Mərkəzləşdirilmiş istilik sisteminin əhatə dairəsi genişləndirilir
Tarix: 27.11.2013 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Qış yaxınlaşdıqca insanların qayğıları da artır. Hələlik havaların mülayim keçməsi soyuq günlərdə yarana biləcək problemləri bir qədər unutdursa da, qış fəslinin hərdən bir özünü göstərməsi xəbərdarlıq kimi də qəbul edilə bilər. Payız-qış mövsümündə ən aktual məsələlərdən biri mənzillərin qızdırılmasıdır. Odur ki, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) bu istiqamətdə gördüyü işlərlə maraqlanmışıq.
ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev görülən işlər barədə danışarkən bildirib ki, növbəti payız-qış mövsümündə fəaliyyət göstərməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində cari profilaktiki təmir işləri aparılıb. Belə ki, nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və aparatlar təmizlənib, nəzarət-ölçü cihazları və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib. Həmçinin magistral və məhəllədaxili istilik xətləri yoxlanılıb, problemli xətlər dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib.
Cari ilin investisiya proqramı çərçivəsində “Azəristiliktəchizat” ASC tərəfindən yaşayış binaları və sosial obyektlərin istilik təchizatının bərpası istiqamətində 523 müxtəlif layihənin həyata keçirildiyini deyən R.Əliyev bildirmişdir ki, bunun nəticəsində 64 müasir tipli yeni istilik mənbəyi yaradılıb. Konkret olaraq, 15 yeni qazanxana tikilib, 16 qazanxana müasir tipli avadanlıqlarla təmin edilərək yenidən qurulub, 13 obyektdə modul və kaskad tipli istilik mənbəyi yaradılıb, 20 istilik məntəqəsi yenidən qurularaq qazanxanaya çevrilib. Həmçinin 6 məktəbin, 2 uşaq bağçasının, 1 səhiyyə müəssisəsinin aşağı paylayıcı və binadaxili istilik sistemləri, eləcə də 94 çoxmərtəbəli yaşayış binasının aşağı paylayıcı istilik sistemləri yenidən qurulub. Yeni yaradılmış bütün istilik mənbələri Almaniya, İtaliya və Türkiyədə istehsal olunmuş ən müasir avadanlıqlarla təmin edilib.
Abonent və müştəri xidmətlərinin rəisi 2013/2014-cü illər payış-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planı çərçivəsində görülən işlərdən də danışıb. Belə ki, plana uyğun olaraq 807,74 kilometr istilik kəmərləri hidravlik təzyiqlə yuyulub, onlardan 52,6 kilometri əsaslı təmir olunub, bütün qazanxana və istilik məntəqələri kompleks şəkildə yoxlanılıb. Eləcə də 686 qazanın və 57 istilik mübadilə qurğusunun profilaktikası aparılıb, 62 qazan əsaslı təmir olunub, 392 qazan mexaniki, 141 qazan kimyəvi üsulla təmizlənib, 446 qazanxanada və 94 istilik məntəqəsində nəzarət-ölçü cihazları və avtomatika avadanlıqları təftiş olunaraq zəruri təmir işləri həyata keçirilib.
Payız-qış mövsümünün noyabrın 15-dən aprelin 15-dək davam etdiyini deyən xidmət rəisi qurumun balansındakı binaların sayını və hazırda neçə binanın istiliklə təmin olunduğunu da açıqlanıb: “Həyata keçirilən tədbirlər nəticəsində “Azəristiliktəchizat” ASC tərəfindən bu mövsümdə 515 qazanxananın və 115 istilik məntəqəsinin fasiləsiz və etibarlı iş rejimi təmin ediləcək. Bu da 3120 yaşayış binasının, 277 məktəbin, 152 uşaq bağçasının, 139 səhiyyə müəssisəsinin və 400-ə yaxın digər sosial obyektin istiliklə təmin olunmasına imkan verəcək. ASC yaradıldığı zaman 988 yaşayış binası istiliklə təmin olunurdusa, hazırda bu göstərici təkcə Bakı şəhərində 2800-ə çatır.
Problemlərdən də danışan R.Əliyev qeyd edib ki, vaxtilə bir sıra mənzillərdə istilik xətləri kəsilib atılıb. Digər tərəfdən ASC-nin istilik mənbələrinə qoşulmuş yaşayış binalarının əksəriyyəti sovet hakimiyyəti dövründə tikilib. Yəni binalar köhnə olduğundan istilik sistemləri də yararsız hala düşüb. Mənzildaxili və binadaxili istilik sistemlərinin bu və ya digər şəkildə sıradan çıxması səbəbindən 50 minədək mənzilə istilik vermək mümkün deyil. Problemi necə deyərlər, sakinlərin özləri yaradıblar. Bəzən binaya normal parametrdə istilik veririk, ancaq mənzildaxili problemin olması səbəbindən istilik dərəcəsi aşağı düşür. Əslində isə, mənzillərdən keçən istilik xətləri mühəndis-kommunikasiyası qurğusudur və binanın ümumi mülkiyyətinə aid olduğundan onları kəsməyə heç kimin ixtiyarı yoxdur. Mərkəzləşdirilmiş istilik sistemindən istifadə etmək həm maddi cəhətdən sərfəlidir, həm də ekoloji cəhətdən təmiz və təhlükəsiz enerji mənbəyidir. Bu sistem mənzillərin elektrik və qazla qızdırılması ilə müqayisədə 15-20 dəfə sərfəlidir. Hazırda yeni istilik mənbələrinin yaradılması, mənzillərə verilən istiliyin fasiləsizliyinin təmin olunması, eləcə də bu sistemin həm sərfəli, həm də təhlükəsizliyi sakinlər tərəfindən mənzildaxili istilik xətlərinin bərpasının intensivləşməsinə gətirib çıxarıb.
Xidmət rəisi bildirib ki, istilik təchizatından istifadəyə görə, əhali qrupu üzrə 1 kvadratmetr mənzil sahəsi üçün aylıq qiymət 15 qəpikdir. Məsələn, 30 kvadratmetr mənzil üçün bu, ayda 4 manat 50 qəpik təşkil edir. Təşkilatlar üçün isə 1 kubmetr isidilən həcm hər ay üçün 25 qəpiyə başa gəlir.
Bundan başqa, istilik təchizatı ilə bağlı abonentlərin müraciətini asanlaşdırmaq və problemlərin operativ həllini təmin etmək məqsədi ilə “Azəristiliktəchizat” ASC-də bütün gün ərzində işləyən 956 nömrəli “qaynar xətt”in də fəaliyyət göstərdiyini deyən R.Əliyev bu xidmətdən Bakı şəhəri ilə bərabər, respublikanın regionlarında yaşayan mənzil sahiblərinin də istifadə edə biləcəyini söyləyib.
Səhmdar cəmiyyətin gələcək planlarından danışan R.Əliyev bildirib ki, qarşıdakı illərdə istiliklə təmin olunmayan digər obyektlərdə də dövlət proqramı çərçivəsində istilik mənbələrinin quraşdırılması nəzərdə tutulur. “Azəristiliktəchizat” ASC müxtəlif istilik təchizatı obyektlərinin yaradılması, yaşayış binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatının bərpası ilə əlaqədar həm Bakıda, həm də regionlarda daha genişmiqyaslı tədbirlər görəcək. Bütün bunlar payız-qış mövsümündə əhalinin istiliklə bağlı qayğılarının azaldılmasına xidmət edir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info