“Müsabiqələrdə yeni səslər, istedadlar üzə çıxır”
Tarix: 30.11.2013 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Xalq artisti Simarə İmanova: “Azərbaycanı bir çox xarici ölkələrdə təmsil edirəm və çalışıram ki, milli musiqimizi, muğamımızı layiqincə təbliğ edim”

Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, Xalq artisti Simarə İmanovadır:

-Simarə xanım, muğam sənətini tədris edən müəllim kimi gənc xanəndələrimizi necə qiymətləndirirsiniz?
- Əlbəttə ki, bu gün xalq musiqimizə, muğamımıza dövlət tərəfindən çox böyük diqqət və qayğı var. Bu da onu göstərir ki, heç bir istedadlı gəncin istedadı itmir, vaxtında üzə çıxarılır. Bu gün elə şərait var ki, valideynlər övladlarının istedadını görəndə, artıq biganə qalmırlar, özləri bu yaranmış şəraitdən səmərəli istifadə edirlər. Dövlət tərəfindən keçirilən və dəstəklənən müsabiqələrdə yeni səslər üzə çıxır, yeni istedadlar tanınır. Gənclər özləri də öyrənməyə can atırlar. Amma bəzi gənclər də var ki, onlar öyrənməyə can atmır, təəssüf ki, “ulduz xəstəliyi”nə tutulublar. Çox təəssüf ki, həmin şəxslər sənəti deyil, biznes yolunu seçirlər. Yəqin ki, bütün sənət ustadları bu fikrimlə razılaşarlar. Bu sənətdə ən vacib odur ki, birinci sənəti mükəmməl öyrənmək lazımdır. Şübhəsiz ki, müəyyən zaman sonra bu sənətdən sən öz gəlirini əldə edəcəksən. Misal üçün, mənim də sənətim bu sahə ilə bağlıdır. Mən də gəlirimi öz sənətimdən alıram. Tələbə olduğum zaman bir amalım olub ki, bu sənəti mükəmməl öyrənməliyəm. Efiri çox üstün tutmadım. Çünki hər zaman savadlı pedaqoq kimi gözəl tələbələr yetişdirmək arzusu ilə yaşamışam. Müəllim olaraq demirəm ki, gənclər efirə çıxmasın. Xeyir! Efir gözəldir. Əlbəttə ki, bizi cəmiyyətə tanıdan efirdir.

“Bu gün hər bir valideyn könül rahatlığı ilə icazə verir ki, övladı efirdə muğam ifaçısı olaraq görünsün. Bu isə muğamın inkişafından, bu sənətə dövlətimizin diqqətindən xəbər verir. Muğam ifa etməyin özü bir tərbiyə deməkdir”

Çox gözəl muğam verilişləri hazırlanır və tamaşaçıların böyük marağına səbəb olur. Şübhəsiz ki, gənc muğam ifaçılarının da həmin proqramlarda iştirak etməsi vacib şərtlərdən biridir.
Gənclərin də bu gün səhnəmizdə necə görünmələrinə qiymət versək, əlbəttə, yüksək dəyərləndirmək olar. Çünki vaxtilə sovet dövründə efirdə biz xanəndələr üçün çox qadağalar var idi. Amma indi sənətlə məşğul olanlar üçün bütün şərait yaradılıb. Bu sahədəki inkişafı hər kəs görür.
- Muğam ifa edərkən qəzəl seçimi daha çox müəllimin boynuna düşür, yoxsa tələbə seçimdə sərbəstdir?
- Deməzdim ki, bütün muğamlar müəllimin seçimi ilə oxunur. Lakin bəzi tələbələr var ki, qəzəlxanlara da müraciət edirlər. Hətta sözaltı mənaları da öyrənirlər. Öyrənən tələbə bütün bunlarla maraqlanır. Məsələn, əgər tələbə “Bayatı Şiraz” yaxud “Mahur Hindi” muğamını oxumazdan əvvəl müəllimindən qəzəl seçiminə görə məsləhət alırsa, bu sözsüz ki, gözəl addımdır. Ancaq müəllim məsləhəti almayan tələbənin ifasında müəyyən qüsurlar olur. Mənim sənət müəllimim böyük ustad xanəndələrimizdən biri, respublikanın Xalq artisti Ağaxan Abdullayev olub. Muğam dünyamızın sirrini Ağaxan müəllimdən öyrənmişəm. Onun dərslərində mən sanki, millətimizin mədəni kökündən agah olurdum. Amma peşəkar səhnədə ilk addımlarımı gözəl sənətkarımız, Xalq artisti Zamiq Əliyevin dəstəyi ilə atdım. Kamançada isə mərhum sənətkarımız Ədalət Vəzirov müşayiət edib. Bizim birlikdə çox gözəl uğurlarımız, dostluğumuz olub. Bu, mənim həyatımda silinməz xatirədir. Mən fəxr edirəm ki, Azərbaycan qızıyam və Azərbaycan muğamını çiynimdə daşıyıram. Mənə ilk xeyir-duanı ulu öndərimiz Heydər Əliyev verib. 1997-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” adlı festivalda 46 ölkənin musiqiçiləri arasında Qran-Pri mükafatına layiq görüldüm. Festivaldan qayıtdıqdan sonra ulu öndərimiz məni gənc yaşımda Əməkdar artist fəxri adına layiq gördü. O vaxt mən Asəf Zeynallı adına musiqi texnikumunun tələbəsi idim. Azərbaycanı bir çox xarici ölkələrdə təmsil edirəm və çalışıram ki, milli musiqimizi, muğamımızı layiqincə təbliğ edim.
- Bu gün də muğamlarımızın sirlərini öyrənirsiniz?
- Muğam bizim musiqimizin köküdür. Desəm ki, muğamı tam bilirəm, yalan olar. Mən hələ muğamı öyrənirəm. Əgər mən Xalq artistiyəmsə, bu o demək deyil ki, daha heç nə öyrənməməliyəm. Cavan vaxtımızda sadəcə oxuyuruq. Dahi sənətkarımız Xan Şuşinski deyib ki, cavan vaxtında ancaq oxuyursan, müəyyən bir yaşdan sonra isə muğamı anlamağa başlayırsan, onu dərk edirsən. Muğamı oxumaq üçün gözəl səs, o cümlədən baxımlı olmaq lazımdır ki, tamaşaçını cəlb edə biləsən. Çox şükür Allah ki, bunu mənə nəsib edib. Ustadlarımdan öyrəndiklərimi tələbələrimə çatdırmağa çalışıram. Çalışıram ki, tələbələrim məndən yaxşı oxusun. Ona görə ki, onun uğuru elə mənim uğurumdur. Nəyi bilirəmsə, onu tələbələrimdən əsirgəmirəm.
- Bir pedaqoq kimi bu günün gəncləri ilə bağlı fikirləriniz necədir?
- Pedaqoq kimi onu deyə bilərəm ki, oxuduğum dövrdə biz daha çox öyrənməyə can atırdıq, tənbəllik etmirdik. Hər zaman çalışırdıq ki, daha çox sənət haqqında biliyimiz olsun. Amma o dövrün maraq dairəsi ilə indiki arasında çox fərq var. İndiki gənclər tez zamanda tanınmaq və şöhrətə sahib olmaq istəyirlər. Bir muğamı bildilərsə, efirdə göründülərsə, öyrənmək ikinci planda qalır. Bu, düzgün yanaşma deyil. Əminəm ki, bu fikrimlə bütün müəllimlər razı olar. Doğrudur, hər dövrün öz qanunları var. Bu gün belə tələb olunursa, deməli bunun öz səbəbi var. İndi efir məkanları çoxalıb. Yəni, bu gün tanınmaq çox asandır. Bizim zamanımızda tamam başqa idi və tamaşaçı yaddaşında qalmaq çox çətin idi. Mən dövlətimizə, Heydər Əliyev Fonduna təşəkkür edirəm ki, cavanlarımıza, muğam ifaçılarına, ən əsası sənət adamlarına böyük qayğı və diqqət göstərirlər. Ən gözəl addımlardan biri də o oldu ki, muğam müsabiqəsində qaliblər sms-lə deyil, ustad xanəndələrin qiyməti ilə seçilir. Dövlətin qayğısı varsa, bu, elə hər şey deməkdir. Mədəniyyət və Turizm Nazirliyinə minnətdarıq ki, xarici ölkələrə səfər etməyimizə imkan yaradırlar, biz də millətimizi və mədəni kökümüzü təbliğ edə bilirik. Bu gün hər bir valideyn könül rahatlığı ilə icazə verir ki, övladı efirdə muğam ifaçısı olaraq görünsün. Bu isə muğamın inkişafından, bu sənətə dövlətimizin diqqətindən xəbər verir. Muğam ifa etməyin özü bir tərbiyə deməkdir.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info