“Hər səsi olan gəlib opera səhnəsində Leyli ola bilməz”
Tarix: 27.11.2013 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Xalq artisti Səkinə İsmayılova:“Bundan sonra da muğamlarımızın dünya səhnələrində tanınması istiqamətində çalışmaq arzusundayam”

Müsahibimiz Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü, professor Səkinə İsmayılovadır:

- IV Muğam müsabiqəsi haqqında sizin təəssüratlarınızı bilmək istərdik... Muğam müsabiqəsinin yadda qalan xüsusiyyəti nədən ibarət oldu?
- Müsabiqənin xüsusiyyəti dedikdə, hər zaman olduğu kimi bu il də ənənələrə söykənərək, amalımız Azərbaycan muğamlarının, xalq musiqisini, xanəndəlik məktəbinin özülünü gələcək nəsillər üçün möhkəmləndirməkdir. Bu sənət hər zaman yaşasın və daimi olsun. Necə ki, klassiklərimizdən bizə əsrlər boyu bu sənət gəlib çıxıb, biz də bunu gənclərə ötürürük. Bu müsabiqənin də məqsədi odur ki, təhsil alan xanəndə-tələbələr üç ay müddətində burada təkmilləşsinlər, yetişsinlər. Onlar burada həm böyük bir məktəb keçirlər, həm də tanınırlar. Amma bu o demək deyil ki, o, hər şeyi edib. Təbii ki, o, hər zaman öz üzərində işləməlidir və bu potensialı inkişaf etdirməlidir.
- Gənc xanəndələr sizin yolunuzu getmək üçün hansı işləri görməlidirlər?
- Onların ilk yolu təhsildir. Bəzən müsabiqəyə elə gözəl səsli iştirakçı gəlir ki, onun müəllimi yoxdur. Tutaq ki, hansısa muğamın bir hissəsini bilir, amma başqa muğamları bilmir. O, yarışmada necə iştirak edə bilər? Çünki, burada iştirakçılar hər həftə yeni təsniflərə, muğamlara müraciət edirlər. Ona görə biz belə qənaətə gəldik ki, hər istedadın bir müəllim olmalıdır. Müəllim də öz biliyini, bacarığını tələbəyə öyrədir və onu yarışmaya hazırlayır. Potensialı zəif olan tələbəni müsabiqəyə göndərə bilməz. Bu müsabiqədə hər bir şey açıq şəkildə keçirilir. Çünki, bu müsabiqədə özünü, həyatını sənətə qurban verən insanlar oturub. Ona görə də onların qarşısında çıxış etmək üçün o, tam hazır olmalıdır.
-Sizcə, müsabiqədə çıxış edən iştirakçılar gələcəkdə hansı sahədə özlərini sınamalıdırlar- opera səhnəsində, yoxsa, xanəndə kimi?
- Onu həyat göstərəcək. Əgər o, səsini qoruya bilirsə, səsini istismar etmirsə, səsindən sənət üçün istifadə edirsə, bəli. Çünki, mən oxuduğum müddətdə mənimlə bərabər bir çox xanəndələr təhsil alırdı. Amma mənim ustadlarım deyirdilər ki, sən operaya getməlisən. Bununla da müəllimlər artıq səni formalaşdırırlar. Onların yönləndirməsindən sonra da sən addımlarını atmalısan. Əgər sən həqiqətən opera üçün yaranmısansa, sənə dəvətlər gələcək. Vaxtilə mən Asəf Zeynallı adına musiqi texnikumunda oxuduğum zaman görkəmli bəstəkarımız Vasif Adıgözəlov direktor idi. O zaman mən çox gənc idim. Deyilən sözlərə o qədər əhəmiyyət vermirdim. Vasif müəllim mənim səsimə qulaq asan zaman deyərdi: “Sənin səsin opera səsidir, sən opera səhnəsində oxumalısan”.
Əlbəttə ki, müəllimin tələbəyə qarşı olan münasibəti, fikirləri tələbənin həyatında, sənət yolunda püxtələşməsində böyük rol oynayır. Mənim də həyatımda ustadlarımın çox böyük rolu oldu.
Texnikumu bitirdikdən sonra məni Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dinləmələrə dəvət etdilər. Həmin gün böyük sənətkarların qarşısında sənət yolumun ilk imtahanı oldu. O gün Kazım Əliverdibəyov, Bəhram Mansurov, Rauf Abdullayev, Gülxar Həsənova kimi korifeylərimiz mənə qulaq asıb yüksək qiymət verdilər və məni operaya qəbul etdilər.
Bir sözlə, tələbə ətrafda olan insanlar tərəfindən düzgün istiqamətlənsə, həyatda yerini tuta bilər.
- Səhnəmizin ustad Leylisi kimi Azərbaycan səhnəsindəki bugünkü Leylilərə münasibətiniz necədir?
- Əlbəttə ki, müsbət fikirdəyəm. Çünki opera səhnəsində hər dövrdə gözəl ab-hava olub. Gənclərə xüsusi diqqət göstərilir. Gənclərə diqqət olmasaydı, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Məmmədova kimi simaların qarşısına çıxa bilməzdim. O səhnədə imkan verirlər ki, istedad üzə çıxsın. Mən də bu gün Leyli obrazını canlandıran gənclərdən razıyam.
Əsas onu bilmək lazımdır ki, bu gün səsi olanlar çoxdur. Amma hər səsi olan gəlib opera səhnəsində Leyli ola bilməz. Səbəbi odur ki, Leyli obrazını səhnədə oxumaq üçün Allahdan sənə bəxş olunan gözəl səs, xüsusi səs tembri və gözəl sima olmalıdır. Ona görə ki, opera səhnəsində mikrofon yoxdur. Sənin o qədər gözəl eşidiləcək dinamikalı səsin olmalıdır ki, səhnədə oxuyanda 30-cu sırada əyləşən tamaşaçı səni dinləyə bilsin. Bu isa hər xanəndəyə nəsib olmur. Çox gözəl səsə malik olan xanəndələrimiz var ki, səs tembrləri opera səhnəsi üçün kifayət etmir. Müəyyən zamandan sonra artıq teatra solist qəbulu üçün keçirilən dinləmələrdə mən də iştirak edirdim. Bu gün də dinləmələrdə qəbula gələn gənclərin səs tembrini müəyyən edirik. Səs tembri, 3 saat ərzində canlı səslə mikrofonsuz səhnədə ifa etmək deməkdir.
-Səhnədə hələ yeni olmalarına baxmayaraq, müsabiqə iştirakçıları arasında gələcəkdə Leyli obrazını canlandıra biləcək xanəndə gördünüzmü?
- Əvvəlki müsabiqələrdə iştirak etmiş bir iştirakçımızı müsabiqə bitdikdən sonra opera səhnəsinə dəvət etdilər. Lakin nədənsə məsuliyyətsizlik edib operaya gəlmədi. Bəlkə də o, çox gənc olduğu üçün buna əhəmiyyət vermədi. Gərək insan hər zaman uğurdan istifadə etməyi bacarsın. Həyatda şans deyilən bir gözəllik var. O şansı əldən verməməlisən. Bu gün də müsabiqə iştirakçıları arasında gözəl səs tembrinə malik olan gənclər var. Lakin onlar haqda bir söz demək hələ tezdir. Çünki, onlar bu sənətdə hələ təzə-təzə addım atırlar. Bu sənətdə püxtələşmək üçün zaman tələb olunur.
- Sənət yolunda ustadlarınızdan biri də mərhum sənətkarımız Gülxar Həsənova olub. Onunla bağlı hansı xatirələriniz var?
- Gülxar Həsənovanı tanıdığım zaman artıq tamaşalarda ifa etmək üçün yaşlanmışdı. Amma teatr səhnəsində müəllim kimi ştatı var idi. Teatra gələn gənc nəsil Leylilərə dərs deyirdi. Mənim xalqın yaddaşında Leyli kimi qalmağımda Gülxar xanımın əməyi böyük olub. Mən Gülxar xanım haqda onu deyə bilərəm ki, o opera teatrının hər küncünə bələd idi. Teatr sanki Gülxar xanım üçün ev idi. Mən çox sevinirəm ki, Gülxar Həsənova, Nəriman Əliyev, Niyazi, Rəşid Behbudov məktəbi keçmişəm. Mən Rəşid Behbudovun diqqətini cəlb etmişəm. Onunla bir səhnəyə çıxmaq, Fransada, Almaniyada, İngiltərədə, Hindistanda, Belçikada səfərdə olmaq böyük şərəfdir. Əlbəttə ki, mən bununla qürur duyuram. Rəşid Behbudov böyük məktəb idi. Bugünkü gənclik də əlbəttə xoşbəxtdir ki, bizləri görüb dərs alırlar. Bizlər bu gün nəyi tənqid ediriksə, onların xeyrinə deyirik.
- Ustalıqla yaratdığınız Leyli obrazı haqqında nə deyə bilərsiniz?
- Mən sənətə gələndə artıq ailə qurmuşdum. Leyli surəti bir obraz kimi gənc bir qızın sevgisinə sadiq olmasından bəhs edir. Onun sadiqliyi də o dövr üçün qəhrəmanlıq idi. ( Söhbətimizin bu məqamında Səkinə xanım, “Leyli və Məcnun” operasından II pərdədən toy səhnəsini məlahətli səslə ifa etdi).
Burada Füzulinin də dühası var ki, qəhrəmanını uca tutub. Bu obrazı düşünən hər bir xanımda qəhrəmanlıq, istər-istəməz sevgisinə sadiqlik hissi yaradır. Bir sözlə desək, Leyli təlim, tərbiyə, əxlaq təcəssümüdür. Mən Leyli obrazını belə təsvir edərdim. Çox şükürlər olsun Allaha ki, 35 illik sənət həyatımda bütün muğamlarımıza müraciət etmişəm. Azərbaycan Televiziyasının “qızıl fond”unda “Leyli və Məcnun” “Gəlin qayası”, “Aşıq Qərib” operasında oynadığım obrazlar, Heydər Əliyev Sarayında keçirdiyim 2 böyük muğam konsertinin lent yazıları saxlanılır.
Mən bundan sonra da sənət yolumda muğamlarımızın dünya səhnələrində tanınmasına xidmət etmək arzusundayam. Bu il mənim böyük layihəm reallaşdı. Hindistanda “Muraqam” adlı layihəni təqdim etdim. Bu layihə təxminən 4 ilə yaxın zaman çərçivəsində ərsəyə gəlib. Bundan sonra da fərqli layihələr həyata keçirmək fikrindəyəm.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info