“Muğam müsabiqəsinin əsas məqsədi muğamın təbliğidir”
Tarix: 26.11.2013 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Əməkdar artist Vamiq Məmmədəliyev:
“Mən hər zaman demişəm - xanəndə qəzəl baxımından savadlı olmalı, oxuduğu qəzəlin mənasını bilməlidir”

Müsahibimiz Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Vamiq Məmmədəliyevdir:

- IV muğam müsabiqəsi haqqında fikirlərinizi bilmək istərdik.
- Muğam müsabiqəsinin əsas mahiyyəti bölgələrimizdə gənclər arasından layiqli, yüksək istedada malik olan, milli musiqimizə yaxından maraq göstərən ifaçıları seçib üzə çıxartmaqdır. Üç ay müddətində seçilmiş yarışma iştirakçılarına müsabiqə boyunca həm muğam və təsniflərimizə yaxından bələd olmaqda, həm də muğama uyğun olaraq qəzəl seçməkdə kömək edirik. Gənclərin belə bir sənətə yiyələnmələri çox təqdirə layiqdir. Muğam müsabiqəsinin əsas məqsədi muğamın təbliği, gənc nəslə muğamı sevdirməkdir. Bütün musiqilərimizin əsası muğamdan başlayır. Muğamı bilməmək olmaz. Çünki muğam xalqımızın şah əsəridir. Əgər sən musiqiçisənsə, ən əsası milli dəyərimiz olan muğama yaxından bələd olman vacib şərtlərdən biridir. Müsabiqə zamanı ustadlar iştirakçılara hazırlığı yüksək səviyyədə keçdikləri üçün gənclərdə muğamla bağlı bir fikir formalaşır. Onlar dərk edirlər ki, muğamı dərindən öyrənmək lazımdır. Ona görə gənc ifaçılar məcbur olurlar ki, müsabiqə boyu məsuliyyət göstərsinlər. Onların ay boyunca səhnədəki inkişafları göz qabağında oldu. Bunların hamısı da tələbdən irəli gəlir. Muğam müsabiqəsi nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlıların da marağına səbəb oldu. Müsabiqə Amerika, Fransa, İngiltərə və s. xarici ölkələrdə də izlənilir. Müsabiqənin əsas şərti də budur ki, gənclər muğam sənətinə yaxından yiyələnsinlər və ölkə hüdudlarından kənarda xalqımızı layiqincə təmsil etməyi bacarsınlar.
- Xanəndələrimiz haqqında nələr deyə bilərsiniz?
- Bu gün muğam dünyamızda artıq xanəndə qıtlığı yoxdur. İstər qadın cəhətdən, istərsə də kişi. Bu sənətdə olmaq əsas şərt deyil. Əsas odur ki, bu sənəti gələcək nəsillərə olduğu kimi çatdırmağı layiqincə yerinə yetirəsən. Səndən öncəkilər necə ediblərsə, sən də ondan artığını etməlisən. Onu da qeyd edim ki, bu sənət artıq dövlətin qayğısı altındadır. Ötən əsrə nəzər salsaq görərik, sənətə gəlmək çox çətin idi. Ustad xanəndə qarşısına çıxmağa hər kəsin cürəti çatmazdı ki, özünü göstərə bilsin. Ona görə də o zamanlar yeni nəsil xanəndələr az yetişirdi. Xanəndələr də iki cür olurdu. Bir var ara xanəndələr yəni, el şənliklərində tanınan, biri də var dövlət tərəfindən nəzarət olunan və efirlərdə, qastrol səfərlərdə tanınan xanəndələr. Bu gün isə sənəti sevib və bu yola çıxmaq istəyən hər bir kəs üçün imkanlar genişdir. Əsas odur ki, istedadın olsun. Məsələn müsabiqədə iştirakçıları müşayiət edən Sahib Paşazadə və Toğrul Əsədullayev üç il ərzində artıq yetkin müşayiətçi kimi formalaşıblar. Bu sənətkarlarla yol getmək istəyən, düşünürəm ki, heç bir zaman yarı yolda qalmaz. Sahib mənim tələbəm olub. O, elə bu gün də məndən rəngləri, dəsgahların quruluşunu öyrənməyə çalışır. Çünki bu sənətin öyrənmək zirvəsi yoxdur. Əgər sən desən ki, bu sənəti bilirəm, demək heç nə bilmirsən. Bu sənət elə sənətdir ki, ömrünün axırına qədər öyrənməlisən. Müəllim olmağıma baxmayaraq, mən hələ də öyrənirəm. Onun üçün ki, bu sənətin sərhədi yoxdur.
Muğamda bir çox şöbə - guşələr var. Vaxtilə Üzeyir bəy muğam proqramı tərtib etdi. İrili xırdalı şöbə-guşələr o qədərdi ki, heç kəsin yadında qalmayacaq. Üzeyir Hacıbəyli isə muğamlarımızı bütövləşdirmək üçün səy göstərdi. Artıq tam şöbələrdən istifadə etdi və yetkin dəsgah şəklində muğamlar tədris olunmağa başlandı. Sovet dövründə senzura olduğu üçün biz çox çətinliklə ifaları qramafon valına yazırdıq. Burada ifa üçün də zaman çərçivəsi az idi. Daha sonra texnikanın inkişafı gücləndikcə lent yazılarının vaxtı da uzadıldı. Beləliklə, sovet dövründən müstəqil dövlət olana qədər muğamı kökümüzün əmanəti olaraq bu günə gətirib çıxartdıq. Bu gün isə bizlər muğamı gələcək nəsillərə həssaslıqla ötürməliyik ki, onlar da bizim etdiklərimizi anlayıb, dəyər verməyi bacarsınlar.
-Gənc xanəndələr muğamla qəzəlin vəhdətinin sirrini bilirlərmi?
- Bizim muğam əruz vəzni ilə ifa olunur. Heca vəzni işlənmir. Muğam klassik sənət olduğu üçün klassik əruz vəznində olan qəzəllərə müraciət edilib. Mən xanəndələrə də tövsiyə edirəm ki, hər muğamı bir neçə qəzəllə ifa etsinlər. Məsələn, 30 ildir “Mirzə Hüseyn segahı”nda eyni qəzəl oxunur. “Çahargah”da, “Zabul segah”da eyni qəzəl ifa edilir. Qəzəllərin dəyişməsi də məhz xanəndələrin əlindədir. Qəzəlin gərək mənasını dərindən və əzbər biləsən. Bir gün görkəmli ustad Alim Qasımov gənclik illərində mərhum sənətkarımız Hacıbaba Hüseynovun yanına gələrək deyib: “Hacı müəllim bir qəzəl oxuyum qiymət ver” . A.Qasımov qəzəli oxuyub qurtardıqdan sonra Hacıbaba müəllim qəzəldə fars mənşəli bəzi sözlərə düzəliş edib və qəzəli bəyəndiyini deyib. Ümumiyyətlə o dövrün xanəndələri bir-birilərinə qəzəl verməzdilər. Bir növ qəzəl simicliyi var idi. Lakin texnika inkişaf edəndən sonra qəzəl öyrənməyin problemi aradan qalxdı. Məsələn, Vahid bir neçə xanəndəyə xüsusi qəzəllər yazardı. Mən hər zaman demişəm - xanəndə qəzəl baxımından savadlı olmalıdır. Xanəndə oxuduğu qəzəlin mənasını bilməlidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Milli Konservatoriyada tələbələrə əruz keçirlər. Bu da bir irəliləyişdir. Bir qüsur var ki, musiqiçilərin bir yerə yığışacağı məkan yoxdur. Əvvəllər yəni, Xan Şuşinskinin vaxtında tarzənlər, xanəndələr bir məkana toplanıb müzakirələr, mülahizələr edərdi. Bu ənənə artıq itib.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info