Azərbaycan filologiyasına yeni töhfə
Tarix: 03.12.2013 | Saat: 13:21:00 | E-mail | Çapa göndər


Görkəmli yazıçı İ.Şıxlının “ Dəli Kür” romanı tarixi keçmişimizi, milli mənəvi dəyərlərimizi yaşadan ədəbi- bədii abidələrdəndir. Hər dəfə romandan söz düşəndə ədəbiyyatşünaslıq baxımından dövrünün ədəbi hadisəsi kimi yüksək dəyərləndirilir. Romanın tarixi, folklorşünaslıq, etnoqrafik və dilçilik araşdırmarına cəlb edilməsi olduqca zəruridir.Tanınmış alim, dil tarixçisi Ə.Tanrıverdinin bu yaxınlarda işıq üzü görmüş “ Dəli Kür” romanının poetik dili” adlı monoqrafiyasında ilk dəfə romanın dili incəliklərinə qədər araşdırılmış, ədəbi dilimizin yüzilliklər boyu qazandığı zənginliyi özündə yaşadan mükəmməl sənət nümunəsi kimi elmi ictimaiyyətin diqqət mərkəzinə çıxarılmışdır.
Ə.Tanrıverdinin romanı tədqiqat obyekti seçməsinin müəyyən səbəbləri vardır. Alim dil tarixçisi kimi yaradıcılığının ilk çağlarında antroponimləri tarixi- linqvistik müstəvidə araşdırmış, türk mənşəli şəxs adlarının strukturunu və semantikasını açmış, ərəb və fars mənşəlilərlə müqayisədə üstünlüklərini sübut edərkən son istinadı “ Dədə Qorqud kitabı” olmuşdur. Tədqiqatlarında tarixi- ədəbi mənbələrə söykənərək dilimizin tarixinin aktual problemləri ilə bağlı yeni orijinal fikirlər irəli sürən Ə.Tanrıverdidə istər-istəməz “ Dədə Qorqud kitabı” na sonsuz məhəbbət yaranmışdır. Onun son dövrdə “ Kitab”la bağlı dörd monoqrafiyası ( “Kitabi- Dədə Qorqud “ da şəxs adları”, “Kitabi- Dədə Qorqud”un obrazlı dili”, “ Kitabi- Dədə Qorqud”un söz dünyası”, “ Dədə Qorqud kitabı”nda at kultu”) çap olunmuş və oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanmışdır. Ə.Tanrıverdi xəyallarında qurduğu Dədə Qorqud dünyasının parametrlərini- qədim oğuz həyat tərzini, adət- ənənələri, etnoqrafiyasını, antroponimlərini, insanların antropologiyasını, söz aləmini “Dəli Kür” romanında görmüşdür. Digər tərəfdən də əsərdə hadisələrin baş verdiyi qədim oğuz yurdu- Qazax-Borçalı mühitinə bağlılığı, həmin bölgədə böyüyüb ərsəyə gəlməsi alimi romanın tədqiqinə sövq etmişdir.
Monoqrafiyada öncə roman dünya ədəbiyyatının inciləri ilə müqayisə olunur,həyat həqiqətlərini əks etdirməsinə görə, həmin əsərlərlə, o cümlədən də “Sakit Don” epopeyası ilə səsləşirsə, xalq ədəbiyyatına bağlılıq ,uzunömürlülük statusu qazanır, zaman- zaman nüfuzunu daha da artırmışdır. Romanda özünə yer almış atalar sözləri, bayatılar, nəğmələr, eydirmələr, əfsanələr, mahnılar və aşıq şeirlərini Ə.Tanrıverdi seçmiş, kontekstdə təhlil etmiş, atalar sözlərini semantikasına görə
qruplaşdırmış, maraqlı mülahizələr irəli sürmüşdür. Hər bir obrazın dilində atalar sözlərinin işlənməsi onların xarakterinin açılmasında əsas arqument kimi götürülmüşdür. Romanın “Dədə Qorqud kitabı” və “ Koroğlu” kimi möhtəşəm abidələrlə bağlılığı ,eposların təsiri, bir sıra paralellər qədim türklərin təfəkkür tərzinin müasir varisləri tərəfindən saxlanmasının bariz nümunəsidir. Qazan xan- Koroğlu- Cahandar ağa adlarının semantik yaxınlığı, xarakterlərindəki oxşarlıqlar, Burla xatun- Zərnigar xanim, Selcan xatun- Zərnigar, Çənlibel- Göytəpə, Qonur at- Qırat- Qəmər obrazları qarşılaşdırılır, onlar arasındakı əlaqələr sistemli şəkildə araşdırılır. Xüsusilə hər üç qəhrəmanın atlara münasibətinin eyni olması- özünə dost, qardaş, silahdaş bilməsi və qayğı göstərməsini müəllif əsas tutaraq İ.Şıxlının yaratdığı Qəməri“ Dədə Qorqud” və “ Koroğlu”dakı at obrazlarının məntiqi davamı hesab edir. Bütün bunlar epos ənənəsinin yazılı ədəbiyyatda- romanda uğurla davam etdirilməsini şərtləndirir. Burada qədim türklərin atla bağlı bir adətini xatırlatmaq yerinə düşər.
“ Orxon – Yenisey kitabələrindən “Tonyukuk”da belə cümlə var: Bu türk xalqının üstünə yaraqlı yağı gətirtmədim, düyünlü at yüyürtməmişəm( yəni quyruğu düyünlü at üstündə gələn düşmənə imkan verməmişəm, xalqın üstünə atını səyirtsin).
“Quyruğu düyünlü at” döyüş atı deməkdir, döyüş qabağı qıvraq olsun deyə, atın quyruğunu düyərmişlər. Bu deyim artıq frazeoloji ifadə şəklidə Naxçıvan bölgəsində qalmışdır”( T.Hacıyev). Qədim türklərin döyüş adətinin yurdumuzun qərb bölgəsində canlı şəkildə saxlanması “Dəli Kür” romanında xüsusi kontekstdə- Cahandar ağanın Allahyarla döyüşə hazırlaşması səhnəsində verilmişdir: “ Cahandar ağa atı tövlədən çıxardıb talvarın altına gətirdi. Sağrısını, yalını sığalladı. At astaca oxranıb kişini iylədi, qulaqlarını qırpıb dayandı. Cahandar ağa dərindən köksünü ötürdü və yəhəri atın belinə qoydu. Qarınaltı qayışları möhkəm çəkdi, üzəngini, yüyəni yoxladı, dal tətəfə keçib atın quyruğunu düydü” .
Romanın yazılı ədəbiyyatda mövqeyi monoqrafiyada geniş işıqlandırılır. M.Füzuli, S.Ə.Şirvani və M.F.Axundov kimi görkəmli klassiklərin adının və ədəbiyyat tarixindəki fəaliyyətlərinin xatırlanması ilə mədəniyyətimizin qədimliyinə və zənginliyinə işarə edilmişdir. M.P.Vaqifin “Pəri” qoşması, M.F. Axundovun “Aldanmış kəvakib”,N.Nərimanovun” Nadanlıq”, C.Məmmədquluzadənin”Ölülər”,N.Vəzirovun”Müsibəti- Fəxrəddin”, Ə.Haqverdiyevin” Odabaşının hekayəsi”, Y.V.Çəmənzəminlinin”İki od arasında”, S.Vurğunun” Vaqif” əsərləri ilə müqayisələr müəllifdə belə qənaət doğurur ki,” ana dilli ədədiyyatımızdakı istənilən bir əsərin, hətta Həsənoğlunun bizə gəlib çatan cəmi iki qəzəlin izlərini, ruhunu”Dəli Kür” də tapmaq mümkündür”.
Monoqrafiyada romanın Azərbaycan, Avropa və rus ədəbiyyatı müstəvisində tədqiqi ədəbiyyatşünaslıq təsiri bağışlasa da, romanın dilinin araşdırılması üçün zəmin yaradır. “Müəllifin və obrazların dili” bölməsində yazıçının və obrazların hər birinin dili ayrıca söz- söz, cümlə- cümlə təhlil süzgəcindən keçirilmiş, xarakterlərini tamamlayan vasitə kimi bəhs edilib. Ə.Tanrıverdi yazıçının təkrarlardan qaçaraq, üslubi əlvanlıq yaratmaq məqsədi ilə analitizmə meyilini ( xəyallanmaq, ehtiyatlanmaq, arlanmaq və s.) dilçi həssaslığı ilə duyub, yüksək qiymətləndirib.
Romanda obrazların dilini bir- birindən fərqləndirən vasitələr- leksik- morfo-
loji təkrar, assonans, alliterasiya, frazeoloji ifadə, epitet, təşbeh, arxaizm, ellipsis və ardıcıl sadə cümlələr alim istedadının qüdrəti ilə aşkara çıxarılıb, obrazların daxili aləmi ilə əlaqəsi göstərilib. Obrazların dili cinsinə, yaşına, xalq arasındakı nüfuzuna, savadına görə özünəməxsus ifadələrlə fərdiləşdirilir. Fərqləndirici vasitələr çox olsa da, ilk dəfə Ə.Tanrıverdi atalar sözlərindən də bu məqsədlə istifadəni müəyyən edib. Cahandar ağa ( Kişi tüpürdüyün yalamaz, Bir ovuc qanından qorxan namərddir), Şamxal ( Ölmək ölməkdir, xırıldamaq nədir), Molla Sadıq( Nə dil bilsin, nə dodaq; Bir daş altda, bir daş üstə), Allahyar ( Bardağa girdin, oldun bardağ suyu), Rus Əhməd ( İlan ulduz görməsə, ölməz; Elmsiz adam kor kimidir), Gəmiçi Qoca ( Su sənəyi suda sınar), Çərkəz (Ehtiyatlı oğulun anası ağlamaz)
Həsən ağa ( Könlü balıq istəyən gərək suya girsin), Rüstəm ( Avazın yaxşı gəlir, oxuduğun quran olsa), Zərnigar ( Təzə bardağın suyu sərin olar), Mələk ( Qeyrətli kişi arvada əl qaldırmaz), Şahnigar ( Ərsiz arvad yüyənsiz at) , Allahyarın anası (Axşamın xeyrindən sabahın şəri yaxşıdır) və s. surətlərin xarakteri atalar sözləri və frazemlərin daşıdığı semantik yük ilə tamamlanır. Obrazların dilindəki dialekt fərqləri də alimin diqqətindən yayınmayıb.” Təhkiyəçinin dilində orfoqrafik normalara uyğun, yəni “təqsir”,Şahnigarın dilində danışıq dilinə uyğun, “taqsır”, Cahandar ağa və Mələyin dilində qərb şivələrinə uyğun,“ taxsır”şəklində rast gəlinir”. Tarixiliklə bədiiliyin vəhdəti həmişə əsərlərə əbədilik qazandırır. Bu cəhətdən romann yazıldığı vaxtdan yarım əsr keçməsinə baxmayaraq, oxucuların maraq dairəsindən çıxmamışdır. Ə.Tanrıverdi ilk dəfə “Dəli Kür” nəsrinin bədiiliyindən ətraflı bəhs etmişdir. Romanda bədii təsvir və ifadə vasitələrinin zənginliyi nəzm təsiri bağışlayır. Alimin fikrincə, romanın dili bu cəhətə görə “ Dədə Qorqud kitabı” nın dili ilə səsləşirsə, digər tərəfdən də müasir poeziyamızdakı sərbəst şeiri xatırladır. Romanda ahəngdarlığın başlıca atributu kimi obrazlılıq fonetik, leksik və qrammatik səviyyədə təzahür etmışdir. Monoqrafiyada 25- dən artıq bədii ifadə vasitəsindən bəhs olunur ki bunlardan 9-u fonetik ( ədəbi dilin transkripsiyası, assonans, alliterasiya, fonetik kəkələmə, həmqafiyə sözlər, cinas sözlər, leksik- morfo-
loji təkrarlar, asindeton , polisindeton, anastrofa, anafora və epifora), 14-ü leksik( dialektizm, arxaizm, varvarizm, antroponim, toponim, ktematonim, frazeologizm,emosional sözlər, evfemizm, epitet, təşbeh, metafora, metanimiya, mübaliğə, litota və antiteza), 2-si qrammatik ( inversiya, ellipsis) səviyyəyə aiddir. Hər bir vasitə kontekstdə götürülmüş, struktur- semantikası açılmış, obrazlılıq və ahəgdarlığın gücləndirilməsində rolu və funksiyası göstərilmişdir. Leksik səviyyədə obrazlılıq yaradan dialektizmlərin şərhinə geniş yer verilir. Müəllif romanda işlənmiş 100-dən artıq dialektizmin semantikasını və arealını tarixi- linqvistik müstəvidə digər şivələrlə əlaqədə müəyyənləşdirir. Buradakı dialektizmlərin əksəriyyəti(nəmi, peşqurd, bısqıl, sınqın, cimbata çəkilmək, eymənmək, qanrılmaq, mətəris etmək, suyulmaq, şırvanmaq, üşürgələnmək, yehrələnmək və s.) hadisələrin baş verdiyi qərb bölgəsi üçün xarakterikdir. Monoqrafiyada dialektizmlər obrazlılıq yaradan vasitələrdən biri kimi alliterasiya, anafora və təşbehlərin ifadəsində rolu və əhəmiyyəti
konkret nümunələrlə əsaslandırılır. Bundan başqa, dialektlərdə çox sayda sözlər vardır ki, ədəbi dildə qarşılığı yoxdur, və ya həmin mənada alınma sözlərdən istifadə edilir. Zəruri məqamlarda dialektizmlərin ədəbi dildə vətəndaşlıq hüququ qazanmasında bədii əsərlər vasitəçilik missiyası yerinə yetirir. Dialektizmlərin ədəbi dildə işlənməsinin zəruriliyinə yaradıcılığı boyu diqqət yetirən İ.Şıxlı “Dəli Kür” romanında da öz amalına sadiq qalmışdır. Ə.Tanrıverdi prof. Q.Kazımovla həmfikir olaraq, romanda işlənmiş təngildəmək “səndələmək”, üşürgələnmək “qorxmaq”yehrələnmək” zolaq- zolaq olmaq”, şırvanmaq “ yaltaqlanmaq”, çığnamaq “ tapdalamaq” və s. dialektizmlərin ədəbi dildə yer almasını məqbul sayır.
Romanda keçmiş həyat tərzinin təsvirində arxaik sözlərdən məharətlə istifa- də edilir. Bu cəhətdən qaravaş, eşik, sapand, öynə, yaşmaq, yortmaq və s. qədim türk sözləri Orxon- Yenisey kitabələri, “ Dədə Qorqud kitabı” kimi möhtəşəm abidələrin dili ilə səsləşir. Əsərdəki arxaizmlər sərhədsizdir, yurdumuzun əksər bölgələrində bu və ya digər dərəcədə qorunub saxlanmaqla, XIX əsrin 70- ci illərində Azərbaycan reallıqlarını özündə əks etdirir.
Beləliklə, monoqrafiyada İ.Şıxlının “Dəli Kür” romanının dil möcüzəsi Ə.Tanrıverdi istedadının qüdrəti ilə açılır, ədəbi dilimizin zənginliyi, ifadə imkanlarının genişliyi, ən əsası “Dədə Qorqud kitabı” nın ənənələrinin yüzilliklər boyu yaşanması əyaniləşdirilir, eyni zamanda filologiyamızın bu sahəsi yeni fikir və faktlarla zənginləşdirilir.

Məhərrəm Məmmədov
Filologiya üzrə elmlər doktoru, professor




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info