“Ehtiyac olan peşələr üzrə kadr hazırlanmalıdır”
Tarix: 05.12.2013 | Saat: 22:13:00 | E-mail | Çapa göndər


Nabil Seyidov: “Gənclər yiyələnmək istədikləri peşənin gələcəkdə perspektivli olacağını müəyyən edə bilmirlər”

Bu gün bütün dünyada uşaq hüquqlarının qorunması və təbliği cəmiyyətdə əsas yer tutur və uşaq hüquqlarının təmin olunması anlayışına müstəqil hüquq kimi baxılır. Şübhəsiz ki, hər bir müstəqil ölkədə uşaq hüquqlarının qorunmasının maddi təminatı, aydın və ardıcıl tətbiq olunan qanunvericilik üsulu, valideynlərin bu sahədə yüksək keyfiyyətli hüquqi yardım alması vacib şərtlərdir. Yaşından asılı olmayaraq, hər bir uşağa şəxsiyyət kimi yanaşılmalıdır ki, onun xarakteri dürüst formalaşsın. Uşaqlara diqqət və qayğı ilə yanaşılması nəinki təkcə əlaqədar təşkilatların, eyni zamanda hər bir vətəndaşın borcu olmalıdır. Uşaqlara qarşı bu gün dünyada mövcud olan ən müxtəlif zorakılıq hallarına qarşı mübarizə, onların haqlarının qorunması hamının işidir. Bu baxımdan ölkəmizdə aidiyyəti dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatları da aktiv maarifləndirmə işi aparır. Belə QHT-lərdən biri də Ümidli Gələcək Gənclər Təşkilatıdır. Qeyd edək ki, bu təşkilat 1998-ci ildə Azərbaycanın müxtəlif ali məktəblərinin bir qrup tələbəsi tərəfindən yaradılıb. Təşkilatın sədri Nabil Seyidov qəzetimizə müsahibəsində uşaq və gənclərin hüquqlarının qorunması ilə bağlı maraqlı məqamlara toxundu.
-Ümidli Gələcək Gənclər Təşkilatının fəaliyyətinin strateji istiqamətləri hansılardır?
-Yarandığı gündən “Ümidli Gələcək” ölkəmizin fəal gənclərini öz ətrafında birləşdirərək demokratik, açıq, sağlam, təhlükəsiz vətəndaş cəmiyyəti quruculuğu, ahıllar, uşaqlar, əlillər, qaçqın və məcburi köçkünlərə və s. yardım göstərir. Həmçinin uşaq və gənclər üçün asudə vaxtın təşkili, mədəniyyət və incəsənətin, təhsilin inkişaf etdirilməsi istiqamətində çalışırıq. Bizim missiyamız Azərbaycanın proqressiv və fəal gənclərini birləşdirərək səylərini sivil, demokratik, açıq, təhlükəsiz və sağlam cəmiyyət qurmağa yönəltməkdir. Təşkilat olaraq vətəndaş fəallığı və icma iştirakının inkişaf etdirilməsi və vətəndaş cəmiyyətinin qurulması naminə fəaliyyət göstəririk. İcmaların və bələdiyyələrin fəaliyyətini dəstəkləmək və yerli inkişafa nail olmaq məqsədi ilə, təşkilat Azərbaycanın müxtəlif şəhər və kəndlərində yerli icmaların bütün maraqlı tərəflərinin birgə iştirakı əsasında təlim-tədris, maarifləndirmə proqramları həyata keçirməklə icma daxilində qadınlar, gənclər və uşaqların rolunu gücləndirməyə çalışır. “Ümidli Gələcək” gənclər və qadınların ictimai dialoqlarda, dövlət siyasətinin formalaşdırılmasında, qərarların qəbulu prosesində və siyasət aləmində onların fəal iştirakını təmin etmək məqsədilə müxtəlif tədris proqramları təsis edir və liderlik imkanlarının artırılmasına rəvac verir, qadın və gənclər məsələləri ilə məşğul olan bütün maraqlı tərəflər arasında əməkdaşlığı inkişaf etdirir.
-Bu istiqamətlərdə hansısa layihələr keçirirsiniz?
-Ümidli Gələcək Gənclər Təşkilatı müxtəlif ali və orta təhsil məktəblərindən olan 200 nəfərə yaxın gənci birləşdirir. 1999-cu ildə təşkilat regionlarda yaşayıb çalışan gəncləri ictimai işə cəlb etmək və bölgələrdə mövcud olan problemlərin həllində onların iştirakını təmin etmək məqsədilə Mingəçevir, Masallı, Ucar, Göyçay, Zərdab, Qəbələ, Quba, Şəki və Sumqayıt şəhər və rayonlarında öz filiallarını açıb. Bu da yerli icma nümayəndələrindən ibarət təşəbbüs qrupları və yeni QHT-lərin formalaşdırılmasına təkan verib. Bununla da təşkilat öz layihə və proqramlarını Azərbaycanın şəhər və rayonlarına yayıb. İndiyə kimi təşkilat tərəfindən 100-dən çox layihə həyata keçirilib.
-Uşaq və gənclərə hüquqlarının qorunması üçün nə kimi köməklik göstərirsiniz?
- Bizim bir neçə xidmət mərkəzimiz fəaliyyət göstərir. Bunlardan biri Uşaq Hüquqları Klinikasıdır ki, burada əhaliyə uşaq hüquqları ilə bağlı pulsuz hüquqi yardım göstərilir. Növbəti mərkəzimiz Azərbaycanda yeganə olan “Uşaq qaynar xətt” xidmətidir. Burada telefonla uşaqlara psixoloji-emosional yardım göstərilir, onlara məsləhətlər verilir. Digəri isə “Zorakılığın və cinayətin qurbanı olan uşaq və gənclər üçün psixo-sosial reabilitasiya mərkəzi”dir. Həmin mərkəzdə 400-ə yaxın cinayət törətmiş uşaq və gənc sosial reabilitasiyadan keçib və keçməkdə davam edir. Eyni zamanda bizim belə uşaq və gənclərlə bağlı sığınacaq mərkəzimiz də var. Burada da artıq iki il ərzində müxtəlif növ zorakılığa məruz qalmış uşaq və gənc reabilitasiyadan keçir və yenidən normal həyata qayıtmaq üçün vəsiqə qazanırlar. Onu da deyim ki, biz bu işlərin həyata keçirilməsində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkil, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər qurumlarla əməkdaşlıq edirik.
-Gənclərin müasir dövrün tələbinə uyğun peşə seçməsi və daha da aktivləşməsi üçün nələr edilməlidir?
-Azərbaycanda yeni xidmət sahələri yaradılır, yeni texnologiyalar tətbiq edilir. Amma ali təhsilini yeni bitirmiş gənclər bəzən ixtisaslarını dəyişmək məcburiyyətində qalırlar. Bəzən də yiyələndikləri ixtisas üzrə iş tapa bilmirlər və ya bu ixtisas onları qane etmir. Bu da ona görədir ki, gənclər yiyələnmək istədikləri hansısa peşə sahəsinin gələcəkdə perspektivli olacağını müəyyən edə bilmirlər. Məsələn, əksəriyyət çalışır ki, prokuror, hakim, polis və ya həkim olsun. Amma növbəti 5 ildə ola bilər ki, Azərbaycanda ginekoloqa, polis kadrlarına, prokurora ehtiyac olmasın. Çünki bu sahələr dolub və ehtiyac da yoxdur. Amma ola bilər növbəti 5 ildə Azərbaycanın mühəndis, radioloq-texnik, İKT mütəxəssislərinə və s. ehtiyacı olsun. Elə sahələr var ki, məsələn, turizm sahəsində kadrlara, sosial işçilərə, eləcə də psixoloqlara böyük ehtiyac var. Amma bu haqda heç kimin məlumatı yoxdur. Bu sahələr çox diqqətdən kənarda qalıb. Bunun üçün də Azərbaycanda əmək bazarı təhlil edilib araşdırılmalıdır. Ehtiyac olan peşələr üzrə kadr hazırlanmalıdır.
-Siz hazırda hansı layihələr həyata keçirirsiz?
-Hazırda bizim təşkilat tərəfindən iki layihə keçirilir. Onlardan biri “Asiyada qız uşaqlarına qarşı zorakılığın aradan qaldırılması kampaniyası”dır. Kampaniyanın bas qərargahı Cənubi Koreyada yerləşir. Biz də həmin kampaniyanın üzvüyük və onun Azərbaycanda keçirilməsini dəstəkləyirik. Digər işimizsə, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə start verdiyimiz “İnsan alverinə və erkən nikaha qarşı mübarizə” layihəsidir. Bizim təşkilat bu istiqamətdə uzun müddətdir ki, məşğul olur. Biz kənd yerlərində erkən nikahlarla bağlı olan vəziyyəti araşdırırıq. Eyni zamanda insan alveri və erkən nikahlarla bağlı əhalini maarifləndiririk.
-Sizcə, erkən nikahların baş verməsinin əsas səbəbi nədir?
-Bu, mentalitet, valideyn savadsızlığı və “hökmranlığı”, sosial vəziyyət və s. səbəblərlə bağlı ola bilər. Amma bunun ən əsas səbəbi valideynlərin savadsızlığıdır. Bütün hallarda günahkar valideyndir. Yəni günah yalnız valideyndə deyil, amma günahın ən böyüyü valideyndədir. Çünki bizim qanunvericiliyə görə, uşağın boya-başa çatdırılması, ona qayğının göstərilməsi valideynə və ya uşağın qanuni nümayəndəsinə həvalə olunub. Yəni 18 yaşına çatana qədər uşağın məsuliyyətini valideyn daşıyır. Amma ali məsuliyyəti dövlət daşıyır. Əlbəttə ki, 18 yaşına qədər olan oğlanın evləndirilməsi və ya qızın ərə verilməsi birinci qanun pozuntusudur, ikinci cinayət məsuliyyəti yaradır, üçüncü isə uşağın inkişaf və sağlamlığı, hətta bəzi hallarda yaşamaq hüquqları tapdanır. Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir neçə il ərzində 4000-5000 min arası erkən nikah olub. Hələ bunun qeyri-rəsmisi daha da çoxdur.
-Bəs, erkən nikahların qarşısını almaq üçün hansı profilaktik tədbirlər görülməlidir?
-Söhbətlər var idi ki, qanunvericilik sərtləşdirilməlidir. Amma yalnız bununla problemi həll etmək qeyri-mümkündür. Valideynlər mütəmadi olaraq maarifləndirilməlidir. İkincisi, uşaq hüquqları ilə bağlı uşaqların özləri maarifləndirilməlidir, təlimlər həyata keçirilməlidir. Üçüncüsü, öz qızlarını iqtisadi problemləri üzündən ərə verən ailələrə hansısa bir dəstək göstərilməlidir. Digər tərəfdən bu istiqamətdə yerli icra hakimiyyətləri, polis əməkdaşları, xüsusilə sosial işçilərin fəaliyyəti daha da gücləndirilməlidir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info