“Unian”: “Avropa Rusiya və MDB bazarında itirdiklərimizi kompensasiya etmir”
Tarix: 22.11.2013 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Avropa İttifaqı Ukrayna hökumətinin üçtərəfli formatda danışıqlar aparmaq təklifini rədd edib

Putin: “Bir daha bəyan edirəm ki, Rusiya Ukrayna üçün açıq bazardır. Əgər Ukrayna qapılarını axıra qədər Avropa İttifaqı üçün açarsa, o halda bizim qapımız indiki kimi açıq olmayacaq”

Ukrayna parlamentinin Avropa İttifaqı ilə assosiativ saziş imzalanması istiqamətində aparılan danışıqlardan imtina etməsi Avropa üçün şok effekti yaradıb. Rəsmi Kiyev Moskva ilə Brüssel arasında bir müddət manevr etdikdən sonra seçimini Rusiyanın xeyrinə edib. Hələlik Ukraynanın tam olaraq assosiativ sazişdən imtina etməsi rəsmiləşməyib. Amma siyasi proseslərin gedişi göstərir ki, Ukrayna noyabrın sonunda Avropa İttifaqı ilə heç bir saziş imzalamayacaq. Ukraynanın “Unian” agentliyinin yaydığı məlumata görə, hakim Regionlar Partiyasından olan deputatlar bildirirlər ki, kartları tam açmaq lazım deyil. Ona görə də Ukrayna parlamenti Vilnüs sammitindən əvvəlki günə-noyabrın 27-nə iclas təyin edib. Ancaq həmin iclasda Ukraynanın assosiativ sazişi imzalayıb-imzalamayacağı rəsmiləşəcək. “Unian”da Tatyana Urbanskaya yazır: “Parlament üzvləri qeyd edirlər ki, Rusiya Ukraynaya satdığı qazın qiymətini azaltmır. Deməli Avropa bunu bizim üçün kompensasiya etməlidir. Kiyev Moskva ilə hesablaşmalıdır. Bunun üçün bizə 2 milyard dollar lazımdır. 2014-cü il üçün isə Ukrayna Beynəlxalq Valyuta Fondu ilə də razılaşmalıdır. Avropa bizə bu maliyyə yardımını edirmi? Yox. Ukrayna Nazirlər Kabineti Avropa İttifaqı ilə danışıqların dayandırılmasını ölkənin milli təhlükəsizliyi ilə izah edir. Hökumət ölkənin milli maraqlarını əsas götürərək Rusiya və digər MDB ölkələri ilə ticarət əlaqələrini nəzərə alıb. Baş nazirin müavini Yuri Boyko deyib ki, hökumət son iki ay ərzində ticarət-iqtisadi əlaqələri geniş şəkildə analiz etdikdən sonra bu qərara gəlib: “Bizim Avropa ilə danışıqlarımız o halda davam edə bilərdi ki, Rusiya və MDB bazarında itirdiyimizi Avropa kompensasiya etsin, sənaye məhsullarımız üçün Avropa bazarı açıq olsun. Hesab edirik ki, bu qərarımız Rusiya və digər MDB ölkələri ilə bütün sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığın inkişafına səbəb olacaq. Bu əməkdaşlıqdan əsasən Ukrayna sənayesi, maşınqayırma, kosmos və aviasiya sahəsi xeyir görəcək. Sadəcə 4 sahənin inkişafı 40 mindən çox yeni iş yeri yaradacaq. Bu, bizim üçün çox vacibdir”. Ukrayna Avropa İttifaqı və Rusiyaya üçtərəfli komissiya yaradılmasını təklif edib. Rusiya prezidenti Putin bildirib ki, Ukrayna istədiyi ölkə ilə sərbəst iqtisadi əməkdaşlıq edə, ittifaqa qoşula bilər: “Əgər söhbət Ukraynanın NATO-ya qoşulmasından gedərsə, biz buna təbii ki, qarşı olacağıq. İqtisadi inteqrasiya bizim üçün müdafiə baxımından heç bir təhlükə törətmir. Bir daha bəyan edirəm ki, Rusiya Ukrayna üçün açıq bazardır. Əgər Ukrayna qapılarını axıra qədər Avropa İttifaqı üçün açarsa, o halda bizim qapımız indiki kimi açıq olmayacaq”. Ukrayna Xarici İşlər Nazirliyinin rəsmisi Vsevolod Çençov bildirib ki, Avropa İttifaqı üçtərəfli komissiya yaradılmasına razıdır, amma assosiativ saziş imzalanmasından sonra. Rusiya isə bunu qəbul etmir. Avropa İttifaqı mövqeyini belə əsaslandırır ki, Gömrük İttifaqı beynəlxalq hüququn subyekti olmadığı üçün onunla danışıqlar apara bilməz. Ancaq Qazaxıstan və Belarus Dünya Ticarət Təşkilatına üzv olduqdan sonra bu danışıqlar aparıla bilər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskva Ukraynanın Rusiya və MDB dövlətləri ilə əməkdaşlığı inkişaf etdirmək qərarını alqışlayır: “Biz, sözsüz ki, ən yaxın tərəfdaşımız olan Ukraynanın Rusiya ilə ticari-iqtisadi əməkdaşlığı təkmilləşdirmək və inkişaf etdirmək niyyətini alqışlayırıq”. Avropa İttifaqına sədrlik edən Litvanın xarici işlər naziri Linas Linkyaviçyus belə bir bəyanat verib ki, Ukrayna Nazirlər Kabinetinin üçtərəfli formatda Avropa Birliyi-Ukrayna-Rusiya danışıqlarının keçirilməsi barədə təklifi çıxış yolu deyil və belə bir presedent yoxdur. L.Linkyaviçyus bildirib ki, AB-nin ikitərəfli danışıqlar barədə Ukraynaya təklifi qüvvədədir və üçüncü tərəfin bu prosesdə rol alması mümkün deyil. Politoloq Vadim Karasayev hesab edir ki, Ukrayna hakimiyyəti Avropa İttifaqı ilə saziş imzalayarsa, Rusiya ilə ciddi və genişmiqyaslı iqtisadi müharibəyə girəcəyindən, Rusiya bazarını itirəcəyindən qorxur: “Rəsmi Kiyev iş yerlərinin, sənaye məhsullarının ixtisarından çox ehtiyat edir. Ukrayna hakimiyyəti bu vəziyyətdə Rusiya ilə iqtisadi-diplomatik savaşa getmək istəmir. Üstəlik bunun əvəzində Avropa İttifaqı ilə imzalanacaq azad ticarət zonası ilə bağlı saziş itkiləri kompensasiya etməyəcək”. Ekspert Valentin Zemlyanski qeyd edir ki, Rusiya bunun müqabilində Ukraynaya satdığı qazın qiymətini 200-250 dollara endirə, tranzit təminatı verə bilər. Eyni zamanda 5 milyard dollar kredit verə bilər ki, bu da Kiyev üçün çox vacibdir. Qazın qiymətinə görə ötən ildən yığılıb qalan borcun silinməsi də Rusiya tərəfindən edilən müsbət jest ola bilər. “Rosneft” Ukraynadakı neftayırma zavodunun modernləşməsini də öz üzərinə götürə bilər. Ekspert Oleq Ustenko qeyd edir ki, assosiativ sazişin imzalanmasından imtina edilməsi Rusiya ilə Ukrayna arasında iqtisadi münasibətlərdə cidid istiləşmə yaradacaq”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
16.11.2018
Gürcüstanda seçkilər: xaricdən gələn səslər həlledici ola bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info