yarımdır ki, İstanbulda yaşayıram. Naxçıvanda böyümüşəm və ilk olaraq burada incəsənət sahəsi üzrə ali təhsilimi bitirdikdən sonra Bakıda Beynəlxalq Universitetin Jurnalistika fakültəsini bitirdim. 2003-cü ildən həm oxuyur, həm də bu sahə üzrə işləyirdim. 2007-ci ildə Azərbaycan Televiziyasında da fəaliyyətə başladım və burada müəllif departamentində redaktor, eləcə də aparıcı kimi işlədim. Bundan əlavə həm Naxçıvanda, həm də Bakıda olarkən mədəniyyət sahəsində müxtəlif işlərdə və vəzifələrdə-dərnək rəhbəri, pedaqoq kimi çalışmışam. Daha sonra “Gençler Tiyatro Deneme Studyosu” adı altında bir mədəniyyət qurumu yaratdım və hətta teatr səhnələri üçün layihələr də hazırladım. Həmin layihə çərçivəsində hazırladığım səhnəciklərlə “5-ci İzmir Tiyatrolar buluşması” adlı festivalda iştirak etdik. Bu olay 2011-ci ildə olmuşdu. Hazırda isə Türkiyənin aparıcı ixracatçı bir şirkətinin beynəlxalq ticarət departamentində çalışıram. Eyni zamanda burada rus və ingilis dilində tərcümə fəaliyyətim də var. Maraq üçün bildirim ki, bu şirkət məşhurdur və dünyanın bir cox ölkələrinə xeyli sayda məhsullar ixrac edir.
- Necə oldu ki, məhz işləmək, fəaliyyət üçün Türkiyəyə üz tutdunuz?
- O zaman Azərbaycanda Türkiyənin səfiri işləyən Hulusi Kılıcla görüşüm olmuşdu ki, burada da Azərbaycan-Türkiyə mədəni əlaqələrinin yaranması və bərkiməsində rol oynadığım üçün təşəkkürnamə aldım və beləcə, Türkiyədə fəaliyyət göstərməyə qərar verdim.
Burada isə “American Cultural Association Language Schools US” adlı institutda dil təhsili aldım.
İngilis dilini ana dilim kimi mənimsəmək üçün bir sıra dərslər də aldım. Daha sonra məşhur “Koç” şirkətinin keçmiş rəhbəri Cengiz Nayırdan idarəetmə və strateji planlaşdırma dərsləri aldım.
Onu da deyim ki, “Koç” şirkətlər qrupu Türkiyənin və dünyanın ən öndə gedən şirkətlərindəndir.
-Türkiyədə fəaliyyət göstərməklə yanaşı Azərbaycanla bağlı hansısa təbliğatlar aparırsınızmı?
- Mən “Azərbaycan-İstanbul dərnəyi”nin üzvü seçilmişəm.
Bununla bağlı bir çox planlarım da var. Mənim əsas peşəm jurnalistikadır və dərnəklə əlaqəli bəzi məqsəd və planları həyata keçirməyi düşünürəm. Önümüzdəki günlərdə dərnəyin toplantısı olacaq və mən də ora qatılacam. Bu dərnəkdə İstanbulda yaşayan azərbaycanlılar bir masa ətrafına toplanırlar və fəaliyyətləri barədə söhbət açırlar.
Şəxsən mənə gəldikdə isə öz adıma mədəniyyət sahəsində kifayət qədər addım atdığıma inanıram.
Azərbaycan incəsənətini və teatrını İzmirdə keçirilən festivalda təbliğ etmək məncə böyük işdir. Ora dünyanın bir çox ölkələrindən tanınmış sənət adamları gəlirlər. Eləcə də Türkiyənin ən tanınmış teatr işçiləri bu festivala qatılmışdılar. Amma sonralar mən ticarət sahəsində fəaliyyət göstərməyə başladım. Türkiyə iş adamlarının Azərbaycana yatırım etmələri üçün bəzi təşviqlər də etdim. Hazırda Azərbaycanla ticari əlaqələrimiz davam edir.
“Azərbaycan-İstanbul dərnəyi”ndəki gələcək planım isə həm mədəni, həm də ticari sahədə Azərbaycana türk iş adamlarının investisiya yatırmalarını təşviq etmək olacaq.
Maraq üçün deyim ki, bu gün türk iş adamları dünyanın bir cox ölkələrinə milyonlarla avro yatırım edirlər və bu, nədən Azərbaycanda geniş şəkildə olmasın? Türkiyə durmadan həm iqtisadiyyat, həm də digər sahələrdə sürətlə böyüməkdə olan bir ölkədir.
Mədəni və ticari əlaqələrin bərkiməsi Azərbaycan üçün də vacibdir.
- Soydaşlarımızın birliyi, təşkilatlanması sizi qane edirmi?
- Düzünü desəm, tam yox. Bunun da özəl səbəbləri var.
Burada yaxşı yaşamaq üçün daim işləmək lazımdır və əksər hallarda iş prinsipləri və şərtləri ağırdır. Xarici vətəndaşların böyük əksəriyyəti mənim kimi özəl təşkilatlarda çalışırlar. Belə olunca iş şərtləri ağır olur və sən ya dayanmadan səyahətlərdə olursan, ya da işindən vaxt ayıra bilmirsən ki, başqa işlərlə də məşğul olasan.
Nə qədər qəribə səslənsə də, deyim ki, yaşadığım binada soydaşımız qalır ki, o da mənim kimi bir özəl şirkətdə işləyir və bir-birimizi görə bimirik. O, 10 ildir buradadır, ali təhsili də burada alıb.
- Türkiyədə ölkəmizə, azərbaycanlılara münasibət necədir? Bu ölkədən Azərbaycan və onun uğurları necə görünür?
- Türklər azərbaycanlıları çox sevirlər. Mən Bakıda olanda ağlıma gəlməzdi ki, Türkiyədə azərbaycanlılara böyük sevgi, diqqət və qayğı var. Onlar bizə əllərindən gələn yardımı etməyə çalışırlar ki, bizlər burada özümüzü ölkəmizdəki kimi hiss edək.
Amma Azərbaycan buradan hələ ki, tam arzuolunan şəkildə görünmür. Yəni ki, türklər ölkəmiz haqda tam məlumatlı olmurlar. Türkiyə həm siyasi, həm də digər baxımdan Azərbaycan üçün “can”ını verməyə hazır bir ölkədir. Misal üçün deyə bilərəm ki, dəfələrlə bu deyimi eşitmişəm ki, “Dövlətlərimiz arasında bir anlaşma olsa və şans verilsə, biz Azərbaycanın işğal olunan torpaqlarını qanımız bahasına, vuruşub sizlərlə birgə geri qaytararıq.
Millət olaraq sözün həqiqi mənasında bizi özlərinə qardaş bilirlər. Amma düşünürəm ki, əlaqələrin daha da gücləndirilməsi üçün daha çox fəalliyyət olmalı, işlər görülməlidir. Təşkilatlanma işləri də güclü olmalıdır.
Mən də bu istiqamətdə bir çox işlər görmək istərdim və gözəl proyektlərim də var. Sadəcə olaraq ətrafımda kömək, güc hiss etmək istərdim ki, bunu reallaşdırım.
Azərbaycanın çiçəklənməsi və uğurları türkləri də məmnun edir. Biz bir məşhur yarışda qalib gəldikdə, adımız dillər əzbəri olduqda, hamıdan çox türklər fəxr edirlər.
Bir daha qeyd edim ki, Türkiyə bölgədə həm iqtisadi, həm siyasi baxımdan ən güclü ölkədir. Belə bir ölkənin dəstəyinə ölkəmizin, xalqımızın daim ehtiyacı olur. Türkiyənin siyasi arenada Azərbaycanı sonadək dəstəkləyəcəyinə isə inam böyükdür.
- Sizcə, Türkiyədə böyük önəm verilən medianın özəllikləri nədən ibarətdir?
- Doğrudur, burada qəzet və televiziya çox önəmli sayılır. Medianın inanılmaz gücü var. Burada insanlar medianı daim izləyirlər, çünki əsrlərdən bəri genetik olaraq türklər hər şeylə maraqlanan olublar və bu gün də bunu media ilə həyata keçirirlər. Burada qəzet oxumağı çox sevirlər. Həftəsonu mütləq qəlyanaltılarına gedib saatlarla qəzetlər oxuyurlar. O da maraqlıdır ki, medianın böyük qismi qərəzsiz fəaliyyət göstərir. Qanunları yerində tətbiq etdikləri üçün, yalansız və qərəzsiz olduqları üçün insanların güvənini qazanıblar.
Telekanallarda xəbər reportyorları gecə-gündüz, 7 gün çalışırlar. Qısası, media bu ölkənin ən mühüm elementlərindəndir.
- Daha da irəli getmək üçün gələcək planlarınız varmı?
-Belə bir məşhur məsəl var - Allahı güldürmək istəyirsənsə, plan qur. Təbii ki, hər şeyi əvvəlcədən demək olmur.
Planlarım da böyükdür. İstanbul böyük bir şəhərdir. Əhalisi durmadan artır. Təbii ki, burada hər sahədə qazana da bilərsən, itirə də… Çalışıram, əlimi atdığım hər işdə qazanam və bu qazanc təkcə maddiyyatla ölçülməsin, vətənimiz üçün də dəyərli olsun.
Burada özümüzü yad hesab etmirik və belə rahat ölkədə hansısa əlavə planlar qurmağa da ehtiyac yaranmır. Təsəvvür edin ki, Anadoluda bütün adət-ənənələr Azərbaycandakı kimidir. Mən Türkiyənin demək olar ki, hər bölgəsini gəzmişəm, amma Anadolu qədər bizə yaxın yer görmədim. Hətta danışıqları belə eynilə bizim kimidir.
İstanbul isə metropolisə çevrilib və təbii ki, şəhər təbiiliyini də itirib, adətlərdən uzaq durur. Bura daha çox Avropa standartları ilə seçilir. Avropada da çox olmuşam. Amma müqayisə edəndə, artıq İstanbul Avropa standartlarını da keçib. Sanki İstanbul Türkiyənin içində başqa bir kiçik dövlətdir. Burada həddindən artıq inkişaf gedir.
- Sonda qəzetimizlə bağlı arzu və istəklərinizi bildirərdiniz…
- Media orqanı olaraq axtarıb, arayıb gənclərin, aktiv soydaşlarımızın fəaliyyətlərini işıqlandırmaq təqdirəlayiq haldır. Bu məni çox sevindirdi. Qəzetinizə uğurlar arzu edirəm!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info