“Azərbaycan haqqında xarici ölkə rəsmilərindən xoş sözlər eşitmək qürurvericidir”
Tarix: 26.11.2013 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Hacettepe Universitetinin tələbəsi Əli Əliyev: “Xaricdə təhsil almaqla yanaşı müasir Azərbaycan gənci haqqında imic formalaşdırmağa çalışır və ölkəmizi layiqincə təbliğ edirik”

“Azərbaycanda gənclərin ictimai və siyasi həyatda aktiv fəaliyyət göstərməsi üçün yetərincə şərait yaradılıb, buna isə yalnız dövlətin uğurlu siyasəti nəticəsində nail oluruq”


Azərbaycandan kənarda təhsil almaq üçün xarici ölkələrə üz tutan bacarıqlı və savadlı gənclərimizin fəaliyyətləri ilə bağlı müsahibələrimizi davam etdiririk. Xaricdə təhsil alan tələbələrlə bağlı rubrikamızın budəfəki qonağı isə Əli Əliyevdir. Əli Türkiyənin Hacettepe Universitetinin İqtisadi və idari elmlər fakültəsinin tələbəsidir və fəal gənclərdən biridir. Əli Əliyevlə olan müsahibəni oxuculara təqdim edirik:
- Necə oldu ki, Türkiyədə təhsil almaq qərarı verdin?
- İlk öncə ondan başlayım ki, mən orta təhsilimi Bakı Atatürk liseyində almışam. Bakalavr təhsilini isə xaricdə, yəni Türkiyənin Hacettepe Universitetində alıram. Bu universitetin İqtisadi və idari elmlər fakültəsinə 2011-ci ildə qəbul olunmuşam. Orta təhsilimin böyük hissəsini türk liseyində aldığım üçün Türkiyə mənim üçün daha cəlbedici göründü və bu ölkəni seçməli oldum. Həm də uşaqlıq arzularımdan biri idi ki, xarici ölkələrdən birində təhsil alıb uğurlara imza atım və Azərbaycanımızı dünyada layiqincə təmsil edim. Uğur əldə etmək üçün isə əzmkarlıqla çalışmaq lazımdır. Mən də bunun üçün cox çalışdım və belə uğura nail oldum.
- Gənc tələbə kimi bu ölkədə hansısa sıxıntılar, çətinlikləriniz olurmu?
- Bizlər ulu öndər Heydər Əliyevin vaxtilə söylədiyi kimi bir millət, iki dövlətik. Belə bir ölkədə sıxıntıların olması anormal hal olardı. Sıxıntı və narahatlığım isə yalnız odur ki, bəzi hallarda Azərbaycan həqiqətləri Türkiyədə tam şəkildə təbliğ olunmur. Türklər bəzən ölkəmizdə gedən proseslər haqda o qədər də məlumatlı olmurlar. Bu ölkəyə ilk gəldiyim illərdə bəzi qəribəliklərlə rastlaşırdım. Məsələn, bir türk tələbə yoldaşımız mənə “bu ermənilərlə aranızdakı problem nədir?” deyə sual verdiyi zaman həqiqətən də mənə çox pis təsir etdi. Digər millətlərdən fərqli olaraq türklər bizim problemlərimizi yaxşı bilməlidirlər axı... Ona görə də savadlı bir gəncin bu haqda anlayışsız olması düşündürücü məqam idi. Amma bu həqiqətlərin adi, sadə türk adamına çatdırılmasında tələbələrimizin üzərinə böyük iş və məsuliyyət də düşür. Çünki tələbələr daha çox cəmiyyət içində olur və sadə insanlara öz fikrini daha rahat çatdıra bilirlər. Ünsiyyətə gəldikdə isə həqiqətən də türklərlə azərbaycanlılar arasında isti münasibətlər var. Yəni, heç bir ayrı-seçkilik olmadan burada yaşayıb fəaliyyət göstəririk. Bu da təbiidir. Çünki biz qardaş xalqlarıq. Burada təhsil almaqla yanaşı müasir Azərbaycan gənci haqqında imic formalaşdırmağa çalışır və ölkəmizi layiqincə təbliğ edirik.
- Tələbələrin üzərinə düşən yükdən danışdın. Bəs tələbələrimizin aktivliyi hansı səviyyədədir? Bu istiqamətdə fəaliyyətinizi necə qurursunuz?
- Təbii ki, tələbələrimiz daim aktivlikləri ilə seçilirlər. Universitetlərdəki mədəniyyət günlərində, festivallarda Azərbaycanı layiqincə təmsil edirlər. Ən vacibi isə diaspor fəaliyyətidir. Çünki Azərbaycanın yaralı yeri olan Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinə lazımi səviyyədə daha çox diaspor fəaliyyəti ilə dolğun çatdırmaq olar. Buradakı tələbələrimiz diaspor ilə bərabər bu yolda əmin addımlarla irəliləyir və Qarabağ həqiqətlərini Türkiyə cəmiyyətinə çatdırırlar. Müəyyən aksiyalar, tədbirlər keçirilir yeri gələndə digər millətlərə məxsus olan tədbirlərdə də aktiv iştirak edib öz təbliğatımızı aparırıq. Buna ən yaxşı misal kimi 2012-ci ildə İstanbulun məşhur Taksim meydanında keçirilən “Xocalıya ədalət” yürüşünü göstərmək olar. On minlərlə iştirakçısı olan bu mitinqdə dünya ictimaiyyətinə öz səsimizi çatdıra bildik. Belə tədbirlərlə yanaşı dövlət rəsmiləri ilə də görüşlər olur. Mən özüm bir neçə rəsmi şəxslə görüşmüşəm və bu görüşlərdə təbii ki, sadaladığım problemlərə toxunmuşam. Müxtəlif rektorlar, Türkiyə Böyük Millət Məclisinin üzvləri ilə görüşləri bura aid etmək olar. Azərbaycan haqqında xarici ölkələrin rəsmilərinin xoş sözlərini eşitmək qürurvericidir. Rəsmilər hər zaman Dağlıq Qarabağ mövzusunda bizə dəstək verdiklərini açıqlayırlar.
- Türkiyə təhsil sisteminin Azərbaycandakından fərqləndiyini deyirlər. Türkiyə təhsilinin hansı özəllikləri var?
- Azərbaycanla Türkiyə arasında təhsil ilə bağlı çox fərq var. Bəli, Turkiyə Avropaya daha tez inteqrasiya etdiyi üçün təhsil sistemi burada daha çox inkişaf edib. Burada müasir kitabxanalar, tələbə şəhərcikləri və tələbələr üçün geniş imkanlar var. Müəllim-tələbə münasibətləri yüksək səviyyədədir. Biz müəllimlərimizi görmədən belə onlarla elektron poçt vasitəsilə əlaqə saxlaya bilirik. Onlar da bizə əllərindən gəldiyi qədər kömək edirlər. Bu müsbət haldır. Çünki təhsildə müəllimlərlə tələbələr arasında olan əla ünsiyyət çox vacibdir və əsas amillərdən biri sayılır. Amma Azərbaycan gənc müstəqil dövlət olduğu üçün təhsilimiz yeni inkişaf mərhələsindədir. Bizdə bəzi çatışmazlıqların olması normal qarşılanmalıdır. Prezidentimizin təhsil sistemində etdiyi dəyişikliklər onu göstərir ki, dövlət başçısı təhsil sisteminə böyük əhəmiyyət verir. Yaxın gələcəkdə artıq biz xaricə daha çox tələbə göndərmək əvəzinə, xaricdən ölkəmizə tələbə cəlb edə biləcəyik. Hazırda bu istiqamətdə Azərbaycan Diplomatik Akademiyası xeyli irəli gedib.
- Xaricdə təhsil alan tələbə kimi gənclərimizə yaradılan şərait sizi qane edirmi?
- Təbii ki Azərbaycanda gənclərin ictimai və siyasi həyatda aktiv fəaliyyət göstərməsi üçün yetərincə şərait yaradılıb. Dövlətimizin gənclərdən istədiyi isə uğurlu təhsil alıb vətən üçün xeyirli vətəndaş, yaxşı mütəxəssis olmaqdır. “2007-2015-ci illər Azərbaycan gənclərinin xaricdə təhsil üzrə Dövlət Proqramı” gənclərə göstərilən qayğının bariz nümunəsidir. Bizim ölkənin iqtisadi cəhətdən inanılmaz sürətlə inkişafı artıq bir sıra sahələrdə də inkişafa təkan verib ki, bunlardan biri də təhsildir. Təhsilin əsas özəyini isə gənclər təşkil edir. Ümumiyyətlə təhsil sırf gənclərə bağlı sahədir desəm, yanılmaram. Bu mənada zəncirvari olaraq iqtisadiyyatla bərabər təhsilimiz də, gənclərimiz də inkişaf etməkdədir. Bütün bunlara isə yalnız və yalnız dövlətin uğurlu siyasəti nəticəsində nail oluruq. Artıq 90-cı illərin əvvəllərində olduğu kimi barmaqla sayılacaq qədər gənc dünyanın aparıcı universitetlərinə üz tutmurlar. Bu gün xeyli sayda gənc dövlətin birbaşa dəstəyi ilə öz bilik və istedadını daha geniş müstəvidə ortaya qoymaq üçün dünyaya çıxır və nəinki təhsil alır, həm də lazım gəldikdə xarici ölkələrdə qalıb Azərbaycanı təbliğ edir.
- Əksər gənclər artıq təhsilini bitirən kimi ölkəyə üz tutur. Azərbaycana qayıdıb burada fəaliyyət göstərməyi düşünürsənmi?
- Təbii ki, Azərbaycana qayıdacağam. Çünki tətillər zamanı belə, Bakı, vətənim üçün çox darıxıram. Bundan əlavə mənim üçün ən vacib məsələlərdən biri Azərbaycanımıza layiqli övlad olmaq və savadlı kadr kimi yetişib dövlətimizin gələcəkdə daha çox uğurlar qazanması üçün fəaliyyət göstərməkdir. Hər bir xaricdə təhsil alan gəncimizə də məsləhət görərdim ki, onlar təcrübələrini ölkəmizdə keçsinlər, təhsillərini bitirdikdən sonra vətənə qayıdıb bildiklərini gənclərimizə öyrətsinlər. Biznes sahəsi üzrə bitirən yerli biznesə qoşulsun, humanitar fənlər üzrə bitirənlər isə müvafiq sahələrdə çalışıb ölkəyə xeyir versinlər. Düşünürəm ki, əksər hallarda bu, elə belə də olur. Çünki Azərbaycanda gənclərə təkcə təhsil üçün deyil, təhsildən sonrakı fəaliyyət üçün də münbit şərait yaradılır.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info