Fazil Zeynalovun Fransa və Azərbaycan haqqında kitabı nəşr edilib
Tarix: 27.11.2013 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Bakı Dövlət Universitetinin müəllimi Fazil Zeynalovun Fransanın məşhur “Harmattan” nəşriyyatında “Azərbaycan Avrasiyanın qovuşuğunda: böyük dövlətlərin çəkişməsi və bir millətin kəşməkəşli taleyi” adlı yeni kitabı nəşr edilib.
Uzun müddət aparılan tədqiqatın məhsulu olan kitab 15 fəsildən və 428 səhifədən ibarətdir. Kitabda müasir Azərbaycanın inkişaf xüsusiyyətləri, perspektivləri, qədim dövlətçilik ənənələri təhlil edilib, onun tarixi inkişafın bütün mərhələlərində oynadığı vacib strateji rolu xüsusilə önə çəkilib.
Azərbaycanın Avrasiyanın qovuşuğunda və Avropanı Asiyaya birləşdirən məşhur İpək yolunun üzərində yerləşdiyini vurğulayan müəllif onun həm ticarət, həm də strateji baxımdan xüsusi maraq doğurduğunu və buna görə də daim öz müstəqilliyi üçün mübarizə apardığını qeyd edib. İki min ildən çox bir müddət ərzində Azərbaycan müxtəlif imperiyalar tərəfindən işğala məruz qalmış, lakin heç vaxt milli mənəvi və kimlik dəyərlərini itirməyib, hər zaman bu mübarizələrdən qalib çıxıb, öz dövlətçilik ənənələrini möhkəmləndirməyə nail olub.
Müəllif Azərbaycan ərazisində ilkin tarixi dövlətlərin - Manna, Atropatena və Qafqaz Albaniyasının yaranma və inkişaf xüsusiyyətlərinə toxunur, onların müasir Azərbaycan tarixində mühüm rolunu vurğulayır. Min ilə yaxın mövcudluğu olan Qafqaz Albaniyası uzun müddət öz müstəqilliyini qoruyub saxlayıb, Azərbaycanın dövlətçilik ənənəsinin zənginləşməsinə xüsusi töhfə verib. Ərəb xilafətinin Azərbaycanı işğal etməsi ilə Qafqaz Albaniyası öz mövcudluğunu itirib, lakin azərbaycanlılar mübarizəni dayandırmayıblar. Məhz, Babəkin rəhbərliyi altında genişlənən Xürrəmilər hərəkatı ərəb xilafətinin zəifləməsinə və yeni Azərbaycan dövlətlərinin yaranmasına təkan verib. Göründüyü kimi, Azərbaycanın dövlətçilik ənənəsi davam edib.
Kitabda səlcuqların Azərbaycanı işğal etməsi və bəzi Azərbaycan dövlətlərinin müstəqilliyinə son qoyulması, lakin yeni Atabəylər dövlətinin yaranması və həmin dövrdə Şirvanşahlar dövlətinin güclənməsi və çiçəklənməsi araşdırılıb, Şirvanşahlar dövləti ilə Gürcüstan arasında olan münasibətlərə aydınlıq gətirilib.
Lakin monqolların Azərbaycana hücumu və Elxanilər (Hülakilər) dövlətinin yaranması Şimali Azərbaycanın elxanilərlə Qızıl Orda arasında döyüş meydanına çevrilməsinə və böyük dağıntılara məruz qalmasına səbəb olub. Cənubi Azərbaycanda isə geniş quruculuq işləri görülüb. Monqollar dövründən sonrakı hadisələrə, xüsusilə Teymurun Azərbaycanı işğal etməsi və Şirvanşahlar dövləti ilə müttəfiqlik münasibətlərinə toxunan müəllif yenidən meydana çıxan Azərbaycan dövlətlərinə xüsusi diqqət ayırıb. Ağqoyunlu dövlətinin əhəmiyyəti Azərbaycan sərhədlərini keçib daha qlobal xarakter alıb, Avropa ilə münasibətlər həm ticarət, həm də diplomatiya müstəvisində davamlı şəkildə inkişaf edib.
Kitabda Azərbaycan Səfəvilər dövlətinin yaranması və inkişafı geniş tədqiq edilib. Müxtəlif mənbələrdən istifadə edən müəllif Səfəvilər dövlətinin Azərbaycanın dövlətçilik ənənəsini davam etdirdiyini, Şah İsmayılın isə böyük Azərbaycan sərkərdəsi və şairi olduğunu bütün çalarları ilə göstərib. Şah İsmayılın yaratdığı yeni mərkəzləşmiş dövlət səfəvilər sülaləsinin Azərbaycanı birləşdirmək arzusunun təcəssümü kimi səciyyələndirilir.
Kitabda xanlıqlar dövründə Azərbaycanda cərəyan edən siyasi proseslər, xanlıqlar arasında yaranan münasibətlər və onların xarici təcavüzə məruz qalmaları da yer alıb. Həmin dövrdə bəzi Azərbaycan xanlıqları vahid dövlət yaratmaq istəklərini və səylərini nümayiş etdiriblər. Lakin xanlıqlar arasında nisbi güclər tarazlığı və xarici müdaxilələr bu ideyanın reallaşmasına mane olub. Bu vəziyyət Azərbaycanın iki hissəyə parçalanmasına və Şimali Azərbaycanın Rusiya imperiyasına birləşdirilməsinə səbəb olub. Rusiya daxilində yaşayan azərbaycanlılar öz hüquqlarının qorunması uğrunda mübarizə aparıblar.
Müəllif göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə milli dövlətçiliyin tarixində yeni mərhələ başlanıb. Kitabda Şərqin ilk demokratik respublikası olan AXC-nin həm Azərbaycan sərhədləri daxilində fəaliyyəti, həm də böyük güc dövlətləri ilə münasibətlərini tənzimləməsi istiqamətində fəaliyyəti öz əksini tapıb. 1918-ci il mart qırğınları, ermənilərin ərazi iddiaları, ağqvardiyaçıların və bolşeviklərin təhdidləri, nəhayət AXC-nin süqutunu şərtləndirən amillər müəllif tərəfindən araşdırılıb.
Müəllif yazır ki, sovet hakimiyyətinin qurulması ilə ikinci Azərbaycan Respublikası meydana çıxır. Bu dövr Azərbaycan üçün heç də asan olmur. O, bir tərəfdən ermənilərin ərazi iddiaları, digər tərəfdən mərkəzi sovet hakimiyyətinin təzyiqləri ilə üz-üzə qalır.
Sovetlər birliyinin süqutundan sonra yenidən müstəqil Azərbaycan Respublikası yaranır. Müəllif müasir Azərbaycanın müstəqilliyə qovuşmasının çətin yollarını, milli azadlıq mübarizəsini və 20 Yanvar faciəsini araşdırıb. O, geosiyasi mühitin həssaslığı və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü kontekstində Azərbaycan dövlətçiliyinin təhlükəyə məruz qalmasını, məhz ulu öndər Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanda sabitliyin bərqərar edilməsini, siyasi və iqtisadi islahatların həyata keçirilməsini, yeni balanslaşdırılmış xarici siyasət kursunun xüsusiyyətlərini təhlil edib.
Kitabda Azərbaycanın enerji resurslarının istismarı, onların nəqli yollarının şaxələndirilməsi və Avropanın qaz təchizatında yeni “Cənub” dəhlizinin açılması haqqında da bəhs edilir.
Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektlərinə toxunulan kitabda, münaqişə tərəflərinin arqumentləri beynəlxalq hüququn prinsip və normaları prizmasından təhlil edilir. Qeyd edək ki, müəllif Dağlıq Qarabağ münaqişəsini dərindən araşdırmış, onun bir neçə il bundan öncə Fransanın məşhur “Harmattan” nəşriyyatında “Dağlıq Qarabağ münaqişəsi: ədalətli sülh, yoxsa qaçılmaz müharibə” adlı kitabı nəşr edilib.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab Azərbaycan haqqında dolğun məlumatlar əldə etmək istəyənlər üçün çox faydalı mənbədir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info