Milix Yevdayev: “Bizim sabaha ümidimiz böyükdür”
Tarix: 09.12.2013 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


“Ulu öndərin “Tolerantlıq yüksək mədəniyyətin təzahürüdür” kəlamı unudulmazdır”

“Qədirbilən xalqlarımız uzun əsrlər boyu yanaşı yaşayıb, doğmalaşıb və qardaş olublar”


Azərbaycanda həmişə bütün xalqlar mehriban bir ailə kimi yaşayırlar. Bu səbəbdəndir ki, artıq ölkəmiz tolerantlığı ilə digər dövlətlərə nümunə göstərilir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda dinlər və xalqlarla bağlı heç bir problem yaşanmır və antisemitizm deyilən bir məfhum yoxdur.
Bu gün Azərbaycanda kifayət qədər xalq yaşayır ki, onlardan biri də yəhudilərdir. Bütövlükdə ölkədə yəhudilərin sayı 30.000-ə yaxındır ki, onların da əksəriyyətini dağ yəhudiləri təşkil edir.
Dağ yəhudiləri Bakıda, Oğuzda, Qubada toplu şəkildə yaşayırlar. Qubadakı Qırmızı qəsəbə adlanan yayayış məskəni isə bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir. Maraq üçün onu da bildirək ki, sözügedən qəsəbədə dini adət-ənənələrə əməl etmək məqsədilə yeni tikilmiş mikva fəaliyyət göstərir.
2011-cü ilin martında Bakıda yeni Dağ yəhudiləri sinaqoqu Prezident İlham Əliyevin sərəncamı ilə tikilmiş və bütün dünya dağ yəhudilərinə töhfə olunmuşdu. 2003-cü ilin sentyabrından isə Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət göstərməyə başlayıb.
Hal –hazırda dağ yəhudilərinin 6 fəaliyyətdə olan sinaqoqu var, daha bir yeni sinaqoqun isə tikintisi başa çatmaq üzrədir.
Bütün bunlara daha bir yeniliyi də əlavə etmək olar. Belə ki, Bakı Dağ Yəhudiləri Dini İcması da son zamanlar dövlət qayğısı nəticəsində bir sıra inkişafa nail olub, dağ Yəhudiləri üçün bir sıra lazımi tədbirlər görüb. Sözügedən icmanın fəaliyyəti ilə yaxından maraqlandıq.Dağ yəhudiləri Dini İcmasının sədri Milix Yevdayevin qonağı olduq. Milix Yevdayevlə olduqca səmimi şəraitdə baş tutan söhbətimizi oxuculara təqdim edirik.
- Dağ yəhudilərinin digər qrup yəhudilərə nisbətdə daha aktiv olduqları bildirilir. Bu, nə ilə bağlıdır?
- Bəli, dağ yəhudiləri bu gün ölkədə daha çoxdurlar və həm də biz burada uzun bir tarixə malik olan yaşayış məskənləri salmışıq. Bizim bu torpaqlarda məskunlaşmağımız isə 2500 il əvvələ gedib çıxır. Bizim bütün xeyir-şərimiz də bir olub. Bizdə uşaqlar dünyaya iki dillə göz açırlar. Bu dillər-Azərbaycan, bir də yəhudi dili olur. Amma məktəblərdə də Azərbaycan dilini dərindən öyrənirik və bu, belə də olmalıdır. Maraq üçün bildirim ki, övladlarım və nəvələrim də bu dili təmiz bilirlər. Bizim mentalitetimiz də eynidir.
-2 min ildən çox bir yerdə yaşamış xalqlarda adətlər, ənənə, mentalitet bir olmalıdır və bu qaynayıb-qarışmaq təbiidir. Bəs yəhudilərin azərbaycanlılarla oxşar adətləri varmı?
-Təbii ki var. Sizdə də ehsan, dəfn olunanın yeddisi, qırxı var bizdə də. Sizdə də mərhumu məscidə aparırlar, lazımi dəfn tədbirləri görülür, bizdə də eyni tədbirlər, mərasimlər var. Amma hazırda biz dəfn mərasimləri ilə bağlı sizinki kimi mərkəzləşdirilmiş şəraitə malik deyilik. Sizdə cümə axşamları, bizdə isə şənbə axşamları qeyd olunur. Qısası, hər şeyimiz-yeməklər də, xarakterlərimiz də eynidir. Lap dərinə getsək, bir xırda fəlsəfi məqama toxunum ki, sizdə də “ayıbdır” tənbehi, nəsihət forması almış sözün böyük fəlsəfi mənası var, bizdə də. Xalqlarımız bir yerdə formalaşıblar və xoş gündə də, bəd gündə də bir-birimizə dayaq, dəstək olmuşuq. Bəd günlərimiz olmasın, amma biz arzuolunmaz günlərdə də sizləri tək qoymamışıq.
Son iyirmi ildə isə yəhudilər öz məskənlərindən çıxaraq dünyaya yayılıblar. Dünyanın hansı ölkəsində bizim xalqın nümayəndəsinə rast gəlsən, soruşanda ki,haralısan, mütləq deyəcək ki, azərbaycanlıyam.
– Hazırda Azərbaycanda yaşayan dağ yəhudilərinin yaşayış tərzi necədir?
-Bu yaxınlarda Rusiya Pravoslav Kilsəsinin Mədəniyyət Mərkəzinin açılışı oldu ki, orada da çoxlu əcnəbi qonaqlar var idi. Açılışdan öncə belə qərara gəlindi ki, tədbirə bir gün qalmış qonaqlar ölkəmizi gəzməyə çıxsınlar. Mən də təklif etdim ki, Xaçmaz və Quba zonasını ziyarət edək. Beləcə Xaçmaza, oradan Qubaya gələndə isə Qırmızı qəsəbə ilə qonaqları tanış etdim. Onlar qəsəbədə yaşayan yəhudilərin həyat tərzi ilə tanış olandan sonra təəccübləndilər ki, yerli yəhudilər belə bir irəliləyişlərə nail olublar, yüksək rifah şəraitində yaşayırlar. Hamının evi, şəraiti yüksək səviyyədədir. Buradan gedən yəhudilərin özləri də olmasa, övladları nə zamansa bu ölkəyə, dədə-baba yurdlarına qayıdacaqlar. Azərbaycandan yəhudi heç vaxt əksik olmayacaq.
Ulu öndərin bir kəlamı var: “Yəhudilər Azərbaycanda dinc, əmin-amanlıq şəraitində yaşaya bilərlər”. O, əmin-amanlığın bariz nümunəsidir ki, yəhudilər həmin yüksək şəraiti yaradıb yaşayırlar. Buna təminat olmasa, bizim xalq belə şəraitlər yaradıb burada qalmazdı. Sabaha ümid olmasa, bunları etməzlər. Bizim isə sabaha ümidimiz böyükdür. Ulu öndərin bir kəlamı da var ki “Tolerantlıq yüksək mədəniyyətin təzahürüdür”. Əgər Azərbaycan xalqında yüksək mədəniyyət olmasaydı, inanın ki biz uzun əsrlər yaşamaz, qısa bir müddətdə dağılıb gedərdik. Ona görə də Azərbaycanda yaşayan xalqlar daim dinclik şəraitində yaşayırlar və bunun da təzahürlərini çox görürük. Hər şey bu ölkədə yaxşılığa doğru gedir. Nə cür insan olasan ki, bu dəyişiklikləri görməyəsən. Görəndə də, görmək istəməyəsən.
- Sizcə, Azərbaycanda antisemitizmin olmamasının əsas səbəbi nədir?
- Bu yaxınlarda Ukraynada antisemitizmə qarşı mübarizə beynəlxalq simpoziumuna dəvət almışdım. Simpoziumun nəticəsindən belə çıxdı ki, antisemitizm bütün Avropa dövlətlərində az və ya çox dərəcədə mövcuddur. Mənə verilən imkandan istifadə edərək qeyd etdim ki, əsrlər boyu yaşadığımız vətənimiz Azərbaycanda antisemitizm məfhumu tamamilə bizə yaddır. Əyani təzahürünü görmək istəyən varsa, bizə gəlsin. Bizim ölkədə bütün azsaylı xalqlara, dinlərə, millətlərə qarşı yüksək mədəniyyət nümayiş olunur. Biz antisemitizmin nə olduğunu bilmirik. Bunun kökləri var. Bunun kökü isə ailə tərbiyəsinə gedib çıxır. Bizdə tərbiyə elə qurulub ki, valideynin tərbiyəsi nəsildən-nəslə ötürülür. Tolerantlıq da bizim qanımızdadır. Bir- birimizi qəbul etmək qanımızdadır və özgəsinin adətlərinə hörmət canımızdadır. Bunlar iliyimizə işləmiş məsələlərdir.
-Bir qədər də öz fəaliyyətiniz haqqında danışardınız...
-Mən iki ilə yaxındır ki, burada fəaliyyət göstərirəm. Çalışıram ki, icmada daim canlanma olsun. Bura gələn gündən də bəyan etdim ki, 24 saat ərzində sinaqoqun qapıları nəinki icmanın, hər kəsin üzünə açıqdır. Bura bildiyiniz kimi, Prezidentin sərəncamı ilə tikilib təhvil verilib. Bu məsələ barəsində hətta Knessetdə də xüsusi çıxışım olmuşdu. Tarixdə ilk dəfə Azərbaycanın xarici işlər naziri İsrail dövlətinin dəvəti ilə 2013-ci ilin aprel ayında bu ölkəyə səfər etdi. Burada bir sıra yüksək məmurlarla, prezident, baş nazirlə görüşlər, söhbətlər oldu. Mən də orada Azərbaycanda yəhudilərə dövlət qayğısından danışdım.
- Bəs başqa hansısa xeyriyyə işləriniz olurmu?

- Biz hər sahədə xeyir işlər görməyə çalışırıq. Bakıda fəaliyyətdə olan kimsəsiz uşaqlara himayədarlıq edən “Ümid yeri” uşaq evinə bayram sovqatları aparmışıq. Bizdə Şabat, yəni altıncı gün bayramların bayramı sayılır. Hər şənbə günü də bayram süfrəsi açırıq. Orada milli xörəklərimiz olan dolma, toyuq yeməkləri, plov, səbzi və s. veririk. Bundan başqa çətinliyə düşənlər də bizə üz tuturlar. Kiminsə birindən şikayəti, məhkəməlik, həkimlik işi olanda, məsləhət və kömək üçün müraciət edir. Belə yardımlar edib əl uzatmaq, məsləhət vermək çox xeyirxah işdir. Qısası, çalışırıq ki, bizə müraciət edənlərin bizə olan inamları qırılmasın. Çünkü məscidlər, sinaqoqlar insanların axırıncı pənah yeridir. Ona görə də insanların bizə olan inamını qırmamaq üçün bütün xahişlər imkan daxilində yerinə yetirilir.
- Sizin icmaya necə, yardım edənlər olurmu?
- Əlbəttə olur. Bu köməkliklər olmasa, heç bir səmərəli fəaliyyət qura bilmərik. Mən fəaliyyətə başlayanda bizim heç nəqliyyat vasitəmiz də yox idi. Bu məsələni imkanlı xeyirxah dostlarımızın yanında qaldırdım. Bunun nəticəsi isə indi istifadə etdiyimiz avtobusdur.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrə ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info