“Gənclər dövlətin yaratdığı şəraitdən düzgün istifadə etməlidir”
Tarix: 02.12.2013 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Tural Məmmədov: “Gənclərin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətin gənclər siyasətinin mühüm rolu var”

Ulu öndər Heydər Əliyevin azərbaycançılıq, dövlətçilik ideologiyası gənclərimiz üçün örnəyə çevrilib. Məhz buna görədir ki, vətənini sevən hər bir azərbaycanlı gəncin fəaliyyətinin ana xəttini bu ideyalar təşkil edir. Elə müsahibimiz gənc tarixçi Tural Məmmədov da əsas fəaliyyətini ulu öndər Heydər Əliyev ideyaları üzərində qurub. O, xalqımızın, dövlətimizin tərəqqisini bu ideyalarda görür. Qeyd edək ki, artıq 6 ildir ictimai-siyasi fəaliyyətlə məşğul olan T.Məmmədov Təhsil Nazirliyinin əmri əsasında 2009-cu ildə çap olunmuş “Azərbaycan tarixi” abituriyentlər üçün dərs vəsaitinin müəllifidir.
-Bugünkü gənclik üçün müstəqil Azərbaycan dövləti nə deməkdir?
- Bugünkü gənclik üçün müstəqil Azərbaycan dövləti hər bir xalqa qismət olmayan əvəzsiz nemətdir. Müstəqil dövlətdə yaşamaq mənim üçün Allahın bəxş etdiyi gözəllikdir. Bugünkü gənclik üçün müstəqil Azərbaycan dövləti müstəqil düşüncə, azad həyat, xoşbəxt gələcək deməkdir.Tarixə nəzər yetirin, baxın görün qədim xalq olaraq başımız nə qədər müsibətlər çəkib. Bunların hər birində millət olaraq əsas amalımız müstəqillik uğrunda mübarizə olub. İndi diqqət edin, 1813-cü il Gülüstan,1828-ci ildə Türkmənçay müqavilələri əsasında tarixi ərazilərimizin zəbt edilməsi, müasir tariximizə təsadüf edən Qarabağ və ətraf rayonlarımızın ermənilər tərəfindən işğal olunması biz gənclər üçün böyük faciədir. Hələ Zəngəzur, Göyçə mahalını, İrəvan torpaqlarını düşünəndə adamın dərdi ikiqat artır. İndi ərazi bütövlüyümüz bərpa olunmasa da, müstəqilik. Bu tarixi bəlaları yaşamış xalqın gəncliyi üçün müstəqilliyin nə demək olduğunu şərh etməyə ehtiyac qalmır. Gənclərin bəziləri tariximizə biganə qalır. Bu, yolverilməz haldır. Hər bir gənc milli tarixini mükəmməl bilməlidir. Biz əsas məqsədlərimizdən olan azərbaycançılıq, dövlətçilik, vətənpərvərlik ideyalarını həyata keçirməyi əsas işimiz hesab edirik.
- Ulu öndərin ideyalarının bugünkü gəncliyin hərtərəfli inkişafında hansı rolu var?
- Ulu öndər Heydər Əliyev şəxsiyyəti hər zaman tariximizdə özünəməxsus yer tutur. Ulu öndər öz dövrünə görə özünəməxsus şərəfli tariximizi yaratdı. Heydər Əliyevin ideyaları bundan sonra da bizim xilasımız olacaq. Xalq olaraq gəncliyimiz bugünkü inkişafına görə ulu öndərə daim minnətdardır. Tarix boyu hər bir millətin taleyində onun xilaskarı rolunda çıxış edən şəxsiyyətlər olub. Azərbaycan xalqının çox ağır bir şəraitində - bir millət, bir dövlət kimi tarixdən silinməsi təhlükəsi ilə üzbəüz qaldığı bir zamanda Heydər Əliyev hakimiyyətə gələrək öz xilaskarlıq missiyasını yerinə yetirdi. 1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan "Dövlət gənclər siyasəti haqqında" fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. "Dövlət gənclər siyasəti haqqında" fərman çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumlarının icrasına yönəldilib. Fərmana müvafiq olaraq ``Dövlət gənclər siyasəti haqqında`` Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 9 aprel 2002-ci il tarixində Heydər Əliyev tərəfindən imzalanıb. Gənclər siyasətinin həyata keçirilməsi əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılıb. Biz gənclər, gələcəyin qurucuları kimi bunu unutmamalıyıq. Əlbəttə, bu baxımdan biz gənclərin də üzərinə böyük məsuliyyət düşür: milli dövlətçiliyin və müstəqilliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü fikirlərə və ideyalara sadiq qalaraq Azərbaycanın hazırkı və gələcək inkişafında öz töhfəmizi vermək, öz enerjimizi, bilik və bacarıqlarımızı bu istiqamətdə istifadə edərək Prezident tərəfindən həyata keçirilən dövlət siyasətinə daim dəstək verməkdir.
- Bu gün gənclərimiz dövlətçiliyimizə sədaqətlərini nə ilə göstərirlər?
- Tarixən qəhrəmanların məskəniyik. Hər bir gənc bacardığı işlə vətənimizə, dövlətçiliyimizə xidmət etməlidir. Vətənpərvər gənclərimiz çoxdur. Milli Qəhrəman Mübariz İbrahimovun vətən sevgisi biz gənclərə böyük nümunədir. Bu qədər şəhid vermişik .Vətənpərvər xalqın şəhidləri çox olur. Biz də şərəfli tarixi yol keçmiş xalqın övladlarıyıq. Bizim qədim tariximiz var, baxın görün, bizim torpaqlar hesabına ermənilər özlərinə dövlət yaradıb. Hələ başqalarını demirəm. Bütün bunlar əsas verir ki, gənclik olaraq işimizdə daha da məsuliyyətli olaq. Ancaq bəzi hallarda gənclər bayağı işlərə meyil edirlər. Məsələn, sosial şəbəkələrdə tariximizi, milli adət-ənənələrimizi təbliğ etmək əvəzinə, bir də görürsən ki, lazımsız işlərlə məşğul olurlar. İnformasiya müharibəsində gənclər böyük gücə malikdir. Erməni gəncləri olmayan tarixlərini təbliğ edirsə, biz qədim xalq olaraq şərəfli tariximizi niyə zəif təbliğ etməliyik. Cənab Prezident İlham Əliyev gənclərin inkişafı naminə əlindən gələni edir. Biz gənclər də vətən üçün durmadan çalışaq.
-Azərbaycan gəncliyi bu gün nə dərəcədə dövlət qayğısı ilə əhatə olunub?
- Azərbaycan gəncliyi kifayət qədər dövlət qayğısı ilə əhatə olunub. Heydər Əliyev milli maraqların müdafiəsini dövlət siyasətinin prioritet istiqamətinə çevirdi. Bu işdə gənclərə xüsusi yer ayrıldı. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb (sonradan bu nazirliyin adı dəyişdirilib Gənclər və İdman nazirliyi olub). 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib və ulu öndər tədbirdə şəxsən iştirak edib.1 fevral 1997-ci il tarixində forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər “2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Bu gün gənclərimiz üçün hər cür şərait yaradılıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub. Bugünədək 1204 azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilib.
Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır. Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib. Prezident tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında sərəncam imzalanıb. Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Prezident yanında Gənclər Fondu yaradılıb. “2005-2009-cu illər üçün Azərbaycan gəncliyi Dövlət Proqramı”na büdcədən 8 milyon 375 min manat ayrılmışdısa, yeni proqrama 80 milyon manat vəsait ayırmaq planlaşdırılır. Bu, əvvəlki proqrama nisbətən təxminən 10 dəfə artıq göstəricidir. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.
-Gənclərimizin mənəvi-əxlaqi vəziyyətini necə qiymətləndirirsiniz?
- Hər bir cəmiyyət üçün onun əxlaqı əsas şərtlərdən biridir. Bizim gəncliyimizdə mənəvi-əxlaqi dəyərlər qorunur. Bəzi hallarda “müasirlik” adı altında gənclərin beyni zəhərlənir. Hər bir gənc milli dəyərlərə sadiq qalaraq müasir olmalıdır. Bizim kökümüz var. Kökümüzü qurutmayaq ki, budaqlarımız sağlam olsun. Milli adətlərimizi qorumaq əxlaqlı olmağın göstəricilərindən biridir. Cəmiyyətimizdə boşanmalar çoxalıb. Bunun səbəbini elmdən uzaqlaşmaqda və düşünülməmiş sevgidə görürəm. Ailə müqəddəsdir, gərək, onu qoruyub saxlayasan. Dövlət gənclərə hər şəraiti yaradır, gərək, bu şəraitdən düzgün istifadə edəsən. Bir gəncin bir neçə dil bilməsi yaxşı haldır. Ancaq ana dilimizə hörmət ciddi məsələdir. Ona görə də, biz gənclər milli-mənəvi dəyərlərimizi qorumalı və ona sahib çıxmalıyıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info