“Fəaliyyətimizdə gənclərin mədəni və elmi inkişafı ön sırada durur
Tarix: 10.12.2013 | Saat: 23:01:00 | E-mail | Çapa göndər


Ülvi Kazım: “Gənclərimizin respublikada fəaliyyət göstərməsi, gələcəkdə özünə karyera qurması üçün istənilən şərait var”

Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, öz fəallığı, intellekti, müasirliyi ilə seçilir. Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə və tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Azərbaycan Prezidentinin gənclər siyasətinin başlıca məqsədləri gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. Bu sahədə dövlət tərəfindən atılan addımları gənclərimiz də çox yüksək qiymətləndirirlər. Elə müsahibimiz də belə gənclərdən biri olan “Gənclər Şəbəkəsi Təşəbbüsü” İctimai Birliyinin sədri Ülvi Kazımdır.

- Ülvi müəllim, mümkünsə, oxucularımıza özünüzü tanıdın...
- Mən 1984-cü ildə Bakıda doğulmuşam. 2000-ci ildə “Zəkalar” liseyini bitirmişəm. 2002-2007-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışam. Sonra ABŞ-ın Texas ştatında psixologiya sahəsində 6 aylıq kurs keçmişəm. Bundan əlavə olaraq 19 yaşından BMT-nin Azərbaycan nümayəndəliyində 6 il müddətində müxtəlif vəzifələrdə çalışmışam. Həmçinin 2010-2011-ci illərdə Milli QHT Forumunda icraçı direktor işləmişəm. 2011-ci ilin sonunda Avropa-İqtisadi-Ticarət-Kommersiya-və Sənaye-Palatasında Diplomatik Məsələlər və Beynəlxalq Əlaqələr üzrə vitse-prezident vəzifəsinə təyin olunmuşam. Bununla paralel olaraq bir neçə KİV-də rəhbər vəzifələrdə çalışmışam. QHT sektorunda yetərincə təcrübəm var.
-“Gənclər Şəbəkəsi Təşəbbüsü” İB-ni hansı zərurətdən yaradıbsınız?
- BMT-nin Azərbaycan nümayəndəliyində işləyərəkən məni xaricə beynəlxalq layihələrdə iştirak etmək üçün göndərirdilər. Bir neçə dəfə gedib-gəldikdən sonra xaricdəki gənclər təşkilatları və onların fəaliyyətləri ilə tanış oldum. Sonradan qərara gəldim ki, Azərbaycanda yeni gənclər təşkilatı yaradım. Beləliklə, 2002-ci ildə “Gənclər Şəbəkəsi Təşəbbüsü” İctimai Birliyini yaratdım və təsisçisi də özüməm. 2008-ci ildə təşkilat dövlət qeydiyyatından keçdi. O gündən bu günə kimi rəsmi fəaliyyət göstəririk.
-Təşkilat tərəfindən hansı istiqamətlərdə layihələr həyata keçirilib?
- Birinci növbədə gənclərin maarifləndirilməsi, innovativ inkişafı, yeni fikirlərin ortaya çıxması üçün layihələr keçiririk. Eyni zamanda, araşdırma xüsusiyyətli layihələrdə gənclərin iştirakını təmin edirik. Ümumiyyətlə, bizim fəaliyyətdə gənclərin mədəni və elmi inkişafı ön sırada durur. Həyata keçirdiyimiz layihələrin əksəriyyəti mədəniyyət sahəsindədir. Bununla yanaşı gənclərin millət vəkilləri, dövlət məmurları ilə görüşünü, eləcə də Xalq rəssamlarının iştirakı ilə gənc rəssamlara master-klaslar təşkil etmişik. Qarabağ marafonu keçirmişik. Xaricdə “Qarabağ reallıqları və Avropa ölkələri” layihəsini təşkil etmişik. Azərbaycan gənclərinin bələdiyyə seçkilərində iştirak etməsi üçün 20 gənci Türkiyəyə göndərmişik ki, bu sahədə təcrübə əldə etsinlər. Bu gün 70-ə yaxın gənc bizim koordinasiyamızla xaricdə təhsil alır. Qısa video-çarxlar vasitəsilə kreativ gənclərin cəmiyyət problemlərinin həlli ilə bağlı təkliflərini almışıq. Sonra gənclərin dövlət idarəçiliyində, QHT sektorunda fəaliyyət göstərməsi üçün layihələr keçirmişik. Eləcə də, gənclərə pulsuz ingilis dili, kompyuter kursları təşkil edirik. İşədüzələtmə ilə bağlı bir blok yaratmışıq ki, sahibkarlar öz iş elanlarını bizə versinlər.
- Dövlətin gənclərə olan diqqət və qayğısından razısınızmı?
- Ümumiyyətlə, gənclər cəmiyyətin gələcəyidir. Təbii ki, gəncliyi düzgün istiqamətləndirmək bütün dövlətlərin prioritet siyasətidir. Gənclər həm elmli, həm də mənəvi dəyərlərinə bağlı olmalıdırlar ki, gələcəkdə hər hansı bir problemin, həyat qayğılarının qarşısında aciz qalmasınlar. Bu gün Azərbaycan Respublikasında da gənclərlə iş dövlət siyasətinin prioriteti və mühüm tərkib hissəsidir. Gənclərimizin respublikada fəaliyyət göstərməsi, gələcəkdə özünə karyera qurması üçün istənilən şərait var. Hazırda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı icra olunur. Bu proqramın nəzəriyyəsi unikal bir formadadır. Təbii ki, mərhələ-mərhələ tədbirlər planına uyğun olaraq proqram həyata keçirildikcə, Azərbaycan gəncliyi üçün yeni bir fikir düşünməkdən başqa bir iş qalmayacaq. Yəni, gənclərimiz sadəcə inkişaf üçün yeni ideyalar və yollar axtaracaq, cəmiyyətimizin idarə olunmasına yeni töhfələr verəcəklər. Artıq bizdə savadlı gənclər universiteti formalaşıb və bu proses davam edir.
Bu gün Azərbaycan gənclərindən beyin mərkəzi kimi istifadə edən Qərb ölkələri var. Beyin mərkəzləri var ki, heç onlar haqda informasiyamız yoxdur, amma gedib tanış olduqda görürsən ki, orada azərbaycanlılar da fəaliyyət göstərir. Bu yaxınlarda mən Almaniyada laboratoriya müdiri işləyən Vüqar adlı şəxslə tanış oldum. O, Almaniyada xərçəng xəstəliyinin istiqamətini ölçən cihaz ixtira edib. Yəni bunu deməkdə məqsədim odur ki, Azərbaycan gəncləri kimi savadlı, hazır ixtisaslı kadr, beyin mərkəzləri hesab olunan gənclər dünyada çox az ölkələrdə var. Mən, Qərb ölkələrində olanda hərdən əcnəbi gənclərə dövlət strukturu ilə bağlı suallar verirəm. Məsələn, Çin, Hindistanın harada olduğunu soruşuram. İnanın ki, əksəriyyəti bilmirlər. Amma bizim istənilən gəncimizdən bu kimi suallara tam aydın cavab almaq olur.
Əslində bütün ölkələrdə Şərqdən ged ən beyinlər var. Bu baxımdan Azərbaycan gəncləri də çoxluq təşkil edir. Azərbaycan planlı şəkildə gənclərini xaricə göndərir ki, onlar dövlətin görünən interfeysi olsun. Yəni Azərbaycanın da belə gəncləri olduğunu dünya bilsin. Eyni zamanda özümüzdə də yetərincə istedadlı gənclər çoxdur. Sadəcə olaraq onları inkişaf etdirmək, şərait yaratmağın lazım olduğunu bizim dövlətimiz hiss edir, bilir, yəqin edir və buna görə də Gənclər və İdman Nazirliyinin səlahiyyətlərini artırdı. Baxdı ki, bu, yetərli deyil və Azərbaycan gəncləri daha da çoxuna layiqdir. Prezident yanında Gənclər Fondu yaradıldı. Həmin Fonda illik 5 milyon pul ayrılır. Baxın, Azərbaycanda 330-dan çox gənclər təşkilatları dövlət qeydiyyatından keçib. Bu qədər gənclər təşkilatına ildə 5 milyon manat maliyyə ayırmaq Azərbaycan dövlətinin qayğısı deyilmi? Bu fonddan eyni zamanda hər hansı gənc də fərdi şəkildə layihə təqdim edib qrant ala bilər. Gənclər təşkilatlarına Gənclər və İdman Nazirliyi, bəzi sosial məsələlərlə bağlı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası da qrant ayırır. Bundan başqa Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq donor təşkilatları da var.
-Azərbaycan kimi başqa ölkələrdə də dövlət gənclərə bu qədər dəstək göstərirmi?
- Səmimi deyəcəm. Elə ölkələrə rast gəlmişəm ki, gənclərə bundan artıq diqqət göstərilir. Elə ölkələrə də rast gəlmişəm ki, bizdəkindən çox-çox aşağı səviyyədə gənclərə diqqət göstərilir. Amma gənclərə bizim ölkədən çox diqqət göstərən ölkələrə rast gəlsəm belə, oradakı gənclərin potensialı, savadı olmadığı üçün bizim gənclərlə müqayisə oluna bilmirlər.
-Demək, Azərbaycan gənci öz potensialına görə istənilən Qərb ölkəsinin gənclərindən daha potensiallıdır...?
- Bu gün Azərbaycan gənci nəinki istənilən Qərb ölkəsini, istənilən cəmiyyəti təkbaşına idarə etməyə qadirdir. Bunun üçün gənclərimizin hər cür potensialı var. Azərbaycan gəncində intellektual xammal o qədərdir ki, dövlətimizin bizə ayırdığı pul, sadəcə olaraq o xammalı aktiv bir formaya gətirib çıxarmaq üçün lazmıdır. İkinci də, səlahiyyətin verilməsi də əsas şərtdir. Bizim dövlətimiz gənclərə bu səlahiyyəti verib ki, onlar daxillərindəki o xüsusiyyətləri aktiv edirlər. Dövlətmizin gənclərə verdiyi bu ictimai poliqon gənclərimizdə mövcud olan həvəsi birəbeş artırır.
-Hazırda hansı layihə həyata keçirirsiniz?
- Hazırda işlədiyimiz layihə “Təbiəti hiss et” adlanır. Bu layihə ekoloji maarifləndirmə xarakterlidir. Bu layihəyə mən Türkiyədə qatılmışam və çox xoşuma gəlib. İnsanların təbiəti çirkləndirməsinin qarşısı alınmalıdır. Gəncliyimizdə, ümumiyyətlə, vətəndaşlarımızda ictimai olaraq bu mədəniyyətin formalaşmasına köməklik göstərmək və bunlara daimi riayət etmək lazımdır. Ona görə də bu layihə çərçivəsində gənclərlə maariflənmə işləri görüləcək, qısametrajlı reklam çarxları çəkiləcək, bukletlər hazırlanıb ictimaiyyət arasında paylanacaq. Həmçinin bəzi yerlərdə bizim maarifləndirici plakatlar asılacaq.
-Sizin rəhbəri olduğunuz QHT-nin beynəlxalq əməkdaşlığı hansı səviyyədədir?
- Bizim Türkiyə, Baltikyanı ölkələr, Gürcüstan, Macarıstan, ABŞ, İngiltərə, Rusiya, Finlandiya və s. ölkələrdə layihələrimiz olub. Bu ölkələrin öndə gedən əksər QHT-ləri ilə əməkdaşlıq edirik. Biz 12 Avropa ölkəsində “Qarabağ reallıqları və Avropa ölkələri” layihəsini keçirmişik. Qarabağla bağlı təbliğati materiallar aparıb paylamışıq.
-Gələcəkdə hər hansı xarici ölkədə növbəti layihə keçirməyi planlaşdırırsınız?
-Birinci növbədə yenə də Qarabağla bağlı layihələr etmək istəyirik. İndi bu dəqiqə xaricdə Qarabağla keçirilən layihələrdə səthi məlumatlar verilir. Qarabağ reallıqları deyirlər, amma Qarabağla bağlı məlumatları yetərincə kütləyə çatdıra bilmirlər. Sadəcə olaraq deyirlər ki, bizim torpaqlarımız zəbt olunub.Yəni tarixi baxımdan çox zaman detallar izah edilmir. Bu da yetərli deyil. Ona görə də istəyirəm ki, Avropa ölkələrinin əksəriyyətində, Qarabağ, ümumiyyətlə, Azərbaycan torpaqları hansı ərazini əhatə edir, haraları əhatə edib və günümüzə qədər hansı formada parçalanaraq gəlib çıxması ilə bağlı layihə keçirim.
Bir də milli-mənəvi dəyərlərimizi xaricdə təbliğ etmək istəyirəm. Mən dünyanın 56 ölkəsini gəzmişəm. Bütün Qərb ölkələrinin əksəriyyətinin yeni innovativ fikirlərinin kökündə yenə də Şərq ölkələri durur. Tarixdən də bu açıq-aydın görünür. Yəni mən Qərbdə bir dəyər görmədim. İnanın mənə, Şərqdə və bizdə olan mənəvi dəyərlər çox ölkələrdə yoxdur. Həmin dəyərləri Qərb ölkələrində təbliğ etməliyik. Çünki bu insani keyfiyyətlər üzərində yaşayan ailə, cəmiyyət həmişə davamlı şəkildə inkişaf edər və heç zaman onlarda problemlər olmaz. İnsanın ki mənəviyyatı boş olur, bağlanmağa dəyərləri olmur, onda yaşamaq zorlaşır. Azərbaycanda oğuz türkündən gələn mədəniyyət var. Xaricilərə adət-ənənələrimizi, ailə dəyərlərimizi izah edəndə onlar bizim xalqla çox yaxından maraqlanırlar. Əslində, savadlı xaricilər dəyərin özünü axtarır. Əksəriyyətinə fikir verin, naturaya üstünlük verirlər. Bakıya gələn əksər əcnəbilər İçəri şəhərə gedirlər. Yəni kökə qaçırlar. Onların daxilində bu təlabat var. Mən də xaricdə bununla bağlı layihələr keçirmək istəyirəm, çünki dünya da bunu axtarır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info