Erməni terrorunu ifşa edən kitab niyə “ekstremist material” olur?
Tarix: 29.11.2013 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Real faktlar əsasında yazılmış kitaba Rusiya hüquq mühafizə orqanlarının yanaşması Azərbaycan ictimaiyyətinin dərin narahatlığına səbəb olub

Erməni lobbisi erməni terror təşkilatlarının dünyanın müxtəlif ölkələrində törətdiyi qanlı cinayətlərin ört-basdır edilməsi və bu haqda məlumatların beynəlxalq aləmdə yayılmasının qarşısının alınması, habelə, erməni terrorçularının qəddar əməlləri barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışan şəxslərin, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının susdurulması məqsədilə məkrli fəaliyyətini davam etdirir.
Rusiya Federasiyası Krasnoyarsk Şəhər Mərkəzi Rayon Məhkəməsindən daxil olan bildirişdə qeyd edilib ki, 2013-cü il dekabrın 12-də hakim N.Y.Çernovanın sədrliyi ilə Azərbaycanda nəşr olunmuş “Erməni terrorizmi” kitab-albomunun “ekstremist material” kimi tanınmasına dair məhkəmə iclası keçiriləcək.
Krasnoyarsk Vilayət Prokurorluğunun bildirişə əlavə olunmuş istintaq materialına əsasən, 2013-cü il oktyabrın 3-də Rusiya Federal Təhlükəsizlik Xidməti Krasnoyarsk Vilayəti üzrə İdarəsindən prokurorluğa vilayətin ərazisində “Erməni terrorizmi” adlı nəşrin yayıldığı barədə məlumat daxil olub. Məlumatda qeyd edilib ki, həmin nəşr Krasnoyarsk vilayətində yaşayan və Azərbaycan diasporunu təmsil edən şəxslər tərəfindən yayılır. V.P.Astafyev adına Krasnoyarsk Dövlət Pedaqoji Universitetinin mütəxəssisləri tərəfindən həyata keçirilmiş psixoloji-linqvistik təhqiqat nəticəsində əldə olunmuş “rəyə” əsasən, “nəşrdəki ayrı-ayrı mətnlər, onun giriş hissəsi, fotomateriallar və onlara şərhlər oxucuda (tamaşaçıda) “erməni terrorizmi”nin mövcud olduğu və erməni millətindən olan qrup halında şəxslərin bütün dünyada milli mənsubiyyətə görə şəxslərə fiziki xəsarət yetirilməsi və ya onların məhv edilməsi, milli və dini zəmində düşmənçilik yaradılması və dəstəklənməsi üçün məqsədyönlü fəaliyyət göstərməsi haqqında qənaət formalaşdırılmasına istiqamətlənmiş qərəzli material seçimidir”. Prokurorluq “Ekstremist fəaliyyətə qarşı” federal qanuna istinad edərək Rusiya Federasiyasının maraqlarının müdafiəsi məqsədilə həmin nəşri “ekstremist material” kimi tanıyıb və müvafiq qərarını məhkəməyə göndərib. Prokurorluq məhkəmədən “Erməni terrorizmi” nəşrinin “ekstremist material” kimi tanınmasını, həmin nəşrin ekstremist materiallar siyahısına daxil edilməsi üçün qərarın surətinin Rusiya Federasiyası Ədliyyə Nazirliyinə göndərilməsini xahiş edib.
Azərbaycan Respublikasının mərhum baş prokuroru İsmət Qayıbov və “Azərinform”un (indiki AzərTAc) mərhum sabiq baş direktoru Azad Şərifovun müəllifliyi ilə 1992-ci ildə Azərbaycanda nəşr olunmuş “Erməni terrorizmi” kitab-albomu erməni terror təşkilatlarının dünyanın müxtəlif ölkələrində türklərə və azərbaycanlılara, habelə, Azərbaycan Respublikasının ərazisində dinc əhaliyə qarşı həyata keçirdikləri çoxsaylı terror aktlarına dair faktoloji materiallar əsasında hazırlanıb. Bu faktlar ABŞ, Fransa, Almaniya, Avstriya, İsveçrə, Türkiyə, Belçika, İspaniya, İtaliya, Böyük Britaniya, Niderland, Danimarka, Livan, Azərbaycan və digər ölkələrin hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb, çoxsaylı insan tələfatına səbəb olan həmin cinayətlərin erməni terror təşkilatları tərəfindən törədildiyi təkzibolunmaz sübutlarla təsdiq edilib.
Məlum terror aktları barədə məlumat verən nəşrin Rusiya Federasiyasının hüquq-mühafizə orqanları tərəfindən “ekstremist material” kimi qələmə verilməsi, həmçinin bu iddianın qanuniləşdirilməsi üçün həyata keçirilən əməli fəaliyyət Azərbaycan ictimaiyyətinin dərin narahatlığına səbəb olub. Çünki Azərbaycan kitab-albomda əksini tapmış bir sıra terror hadisələrinə özünün müasir tarixində bilavasitə məruz qalıb, digər terror faktlarına dair məlumatlar isə dünyanın müxtəlif ölkələrinin mətbuatında və başqa nəşrlərində işıq üzü görüb. Bunları təkzib etmək qeyri-mümkündür. Bir müddət əvvəl Fransada “erməni soyqırımı”nı tanımamağın cinayət məsuliyyəti doğuran hal olması ilə bağlı müvafiq qanunun qəbul edilməsinə cəhd göstərilib. Həmin qanunun qəbulu həm Fransa, həm də Türkiyə və Azərbaycan ictimaiyyəti tərəfindən ciddi etirazla qarşılanıb. Əksər insan haqları təşkilatları hesab ediblər ki, bu qanunun qəbulu insanların ifadə azadlığını və fikir plüralizmini kobud şəkildə poza bilər. Buna görə də Rusiya hüquq-mühafizə orqanlarının tarixi faktları inkar etmək, obyektiv reallığı erməni lobbisinin maraqlarına uyğun dəyişdirmək, insanların sərbəst şəkildə öz fikirlərini ifadə etmək imkanlarını məhdudlaşdırmaq cəhdləri qınağa layiqdir. Rusiyada miqrantlara, o cümlədən azərbaycanlılara qarşı dözümsüzlük mühitinin mövcud olduğu bir zamanda belə addımın atılması Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafına mənfi təsir edən amil kimi qiymətləndirilə bilər. Göstərilənləri nəzərə alaraq Rusiyanın aidiyyəti dövlət orqanlarının bu işə müdaxilə edərək lazımi tədbirlər görəcəyinə ümid edirik.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info