“Çinlilərin hələ Sovet İttifaqı dövründə Azərbaycan haqqında tam məlumatları olub”
Tarix: 03.12.2013 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Natiq Xəlilov: “Azərbaycan əvvəlki illərlə müqayisədə beynəlxalq hüquqda da öz sözünü deməyə başlayıb”

Xaricdə təhsil alan fəal tələbələrlə müsahibələrimizi davam etdiririk. Budəfəki müsahibimiz Çində təhsil alan Natiq Xəlilovdur:
- 1991-ci ildə Gəncə şəhərində anadan olmuşam. Gəncədə 14 nömrəli orta məktəbi əla qiymətlərlə bitirmışəm. 2007-ci ildə qəbul imtahanlarının nəticəsinə görə 683 bal toplayaraq Gəncədə 1-ci yeri tutdum və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsinə qəbul oldum. Həmin il həmçinin ölkə üzrə Prezident təqaüdünə layiq görülən 100 tələbədən biri oldum. Burada bir il təhsil aldıqdan sonra, qərara gəldim ki, xaricə gedib təhsilimi orada davam etdirim. Seçimim isə Çin oldu. Beləcə, dövlət xətti ilə Çinə təhsil almağa yollandım. 2008-ci ildən 2010-cu ilədək Pekin Dillər Universitetində çin dili öyrəndim. 2010-cu ildə Pekin şəhərində yerləşən Renmin Universitetinin Hüquqşünaslıq fakültəsinə qəbul oldum. Burada təhsil aldığım müddətdə qiymətlərimə görə xarici tələbələr arasında 3 dəfə universitet təqaüdünə layiq görülmüşəm (2 dəfə 1-ci yer, 1 dəfə 2-ci yer tutmaqla). Hal-hazırda 4-cü kursda oxuyuram.
- Çin dünyanın çətin dillərindən birinə malik ölkələrindən biridir. Nəyə görə məhz bu ölkəni seçdiniz?
- Azərbaycanda qürbətdə təhsilini davam etdirmək qərarı verən gənclərin bir çoxu xaricdə təhsil almaq üçün ya Avropaya, ya da Amerikaya üz tutur. Bu gün üçün ingilis dilini bilmək artıq o qədər də böyük nailiyyət hesab edilmir. İngilis dilini bilmək 90-cı illərdə böyük nailiyyət idi və bu dilə bağlı olan ölkələrdə də təhsil almaq böyük uğur sayılırdı. Mən də fikirləşdim ki, elə bir ölkə şeçim ki, həm gələcək üçün böyük perspektiv vəd etsin, həm də orada azərbaycanlı tələbələrin sayı az olsun. Beləcə seçimim sizin də dediyiniz kimi, çətin dilə malik olan məhz Çinin üzərinə düşdü. Seçimimdə Çinin sürətli inkişafı və çin dilini bilmək perspektivi də önəmli rol oynadı.
- Bəs Çin təhsil sisteminin özəllikləri nədən ibarətdir?
- Ümumiyyətlə, öncə onu qeyd edim ki, son zamanlar Çinin təhsil sitemi sürətlə inkişaf edir. Bunu təsdiqləyən bir faktı deyim. Burada bakalavriat pilləsində nəinki Asiyadan, həmçinin Avropadan və hətta Amerikadan gəlib təhsil alan tələbələrin sayında böyük artım var. Bu fakt artıq ondan xəbər verir ki, bütün dünya Çinin təhsilini dəyərləndirir, bu ölkəyə və dilinə olan marağını artırıb. İnformasiya texnologiyaları üzrə Çin universitetləri dünyada öncül yerləri tuturlar. “World University Rankings”də 3 Çin universiteti yer alır. Burada müəllimlərimiz ya təcrübəli professor və alimlər, ya da dövlət işçiləridir. Onların həm biliklərindən, həm də tərcrübələrindən lazımınca istifadə edirik. Bu ölkədə həmçinin təhsil vəsaitləri ilə bağlı heç bir problem yoxdur. Universitetin kitabxanasında istənilən kitabı tapmaq olar. Maraqlı bir hadisəni də sizə danışım. Bu yaxınlarda Pekin kitabxanalarının birində 1957-ci ildə Çin dilində nəşr edilmiş "Azərbaycan rəqsləri" adında kitab tapdım. Bu kitabda milli rəqslərimiz haqqında dolğun informasiya var idi. Nəzərə alsaq ki, həmin dövrdə Azərbaycan SSRİ-nin tərkibində olub, həmin illərdə rəqslərimiz haqqında dolğun kitabın Çin dilində yazılması doğrudan da təəccüb doğuran hal idi. Deməli, çinlilərin hələ Sovet İttifaqı dövründə Azərbaycan haqqında tam məlumatları olub.
- Bəs təhsil aldığınız universitetdə başqa azərbaycalı varmı? Ümumiyyətlə, Çində tələbələrimizin aktivliyi necədir?
- Təhsil aldığım universitetdə məndən başqa 2 nəfər azərbaycanlı tələbə oxuyur. Pekində isə tələbələrimizin sayı 20-dən çoxdur. Başqa ölkələrlə müqayisədə burada tələbələrimizin sayı az olsa da, aktivliyimizə görə nəinki digər ölkələrdən geri qalırıq, hətta bir çoxunu qabaqlayırıq, desəm, yanılmaram. Çin kommunist ölkəsidir və dövlət strukturuna görə Avropa, Amerikadan tam fərqlənir. Burada əslində əcnəbilər üçün diaspor fəaliyyəti və siyasi təbliğat qadağandır. Amma biz azərbaycanlı gənclər olaraq ölkəmizi Çin universitetlərində hər il keçirilən ənənəvi mədəniyyət festivallarında təmsil edirik. Bu tədbirlərdə hər ölkəyə ayrıca pavilyon ayrılır və biz də ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi ilə qonaqları çinli və xarici ölkələrin nümayəndələrini tanış edirik. Fürsətdən istifadə edib onlara həmçinin Dağlıq Qarabağ haqqında məlumatlar da çatdırırıq, əvvəlcədən hazırlanmış bukletlər təqdim edirik. Bundan əlavə, həmçinin çalışırıq öz təhsilimizlə də ölkəmizi təmsil edək. Biz Azərbaycanda öz ailəmizi təmsil edirik, xaricdə isə bütün Azərbaycanı. Çinlilər və əcnəbilərdə Azərbaycan və azərbaycanlılar haqqında müsbət fikir formallaşdırmaq əsas məqsədlərimizdən biridir. Ona görə də deyə bilərəm ki, Çində təhsil alan azərbaycanlı gənclər kifayət qədər fəaldırlar.
-Bir zamanlar çin dili cazib görünmürdü və ölkə dünyanın aparıcı dövlətinə çevriləndən sonra burada təhsil alanların da sayı artdı. Necə düşünürsünüz, Azərbaycandan da bu ölkəyə təhsil üçün üz tutanların sayı artmalıdırmı?
- Tam haqlısınız. Həqiqətən də bu səbəbdən əcnəbi tələbələrin Çinə marağı çoxalıb. Fikrimcə, Çinin gələcəyi çox parlaqdır. Azərbaycanlı gənclər bu ölkəyə gəlib təhsillərini davam etdirməklə heç vaxt uduzmazlar. Çinlə Azərbaycan arasında olan tələbə mübadiləsi hal-hazırda normal səviyyədədir. Çində Azərbaycandan təqaüdlə 45-ə yaxın tələbə təhsil alır. Zənnimcə, bu rəqəm ilbəil artacaq. Ona görə də bu istiqamətdə hansısa əlavə tədbirlərin görülməsinə ehtiyac duymuram.
-Təbii hüquq mənim sahəm olduğu üçün analizlər, müqayisələr də aparıram. Çinin 1 milyard yarım əhalisi var və təbii ki bu ölkənin hüquq sistemi daha genişdir. Gələcəkdə biz də Çin kimi böyük ölkələrin hüquq sistemi təcrübəsindən istifadə edə bilərik. Bu, həmçinin beynəlxalq hüquqa da aiddir. Çinin son illərdə beynəlxalq hüquqdakı qələbələrini dərindən araşdırsaq, görərik ki, bu, bizim üçün də əla təcrübə ola bilər. Hüquq sistemində baş verən dəyişikliklər ölkədə baş verən siyasi, sosial, iqtisadi inkişafa uyğun olmalıdır, bir növ ayaqlaşmalıdır.
-Bəs gələcəyin hüquqşünası kimi, Azərbaycan hüquq sistemində aparılan dəyişiklikləri necə analiz edərdiniz?
-Son zamanlar Azərbaycan hüququnda baş verən dəyişiklikləri müsbət dəyərləndirirəm.
Qeyd etmək istərdim ki, son zamanlar Azərbaycan əvvəlki illərlə müqayisədə beynəlxalq hüquqda da öz sözünü deməyə başlayıb. Bu çox müsbət haldır. Beynəlxalq hüququ bilməyin və ümumiyyətlə, konvensiyaları dərindən analiz edib bəzi xarici siyasətdə addımlar atılmasının nəticəsidir ki, artıq diplomatiya sahəsində ciddi uğurlara imza atırıq.
-Çinin universitetlərində təhsil almaq üçün gənclərimiz daha çox nələri bilməlidirlər?
- İlk növbədə çətinliklərə hazır olmalıdırlar. Çinin mədəniyyəti bizim mədəniyyətdən fərqlidir. Əsas problem isə Çin yazısına görə yaranır. Çində əlifba yoxdur və burada xüsusi heroqliflərlə yazırlar. Ümumilikdə götürdükdə 50-60 minə yaxın heroqlif var. Tez-tez istifadə edilən heroqliflərin sayı isə 4000-5000 təşkil edir. Bu 4000-5000 heroqlifi öyrənsən, artıq rahatlıqla çincə qəzet oxuyub, yaza bilərsən. Digər çətinlik isə Çin mətbəxi ilə bağlıdır. Çinlilərin mətbəxi bizimkindən tam fərqlənir. Bir məqamı da qeyd edim ki, çinlilər əsasən çörək yerinə düyü yeyirlər. Amma digər tərəfdən onu da deyə bilərəm ki, Çində kifayət qədər müsəlman yaşayır və burada halal məhsul, müsəlman mətbəxinin nümunələrini tapmaq heç də çətin məsələ deyil.
- Səfirliyimiz sizinlə ilgilənirmi?
-Azərbaycanın Çindəki səfirliyi tələbələrimizə həmişə dəstək olur və bu gün də hər hansı bir problemimiz yaranarsa, bizə kömək əlini uzadır. Azərbaycanın ÇXR-dəki fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov bir çox tədbirlərimizə şəxsən özü təşrif buyurur və bizə dəstək olduğunu nümayiş etdirir. Doğrudan da biz azərbaycanlı gənclər nəinki ölkə xaricində öz dövlətimizin dəstəyini hiss edirik, eləcə də Azərbaycanda da qayğı və dəstəyin şahidi luruq. Prezidentimiz tərəfindən imzalanan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bir çox azərbaycanlı gənc üçün böyük şans oldu və yeni yollar və perspektivlər yaratdı. Fikrimcə, biz azərbaycanlı gənclər də harada olduğumuzdan asılı olmayaraq, həmişə öz ölkəmizi, dövlətimizi layiqli təmsil edib sevməliyik.
-Yəqin bir çoxları kimi təhsilinizi bitirib ölkəmizdə karyera qurmağı düşünürsünüz…
- Bəli, fikrim təhsilimi bitirəndən sonra qayıdıb ölkəmə öz töhfəmi verməkdir. Azərbaycanın xarici nümayəndəliklərinin birində çalısmaq da pis olmaz. Sizə də təşəkkürümü bildirirəm ki, azərbaycanlı gənclərə diqqət ayırırsınız və mətbuatda onlara yer verirsiniz. Bunun üçün qəzetinizə öz dərin minnətdarlığımı bildirirəm və gələcək fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram!


Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
06.11.2018
“Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
06.11.2018
“Dil babalarımızdan qalmış dəyərli mirasımızdır”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info