“Çalışacağam ki, Polşada Azərbaycanı tanımayan tələbə qalmasın”
Tarix: 05.12.2013 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Nail Əhməd: “Polşada oxuyan azərbaycanlı tələbələrin sayının artması uğurumuzdur”

Azərbaycanda gənclərin xarici ölkələrdə təhsillərini davam etdirməsi üçün kifayət qədər münbit şərait yaradılıb. Dövlət artıq bir neçə ildir ki, yalnız ölkədə təhsil alan deyil, xarici ölkələrdə oxuyub müəyyən biliklərə yiyələnən gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması istiqamətində tədbirlər həyata keçirir. Bu səbəbdəndir ki, artıq qürbətdə təhsil alan gənclərin də sıraları genişlənməkdədir. Belə gənclərdən biri isə Nail Əhməddir. Nail Bakıda anadan olub, hazırda Polşada ali təhsil alır. Bununla yanaşı o, Dünya Azərbaycanlıları Konqresinin (DAK) Polşa nümayəndəliyinin rəhbəri kimi də fəaliyyət göstərir. Nail Əhmədlə olan müsahibəni oxuculara təqdim edirik.
- Mən Bakıda anadan olmuşam və ilk təhsilimi 299 nömrəli orta məktəbdə almışam. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra, bir il Türkiyədə təhsil aldım. Sonradan isə təhsilimi Polşada davam etdirmək qərarına gəldim. Hazırda təhsilimi Polşanın Lodz Dövlət Universitetində davam etdirirəm. Burada Kompyuter proqramistliyi üzrə təhsil alıram.
- Polşada təhsilin səviyyəsi necədir? Universitetlərlə bağlı hansı müsbət cəhətləri qeyd edə bilərsən?
- Bir məqamı qeyd edim ki, Polşada ilk universitet 1364-cu ildə yaradılıb. Məncə, bu fakt verilən suala kifayət qədər aydınlıq gətirə bilər. Ümumilikdə isə burada təhsil sistemi bizimkindən fərqlənir. Müqayisələr aparsaq, bir çox misallar çəkmək olar. Amma dərslərin keyfiyyəti və təhsilə verilən dəyər kifayət qədərdir. Avropa ümumilikdə bildiyiniz kimi təhsil və elm sahəsində xeyli inkişaf edib. Mənim Polşada təhsili seçməyimin bir səbəbi bu müsbət keyfiyyətlər idisə, ikinci səbəb isə ondan ibarətdir ki, Polşa ümumi yaşayış xərclərinə görə başqa Avropa ölkələrinə nisbətən dəfələrlə ucuz başa gəlir. Bu da öz şəxsi hesabına oxuyan tələbə üçün vacib məsələlərdən biridir. Ümumiyyətlə isə tələbə üçün gündəlik xərclər, yaşayış xərcləri önəmli sayılır.
-Polşada azərbaycanlı tələbələrin fəaliyyətləri barədə nə deyə bilərsən? Təhsildən başqa ictimai-siyasi proseslərdə aktivlik göstərirsinizmi?
- Polşada azərbaycanlı tələbələr getdikcə çoxalmaqdadırlar. Sözsüz ki bu da bizim müəyyən mənada uğurumuz sayıla bilər. Bu qədər tələbənin bir çətir altında birləşməsinin vacib olduğunu bilərək, yeni bir təşkilat qurmaq qərarına gəlmişik. “AYPU”-Polşada Azərbaycanlı Gənclər Birliyi adlanan bu təşkilat qarşısına bir sıra məqsədləri qoyub. Əsas məqsədimiz isə təşkilat olaraq gənclərimizi birləşdirib gücümüzü ortaya qoymaq və Azərbaycanımızı təbliğ etməkdir. Burada Azərbaycanı layiqincə təmsil etməyə çalışırıq. Bu işdə polşalı dostlar da bizə bacardıqları qədər yardımçı olurlar. Onu da qeyd etmək istərdim ki, azərbaycanlı tələbələr Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlərdə, elmi konfranslarda sözün əsl mənasında öz aktivlikləri ilə seçilirlər. Yəni “Polşada olan tələbələrimizin, gənclərin təşkilatlanma və aktivliklə bağlı problemləri yoxdur” desəm, yanılmaram.
-DAK-ın Polşa nümayəndəliyinin rəhbərisən. Gənc yaşında belə bir məsuliyyətli işin yükü altına girmək çətin deyil ki?
–Bildiyiniz kimi mən Dünya Azərbaycanlıları Konqresinin Polşa nümayəndəliyinin rəhbərindən əlavə xaricdə təhsil alan tələbələrlə bağlı təşkilatlarda da fəalam, bu təşkilatlardan birinin Polşa üzrə nümayəndəsiyəm. Sözsüz ki, 20 yaşlı gəncin sadalanan iki təşkilatı xaricdə layiqincə təmsil etməsi elə də asan iş deyil. Buna görə də mənim təhsilimlə yanaşı lazım olandan daha çox işləməyim, daha çox diaspor fəaliyyəti göstərməyim gərəklidir. İnanıram ki, çəkdiyim əziyyət öz bəhrəsini verəcək. Təhsilimi bitirənədək çalışacam ki, Polşada Azərbaycanı tanımayan gənc, tələbə qalmasın. Düşünürəm ki, xaricdə təhsil alan bütün dostların ikinci məqsədi Azərbaycanın fəaliyyət göstərdiyi ölkədə müsbət imicinin formalaşmasına xidmət etməkdir. Bu yolda bütün dostlara uğurlar diləyirəm və məsləhət bilərdim ki, hər bir qürbətdə təhsil almaq istəyən gənc bu istiqamətdə də fəal olsun.
-Ümumilikdə xaricdə təhsil alan gənclərimizin fəaliyyətlərini necə, qənaətbəxş sayırsanmı?
- Gənclərimizin xaricdə yüksək səviyyədə təhsil alması dövlətimizin, millətimizin uğuru sayılmalıdır.Vətənimizin uğuruna sevinmək isə hər bir azərbaycanlının borcudur və düşünürəm ki, kimsə də bu uğurlara qara yaxmağa qalxmamalıdır. Xaricdə lazımi səviyyədə təhsil almaq, özünün biliklərini təkmilləşdirmək, öz dünyagörüşünü artırmaq vətənimiz üçün perspektivli gənc kadr olmaq deməkdir. Bu isə Azərbaycanın gələcəkdə perspektivli, inkişaf etmiş ölkələr sırasında olmağına təminat yaradır. Bu mənada xaricdə təhsil alan gənclərimizin aktiv olması və indidən dövlət işlərini, iqtisadi sirləri, biznes, informasiya texnologiyaları, fərqli mədəniyyətləri dərindən öyrənmələri vacibdir. Eyni zamanda diaspor fəaliyyətləri ilə də məşğul olmalıdırlar. Düşünürəm ki, tələbələrimiz bunların öhdəsindən hələ ki layiqincə gəlməyi bacarırlar.
- Xaricdə təhsil almaq istəyən gənclərimizə hansı məsləhətləri verərdin?
- Bu gün Azərbaycan elə bir regional gücə çevrilib ki, bu ölkəyə olan diqqət xeyli dərəcədə artıb. Avropadan baxanda Azərbaycan sürətlə inkişaf edən bir ölkə kimi görünür. Belə bir ölkənin gənci də təbii ki, elm, savad, bacarıq cəhətdən sürətlə inkişaf etməlidir ki, zamanla ayaqlaşa bilsin. Bu mənada Azərbaycanın hüdudlarından kənarında təhsil almağı düşünən gənclərimizə daha bacarıqlı, əməyə üstünlük verən və ən əsası - vətəni üçün, Azərbaycanın təbliği üçün lazım olan savada sahib olmasını məsləhət görərdim. Bu gün unutmamalıyıq ki, bizim düşmənimiz var və onlar yatmayıblar. Nə qədər düzgün, savadlı şəkildə xaricdə təbliğatlar aparsaq, bir o qədər düşmənimiz üzərində üstünlüyə sahib olmuş olarıq.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info