“Son vaxtlar İndoneziyada Azərbaycan dilini öyrənməyə böyük maraq yaranıb”
Tarix: 29.11.2013 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Elmar İskəndərov: “İndoneziya hər il azərbaycanlı tələbələrə bakalavr və ya magistr təhsili almaq üçün dövlət təqaüdü ayırır”

“Ölkəmizi İndoneziyada layiqincə təmsil etmək üçün məktəblərdə, universitetlərdə tez-tez Azərbaycan haqqında təqdimatlar keçiririk”


İstedadlı, savadlı və bacarıqlı gənclərimiz təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da uğurlar qazanmaqda davam edirlər. Belə həmyaşıdlarına nümunə ola biləcək gənclərdən biri də Elmar İskəndərovdur. Elmarın adı xaricdə təhsil alan gənclərimiz arasında birincilər sırasında çəkilir. Elmar İskəndərovla olan maraqlı müsahibəni təqdim edirik:
- Özün haqqında oxucularımıza məlumat verərdin…
- 1990-cı ildə Şirvan şəhərində anadan olmuşam. Məktəblərarası və şəhərlərarası keçirilən Coğrafiya və Tarix Olimpiadalarında bir neçə dəfə 1-ci yeri tutmuşam. 2007-ci ildə orta təhsilimi əla qiymətlərlə bitirdim və Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Cənub-Şərqi Asiya və İndoneziyaşünaslıq ixtisasına ən yüksək balla daxil olan ilk tələbə oldum. Birinci kursu əla qiymətlərlə bitirdikdən sonra 2008-ci ilin avqust-noyabr ayları ərzində İndoneziyanın Xarici İşlər Nazirliyinin təşkil etdiyi İndoneziyanın Mədəniyyəti və İncəsənəti adlı dövlət təqaüdünün Azərbaycandan qalibi və iştirakçısı oldum. Qeyd olunan proqramda 50-dən çox ölkədən beynəlxalq tələbələr, digər dövlətlərin nazirlik və dövlət orqanlarının əməkdaşları da iştirak edirdilər. Üç ay ərzində İndoneziyanın bir sıra şəhərlərində təşkil olunan İndoneziya dili, mədəniyyəti və incəsənətini öyrəndim və oktyabrın 31-də öyrəndiklərimi kurs yoldaşlarımla birlikdə İndoneziya televiziyasında canlı yayımda nümayiş etdirdik. Bir sıra dövlət rəsmilərinin iştirakı ilə keçirilən proqramda İndoneziyanın xarici işlər naziri məni XİN-in sertifikatı ilə təltif etdi. 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Əhəmiyyətli Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə sektoruna Azərbaycan Dillər Universitetindən ezam olundum və istehsalat təcrübəsi keçdim. Bu dövr ərzində Bakıda keçirilən bir sıra beynəlxalq forum və konfranslara ezam olundum. Bunların arasında Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Caz Festivalı, Beynəlxalq Teatr Konfransı, Dünya Ərzaq Forumu və s. var idi. 2011-ci ildə Dillər Universitetinin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirdim və Cənub-Şərqi Asiya ölkələri və İndoneziyaşünas ixtisası üzrə bakalavr dərəcəsi verildi. 2011-2012-ci illər ərzində hərbi xidmətdə oldum. 2012-ci ildə İndoneziya Təhsil Nazirliyinin təşkil etdiyi İnkişaf edən Dövlətlərin Əməkdaşlığı Proqramının Azərbaycandan qalibi olaraq bu ölkənin dövlət təqaüdünü qazandım. Qeyd olunan proqramda 56 ölkə iştirak edir. Hazırda beynəlxalq münasibətlər üzrə İndoneziyanın aparıcı dövlət universitetlərinin birində Sosial və siyasi elmlər fakültəsində, Beynəlxalq münasibətlər ixtisası üzrə magistratura təhsilimi davam etdirirəm. Təhsil aldığım müddətdə İndoneziyada keçirilən bir çox konfranslara Azərbaycandan iştirakçı kimi qatılmışam. Bunların arasında İndoneziya Gənclər Forumu, Asiya və Sakit Okeanı regionu üçün Gənc Lider Forumu, Beynəlxalq Tələblərin Sammiti və başqaları var. 14-17 noyabr 2013-cü ildə İndoneziyada 77 ölkədən olan 150-dən çox beynəlxalq tələbələrin iştirakı ilə keçirilən Beynəlxalq Tələblərin Sammitində iştirak etdim və İndoneziya dilində keçirilən debat yarışlarında rəhbərlik etdiyim komanda İndoneziyada aparıcı 32 universitet arasında qalib oldu. Yarışdan sonra İndoneziyada Beynəlxalq Tələbələr Assosiasiyasına keçirilən prezident seçkilərində təşkilata vitse-prezident seçildim.
- Səndə İndoneziyaya və bu ölkənin dilinə olan maraq haradan yaranıb?
- Digər regionlar üzrə Azərbaycanda mütəxəssislər çoxdur. Amma, İndoneziyanın dövlət təqaüdünü qazanaraq Beynəlxalq münasibətlər ixtisası üzrə magistr dərəcəsi alacaq ilk azərbaycanlı olacağımı düşünərək bu qərarı verdim və hazırda bunu həyata keçirməyə nail olmuşam.
- İndoneziya-Azərbaycan münasibətləri haqqında nə deyə bilərsən?
- İndoneziya Azərbaycanın müstəqilliyini 28 dekabr 1991-ci ildə tanıyıb və iki ölkə arasında diplomatik münasibətlər 24 sentyabr 1992-ci ildə qurulub. Son dövrlərdə İndoneziya və Azərbaycan arasında münasibətlər daha da intensivləşib. 2012-ci ilin statistikasına əsasən iki ölkə arasında ticarət dövriyyəsi 2 milyard dollar təşkil edib və bununla İndoneziya Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. Siyasi müstəvidə də istər BMT, istərsə də İslam Konfransı Təşkilatının fəal üzvü kimi İndoneziya Azərbaycanı dəstəkləyir. Qarabağ münaqişəsində də İndoneziya birmənalı olaraq hər zaman Azərbaycanın haqq işini dəstəklədiyini vurğulayıb. Bu ölkədə hər il Xocalı soyqırımının anım günü qeyd edilir və hətta bu məsələ ölkə parlamentində də müzakirəyə çıxarılıb. Ümid edirəm ki, növbəti il Xocalı soyqırımı İndoneziyada dövlət səviyyəsində rəsmən tanınacaq. İndoneziya hər il azərbaycanlı tələbələrə həm XİN tərəfindən təşkil olunan mədəniyyət və dil kursları üçün, həm də Təhsil Nazirliyi tərəfindən bu ölkədə bakalavr və ya magistr təhsili almaq üçün dövlət təqaüdü ayırır. Müsabiqəni udan istənilən tələbə bu ölkədə dövlət təqaüdü ilə təhsil almaq imkanı qazana bilər.
- İndoneziyada azərbaycanlı tələbələrin fəaliyyəti hansı səviyyədədir?
- İndoneziyada Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri olaraq qeyd etməliyəm ki, hər il bura gələn tələbələrimizin sayı artmaqdadır. Əvvəllər bir-iki tələbə olardısa, hal-hazırda təkcə təhsil aldığım universitetdə beş azərbaycanlı tələbə bakalavr təhsili alır. Ümumiyyətlə, İndoneziyada azərbaycanlı tələbələrin sayı otuz nəfərdən çoxdur. Kəmiyyət az görünə bilər, amma keyfiyyət kifayət qədər yüksəkdir. Tələbələrimiz çox aktivdirlər. Bu yaxınlarda İndoneziyanın 32 aparıcı universitetində təhsil alan 77 ölkədən olan tələbələrin beynəlxalq sammiti keçirildi. Burada azərbaycanlı tələbələr də iştirak etdi və biz böyük bir uğur qazandıq. Rəhbərlik etdiyim komanda İndoneziya dilində debat yarışlarında bütün rəqiblərə qalib gələrək 1-ci yerə çıxdı və İndoneziyada dövlət təqaüdü ilə təhsil alan 800 beynəlxalq tələbəni birləşdirən İndoneziya Beynəlxalq Tələbə Assosiasiyasına vitse-prezident seçildim. İlk dəfə olaraq azərbaycanlı tələbə bu təşkilata rəhbər seçilirdi. Bundan əlavə, ölkəni İndoneziyada layiqincə təmsil etmək üçün Azərbaycan haqqında məktəblərdə, universitetlərdə tez-tez təqdimatlar keçiririk. Digər ölkələrin də iştirak etdiyi mədəniyyət festivallarında Azərbaycan stendi öz milli keyfiyyətləri ilə hər zaman fərqlənir. İstər İndoneziya cəmiyyəti, istərsə də xarici tələbələr tərəfindən bayramlarımız və milli geyimlərimiz, xüsusilə Novruz bayramı çox böyük maraqla qarşılanır. Azərbaycan və türk dilinə çox böyük marağın yarandığı üçün təhsil aldığım universitetdə könüllü Azərbaycan və türk dili kursları keçiririk. Ölkəmizin ən ağrılı yeri olan Qarabağ və Xocalı soyqırımı haqqında həm yerli insanları, həm də xarici tələbələri məlumatlandırmaq üçün tədbirlər təşkil edir və hər il səfirliyin keçirdiyi tədbirlərə də qatılaraq bura əcnəbi tələbləri də dəvət edirik. Bundan əlavə tez-tez yerli televiziya və radio verlişlərinə də dəvət olunuram və Azərbaycan haqqında məlumatlar verirəm.
- Bu ölkədə təhsil almağın özəllikləri nədən ibarətdir?
- Bu ölkədə təhsilin üstünlüyü burada tələbələrin müstəqil işlərinə daha çox yer ayrılmasıdır. Verilən mövzu haqqında hər tələbə təqdimat hazırlamalı və məqalələr təqdim etməlidir. Məqalələr İndoneziyada dərc olunmalıdır və ən azı bir dəfə beynəlxalq nəşriyyatda çap olunmalıdır. Müəllim-tələbə münasibəti də çox yüksək səviyyədədir. Xarici tələbələr daha çox beynəlxalq münasibətlər, turizm, linqvistika, texniki və texnoloji fakültələrdə təhsil alırlar. Orta təhsil 12 illik, bakalavr 4 illik, magistr 2 illik sistemə əsaslanır. Xarici tələbələr bakalavr və magistr təhsilinə başlamazdan əvvəl 1 il İndoneziya dili kursunu keçməlidirlər.
- İndoneziyada tələbələrimiz daha çox haradan dəstək alırlar?
- Səfirliyimiz bayramlar və tədbirlər zamanı tələbələrimizi də dəvət edir. İndoneziyada təhsil alan tələbələri təmsil etdiyim üçün onların da adından deyə bilərəm ki, bizə ən çox dəstək İndoneziyadan gəlir. İndoneziyanın Azərbaycandakı səfirliyi viza və biletin alınmasında və digər məsələlərdə hər zaman kömək olur. Mənim istər vizam, istərsə də təyyarə biletim İndoneziya səfirliyi tərəfindən pulsuz təmin edilib. Azərbaycanda olanda da, İndoneziya səfirliyi bütün tədbirlərə tələbələrimizi dəvət edir.
- Son illərdə xaricdə təhsil alan gənclərimizin sayı sürətlə artır. Dövlətin gənclərlə bağlı təhsil siyasətinə münasibətin necədir?
- Bu artım əlbəttə ki, Prezident İlham Əliyevin təhsilə ayırdığı diqqətin nəticəsidir. Prezidentin gənclərimizə diqqəti hər zaman müşahidə olunub. Bunu qəbul olunan xaricdə təhsil haqqında 2007-2015-ci illəri əhatə edən dövlət proqramının 2020-ci ilə kimi uzadılması da sübut edir. Bu siyasətin arxasında isə əslində bir gözlənti durur. Xaricdə yüksək keyfiyyətli təhsil alan Azərbaycanlı tələbələr əldə etdikləri bilikləri qayıdaraq Azərbaycana tətbiq edib, Azərbaycan təhsilini və digər sahələri inkişaf etdirməlidirlər. Gənclərimiz də bilməlidirlər ki, onlar müstəqil Azərbaycanın gələcəyinin qurulmasında və inkişafında məsuliyyət daşıyırlar.
- Azərbaycanın sürətlə inkişaf ilə paralel beynəlxalq uğurları sıralamasını necə xarakterizə edərdin?
- Siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin tələbəsi olaraq Azərbaycanın sürətlə inkişafını uğurlu və praqmatik siyasətin nəticəsi kimi xarakterizə edirəm. Danılmaz faktdır ki, bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Güclü siyasət, güclü iqtisadiyyata əsaslanır. Cənubi Qafqazın iqtisadiyyatının 80%-ni Azərbaycan iqtisadiyyatı təşkil edir. Azərbaycan qonşularından fərqli olaraq müstəqil xarici siyasət kursu və iri iqtisadi layihələr həyata keçirir. Avropa ölkələrinə, Belarusa, Gürcüstana və Ukraynaya da düşdükləri çətin anlarda alternativ yollar göstərərək, yardım edir. Ölkəmiz enerji təhlükəsizliyində artıq yalnız regional deyil, dünya səviyyəsində qarant olduğunu dəfələrlə sübut edib. Müstəqilliyimizin ilk illərində Türkiyənin investisiyalarına ehtiyac duyurduqsa, bu gün Azərbaycan Türkiyənin ən böyük investoruna çevrilərək orada böyük layihələri həyata keçirir.
- Gələcək planların barədə nə deyə bilərsən?
- Əslində, regionun və İndoneziyanın dilini, mədəniyyətini, insanların düşüncə tərzini, siyasi sistemini mükəmməl öyrəndiyim və burada qazandığım böyük uğurlar üçün səfirliyimizdə çalışıb Azərbaycanın İndoneziya və region ölkələri ilə münasibətlərini daha da inkişaf etdirib yeni mərhələyə qaldırmaq istəyirəm. İndoneziyada Siyasi elmlər və beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alan ilk mütəxəssis olacağımı nəzərə alaraq, yaxın gələcəkdə XİN-də bu region və ölkə üzrə mütəxəssis kimi çalışmaq istəyirəm.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info