“Cəmiyyətimizdə sağlam düşüncəli gənclər çoxluq təşkil edir”
Tarix: 28.11.2013 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Aqil Mehdi: “Azərbaycan gəncləri dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında yer almağa iddialıdır”

Parlaq Gələcək Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Aqil Mehdi ilə müsahibəni təqdim edirik:

-İlk olaraq rəhbəri olduğunuz təşkilatı tanımaq istərdik
- Bizim təşkilat - Parlaq Gələcək Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 2005-ci ildə yaradılıb. Lakin qeydiyyat tariximiz 2006-cı ilin noyabrın 21-nə təsadüf edir.
Qeydiyyata alınan müddətədək bir neçə tədbir və layihələr həyata keçirmişik. Bu işlərin hər birini isə öz daxili maliyyəmiz hesabına həll etmişik. Heç bir xarici təşkilata qrant üçün müraciət etməmişik və ya almamışıq.
- Bu gün gənclər üçün yaradılan şəraiti necə qiymətləndirirsiniz?
- Son 10 ildə gənclər sahəsində həyata keçirilən siyasət həm kəmiyyət, həm də keyfiyyət baxımından çox yüksəlib. Bu dövrdə gənclərin sayı 350 min nəfər artaraq 3 milyon nəfərə çatıb. Hesab edirəm ki, artıq fəallaşmış gənclərin qarşısında yeni vəzifələr dayandığı kimi, onların birlik və bərabərliyinin, inteqrasiyasının, fikir və təcrübə mübadiləsinin təmin edilməsi, maraqlarının, dünyagörüşünün daha da genişləndirilməsi və sosial aktiv təbəqəyə çevrilməsi üçün fərqli layihələrin həyata keçirilməsi vacibdir. Gənclərin ictimai fəallığının artırılması təqdirəlayiq haldır. Bu onların Azərbaycanın sabahına olan inamının əyani göstəricisidir. Gənclərin cəmləşdiyi qeyri-hökumət təşkilatlarının sayının artım dinamikasında da bunu aydın görmək olur. Məndə olan məlumata görə, son 10 ildə gənclər təşkilatlarının sayı 4,6 dəfə artaraq 51-dən 230-a çatıb. Gənclərin təşəbbüslərini və ictimai fəallığını stimullaşdırmaq məqsədi ilə onların dəstəklənmiş layihələrinin sayı 2006-cı illə müqayisədə, layihələrə ayrılmış maliyyə vəsaiti 44 dəfəyədək artıb. Bu fəallıq təkcə Azərbaycan sərhədləri ilə məhdudlaşmır. Azərbaycan gəncləri bu gün beynəlxalq aləmdə seçilmək, dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında yer almağa iddialıdır.
- Azərbaycan gənclərinin milli və demokratik dəyərlərə bağlılığı hansı səviyyədədir?
- Hər bir millətin inkişafı təməl daşı olan gəncliyin möhkəm olması üçün yetişən nəslin sağlam təfəkkürü, düşünmə qabiliyyəti və inadkarlığı lazımdır. Səbəbsiz deyil ki, bütün dövrlərdə millətin adını tarixə yazan da elə sağlam gənc qüvvələr olub. Hesab edirəm ki, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə, dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülüb və bu işdə gənclərin də özünün fəallığı mövcuddur. Bu gün Azərbaycanda sağlam düşüncəli gənclər çoxluq təşkil edir və həmin gənclər ölkənin sosial-iqtisadi durumundan məmnundurlar.
- Gənclərlə bağlı kifayət qədər layihələr həyata keçirilirmi?
- Hesab edirəm ki, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə son illərdə həyata keçirilən layihələr və elan edilmiş qrant müsabiqələrində sırf gənclər təşkilatlarına diqqətin yönəldilməsi, gənclərə olan diqqətlə bağlıdır. Bizim son layihəmiz də bu yöndədir. Xüsusi qayğıya ehtiyacı olan region gənclərinin ictimai fəallığının artırılması üçün icrasına başladığımız “Özünədəstək qrupları gənclərin ictimai fəallığı kimi” layihəsinin əsas prioriteti gənclər siyasətidir. Layihə Azərbaycanın müxtəlif rayonlarında xüsusi qayğıya ehtiyacı olan gənclərə özünədəstək qrup modeli ortalığa qoymaqla ictimai fəallıq və potensialları üzə çıxarmaq imkanı yaratmağı planlaşdırır. Layihənin icrasına bu sahə üzrə tədqiqatlar aparmış və tanınmış mütəxəssislər cəlb edilib və təlimlər onlar tərəfindən həyata keçirilir. O cümlədən, layihə iştirakçılarına psixoloji və hüquqi konsultasiya, bu sahə üzrə sosiallaşmağa xidmət edəcək biliklər və bacarıqlar aşılanır. Layihə çərçivəsində layihənin hədəf bölgələrindən olan xüsusi qayğıya ehtiyaclı gənclər arasında şəbəkənin qurulması ilə ünsiyyət körpüsünün yaradılması və onlar arasında əməkdaşlığın formalaşdırılması da nəzərdə tutulub. Nəzərdə tutulan özünədəstək qruplarının yaradılması xüsusi qayğıya ehtiyacı olan region gənclərinin müxtəlif sahələrdə (dövlət, özəl və ictimai sektor) ictimai aktivliyinin artırılmasına imkan yaradacaq.
- Gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?
- Məncə, bu gün gənclər müstəqil həyata qədəm qoyarkən əsasən ev və iş problemi ilə üzləşirlər. Mənim şəxsi düşüncəm budur ki, Gənclər və İdman Nazirliyi və Gənclər Fondu ölkənin ali təhsil müəssisələrini bitirən gənclərin hər birinin problemi ilə şəxsən maraqlanmalıdır. Yəni, universitetin kandarından kənara addımlayan gənc vətəndaş düşünməməlidir ki, “mən indi işi haradan tapım”, və ya “evlənmək üçün nə vaxt mənzilim olacaq”. Bu problemlərin həlli istiqamətində dövlətimiz müxtəlif tədbirlər həyata keçirir. Belə tədbirlərin sayını artırmaqla qeyd etdiyim problemləri həll etmək olar. Evi olmayan gəncə bir az ucuz qiymətə, uzunmüddətli kreditlə ev verilsə, yaxşı olar. Bu cür problemlərdən azad edilən gəncdən daha çox məhsuldarlıq gözləmək olar.
- Gənclərimiz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə lazımi qədər çatdıra bilirlərmi?
- Bu sahədə biz sadəcə əlamətdar günlərdə fəallaşırıq, qalan müddəti isə susuruq. Belə təbliğat işlərini davamlı şəkildə etmək lazımdır. Təbii ki, bir-iki təşkilatın üzərinə iş qaldıqda, keyfiyyət də aşağı düşür. Amma bu cür təbliğat hər ay aparılmalıdır ki, nəticə daha effektli olsun.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info