Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir: dəm qazı ilə ehtiyatlı olun!
Tarix: 06.12.2013 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Son vaxtlar qaz cihazlarının istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə halları qeydə alınmaqdadır. Müəyyən olunub ki, bu hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməmələri səbəbindən baş verir.
Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda baş verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında yaranır.
Kimyəvi adı karbon monooksid olan dəm qazı yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Qapalı şəraitdə daha da təhlükəli olur. Karbon monooksid tənəffüs zamanı ağciyərlərdən qana daxil olur. Adətən oksigenlə birləşməli olan hemoqlobin bu dəfə karbon monooksidlə birləşməyə başlayır və karboksihemoqlobin yaradır və qan artıq oksigeni daşıya bilmir. Bu proses oksigenlə birləşmədən 300 dəfə daha intensiv baş verir. İnsan oksigen çatışmazlığından boğulmağa başlayır. İnsan ürəyi bir vurmaya 200 ml-dən çox qan sərf etdiyindən ağciyərlərə düşən dəm qazı sayılan saniyələr ərzində bütün orqanizm boyu yayılır.
Dəm qazından zəhərlənmə zamanı gözlərin yaşarması, başağrısı, başgicəllənmə kimi simptomlar müşahidə olunur. Getdikcə zəiflik, ürəkbulanması, quru öskürək, hafizənin keyləşməsi, eşitmə və görmə hallyusunasiyaları başlayır. Qıcolma tutmaları və nəhayət, tənəffüs mərkəzinin iflici nəticəsində ölüm baş verir.
Mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət edilməlidir. Yadda saxlayın ki, evinizdə qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi təhlükəlidir.
Mənzildə qızdırıcıların havaçəkmə borularının düzgün işləməsinə nəzarət edilməlidir.
Unutmayın ki, qızdırıcı soba ilə mənzilin ölçüsü uyğun gəlməlidir.
Misal üçün, mətbəx həddindən artıq kiçikdirsə və orada zəruri olan ventilyasiya sistemi quraşdırılmayıbsa, böyük ölçüdə qaz pilətəsi qoymaq olmaz.
Eyni qayda hamam otağına da aiddir. Kiçik hamam otağına böyük ölçülü suqızdırıcının qoyulması təhlükəlidir. Cihazın borusunun çıxış yeri olmalıdır. Zəruri ventilyasiya sistemi yoxdursa, mütləq hamam otağının qapısının aşağı hissəsində hava oynaması üçün dəliklər açılmalı və ya qapalı mühitdə qaz yandırılarkən nəfəsliklər açıq olmalıdır.
Otaqlarda quraşdırılmış qızdırıcı sobanın fəaliyyətinə vaxtaşırı fasilə verilməlidir. Bu zaman otaqda havanın dəyişdirilməsi üçün pəncərələr açılmalıdır. Unutmayın ki, mənzil mütəmadi havalandırıldıqda dəm qazından zəhərlənmə riski azalır.
Evə soba alarkən onun zəmanət barədə sertifikatı və texniki pasportunun olub-olmamasına diqqət yetirin.
Mənzildə soba və suqızdırıcılarını quraşdırarkən mütləq yerli qaz idarəsinin mütəxəssisləri ilə məsləhətləşin. Bu sahədə naşı olan insanların xidmətindən istifadə etməyin.
Tüstü borusu olmayan sobaları almayın. Boru olmadıqda və otaq mütəmadi havalandırılmadıqda orada mütləq dəm qazı yaranır.
Dəm qazı ilə zəhərlənən insan əksər hallarda özü-özünə kömək edə bilmir. Lakin təcili tibbi yardım gələnədək ətrafdakılar ona ilk yardımı göstərə bilərlər.
Zərərçəkəni dərhal təmiz havaya çıxartmaq, onu kürəyi üstə uzatmaq və yaxalığını açmaq lazımdır. İmkan olduqda oksigen yastıqlarından istifadə edilir.
Alın və sinəyə soyuq kompres qoyun. Əgər zərərçəkmişin huşu özündədirsə, ona isti çay verin.
Dəm qazından yüngül zəhərlənmə olduqda, yəni zərərçəkmiş bu simptomları vaxtında hiss edib məkanı tərk etdikdə, həmin vaxt sadəcə təmiz hava ilə tənəffüs etmək yetərlidir.
Zərərçəkmiş huşunu itiribsə, ona naşatır spirti ilə isladılmış pambıq parçasını iylətmək lazımdır. Naşatır spirti olmadıqda onu adi sirkəylə də əvəz etmək olar.
Zərərçəkmiş nəfəs almırsa və ya tənəffüsü zəifdirsə, ona süni nəfəs vermək lazımdır. Zərurət olduqda ürək masajı edilməlidir. Zərərçəkmişə yardım göstərilməsi üçün təcili tibbi yardım briqadası çağırılmalıdır.
Dəm qazından zəhərlənmiş insan özünü yaxşı hiss etsə belə, ən azı 24 saat həkim nəzarəti altında qalmalıdır.
Hər hansı bir fövqəladə hadisə baş verdikdə “112” qaynar xəttinə müraciət etməyi unutmayın!




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info