Krım - gözəl turizm məkanı və əsrarəngiz tarixi diyar...
Tarix: 10.12.2013 | Saat: 22:31:00 | E-mail | Çapa göndər


II yazı
Ötən sayımızda Krım haqqında yazdıqlarımızdan əlavə qeyd edək ki, Krımın əsas turizm və sanatoriya mərkəzlərini gəzmək də bizə nəsib oldu. Belə ki, Yevpatoriya, Saki, Aluşta, Yalta, Bağçasaray, Sevastopol şəhərlərindəki müalicə sanatoriyalarını, pansionatları və otelləri gəzdik, oralarda olan turizm şəraiti ilə tanış olduq. Qeyd edək ki, Krım həm də müalicəvi turizm baxımından xüsusi diqqət çəkir.
Burada Qara dənizsahili sanatoriyalardan və turizm yerlərindən əlavə, palçıqla müalicə üsullarını və xidmətlərini təklif edən mərkəzlər və müalicə ocaqları da fəaliyyət göstərir. Belə ki, bu diyar həm də özünün məşhur Saki palçığı ilə məşhurdur. Bu palçığın tərkibinin olduqca müalicəvi xüsusiyyətə malik olduğu deyilir. Eynilə bizdəki Naftalan palçığı kimi… Krımın “Naftalan palçığı” əsasən, Yevpatoriya uşaq sanatoriyasında, həmçinin “Zolotoy bereq”, “Sakropol”, “Saki”, “Poltava-Krım”, “Zolotoy kolos” sanatoriyalarında müalicə kursları əsasında tətbiq edilir. Bununla bağlı olaraq peşəkar həkimlər, mütəxəssislər fəaliyyət göstərirlər. Palçıq onların nəzarətilə xüsusi vannalarda qəbul edilir və müəyyən üsullarla bədənə yaxılır. Bundan başqa Krımda müalicəvi məqsədlərlə həm də termal sulardan yararlanılır. Termal su hovuzları və vannaları sanatoriyalarda fəaliyyət göstərir.
Müalicəvi palçıq və termal sular. Bu iki şəfaverici faktor əslində Azərbaycanda da çox keyfiyyətli bir dərəcədə mövcuddur. Naftalan palçığı barəsində yuxarıda qeyd etdik. Eləcə də Azərbaycanın müxtəlif bölgələrində - cənub bölgəsində, Naxçıvanda, Şabranda, işğal olunmuş ərazilərimizdə termal sular mövcuddur. Azərbaycandakı termal sular xüsusilə özünün zəngin tərkibi və yüksək temperatura malik olması ilə diqqət çəkir. Amma ölkəmizdə hələ ki bu müalicəvi faktorlardan turizm məqsədilə, xarici turist cəlb etmək üçün lazımınca yararlanılmır. Biz Azərbaycan turizminin bu baxımdan imkanlarını lazım olduğu səviyyədə təşkil və təqdim edə bilmirik. Ola bilsin, turizmin dünya standartlarına uyğun ümumi inkişaf səviyyəsinin bizdə aktual olması kontekstində bu məsələyə yanaşılmalıdır. Fakt odur ki, bizdə bu baxımdan gözəl şərait və imkanlar olsa da, hələ də palçıq və termal suların yerli səviyyədə istifadəsindən o yana gedə bilməmişik. Həmçinin, bizdə həmin müalicəvi yerlərə baş çəkəndə, istisnaları çıxmaq şərtilə, hər zaman keyfiyyətsiz, standartlara uyğun olmayan xidmətin şahidi oluruq. Amma Krımda bunun tam əksi olaraq turistlərə yüksək səviyyəli xidmət və peşəkar yanaşmanın şahidi olduq. Ümumiyyətlə, Ukrayna postsovet ölkəsi olmasına baxmayaraq, Krımda sovet dövründən qalma turizm ənənələri müasir dövrə uyğunlaşdırılmaqla sürətlə inkişaf etdirilir. Buranın əlverişli təbii şəraiti müasir standartlara uyğunlaşdırılan turizm xidməti ilə birləşərək istər Rusiyanın soyuq ucqarlarından, istərsə də lap Türkiyə kimi dünya turizm mərkəzlərindən, hətta bəzən, ərəb ölkələrindən də turizm cəlb edir. Rusiyanın soyuq ucqarlarından gələn kütləvi sayda turistlər yayda burada əvəzsiz çimərlik, qum, Günəş qazanmış olurlar. Türkiyə, ərəb ölkələri və sair ənənəvi, əgər belə demək mümkünsə, “patriarxal” ölkələrdən gələn turistlər isə əsasən kişilərdən ibarət olurlar. Bunun isə bəlli səbəbləri var...
Onu da qeyd edək ki, Krımın ən maraqlı və əlamətdar yerlərindən biri Aluşta şəhəridir. Aluştada Krım Miniatür Parkını da ziyarət etmək imkanı qazandıq. Parkda Krımın ərazisində müxtəlif zamanlara aid olan 50-yə yaxın memarlıq abidəsinin, o cümlədən inzibati binalar, Xan sarayı, qədim qala divarları, kilsələr, məscidlər, sinaqoqlar, dünyaca məşhur adamların villaları və sairlərin maketləri sərgilənir. Burada biz Bağçasaradakı Xan sarayından tutmuş, digər memarlıq abidələrinə qədər, müxtəlif tikililərin maketləri ilə tanış olduq. Parkın bələdçisi bizə hər bir maket barəsində əhatəli və müfəssəl şəkildə məlumat verdi. Bu məqamla bağlı onu da qeyd edək ki, Krımda baş çəkdiyimiz hər bir yerə aid bələdçi, təqdimatçı öz işini çox peşəkarcasına yerinə yetirir. Doğrudur, tarixlə bağlı bəzi bələdçilərin verdiyi məlumatlarda müəyyən diletantlıqlarla qarşılaşdıq. Amma burada bələdçilər əsasən, peşəkardırlar. Məsələn, uşaqlarla bağlı bir pansionatda bizi gəzdirən və hər bir məqamla bağlı təfərrüatı ilə məlumat verən 80 yaşlı qoca həkim o qədər həvəslə, dil-boğaza qoymadan danışırdı ki... Bu, Azərbaycan turizminin ibrət götürməli olduğu məqamlardandır...
Bundan başqa, Krım Miniatür Parkının yanında yerləşən Delfinariyada da maraqlı və əyləncəli anlar yaşadıq. Delfinariyada iki delfin və iki dəniz pişiyi hər gün saat 15:00-da Aluştaya gələn qonaqlar, həmçinin şəhər sakinləri üçün olduqca maraqlı şou göstərir.
Baş çəkdiyimiz yerlərdən Aluşta Akvariumu da olduqca rəngarəng və maraqlı idi. Burada 250 növ balıq, 8 növ tısbağa, 3 növ timsah, eləcə də köpək balıqları xüsusi akvaruimlarda ziyarətçilərə nümayiş etdirilir. Akvariumda mövcud olan canlıların ümumi sayı 1200-dən çoxdur. Bələdçi ilə söhbətimizdən o da aydın oldu ki, akvariumdakı canlılar dünyanın müxtəlif ölkələrindən gətirilib.
Aluşta həm də sahilyanı turizm mərkəzləri ilə olduqca diqqət çəkir. Burada “Aluşta Kurort” adlı abidə 1950-ci illərdə inşa edilib. Şəhərin sahili boyu uzanan 6 kilometr məsafədə qonaqlar 1 iyun-1noyabr tarixində pulsuz “wi-fi”dan yararlana bilərlər. Bu ərazidəki çoxsaylı mağaza və dükanlar, istirahət mərkəzləri, geniş, səliqəli çimərlik də insanların xidmətindədir.
Xüsusilə qeyd edək ki, Krım öz spirtli içkiləri ilə də məşhurdur. Burada müxtəlif içkilərə aid müəssisələr fəaliyyət göstərir, keyfiyyətli məhsullar istehsal edirlər. Krımda üzümçülüyün hələ qədim yunanlar dövründən geniş yayılması və inkişaf etdirilməsi burada şərab, konyak və sair içki növlərinin istehsalı ilə bağlı ənənələri formalaşdırıb. Krımda şərabçılıqla bağlı aşkara çıxarılan arxeoloji qazıntılar bu torpaqların qədimdən sözügedən məşğuliyyətlə tanış olduğunu büruzə vermiş olur… Bu sıradan Aluştada “Maqliv” Konyak zavoduna da baş çəkdik. “Maqliv” Krımdakı 5 eyni funksiyalı istehsal müəssisəsindən biri olmaqla, 1987-ci ildən fəaliyyət göstərir. Burada istehsal olunan konyaklar keyfiyyətinə görə fərqlənir. Bu konyakların müxtəlifliyinin, nümayəndə heyətimizin üzvləri də əyani şahidi oldular. Bu zavodda istehsal olunan çeşidli konyak növləri dünyanın müxtəlif ölkələrinə, ən çox da MDB respublikalarına ixrac olunur. Aluşta və Yalta arasındakı Partinent qəsəbəsində müxtəlif növ bitkilər, xüsusən də ağacların qorunduğu böyük bağ var. “Ayvazovskoe” adlanan bağ bir çox məşhurların, o cümlədən tanınmış rus şairi Aleksandr Sergeyeviç Puşkinin, Ukraynanın eks-prezidenti Leonid Kuçmanın baş çəkdiyi məkanlardan biri olub. Bağda Puşkinin xatirəsinə ucaldılan nəhəng heykəl, bir neçə fəvvarə, yaşlı ağaclar, italyan və yapon bağçaları, yaşıllıq örtüyü, gül-çiçək kompozisiyaları göz oxşayır və insanda xoş əhval yaradır.
Krımda səfərdə olarkən daha bir neçə memarlıq abidəsini ziyarət etmək imkanımız da oldu. Bunlardan biri 1782-1856-cı illərdə yaşamış və Novorossiysk bölgəsinin general-qubernatoru olmuş qraf M.S.Vorontsovun qəsridir. Qəsr XIX əsrin məşhur ingilis memarı Eduard Bloranın layihəsi əsasında inşa edilib. Bunun üçün Vorontsov özü karandaşla ərazinin relyefini, yaşıllığı əks etdirib, sonra da cızdığı eskizi Londona aparıb. Daha sonra qəsr inşa edilərkən qədim memarlıq üslubuna müraciət edilib. Qəsrin önündə bir neçə şir heykəlləri ucaldılıb. Maraqlıdır ki, binanın giriş hissəsində ərəbcə möhtəşəm bir şəkildə “Allahdan başqa qalib yoxdur” sözləri yazılıb. Nəyə görə məhz 19-cu əsrdə - Krımın Rusiya imperiyasına qatılmasından sonra Vorontsovun bu islama aid olan kəlməni girişə hördürməsi olduqca diqqətçəkən məqamdır. Onun nəyə görə belə etdiyi ilə bağlı soruşduq, amma ətraflı bir cavab ala bilmədik…
Təbii ki, Krımın ən orijinal və möhtəşəm tarixi abidəsi Bağçasarayda yerləşən Krım xanının sarayıdır. Bu saray xanın rəsmi iqamətgahı funksiyasını yerinə yetirib. Saray kompleksinə “Xan türbələri”, “Hərəmxana”, “Xan Camisi”, “Göz Yaşı Çeşməsi” və sair daxildir. O da maraqlıdır ki, sarayın bələdçisi Xan sarayı və onunla bağlı tarixdən daha çox, şair Aleksandr Sergeyeviç Puşkin haqqında məlumat verdi. Bəllidir ki, Puşkin çar tərəfindən sürgün olunur və Krıma gəlir. O, Bağçasarayla, Xan sarayı ilə tanış olur. Puşkin Xan sarayındakı “Göz yaşı çeşməsi”ndən vəcdə gəlməklə “Bağçasaray fontanı” şeirini yazır. Bu isə sonradan Puşkinin məşhurlaşdığı Rusiya imperiyasında müəyyən mənada Bağçasarayın da taleyinə müsbət təsir göstərmiş olur. Belə ki, məhz Puşkinə və onun yazdığı adıçəkilən əsərə görə, Bağçaray adına, eləcə də Xan sarayına əl dəyilməyib… Bunu krımlılar da belə hesab edirlər. Bu gün isə sanki Bağçasaray fontanı öz yanında ucaldılan Puşkinin heykəlinin kölgəsinə “sığınıb”… Əslində isə öz zamanında güclü bir xanlıqdan yadigar qalan möhtəşəm tarixi abidənin baş ucunda birdən-birə Puşkinin heykəlinin peyda olması həm də bir qədər paradoks doğurur… Yaxud da burada bir mistik əlaqə var - Bəlkə də Puşkinin öz şərqli əcdadlarının ruhundan gələn bir doğma riqqətlə yazdığı “Bağçasaray fontanı” sonda Bağçasarayı həm bir toponim, həm də tarixi abidə kimi qoruyub, günümüzə gətirib çıxarıb, ona görə də Puşkin bu heykəli haqq edir bəlkə də… Axı, Krımda Bağçasaraydan başqa tatarca toponimlərin mütləq əksəriyyəti zaman-zaman dəyişdirilib…
ardı var
İlkin AĞAYEV
Bakı-Krım-Bakı




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info