“Müəllimlərin maaşının artırılması istiqamətində iş aparılır”
Tarix: 23.11.2013 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Dünən Təhsil Şurasının yığıncağı keçirildi. Tədbirdə təhsil sahəsində mövcud vəziyyət və eləcədə bir sıra problemlərə toxunuldu. Yığıncaqda çıxış edən Təhsil Şurasının sədri Əjdər Ağayev bildirdi ki, məktəblərdə bəzi dərslərin keçilməməsi müəyyən problemlər yaradır: “Bu gün Azərbaycanın müxtəlif rayonlarında musiqi, bədən tərbiyəsi, əmək, təsviri incəsənət kimi dərslər keçilmir və onlara diqqət yetirilmir. Bu dərslər bəzi məktəblərdə riyaziyyat, Ana dili və digər dərslərlə əvəz olunur. Bəzi dərslərin keçilməməsi nəticəsində uşaqlar yorulur və psixologiyasında müəyyən problemlər yaranır. Məktəblərdə tədrisdə uşaqların istirahəti dərslərlə növbələşməlidir”. Ə.Ağayev valideynlərin əksəriyyətinin təhsil hüquqlarını bilməməsindən şikayətləndi. O qeyd etdi ki, valideynlərin bu barədə məlumatlandırılmasına, onların məktəblərlə birbaşa əlaqə yaratmasına şərait yaradır.

Test məzunların dünyagörüşünü azaldırmı?

Təhsil Şurasının sədri onu da bildirdi ki, Azərbaycanda ali məktəbə qəbulun testlə aparılması məzunların dünyagörüşünü azaldır. O qeyd etdi ki, ali məktəbə hazırlaşan abituriyentin dünyagörüşü də yüksək olmalıdır. Ə. Ağayevin sözlərinə görə, bu məsələdə orta məktəb dərsliklərinin də müəyyən günahı var: “Bu məsələyə diqqətlə və məsuliyyətlə yanaşılmalıdır. Hazırda dərsliklərin elmi redaktoru yoxdur. Dərsliklərin kimlər tərəfindən yazılması, redaktə edilməsi, eksperimentdən keçirildikdən sonra tətbiq edilməsi vacib məsələdir. Bir adam 3-5 dərslik müəllifidir və bu da heç bir dünya praktikasında yoxdur. Dərsliklərlə bağlı bu və digər problemlər həll edilməlidir”. Ə. Ağayev bildirdi ki, bu gün ölkənin təhsil sistemində psixologiya, fiziologiya üzrə institut yoxdur: “Heç bir psixoloji, fizioloji tədqiqatlar aparılmadan dərsliklər hazırlanır ki, bu da sonradan müəyyən problemlər yaradır”.

“İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” müsabiqələrinin formatı dəyişdirilə bilər
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bir sıra məslələrə aydınlıq gətirdi. O bildirdi ki, Azərbaycanda hər il təhsil sahəsi üzrə ”İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” müsabiqələri keçirilir: “Gələcəkdə isə həmin müsabiqələrin formatı optimallaşdırıla və dəyişdirilə bilər”. Formatın dəyişdirilməsində məqsəd bu müsabiqələrdə əldə olunan nəticələrin ümumilikdə təhsil sistemində tətbiqinin təmin edilməsi yollarını axtarmaqdır: “Sadə dillə desəm, hansısa çox istedadlı və yaxşı müəllimin mütəxəssislər və şagirdlər qarşısında açıq dərs keçə bilməsi çox təqdirəlayiq haldır. Amma biz bu müəllimin istifadə etdiyi tədris metodikasını, işə yanaşmasını təhsil sistemində tətbiq edə bilmiriksə, belə istedadlı yanaşmanın dar çərçivədə qalması təhsil sisteminə maksimal fayda verə bilmir”.

Məktəblərin yuxarı siniflərində dərs yükü yüksəkdir

Təhsil naziri çıxışı zamanı bildirdi ki, bu gün məktəblərdə şagirdlərin akademik yüklənməsi baxımından mövcud olan məsələlərə yenidən baxılmalıdır. Onun sözlərinə görə, bu gün məktəblərdə mövcud olan dərs yükü xüsusilə yuxarı siniflərdə yüksəkdir. Nazir qeyd etdi ki, həftə ərzində keçilən dərsləri gün ərzində olan dərslərlə hesabladıqda müəyyən fərqlər ortaya çıxır: “Yuxarı siniflərdə şagirdlər seçəcəkləri ixtisaslara dair əlavə bilikləri əldə etmək üçün daha da çox çalışmalı olurlar. Qeyd edim ki, Azərbaycanda ümumi təhsildə akademik il 32 həftədən ibarətdir. Orta Avropa göstəricisində isə bu 38 həftədən ibarətdir. Akademik il ərzində 6 həftə fərqin nə demək olduğunu deməyə ehtiyac yoxdur. Əgər ölkədə akademik ilin 32 həftədən ibarət olduğunu nəzərə alsaq, o zaman nəticələri də qəbul etməliyik. Çünki biz şagirdə biliyi 32 həftə ərzində verməliyik”.
Təhsil naziri məsələnin kökündə həm də məktəbəqədər hazırlığın dayandığını deyib: “Məsələyə daha dərindən də baxsaq görərik ki, bu gün ümumi təhsilə gələn şagirdlərin keyfiyyəti məktəbəqədər hazırlıqdan asılıdır. Avropada bu rəqəmlər 90%-dən yuxarıdır. Bu gün I sinfə gələn məktəbəqədər hazırlıq keçmiş şagirdin məktəbəqədər hazırlığı keçməyən şagirddən fərqi aydındır. Ona görə də bu sahədə də islahatlara hazır olmalıyıq. Azərbaycan təhsil sisteminin hədəfi öz milli dəyərlərinə bağlı olan insanı, digər tərəfdən isə qloballaşan əmək və biliklər bazarında rəqabətə apara bilən mütəxəssisləri yetişdirməkdir”.

Yeni hazırlanan dərsliklər sınaqdan keçirildikdən sonra tədrisdə istifadə edilməlidir
Nazir onu da bildirdi ki, müəllimlərin peşəkar keyfiyyətləri və iş təcrübələrinə görə müəyyən amillər tətbiq edilməlidir. O qeyd etdi ki, bu gün bəzi məktəblərdə müəllim sıxlığı yüksəkdir, bəzilərində isə müəllim çatışmır. Onun sözlərinə görə, kifayət qədər sadə optimallaşdırma tədbirlərini həyata keçirməklə müəyyən məsələlərin həllinə nail olmaq olar. M.Cabbarov bildirdi ki, Azərbaycan məktəb sistemində fəaliyyət göstərən 170 minə yaxın müəllim ordusunun təxminən 4 faizi 1-5 saat dərs yükünə malikdir: “Bu kimi məsələlər və məhdudiyyətlər bizə imkan verir ki, optimallaşdırmanı tez bir zamanda həyata keçirə bilək. Hazırda da ümumi təhsil sistemində müəllimlərin əmək haqlarının artırılması və optimallaşdırma istiqamətində müəyyən işlər aparılır”. Nazir qeyd etdi ki, ölkədə şəxsiyyətyönümlü təhsil yalnız dərsliyin və onun içində yazılanın dəyişdirilməsi ilə kifayətlənmir. Onun sözlərinə görə, bu təhsil verənlə, təhsil alan arasında ünsiyyətin təbiətinin də dəyişilməsini tələb edir. Nazir çıxışında onu da bildirdi ki, dərsliklərin metodoloji baxımdan hazırlanmasının dəyişdirilməsi nəzərdə tutulur. Yeni hazırlanan dərsliklər ilk növbədə sınaqdan keçirilməli və sonradan tədrisdə istifadə edilməlidir. Nazir bu il aparılan islahatlar nəticəsində dərsliklərin məzmunu ilə onların çapı prosesinin ayrıldığını qeyd etdi. Onun sözlərinə görə, bu da ilk növbədə dərsliklərin ən savadlı şəxslər tərəfindən hazırlanmasına xidmət edir.
Bu gün dərsliklərin keyfiyyətinə dövlət tərəfindən nəzarət olunduğunu deyən M.Cabbarov qeyri-dövlət strukturlarının da dərsliklərin keyfiyyətinə cəlb edilməsini təklif etdi: “Ali məktəblər dərsliklərin hazırlanması ilə bağlı keçirilən tenderlərdə iştirak etmirlər. Bu gün bir tərəfdən ali məktəblərin maliyyələşmə mexanizmini axtarırıq. Ancaq bizim bu sahədə ən yaxşı müəllimlər ali təhsil müəssisələrində deyillərsə, o zaman onlar haradadır? Burada söhbət həm idarəetmə baxımından, həm də düzgün həvəsləndirmə sistemindən gedir”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info