Ahıl jurnalistlərə dövlət dəstəyi artırılacaq
Tarix: 25.11.2013 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Yusif Kərimov: “Ahıl jurnalistlərə dövlət dəstəyi göstərilməsinin jurnalistikamızın inkişafına çox təsiri ola bilər”

Hər bir sahənin yaşlı nümayəndəsi olduğu kimi, jurnalistikada da ahıl insanlar var. Belə insanlar, necə deyələr, elə yaza-yaza ahıllaşıblar. Cəmiyyətin ictimai-siyasi yükünü öz üzərində daşıyan bu cür ahıl jurnalistlərə bundan sonra dövlət öz qayğısını daha da artıracaq. Jurnalistlərlə son görüşü zamanı Prezident İlham Əliyev bu məsələylə də bağlı xüsusi göstəriş verib. Dövlət başçısı ahıl jurnalistlərə dövlət dəstəyinin artırılması istiqamətində tədbirlərin görüləcəyini bildirib. Prezident ölkəmizdə yaşlı nəslə, o cümlədən ahıl jurnalistlərə diqqət və qayğının bundan sonra da davam etdirilməsinin vacibliyini önə çəkib. Qeyd edək ki, Prezidentlə görüşdə bu təklifi Mətbuat Şurasının nəzdində fəaliyyət göstərən “Ahıl” Jurnalistlər Məclisinin sədri, Əməkdar jurnalist Yusif Kərimov verib.
Xatırladaq ki, “Ahıl” Jurnalistlər Məclisi 2010-cu ildə yaradılıb və ictimai əsaslarla fəaliyyət göstərir. Qurumun sədri Y.Kərimov yazıçı-publisistdir və 20-ə yaxın kitabın müəllifidir. O, 15 il “Azərbaycan gəncləri” qəzetinin baş redaktoru olub. Y.Kərimov Prezidentlə görüşün təəssüratlarını, eləcə də təklifi ilə bağlı fikirlərini bizimlə paylaşdı. Həmsöhbətimiz görüşün çox səmimi keçdiyini bildirdi: “Cənab Prezident bu görüşü daha mətbuat konfransı formatında deyil, elə bil ki, dəyirmi masa arxasında qarşılıqlı fikir mübadiləsi kimi qurdu. Prezident özü şərait yaratdı ki, biz də fikir və təkliflərimizi deyək. Bu çox böyük iş idi. Mənə elə gəlir ki, son vaxtlarda belə görüş olmamışdı”. Ahıl jurnalistlərə az fikir verildiyini deyən Y.Kərimov mənsub olduğu nəslin mənafeyindən çıxış edərək bu məsələni cənab Prezidentin nəzərinə çatdırıb: “Əlbəttə bu şikayət yox, təklif idi. Elə ahıl jurnalistlərimiz var ki, əlil, şikəstdir və cəmiyyət arasına çıxmağa imkanları yoxdur. Onları elə evində yoxlamaq, hədiyyə və mükafat aparmaq vacibdir. Mən də ahıl jurnalistlərimizə baş çəkmək, onları mənəvi cəhətdən ictimaiyyətə qatmaq, gənclərlə görüşünü yaratmaq və s. məsələlərlə bağlı çıxış etdim. Dedim ki, “Ahıl” Jurnalistlər Məclisi elə qurumdur ki, əbədidir. Bu gün biz ahılıq, amma sabah gedirik, yerimizə cavanlar ahıllaşıb gəlir. Yəni bu dövr edir, ardı gəlir. Buna görə də bu qurumun fəaliyyətini canlandırmaq çox vacibdir. Bu həm də respublikamızın şan-şöhrətini artırar. Ona görə də ahıl jurnalistlərə, mətbuatı çiyinlərində daşıyan insanlara qayğı vacibdir”.
Onun fikrincə, bu cür insanlara bəzən maddi köməkdən çox, mənəvi dəstək, onları unutmamaq, xatırlamaq, daha çox vacibdir: “Bunun üçün də, açığı, maliyyə vəsaiti lazımdır. İctimai əsaslarla olduğumuz üçün maliyyə vəsaitinə malik deyilik və bunu cənab Prezidentin nəzərinə çatdırdım. Tədbirə yekun vuranda cənab Prezident mənim təklifim üzərində çox dayandı. Özü misallar çəkdi, qocalar evinə getməyindən danışdı. Və yekunda vurğuladı ki, ahıl jurnalistlərə mütləq xüsusi qayğı göstərilməldir. Orada Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova göstəriş verdi”. Həmsöhbətimiz dedi ki, ahıl jurnalistlərə dövlət dəstəyinin göstərilməsi jurnalistikamızın inkişafına çox təsiri ola bilər. O, “Ahıl” Jurnalistlər Məclisinin öz varlığını sübut etdiyini deyərək üç il ərzində müxtəlif tədbirlər keçirdiklərini də xatırlatdı: “Bizim proqramımız, məramımız var. Biz mətbuatımızın Nəriman Zeynalov, Şamil Şahməmmədov, Sona Bağırova, Qubad Süleymanov və başqa görkəmli simalarının yubileylərini, mərhum jurnalist Alı Mustafayevin anım gününü və digər tədbirlər keçirmişik. Amma maliyyə olmadığından təəssüf ki, bunları daimi edə bilmirik. Biz Əli müəllimlə də, sonra digər qurumların rəhbərləri ilə də söhbətləşdik. Belə qərara gəldik ki, bunun formatını düşünək. Bizim məramlarımızdan bir də odur ki, gənc jurnalistlərlə daha çox görüşlərimiz olsun. Çünki təcrübə ilə enerji birləşəndə daha effektiv olar. Bu istiqamətdə bizim görüşlərimiz olacaq”.
Gələcəkdə “Ahıl” Jurnalistlər Məclisinin ayrıca QHT kimi fəaliyyət göstərməsinin nə dərəcədə mümkünlüyünü soruşduqda Y.Kərimov bunları dedi: “Bir çox fikirlər var. Amma, bəli, versiyalardan biri də budur ki, “Ahıl” Jurnalistlər Məclisi gələcəkdə müstəqil olsun. Çünki jurnalist zümrəsi ayrıca qocalardan ibarət deyil. Yəni jurnalistlər dövlət və cəmiyyət qarşısında xüsusi xidməti olan insanlardır. Hamı da jurnalist ola bilmir. Yəni hər qocanı ahıl jurnalist adlandıra bilmirik, axı”. Bu gün ölkəmizdə QHT kimi bir neçə şuralar fəaliyyət göstərir. Hər halda “Ahıl” Jurnalistlər Məclisini müstəqil bir qurum olaraq “Ahıl Jurnalistlər Şurası” da etmək olar.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info