Masanobu Yamamoto:“Mənə elə gəlir ki, indiki halda Azərbaycan hər şeyə qadirdir”
Tarix: 04.12.2013 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Azərbaycanın öz inkişafı ilə bərabər digər ölkələrə də yardım etməsi, onların iqtisadiyyatına və təhsilinə investisiyalar qoyması həqiqətən çox heyranedicidir.
Bu sözləri Yaponiyanın “Blue Earth 3.0” internet televiziyasının baş meneceri, professor Masanobu Yamamoto III Bakı Beynəlxalq Humanitar Forumu barədə təəssüratlarını AzərTAc-ın xüsusi müxbiri ilə bölüşərkən deyib.
Professor M.Yamamoto belə mötəbər tədbirə dəvətə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib və Forumun yüksək səviyyədə təşkilini vurğulayaraq deyib: “Mən ilk dəfə idi ki, Azərbaycanda olurdum. Bu ölkə öz gözəlliyi, insanlarının qonaqpərvərliyi və mehribanlığı ilə yaddaşıma həmişəlik həkk olundu. Forumun mövzusuna gəlincə isə demək istəyirəm ki, dünyanın qloballaşdığı və bir çox hallarda terror psixologiyasının üstünlük təşkil etdiyi bir vaxtda humanitar məsələlərin belə yüksək səviyyədə müzakirəsi beynəlxalq əhəmiyyətə malikdir. Forumda Türkiyə, Rumıniya, Bolqarıstan, Litva, Estoniya, Serbiya və digər ölkələrin sabiq prezidentlərinin, nüfuzlu siyasətçilərin, Nobel mükafatları laureatlarının, dünyanın 70 ölkəsini təmsil edən çoxsaylı ictimai-siyasi və elm xadimlərinin iştirakı buna sübutdur. Tədbir iştirakçılarının hamısı qlobal, ümumbəşəri məsələlərin müzakirə edildiyi Bakı Forumunun böyük əhəmiyyəti, beynəlxalq humanitar əməkdaşlığın, müxtəlif ölkələrdə vətəndaş cəmiyyətlərinin inkişafının, həyatın keyfiyyətinin artırılmasının müxtəlif aspektləri barədə geniş fikir mübadiləsi aparmaq imkanı qazanıblar”.
Azərbaycan Prezidentinin qlobal səviyyədə düşünməsini, yaranmış imkandan yalnız öz xalqı üçün deyil, dünya xalqlarının da faydalanmasına imkan yaratmasının təqdirəlayiq hal olduğunu vurğulayan professor, bunun müasir dünyada çox nadir hal olduğunu deyib. Alim qeyd edib ki, dünyanın heç bir ölkəsi belə bir addım atmaq iqtidarında deyil. Azərbaycan öz karbohidrogen ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, onun belə bir addım atması inanılmazdır. Sürətlə inkişaf edən Azərbaycan başqa xalqların da tərəqqisinə çalışır. Biz, dünyanın inkişaf etmiş ölkələri belə bir ağır məsələnin həllində Azərbaycana köməyimizi əsirgəməməliyik. Xüsusən, Forumda iştirak edən sabiq prezidentlər müdriklik göstərərək münaqişənin nizamlanması işinə fəal şəkildə qoşulmalıdırlar.
Azərbaycan Prezidentinin Forumdakı nitqini yüksək qiymətləndirən professor deyib: “Zənnimcə, Prezident İlham Əliyevin Forumda iştirak etməsi, bu tədbirin məqsədləri, həmçinin son illərdə siyasi, iqtisadi və ictimai sahədə ölkədə qazanılmış uğurlar haqqında nitqi tədbirə xüsusi status verib. Dövlət başçısının Azərbaycan cəmiyyətində ictimai-siyasi islahatlar, iqtisadi sahədə uğurlar, adambaşına milli gəlirin artması, həyat səviyyəsinin yüksəlməsi barədə nitqi Forumun açılış mərasimində iştirak edənlərin hamısına, o cümlədən mənə güclü təsir bağışlayıb. Həmin nitqə qulaq asdıqdan sonra mən Azərbaycanın əsas probleminin mahiyyətini də dərindən başa düşdüm. Diqqətimi ən çox cəlb edən məsələ, qeyd etdiyim kimi, Azərbaycanın işğala məruz qalmasına, müharibə şəraitində olmasına baxmayaraq, dünyanın digər ölkələrinə öz köməyini göstərməsi idi. Azərbaycanın öz inkişafı ilə bərabər digər ölkələrə də yardım etməsi, onların iqtisadiyyatına və təhsilinə investisiyalar qoyması həqiqətən çox heyranedicidir”.
Hər bir ölkənin inkişafı üçün müvafiq humanitar konsepsiyaya malik olmasının zəruriliyini qeyd edən M.Yamamoto bunsuz hər hansı xalqın tərəqqisinin mümkün olmadığını vurğulayıb. Bildirib ki, yalnız bundan sonra təhsilin və elmin inkişafı mümkündür. O, Azərbaycan Prezidentinin ölkədə təhsilin inkişafına xüsusi önəm verməsini, burada təhsilin əsasən pulsuz olmasını mühüm amil kimi qeyd edib. Azərbaycanda internetdən istifadə edənlərin sayının ölkə əhalisinin 70 faizini təşkil etməsinin, “Xəzər adaları” layihəsi çərçivəsində inşa ediləcək 1050 metr hündürlükdə qüllənin həm də regionda informasiya-kommunikasiya texnologiyasının tətbiqində, informasiyanın ötürülməsində böyük rol oynayacağını vurğulayan professor bütün bunları ölkənin inkişaf göstəriciləri kimi yüksək qiymətləndirib.
Azərbaycanın sürətli inkişafının onda xoş təəssüratlar doğurduğunu qeyd edən M.Yamamoto Forumun keçirildiyi Heydər Əliyev Mərkəzinin öz memarlıq xüsusiyyətləri ilə onu heyran etdiyini bildirərək deyib: “Buradakı dizayn, havalandırma və səs sistemləri elə bir yüksək səviyyədə qurulub ki, mən özümü həqiqətən XXI əsrdə hiss etdim. Mənim qaldığım “Flame Towers” mehmanxanası da öz möhtəşəmliyi ilə insanı heyran edirdi. Onun gecə görüntüləri xüsusilə cəlbedici idi”.
Azərbaycanda olduğu dövrdə yerli əhali ilə görüşlərini xatırladan professor onların gələcəyə böyük inamla baxmasının şahidi olduğunu vurğulayaraq deyib: “Bu insanların gözləri işıq saçırdı, onlarda güclü enerji var idi. Mən onların xoşbəxtliyinin canlı şahidi oldum. Yadıma ötən əsrin 60-cı illərinin ortalarındakı Yaponiya düşdü. Həmin vaxt biz ilk dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşırdıq. Həmin vaxt Tokio sürətli inkişaf dövrünü yaşayırdı. Biz məhz o vaxt müasir yolları inşa etdik, sürətli Şinkansen qatarları işə salındı. Mənim Azərbaycanda gördüklərim məhz buna bənzəyirdi. Mənim qəlbimdə azərbaycanlı olmaq istəyi yarandı. Mənə elə gəlir ki, indiki halda Azərbaycan hər şeyə qadirdir. Mən böyük məmnuniyyətlə Azərbaycana yenə səfər edərdim”.
Forum çərçivəsində təbiətinin gözəlliyi, insanlarının səmimiyyəti ilə onu heyran edən Lerik rayonuna səfərini böyük məmnuniyyətlə xatırladan M.Yamamoto, xüsusən bu bölgədə yaşayan yaşı 100-dən yuxarı olan insanların onda böyük maraq doğurduğunu bildirərək deyib: “Lerikə səfər çərçivəsində biz Azərbaycanın bu gözəl, mənzərəli, tarixi bölgəsinin müasir həyat səviyyəsi ilə tanış olduq. Məni ən çox heyrətləndirən buradakı insanların 100 yaşından çox yaşaması haqda məlumat oldu. Mənim hazırda 70 yaşım var və mənə elə gəlir ki, əgər bundan sonra Lerikə köçsəm, daha 70 il yaşaya bilərəm.
Mən qətiyyətlə deyə bilərəm ki, Forum çox yüksək səviyyədə təşkil olunub. Bir sözlə, şəxsən mənim Azərbaycana ilk səfərim həm beynəlxalq əhəmiyyətli məsələlərin müzakirəsinə qatılmaq, həm də bu gözəl ölkə barədə geniş məlumatlar əldə etmək baxımından çox faydalı oldu”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info