Dünya azərbaycanlılarının ilk virtual konfransı keçiriləcək
Tarix: 30.11.2013 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Gələn həftə Bakıda XIX Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransı (Bakutel-2013) keçiriləcək. Dekabrın 2-də başlayacaq tədbir dekabrın 5-dək davam edəcək. Tədbirin əsas təşkilatçısı qismində «Iteca Caspian» şirkəti çıxış edir.

Regional internetin idarəçilik forumu
Sərgi ilə bağlı keçirilən mətbuat konfransda çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirdi ki, bu tədbirin əsas məqsədi Azərbaycanın yerli şirkətlərinin əldə etdiyi uğurları nümayiş etdirməkdir: «Sərginin yenilikləri sırasına milli pavilyonlar, «start-up»ların təmsil olunması daxildir. Həmçinin, innovativ inkişafı təmin etmək üçün yeni texnologiyalar parkının təmsil olunması da nəzərdə tutulub. Tədbir çərçivəsində kibertəhülkəsizlik üzrə beynəlxalq konfrans da keçiriləcək. Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi ilə keçiriləcək bu konfrans zamanı ölkələr arasında bu sahədə əməkdaşlıq, problemlər və perspektivlər mövzusunda müzakirələr aparılacaq. Tədbirə müxtəlif ölkələrin rabitə və informasiya texnologiyaları nazirləri qatılacaq». Nazir müavini əlavə etdi ki, «Bakutel-2013» çərçivəsində keçiriləcək digər tədbir MDB və region dövlətlərinin Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyaları Başçılarının toplantısı olacaq. Bundan başqa, Azərbaycanda ilk dəfə regional internetin idarəçilik forumu da keçiriləcək və bu tədbirə xaricdən qonaqların da qatılacağı gözlənilir. Həmçinin, «Bakutel-2013» çərçivəsində biznes əlaqələrə dair ikitərəfli forum və dəyirmi masaların təşkili nəzərdə tutulub. Bunların sırasında Azərbaycan-ABŞ İKT forumu, Azərbaycan və İtaliya arasında «b2b» tədbiri, eləcə də Cənubi Koreyanın İnformasiya və Təhlükəsizlik Agentliyi ilə növbəti dəyirmi masa keçiriləcək. Sərgi çərçivəsində dünya azərbaycanlılarının ilk virtual konfransı keçiriləcək. Müxtəlif xarici dövlətlərin ərazisində 8 dayaq nöqtəsi müəyyənləşdirilib. Həmin dayaq nöqtələrindən dünyanın 20-yə yaxın ölkəsində yaşayan soydaşlarımızın konfransa onlayn şəkildə qoşulması nəzərdə tutulub. Qeyd edək ki, saat fərqinin olması nəzərə alınaraq konfrans üçün ortaq saat seçiləcək.

“Bakutel-2013”də pulsuz “e-imza”
“Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov bildirdi ki, “Bakutel 2013” sərgisi telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiridir: “Sərgi keçirildiyi illər ərzində yüksək texnologiyalar sahəsində əldə olunan nailiyyətlərin nümayişi üçün mühüm meydançaya çevrilib. “Bakutel” sərgisinin inkişafı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin uzun illər dəstəyi sayəsindədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. “Bakutel 2013” sərgisinin bütün ekspozisiyasında bu məqam xüsusi olaraq nəzərə çarpır”. Bildirildi ki, «Bakutel-2013»ün sərgi meydançası 35% genişlənib və bura 28 ölkədən 300 şirkəti cəlb edib. Bu il 15 ölkə milli pavilyonu ilə sərgidə İKT sahəsində Azərbaycan və bütün Xəzər regionu üçün innovativ proqramların, məhsul və xidmətlərin təqdimatını keçirəcək. İlk dəfə olaraq “Bakutel”də Əfqanıstan, İtaliya və ABŞ-ın milli qrupları iştirak edəcək. Sərgi eksponentlərinin 40%-i daimi iştirakçılardır. Sərgidə Azərbaycanın birbaşa iştirak etdiyi İKT sahəsində çoxsaylı beynəlxalq və yerli layihələr öz əksini tapacaq. Əvvəllər olduğu kimi, sərgidə kosmik sənaye, yerüstü peyk idarəetmə mərkəzinin fəaliyyətinin yaradılmasının və kadrların hazırlanması sahələrinə xüsusi diqqət yetirir. Sərgidə əhaliyə göstərilən dövlət xidmətlərinin təqdim olunması üçün yaradılmış “ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti nümayiş olunacaq. “Bakutel” sərgisinin ənənələrindən biri də Azərbaycanda və regionda İKT sahəsinin ən böyük tədbiri çərçivəsində gənc mütəxəssislər üçün öz ideyaları, habelə yaratdıqları proqram məhsullarının və xidmətləri açmaq imkanının yaradılmasıdır. Bu il bir çox yenilikləri ilə diqqət çəkəcək 19-cu “Bakutel” sərgisinin ziyarətçiləri üçün daha bir sürpriz nəzərdə tutulur. Belə ki, “Bakutel-2013” sərgisində ziyarətçilər “Elektron hökumət” portalı stendində qeydiyyatdan keçməklə “e-imza” kartına pulsuz sahib olma imkanı əldə edəcəklər. Pavilyona müraciət edən vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməklə sadələşdirilmiş kod-parol əldə edə biləcəklər. Bunun üçün isə vətəndaşın yalnız şəxsiyyət vəsiqəsi ilə sərgidə “Elektron hökumət” portalına ayrılmış pavilyona yaxınlaşması kifayətdir.


“Titan” robotu MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda nümayiş etdiriləcək
«Iteca Caspian» şirkətinin meneceri Rəna Abutalıbova bildirdi ki, “BakuTel-2013” sərgisi çərçivəsində MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda “Titan” robotu nümayiş etdiriləcək. “Titan” robotu Tokiodan tutmuş Vankuverə qədər bir çox dünya ölkələrini gəzib, Əbu-Dabidə “Qran-pri Formula 1” yarışında qonaq olub və iri şirkətlərin, eləcə də məşhur brend və markaların təqdimatlarında iştirak edib. “Titan” robotu Rihannanın konsert turnesinə də qatılıb, məşhur aktyorların çəkildikləri bir sıra filmlərdə rol alıb. Həm hərəkət edən, həm də insanlarla dialoq quran bu nəhəng robot onu görənləri heyrətə gətirir. Lakin çox keçmədən hamı onu sevməyə başlayır və insanlar ona yaxınlaşaraq toxunmaq istəyirlər. Ziyarətçilərinin marağına səbəb olacaq bu robotu izləmək üçün sərgiyə gəlmək kifayətdir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info