“Həyatımı muğamsız təsəvvür edə bilmirəm”
Tarix: 10.12.2013 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


Ramin Rzayev: “Bu gün gənclərin, milli musiqimizə, muğama, tara böyük həvəsi var və bu sənətin inkişafı üçün geniş şərait yaradılıb”

Ramin Sultan oğlu Rzayev 1978-ci il yanvarın 11-da Naxcıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olub. 1993-1997 ci illərdə Asəf Zeynallı adına ADMT-da təhsil aldıqdan sonra, 1997-208-ci illərdə Bakı Musiqi Akademiyasının tarixi nəzəriyyə fakültəsinin Xalq çalğı alətləri kafedrasında tar üzrə təhsilini bitirib. Muğamın sirlərinə mahir muğam bilicisi Elxan Müzəffərov və Xalq artisti, dosent Ağasəlim Abdullayev vasitəsilə yiyələnib. 1994-cü ildə Azərbaycan televiziya və radiosunun "Bənövşə" mahnı və rəqs ansamblında konsertmeyster vəzifəsində çalışıb. Türkiyə, Rusiya, İran, Fransa, Almaniya İsrail və s. ölkələrdə Azərbaycan muğamının təmsilçisi olub. Xalq artistləri mərhum İslam Rzayev, Məmmədbağır Bağırzadə, xalq artistləri, professor Arif Babayev, Canəli Əkbərov, Səkinə İsmayılova, Simarə İmanova, əməkdar artistlər Nuriyyə Hüseynova, Teyyub Aslanov, Gülüstan Əliyeva ilə dəfələrlə dövlət tədbirlərində və qastrol səfərlərində iştirak edib. 2001-ci ildən Xəzər Universitetində Xalq artisti Arif Babayev və Əməkdar artist Mirnazim Əsədullayevlə bərabər tələbələrə Azərbaycan muğamlarının sirlərini aşılayır. Hazırda xalq artistləri Səkinə İsmayılova ve Simarə İmanova ilə sənət yaradıcılığını davam etdirir. Onun tar ifasında səsləndirilən bir neçə fundamental muğam dəstgahı Azərbaycan Televiziya və Radiosunun “qızıl fond”unda qorunur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində və Asəf Zeynallı adına musiqi kollecində tar müəllimi kimi fəaliyyət göstərir.

Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Milli Konservatoriyasının nəzdindəki musiqi kollecinin müəllimi, tarzən Ramin Rzayevdir:
- Tədris etdiyiniz tar sənəti haqqında nələr deyə bilərsiniz?
- Mən 13 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Bundan öncə də 2 il musiqi məktəblərində uşaqlarla çalışmışam. Artıq Konservatoriyanın nəzdindəki musiqi kollecində bu sənətə maraq göstərən tələbələrə bu sənətin sirlərini öyrətməyə çalışıram. Mən tələbələrimə dərsi öyrətmədən öncə ilk olaraq bu sənəti sevməyi öyrədirəm. Çalışıram ki, onlarda bu sənətə qarşı sevgi aşılayım. Sözsüz ki, onlar tar sənətini sevdikləri üçün bu fakültəyə qəbul olunublar. Amma buna baxmayaraq, müəllim də tələbəyə stimul verməlidir.

“Muğam müsabiqələri tar ifaçılarının artmasına çox güclü təsir göstərdi”

Tələbələr arasında da istedadı çox və az olanlar var. İstedadı az olan tələbələrdə ruh yüksəkliyi yaratmağa çalışıram və yavaş-yavaş onda bu sevgi formalaşır. Amma elə tələbələr də olur ki, imtahanlardan uğurla keçsə də, özünü bu sənətdə yox, tamam başqa sahədə doğrulda bilər. Ona görə də tələbəyə elə yolla ixtisası tədris etməyə çalışıram ki, bu sənətdən uzaqlaşmasınlar.
- Tələbələr tar sənətinin mahiyyətini başa düşürlərmi?
- Təhsil alan tələbə ilk növbədə tar haqqında məlumatlı olmalı, ən əsası nəzəriyyə haqqında geniş şəkildə bilgi əldə etməlidir. Tələbələr tar sənətinin inkişafını, günümüzə necə gəlib çıxmasını,
kimlərin bu işdə zəhmətinin olduğunu bilməlidirlər. Sözsüz ki, biz müəllimlərin borcu tələbəyə tar haqqında nəzəri məlumat verməkdir. Çünki tarın nəzəriyyəsini tələbəyə tar müəllimindən başqa heç kim dolğun şəkildə bilə bilməz. Tarın nəzəriyyəsini peşəkar tar ifaçısı mütləq bilməlidir. Çünki tar ilk əvvəllər diz üstə ifa edilib. XIX əsrin sonlarında Mirzə Əsədoğlu Sadıqcan tərəfindən tar diz üzərindən sinəyə qaldırılıb. Bu isə tarixə Sadıqcanın adı ilə düşüb. Tələbə ilk öncə bunu bilməlidir. Digər mühüm məsələ tar alətinin muğam sənətində olan roludur. Tələbə tarın əhəmiyyətini və Azərbaycan muğamına nə kimi töhfələr bəxş etdiyini bilməlidir. Üzeyir Hacıbəyli tar alətini belə qiymətləndirirdi: “Milli alətlərimizin şahı tar alətidir”.
Üzeyir bəy yaradıcılığında tar alətinə də müraciət edib. Qurban Pirimov, Bəhram Mansurov, ustad xanəndələr Seyid Şuşinski, Xan Şuşinski, Hüseynqulu Sarabskinin ifalarını müşayiət ediblər. Əlbəttə ki, xanəndəni tarsız, tarı xanəndəsiz təsəvvür etmək olmaz. Sonradan kamança da əlavə olunduqdan sonra tam şəkildə “üçlük” yarandı. Gənclərin tarı, muğamı sevməsi üçün tələbələrimlə tez-tez söhbətlər aparıram. Yəni, onlar tar sənəti ilə bərabər, xanəndəlik sənətinə də bələd olurlar. Onlar bilməlidirlər ki, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu nə cür sənətkarlardır, onları tarda ilk olaraq kimlər müşayiət edib. Bunları bir tarzənin bilməsi əsas şərtlərdən biridir.
Fikrimcə xanəndələr üçün ifa edilən tar, solo ifa edən tardan müəyyən qədər daha çox populyardır. Çünki burada söz sənəti var, muğam sənəti var. Heç də təsadüfü deyil ki, mən də daxil olmaqla bütün tarzənlər, xanəndələrlə paralel olaraq tanınmışıq. Tələbələrimə hər zaman qeyd edirəm ki, əgər muğamlarımıza tam şəkildə yiyələnmək istəyirsənsə, xanəndənin oxumaq sənətindən xəbərləri olmalıdır. Muğam ifaçısı xanəndə üçün ifa etməlidir. Korifey tarzənlərimizdən başlayaraq, bu gün tanınmış və seçilən tarzənlərimizin sənət yoluna nəzər salsaq, gərərik ki, onlar muğam ifaçıları olaraq yüksək səviyyədə formalaşıblar.
- Müasir gənclərin tara olan marağını necə ifadə edə bilərsiniz?
- Gənclərin tar sənətinə olan marağını yüksək dəyərləndirirəm. Məsələn, bizim vaxtımızda bu qədər həvəs yox idi. Biz çətin bir dövrdə sənətə gəlmişik. Yadımdadır, 1990-cı il Azərbaycan üçün ağır dövr idi. O zaman mən A. Zeynallı adına musiqi texnikumuna qəbul oldum. Əmin-amanlıq, iqtisadi rifah yox idi. Bu gün gənclərin, milli musiqimizə, muğama, tara böyük həvəsi var və bu sənətin inkişafı üçün geniş şərait yaradılıb. Geniş şəraitin yaranmasına bir nümunə də muğam müsabiqələrinin keçirilməsidir. Ümumiyyətlə, milli alətlərə axın müsabiqələrdən sonra başladı. İlk muğam müsabiqəsi 2005-ci ildə keçirildi. Artıq 4-cü muğam müsabiqəsi başa çatdı. Bu müsabiqələr tar ifaçılarının artmasına çox böyük təsir etdi. Mən müsabiqələrə qədər də musiqi məktəblərində dərs deyirdim. Əvvəllər musiqi məktəblərində tar sinfinə uşaqlar az gəlirdi. Əcnəbi musiqi alətlərinə maraq daha çox idi. Milli alətlərimizə axın az idi. Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm ki, muğam müsabiqələrinin keçirilməsi üçün çox gözəl şərait yaratdı. Bundan sonra gənclərdə milli musiqiyə maraq artdı. Bu isə çox gözəl haldır. Çünki gələcək gənclərin əlindədir. Biz də öz növbəmizdə özümüzdən sonra iz qoymalıyıq ki, onlar bu yolu davam etdirsinlər. Təsadüfi deyil ki, UNESCO tarı Azərbaycanın milli musiqi aləti kimi qəbul etdi. Bu gün tar aləti Şərq ölkələrində də ifa edilir.
- Bəs, milli musiqilərimizin klassik Avropa musiqisi ilə sintezini necə qiymətləndirirsiniz?
- Çox gözəl qiymətləndirirəm. Amma əndazədən çıxmamaq şərti ilə. Əgər hər hansı bir xalq mahnısı professional şəkildə sintez edirlərsə, məsələn, Siyavuş Kərimi, Vaqif Gərayzadə səviyyəsində edirlərsə, mən bunu bəyənirəm. Çünki onlar da xalq musiqisindən bəhrələniblər. Ona görə də onların etdiyi sintezə nəinki mənim, ümumiyyətlə, heç kimin sözü ola bilməz. Amma muğamdan, xanəndəlik sənətindən, tar sənətindən xəbəri olmayan biri hər hansı bir mahnını aranjeman edirsə, sözsüz ki, onda xətalar olur. Hər dövrün özünəməxsus çalğı üslubu, oxu üslubu olur. Mən də müasirliyin tərəfdarıyam, amma klassikanı itirməmək şərti ilə.
- Gələcək planlarınız necədir?
- Sənət fəaliyyətimi davam etdirirəm. Bir neçə planım, arzularım var. Hazırda xalq artistlərimiz, professor Səkinə İsmayılova, Simarə İmanova, Arif Babayev ilə birlikdə çalışıram. Bir neçə qastrol səfərində, festivallarda Azərbaycan musiqisini təmsil etmişik. Bu yaxınlarda Səkinə xanımla Ukraynadan qayıtdıq. Bir sıra səfərlərimiz, festivallarımız gözlənilir. Yəni, bu işdən zövq alırıq. Mən həyatımı muğamsız təsəvvür edə bilmirəm. Günümün hər hansı bir hissəsində ya muğam ifa etməliyəm, ya da muğamı kiminsə ifasında dinləməliyəm. Bu artıq mənim həyat tərzimə çevrilib. Mən deyərdim ki, bu çox gözəl “xəstəlikdir”.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info