“Hədəfim xalqımız üçün yararlı dilçi alim, faydalı mütəxəssis olmaqdır”
Tarix: 04.12.2013 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Fatma Qurbanzadə: “Artıq tələbələrimiz bir neçə xarici dili öyrənməyə can atırlar”

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə də çevrilib. Belə aktiv gənclərdən biri isə yaşının az olmasına baxmayaraq, artıq bir sıra uğurlar əldə etmiş Fatma Qurbanzadədir. Fatma Qurbanzadənin “Palitra”ya verdiyi müsahibəni oxuculara təqdim edirik.
-Öncə uğur və fəaliyyətiniz haqında məlumat verərdiniz...
-2007-ci ildə Bakının Binəqədi rayonunda yerləşən 100 saylı orta məktəbi bitirdim və elə həmin il də Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinə qəbul olundum. Daha sonra magistratura təhsili də aldıqdan sonra universiteti fərqlənmə diplomu ilə bitirdim. Maraq üçün deyim ki, səkkiz semestrdən ibarət olan dörd illik ali məktəb illərində, hər bir semestri “DEAN’S HONOR LİST” (“Dekanın Fəxri Fərmanı”) ilə bitirmişəm. Respublika Tələbə Elmi Cəmiyyətinin fəxri üzvüyəm. 2007-2011 ci illərdə Tələbə Elmi Cəmiyyətində 15-dən artıq elmi məqaləm çap olunub. Nəticədə elmi fəaliyyətim üzrə 7 ədəd I dərəcəli diplom, 5 ədəd II dərəcəli və 3 ədəd III dərəcəli diplomla və o cümlədən müxtəlif təşəkkürnamələrlə təltif olunmuşam. 2010-2011 ci illərdə Dillər Universitetinin Böyük Britaniyanın ESSEX Universiteti ilə birgə imzaladığı müqavilə əsasında universitetdən seçilmiş on tələbə ilə “Baku American Center”də təşkil olunan online kursun iştirakçısı olub, “Computer skills and abilities”, o cümlədən “English teaching system” bölmələri üzrə sertifikatlarla təltif olunmuşam.
Fəaliyyətim dövründə Academic Writing and Reading (Successful Participation), ICT in ELT” (Azərbaycan Dillər Universitetinin və Böyük Britaniyanın birgə layihəsi), “Study skills for Higher Education” (Online Traning, University of ESSEX), Teaching Knowledge Test (University of Cambridge), Shaping the Way We Teach English (Webinar Course, Baku American Center) kimi sertifikatları və nailiyyətlərim olub. Sonuncu sertifikatım isə 2013-cü il iyul ayında Avstriyanın Vyana şəhərində keçirilən Deutsch Akademie (European Framework of Reference for Languages, LEVEL C2) kurslarından olub.
Hal-hazırda Dillər Universitetində Britaniyanın ESSEX Universiteti ilə birgə mübadilə proqramı üzrə təhsil alan tələbələrə dərs keçirəm. Bir tədris proqramının, 10-dan çox elmi məqalənin müəllifiyəm. Dillər Universitetinin Təlimdə İnnovasiyalar və əlavə təhsil kafedrasının müəllimi, həmçinin Pedaqoji fakültədə Tədris işləri üzrə dekan müavini vəzifəsində çalışıram. Yaxın günlərdə isə sənədlərimi doktoranturaya verib fəlsəfə doktoru proqramı üzrə doktorant olmaq istəyirəm.
- Gənc yaşınızda qazandığınız uğurların formulunu necə izah edərdiniz?
- Əslində uğur formulunun elə bir sirri yoxdur. Bu hər kəsin bildiyi bir reallıqdır ki, uğura daha çox çalışmaqla nail olmaq olur. Həm orta məktəb təhsili, həm də ali təhsil hər bir tələbə qarşısında eyni öhdəlikləri qoyur. Hər kəs üçün eyni tədris planı üzrə keçirilən dərslər və onlara uyğun dərs saatları olur. Lakin hamı bu şansdan səmərəli istifadə edə bilmir. Əsas uğur imkanları isə öz bilik və bacarıqlarını düzgün istiqamətdə yönəldə bilən, şəxsi potensiallarından səmərəli istifadə edə bilən gənclərə məxsus olur. Gənclik enerjisini faydalı sahələrə sərf edən gənclər uğur nərdivanlarında inamla addımlayırlar. Mən də cəmi 21 yaşımın olmasına baxmayaraq, çox məsuliyyətli bir vəzifəyə təyin olundum. Bu, mənə göstərilən böyük etimad idi və bunu layiqincə doğrultmalıydım. Tələbəlik illərinin xülyalarından yenicə ayrılmış bir gənc üçün bu, kifayət qədər çətin bir iş idi. Amma istək, iradə və çalışma əzmi olan istənilən yerdə uğur qazanmaq və müxtəlif nailiyyətlər əldə etmək asan olur. Əsas məsələ həyatı dərindən dərk etmək və özün üçün bir məqsəd təyin etməkdir. Gələcəyə dair amalın, bir hədəfin olmalıdır. Əgər sənin sabah üçün müəyyən planların varsa, demək ki, artıq sən işin müəyyən hissəsini görmüsən. İradə və ambisiya olan yerdə isə mümkün olmayan heç nə yoxdur.
-Bir müəllimə kimi bugünkü tələbələrin bilik səviyyəsi sizi qane edirmi?
- Hər il universitetimizə minlərlə tələbə qəbul olunur. Dil səviyyələrini təkmilləşdirmək istəyən tələbələr artıq bir deyil, bir neçə xarici dili öyrənməyə can atırlar. Bir müddət əvvəl ingilis dili əsas dil kimi göstərilirdisə, hazırda bu dil ilə yanaşı fransız, alman, ispan, koreya və digər dillər prioritet sahələrə çevrilib. Bu da tələbələrin yüksək hazırlığının göstəricisidir. Amma təbii ki, kəmiyyət keyfiyyət də deyil. Təkcə yeni-yeni fənləri tədris etməklə kifayətlənmirik. Yeni innovativ metodların köməyi ilə interaktiv təlim üsullarından istifadə etməklə fənlərin tələbə yönümlü tədrisi başlıca məqsədlərdəndir. Dövlət təhsil standartları da məhz bu yerdə öz işini görür. Təhsilin əsas formalarından biri olan ali təhsil sisteminin dövlət standartları isə normativ sənəd kimi nüfuzedici, tənzimləyici və idarəedici xarakterinə görə seçilir. Bu da onu göstərir ki, təhsil standartı ali təhsil sistemində vacib funksiya daşıyıcısı rolunu oynayır.
- Son zamanlar təhsil sistemində aparılan islahatları necə xarakterizə edərdiniz?
- Demokratik cəmiyyət qurmaq üçün tələb olunan şərtlərdən biri də inkişaf etmiş ölkələrin təcrübəsindən bəhrələnərək təhsil sistemi üçün əsaslı baza yaratmaq və burada islahatlar həyata keçirməkdir. Bizdə bu proses davam edir və təqdirəlayiq haldır. Təhsil standartları dünya təcrübəsində hələ keçən əsrin 80-ci illərindən hazırlanmağa başlanıb. Ölkəmizdə isə 1990-cı ildən başlayaraq bu, idea şəklində irəli sürüldü və 1992-ci ildə “Təhsil haqqında” qanunda “Dövlət təhsil standartları” anlayışı öz ifadəsini tapdı. Bu islahatların əsas məqsədi təhsilin bütün mərhələlərində normativ, hüquqi bazanın əsasını qoymaq və dövlət siyasətinin həyata keçirilməsi üçün yeni perspektivlər açmaqdır. Təhsil islahatlarının həyata keçirilməsi təhsil sistemində təkcə struktur, iqtisadi, təşkilati dəyişikliklərin aparılmasını deyil, həm də təhsilin məzmununun yeniləşməsini və müasir tələblər səviyyəsində qurularaq idarə olunmasını tələb edir. Bu da təbii ki, müsbət haldır.
- Azərbaycan təhsilinin gələcəyini necə görürsünüz?
-Təhsil hər bir dövlət üçün əsas hərəkətverici qüvvədir. Hal-hazırda dünyanın ən çox inkişaf etmiş ölkələri iqtisadiyyat, mədəniyyət, idman sahələrində olduğu kimi, məhz təhsil sahəsində də öz sözünü deyir. Belə dövlətlərə Kanada, ABŞ, İngiltərə, Finlandiya, Yaponiya və s. kimi yüksək elmi-tərəqqili ölkələri misal gətirə bilərik. Bu gün üçün əminliklə deyə bilərik ki, Azərbaycan təhsilinin gələcəyi də güvənli əllərdədir. Gələcəkdə təhsilimizin daha da inkişaf etməsi qaçılmaz olacaq. Çünki bunlar inkişaf edən iqtisadiyyatın da tələbidir.
- Ölkədən kənarda təhsil alan gənclərin sayı artıb. Bəs dərs dediyiniz universitetdə əcnəbi tələbələrin sayında fərq varmı?
- Son 10 ildə təhsil almaq üçün Azərbaycandan müxtəlif xarici ölkələrə üz tutan tələbələrin sayında ciddi irəliləyişlər var. Bu, Prezidentimiz İlham Əliyev tərəfindən aparılan gənclər siyasətinin ən öncül hədəflərindəndir. “ Savadlı gənc – Savadlı gələcək” şüarını əsas tutaraq, gənclərimizin xaricdə təhsili üçün yaradılan bu cür şəraitlərdən istifadə etməklə, biz gənclər də xalqımız üçün yararlı mütəxəssis olmaqla yanaşı, həmçinin də gənclərimizi belə faydalı proqramlardan xəbərdar etməliyik. Dillər Universiteti də bu sahədə öncül universitetlərdəndir. 2010-cu ildə Avropa Birliyi tərəfindən Erasmus –Mundus lahiyəsi üzrə “III ölkələr ( Target group III) ” ilə edilən əməkdaşlıq demək olar ki, artıq öz bəhrəsini verir. Dillər Universiteti ABŞ, İngiltərə, Rusiya, Belarus, Türkiyə, Qazaxıstan, Türkmənistan, İran, Koreya kimi bir sıra ölkələrin aparıcı universirtetləri ilə yaxından əməkdaşlıq edərək, kredit mobilliyi çərçivəsində tələbə mübadiləsi proqramını hər il daha da səmərəli şəkildə təşkil edir. Bu layihələr çərçivəsində hal-hazırda təhsilin müxtəlif formaları üzrə 20-yə yaxın ADU tələbəsi Avropanın aparıcı universitetlərində təhsillərini davam etdirir. Universitetimizə gələn əcnəbi tələbələrin sayında isə hər il artım izlənilir.
-Dillər Universitetində son illərdə bir neçə yenliklər olub, yeni fakültələr açılıb. Belə yeniliklərin tətbiqini necə dəyərləndirərdiniz?
- Universitetimiz hazırda ölkənin ən qabaqcıl ali təhsil ocaqlarından birinə çevrilib. Universitetdə bir sıra yenidənqurma işləri aparılır. Buna son illərdə edilən struktur dəyişiklikləri də misal ola bilər. Təbii ki, bu addımlar müsbət qarşılanır. Dünya təhsil arenasına çıxa bilmək və beynəlxalq təhsil standartlarına cavab verə biləcək bir idarəetmə sisteminin yaradılması qarşıda duran əsas məqsədlərdəndir. Yeni dillərlə bağlı fakültələrin açılması isə, nəinki universitet, ümumilikdə ölkəmiz üçün xeyirlidir.
-Fəlsəfə doktoru proqramı üzrə doktorant olmaq istədiyinizi deyirsiz. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Bəlkə də bu, kifayət qədər çətin bir addım olacaq. Amma ümid edirəm ki, bunun da öhdəsindən gələ biləcəm. Məncə, sovet dövründən öyrəndiyimiz bəzi ideologiyaları dəyişmək vaxtı çatıb. Yəni artıq müasir elmin daha gənc nəslə ehtiyacı var. Alim olmaq, elmi tədqiqat işi aparmaq üçün 50-60 yaşı gözləməməliyik. Hazırda elmin bütün sahələrinin inkişaf etməsi və gənc tədqiqatçı alimlərin yetişməsi üçün kifayət qədər şərait var. Biz isə ilk olaraq düzgün seçilmiş sahələr üzrə potensialımızı müəyyən etməli və fəaliyyətə başlamalıyıq. Ümid edirəm ki, səmərəli fəaliyyət göstərib, müasir elmə yeniliklər gətirə biləcəm. Hədəf isə Azərbaycanı beynəlxalq arenada, müxtəlif beynəlxalq miqyaslı konfrans və tədbirlərdə təmsil edib, xalqımız üçün yararlı dilçi alim, faydalı mütəxəssis olmaqdır.
- Müasir Azərbaycan gəncini necə görmək istərdiniz?
- Mənim üçün bir şüar var : “ Müasir Azərbaycan gənci – Azərbaycanın gələcəyidir”. Güman edirəm ki, fikrim kifayət qədər aydındır. Respublikamızın müharibə şəraitini , torpaqlarımızın düşmən tapdağı altında olması gerçəkliyini nəzərə alaraq, müasir Azərbaycan gəncini respublikamızın gələcək rifahı üçün aparıcı qüvvəyə çevirməyi vacib sayıram. Bügünkü gəncliyimiz daim öz üzərində çalışmalı və xalqımızın, millətimizin adının ön sıralarda çəkilməsi, bayrağımızın həmişə yüksək zirvələrdə dalğalanması üçün səylə irəli getməlidir. Qısası, müasir Azərbaycan gənci belə bir ölkənin layiqli bir vətəndaşı olmalıdır!
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info