“Rabitə qiymətlərinin aşağı salınması gələcəkdə internetin ucuzlaşmasına şərait yaradacaq”
Tarix: 07.12.2013 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Əli Abbasov: “2020-ci ildə kosmik sənaye, elektron hökumət və kibercinayətkarlıqla mübarizə yüksək səviyyəyə çatacaq”

Dünən rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd olundu. Bu münasibətlə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov başda olmaqla nazirlik əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər.

İKT xidmətlərinin genişləndirilməsi, informasiya və bilik bazarının formalaşması və inkişafı dövlətin İKT siyasətinin əsas hədəflərindəndir
Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycanda İnternet: dünəni, bu günü və sabahı” mövzusunda respublika elmi-praktiki konfransı keçirildi. XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı (Bakutel-2013) çərçivəsində keçirilən tədbir Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, AMEA və akademiyanın İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə təşkil olunmuşdu.
Tədbirdə çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə Azərbaycanda İnternetin inkişaf dinamikasından danışaraq bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlarını qeyd etdi və müxtəlif nüfuzlu beynəlxalq reytinq agentliklərinin son hesabatlarının ölkənin bu sahədə nailiyyətlərini təsdiq etdiyini bildirdi. O, internetin mahiyyəti, xüsusiyyətləri və imkanlarının öyrənilməsinin müasir elmi fəaliyyətin ən aktual və maraqlı sahələrindən birinə çevrildiyini, istənilən elm sahəsi üçün onun aktual tədqiqat obyekti olduğunu qeyd etdi.
“İnternet və dövlət siyasəti” mövzusunda məruzə ilə çıxış edən rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov bildirdi ki, bu il “İKT ili” çərçivəsində rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı daha geniş şəkildə qeyd olunur. Onun sözlərinə görə, “Bakutel-2013” sərgisi çərçivəsində davam edən tədbirlər, seminarlar peşə bayramına xüsusi şəkil verir: “Bu il də Azərbaycan rabitə sahəsi üzrə bir neçə yeni texnologiyaları əldə edib, İKT bazarlarının canlanmasında, Azərbaycan şirkətlərinin beynəlxalq aləmdə iştirakında mühüm addımlar atılıb. Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına təkcə Azərbaycandan yox, xaricdən böyük diqqət və maraq müşahidə olunur”. Prezident İlham Əliyev tərəfindən 2013-cü ilin ölkədə “İnformasiya Texnologiyaları ili” elan edilməsinin son illər bu sahədə yüksək tərəqqinin göstəricisi olduğunu deyən nazir İKT xidmətlərinin genişləndirilməsi, informasiya və bilik bazarının formalaşması və inkişafının dövlətin İKT siyasətinin əsas hədəflərindən olduğunu qeyd etdi. Ə.Abbasov ölkədə İKT sektorunun inkişafı, xüsusən də yüksəksürətli geniş zolaqlı internet xidmətlərinin artırılması istiqamətində qəbul edilən dövlət proqramlarının, həyata keçirilən layihələrin mühüm əhəmiyyəti olduğunu bildirdi. Cəmiyyətin daha şəffaf, daha asan idarə olunmasında “Elektron hökumət” xidmətlərinin həm keyfiyyət, həm də kəmiyyət baxımından artırılmasının vacibliyini vurğulayan Ə.Abbasov elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi və görülən işlərin səmərəliliyinin artırılması baxımından agentliyin strateji qurum olduğunu qeyd etdi. Nazir, 2020-ci ildə Azərbaycanda kosmik sənaye, yerüstü və simsiz rabitə şəbəkəsinin inkişafı, elektron hökumət və kibercinayətkarlıqla mübarizənin yüksək səviyyəyə çatacağını vurğuladı.

“Facebook” istifadəçisi olan Azərbaycan vətəndaşlarının sayı 1 milyon 250 mini ötüb”

Nazir onu da qeyd etdi ki, bu gün Azərbaycan əhalisinin 70%-i internet istifadəçisidir və onlardan 50%-i geniş zolaqlı internetə qoşulub. Hazırda “Facebook” sosial şəbəkəsində Azərbaycan vətəndaşlarının sayı 1 milyon 250 mini ötüb. Onun sözlərinə görə, gələn ildən Dövlət Neft Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması” layihəsi həyata keçirilməyə başlanacaq. Nazir bildirdi ki, bu layihə çərçivəsində 3 ildən sonra bütün şəhər və kəndlərdə 100 meqabit saniyə internetə çıxış əldə edəcək insanların sıxlığı 85%-ə çatdırılacaq. Ə. Abbasov qeyd etdi ki, bu da həmin müddət üçün inkişaf etmiş ölkələr həcmində olacaq: “Azərbaycanda internetin 2020-ci ilə kimi bütün evləri əhatə etməsi istiqamətində mühüm işlər görülür. İnternetin imkanlarını genişləndirmək üçün ona lazım olan xidmətlər verilməlidir. Bunun da əsasını elektron xidmətlər təşkil edir. Bu gün internet istifadəçilərinin 10%-i elektron xidmətlərdən istifadə edir, 40% internet xidmətləri isə elektronlaşdırılıb. 2020-ci ilə kimi isə əhalinin elektron xidmətlərdən əhalinin 100% əhatə olunması və xidmətlərin 80%-nin elektronlaşdırılması nəzərdə tutulur”. Nazir, həmçinin qeyd etdi ki, hazırda ölkədə elə aktiv internet istifadəçiləri var ki, onların hətta virtual olaraq digər ölkələrdəki iş yerlərinə çıxışları var. Bu gün ölkədə internetlə rəsmi prosedurların - vergi, gömrük xidmətlərinin həyata keçirilmədiyini deyən Ə.Abbasov bildirdi ki, gələcəkdə dünyada belə prosedur həyata keçirilsə belə, Azərbaycan hökuməti bunu etməyəcək. Nazir vurğuladı ki, ölkədə xüsusi informasiya xidmətlər bazasının yaradılması və onun beynəlxalq qəbullara verilməsi çox vacibdir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev “Azərbaycanda internetin formalaşması mərhələləri və inkişaf perspektivləri” mövzusunda çıxış edərək ötən müddətdə bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyini və gələcəkdə böyük uğurlara nail olunacağını bildirdi.
Mətbuat Şurasının sədri Əflatun Amaşov “Vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında internetin imkanları”, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Azərbaycanda sosial media problemləri” və digərləri müxtəlif məruzələrlə çıxış etdilər.
Qeyd edək ki, konfrans öz işini “İnternetşünasliq: problemlər, konseptual baxışlar, perspektivlər” mövzusunda bölmə iclası ilə davam etdirdi.

İki iri dövlət telekommunikasiya müəssisəsi birləşdirilir

Nazir Əli Abbasov jurnalistlərə açıqlamasında «Aztelekom» və «Bakı Telefon Rabitəsi» İstehsalat Birliklərinin birləşdirilməsi məsələsinə aydınlıq gətirdi. Bildirildi ki, stasionar telefon rabitəsi xidmətləri ilə məşğul olan iki dövlət müəssisəsi - «Aztelekom» və «Bakı Telefon Rabitəsi» (BTRİB) İstehsalat Birliklərinin vahid ASC formasında fəaliyyət göstərməsi ilə bağlı təkliflər Əmlak Məsələləri Dövlət Komitəsi ilə birgə hazırlanıb. Ə.Abbasov vurğuladı ki, artıq gələn il bu məsələnin həyata keçirilməsi mümkündür. Nazir onu da bildirdi ki, bir neçə gün öncə Tarif Şurasının qərarı ilə informasiya texnologiyaları sahəsində qiymətlərin aşağı salınması gələcəkdə internetin qiymətinin aşağı düşməsinə şərait yaradacaq. Ə.Abbasov qeyd etdi ki, informasiya sahəsində tariflərə yenidən baxılıb və bu sahə üzrə əksər istiqamətlərdə qiymətlərin aşağı salınmasına qərar verilib. Nazirin sözlərinə görə, qiyməti aşağı salınan bir çox rabitə sahələri var ki, onlar internetin qiymətinə təsir edir: “Bunu da yaxın vaxtlarda provayderlər hiss edəcək və nəticədə onlar internetin qiymətini aşağı salacaqlar”.
Qeyd edək ki, Tarif Şurasının dekabrın 2-də keçirilən iclasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müraciəti əsasında bir sıra rabitə xidmətlərinin tariflərinə baxılıb və qərar qəbul edilib. Belə ki, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılıb. 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılıb, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla, 10 qəpik təsdiq edilib.

Bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan fiber-optik şəbəkənin qurulmasına başlanacaq

Ə. Abbasov orta məktəblərin internetlə təminatı məsələsinə də aydınlıq gətirdi. Nazir bildirdi ki, bu gün orta məktəblərin 30-35%-i internet şəbəkəsinə birləşdirilib. Onun sözlərinə görə, məktəblərdə internetin sürəti yüksək olmasa da orta səviyyədədir: “Bu da əsasən şəhər yerlərindədir. Təhsil Nazirliyinin gələcək inkişafa, elektron təhsilə olan tələbləri var. Həmin tələbləri yerinə yetirmək üçün orta məktəbləri geniş zolaqlı internetə birləşdirmək lazımdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Təhsil Nazirliyinin birgə proqramı həyata keçiriləcək. Gələn ildən Dövlət Neft Fondu ilə həyata keçirilməsi planlaşdırılan geniş zolaqlı optik şəbəkə internet layihəsi çərçivəsində orta məktəblərin geniş zolaqlı internetə birləşdirilməsi əsas məsələlərdən biri olacaq”.
Nazir Ə. Abbasov qeyd etdi ki, artıq gələn ildən Dövlət Neft Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması” layihəsi həyata keçirilməyə başlanacaq: “Artıq bununla bağlı Dövlət Neft Fondu ilə işlərimizi bitirmişik. Bu layihə bir çox beynəlxalq təşkilatların da diqqətini cəlb edir. Eyni zamanda inkişaf etməkdə olan ölkələr üçün bu layihə etalon olaraq qəbul olunacaq”.

İkinci süni rabitə peykinin orbitə çıxarılması layihəsi ilə bağlı tender elan olunacaq

Nazir açıqlamasında onu da qeyd etdi ki, gələn ilin yanvar ayında Azərbaycanın ikinci süni rabitə peykinin orbitə çıxarılması layihəsi ilə bağlı tender elan olunacaq.
Bildirildi ki, artıq Azərbaycanın ikinci süni rabitə peykinin orbitə çıxarılması layihəsi ilə bağlı bütün müzakirələr və təhlillər başa çatıb. Nazir vurğuladı ki, texniki tapşırığın yüksək beynəlxalq səviyyəyə uyğun olaraq hazırlanması yekunlaşıb: “Gələn ilin yanvar ayında tender elan olunacaq. Tender məhdud saylı şirkətlər arasında keçiriləcək. Ən müasir və yüksək keyfiyyətə uyğun şəkildə biz bu layihəyə başlayacağıq”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info