“Gürcüstanda ermənilərdən üstün durumdayıq”
Tarix: 25.11.2013 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Orxan Həsənli: “Ölkəmizdə gənclərə yaradılan şəraiti müsbət qiymətləndirirəm. Dünyanın heç bir ölkəsində gənclər üçün bu cür şərait yaradılmayıb”

Xarici ölkələrdə təhsil alan tələbələrimizlə bağlı rubrikamızın budəfəki qonağı Orxan Həsənlidir. Orxan təhsilini davam etdirmək üçün digər gənclərimizdən fərqli olaraq uzaq ölkələri deyil Azərbaycanla qonşu olan Gürcüstanı seçib. Orxanla olan müsahibəni təqdim edirik:
- İlk olaraq özün haqqında məlumat verərdin…
- Mən Həsənli Orxan Etibar oğlu Sabirabad rayonunda doğulmuşam və 2010-cu ildə Sabirabadın E.Nadirov adına 8 saylı orta məktəbini bitirmişəm. Elə həmin ildə Gürcüstanın Regional İdarəetmə Akademiyasının Muhasibat uçotu audit fakültəsinə daxil olmuşam. Hazırda 4-cü kursda oxuyuram
- Gürcüstan təhsil sistemi Azərbaycan təhsil sistemindən nə ilə fərqlənir?
- Fərqlər çoxdur. Həm metodika, həm tədris olunan fənlərlə bağlı, həm tələbələr, şagirdlər, pedaqoqlar və ümumilikdə təhsil adamları ilə bağlı müqayisələr aparsaq aşkar fərqin ortada olduğunu görmüş olarıq. Üstünlüklərimiz də var, bu ölkədən öyrənməli məqamlar da. Bir maraqlı məqamı da deyim ki, Gürcüstan təhsil sistemində tələbələrlə bağlı böyük addımlar atılır. Məsələn, Azərbaycandan fərqli olaraq xarici tələbələrin qəbuluna üstünlük verildiyi üçün bunu fərqləndirici amil saya bilərik. Amma sırf təhsilə qaldıqda mübaliğəsiz deyə bilərəm ki, bu ölkə hələlik Azərbaycandan geri qalır.
- Necə oldu ki, orada təhsil almaq qərarı verdin?
- Gürcüstan bizə ən yaxın qonşulardan biri sayılır. Bizi təkcə sərhədlər deyil, qədim tarixi ənənələr və digər bir sıra məqamlar birləşdirir. Gürcüstanda təhsil almaqla bağlı məsləhəti ilk olaraq “Araz” kurslarındakı bir müəllimimdən aldım. Təbii ki, mən də bununla maraqlandım və ilk olaraq bu barədə internetdə araşdırma apardım. Orada yaşamağın baha başa gəlmədiyi, təhsillə bağlı qiymətlərin münasib olması, eləcə də son illərdə xarici vətəndaşların təhsil üçün bu ölkəni daha çox seçməsini öyrəndikdən sonra seçimimdə yanılmayacağım düşündüm.
- Gürcüstanda təhsilinlə bağlı rast gəldiyin maraqlı və ya sənin üçün qəribə görünəcək nə hadisə olub?
- Xarici ölkəyə üz tutursansa təbii ki, qəribəliklərlə çox rastlaşacaqsan. Mənim üçün isə maraqlı və qəribə gələn çox məqamlar olub. Akademiyaya daxil olduqdan sonra məni ilk təəccübləndirən bir hadisəni deyim. Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin anası Giuli Glasanianın mənə gürcü tarixindən dərs deyəcəyini öyrənəndə bu ölkəyə daha da bağlandım. İmtahanlar burada demək olar ki, şifahi şəkildə aparılır. Amma xarici tələbələrə çətinlik yaratmırlar. Xüsusilə də azərbaycanlı tələbələrə diqqət göstərirlər.
- Orada tələbələrimizin sayı çoxdurmu? Ümumiyyətlə, onların fəaliyyəti, təşkilatlanma işləri nə yerdədir?
- Azərbaycanlı tələbələrin sayı kifayət qədər çoxdur. Bu da yəqin ki, Gürcüstanın bizə yaxın ölkə olması ilə bağlıdır. Konkret olaraq mənim təhsil aldığım akademiyaya gəldikdə isə demək olar ki, hər qrupda 4-5 azərbaycanlı təhsil alır. Zənnimcə, bu da kifayət qədər çoxdur. Mən belə çoxluğun əsas səbəbini azərbaycanlılara qarşı Gürcüstanda güzəştlərin olmasında görürəm. Fəaliyyətimiz də çox vaxt uğurlu alınır. Təşkil olunan tədbirlərdə, təbliğat-təşviqat kampaniyalarında aktiv iştirak edirik. Bu, zərurətdən də yaranır. Çünki bu ölkədə ermənilər də az deyil. Əgər biz aktiv olmasaq, bir sıra məsələlərdə uduzmuş olarıq.
- Ermənilərin çoxluğundan söz açdın. Gürcüstanda xeyli sayda azərbaycanlı yaşayır. Bəs, oranın vətəndaşı olan azərbaycanlılarla necə, əlaqələr qurursunuzmu? Onların fəaliyyət siz tələbələri qane edirmi?
- Doğrudan da çox maraqlı və əsas gündəmdə olan məsələyə toxundunuz. Gürcüstan nadir ölkələrdəndir ki, burada çoxlu azərbaycanlı yaşayır və bu ərazilər də soydaşlarımızın yaşadıqları tarixi dədə-baba əraziləridir. Orada yaşayan azərbaycanlılarla sıx əlaqədə oluruq. Konkret olaraq onların təşkilatlanma işlərinə gəldikdə isə ümumiyyətlə bizə Marneuli şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzi, səfirlyimiz və SOCAR tərəfindən tez-tez dəstək olurlar. Bu qurumlarla gürcülərə Azərbaycan haqqında lazımi məlumatların çatdırılmasında birgə fəaliyyət göstəririk. Xüsusilə də Qarabağ mövzusuna həssas yanaşırıq, bu mövzu ilə bağlı tədbir olanda hər kəs aktiv olur.
- Bəs hansısa çətinlikləriniz var?
- Düzünü desəm hələ ki, ciddi çətinliyimiz olmayıb. Amma hər zaman səfirliyimiz və SOCAR bizə dəstək olduğu üçün düşünürəm ki, istənilən çətinliyin yaranarsa elə ilk kömək də onlardan gələcək. Maraq üçün qeyd edə bilərəm ki, hətta SOCAR maddi durumu aşağı olan azərbaycanlı tələbələrin təhsil haqqını da ödəyir. Burada hansısa çətinlikdən danışmaq olmaz. Nə qədər qəribə səslənsə də deyim ki, Gürcüstanda yaşayan ermənilər də artıq bizə isti münasibət bəsləməyə başlayıblar. Bu, çox güman ki, regionun aparıcı ölkəsinə çevrilməyimizdən, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamağımızdan, dünyada nüfuzlu dövlətə çevrilməyimizdən irəli gəlir. Düşmənin sənə hörmət edirsə, demək qorxur! Ermənilər dünyanın bir çox ölkəsində aktivdir və Gürcüstanda xeyli sayda erməni var. Amma bizim təşkilatlanmağımız və digər məqamların sayəsində onlar hələ ki bizdən üstün durumda deyillər və hər sahədə onları üstələyirik. .
- Bəs tələbələrimiz onları hansı cəhətlərinə görə üstələyə bilirlər?
- Bayaq qeyd etdiyim kimi burada azərbaycanlı tələbələrə xüsusi hörmət olunur. Bu da bizim üstünlüyümüz sayıla bilər. Ermənilərə gəldikdə isə onların gəncləri bir çox hallarda savadlı olmurlar. Doğrusu Gürcüstanda həddindən artıq erməni var. Amma təşkilatlanma məsələlərinə görə bizdən geri qalırlar. İstər təhsil, istərsə də idman sahəsində onlar bizdən geri qalırlar.
-Yaxın keçmişdə Gürcüstanda siyasi dəyişikliklər də oldu. Bu dəyişikliklərdən sonra azərbaycanlılara münasibət necədir?
-Bir ölkədə olan siyasi dəyişiklik ilk olaraq həmin ölkənin iqtisadiyyatına, daha sonra sosial məsələlərə, millətlərin həyat tərzinə təsir edir. Amma bu siyasi dəyişikliklərin azərbaycanlılara təsiri olmadı, ola da bilməzdi. Çünki Gürcüstan hərtərəfli olaraq Azərbaycandan asılı bir ölkəyə çevrilməkdədir. Bəlkə də bəzilərinə adi gələ bilər, amma həqiqətən də Azərbaycan Gürcüstan iqtisadiyyatında və nəqliyyat sistemində söz sahibidir. Bu nəzarət gürcü xalqının həyat tərzinə müsbət istiqamətdə çox təsir edib. Təsəvvür edin ki, tikinti, sənaye, qida məhsullarının böyük qismini artıq Azərbaycandan gələn məhsullar təşkil edir. Əgər hansısa siyasi gərginlik olsa o zaman Gürcüstan bu işdə uduzan tərəf olar.
- Azərbaycan bu ölkədən daha çox nəyi öyrənə bilər?
- Azərbaycanın Gürcüstandan öyrənə biləcəyi yalnız bir şey var, o da universitetlərlə bağlı məsələ. Ən əsas da xarici tələbələrin qəbul sayının artması yaxşı olardı. Bu, bir sıra məqamlarda xarici siyasət üçün uğurlu yol sayılır. Gürcüstan artıq bunun nəticələrini görməkdədir. Bu şəkildə daha çox xarici ölkədə tanınmaq olur. Gürcüstanın isə Azərbaycandan öyrənəcəyi çox şey var. İstər sənaye, tikinti sektoru, istərsə də təhsillə bağlı bu iki ölkəni müqayisə etmək mənasız olardı. Çünki Gürcüstanın Azərbaycana çatması üçün illər lazımdır.
- Artıq xaricdə təhsil almaq gənclərimiz üçün xəyal deyil. Dövlət bunun üçün lazımi şərait yaradıb. Ölkəmizdə gənclərə yaradılan şəraiti necə dəyərləndirirsən?
- Haqlısınız. Ölkəmizdə gənclərə yaradılan şəraiti müsbət qiymətləndirirəm. Dünyanın heç bir ölkəsində gənclər üçün bu cür şərait yaradılmayıb. Bəli, 5 il bundan əvvəl xaricdə təhsil bir çox gənclərimiz üçün xəyal idi. Amma indi çox sadə yolla xaricdə istədiyin universitetdə təhsil almaq şansı var. Məncə, gənclər bu şəraitdən hələlik tam şəkildə, daha yaxşı istifadə etmirlər.
- Gələcək planların nədir?
- Təhsilimi başa vurduqdan sonra Azərbaycanda fəaliyyət göstərməyi düşünürəm. Gələcək planım Azərbaycan üçün layiqli auditor olmaq və hər zaman gənclərlə işləməkdir.
- Gürcüstanda təhsil almaq istəyən həmyaşıdlarına məsləhətlərin varmı?
- Gürcüstanda təhsil almaq istəyən gənclərə məsləhətim o ola bilər ki, bu ölkəyə üz tutanda buranın dili, adət və ənənələrini də yaxşı bilsinlər. Doğru seçim etsinlər və yaxşı araşdırdıqdan sonra ali təhsil ocağı ilə bağlı qərar versinlər. Bu ölkədə qeyri-qanuni fəaliyyət göstərən kifayət qədər təhsil ocağı var. Əsasən dövlət universitetlərinə üstünlük versinlər və ölkəmizi layiqincə təmsil etməyi bacarsınlar.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info