Qərənfil Həsənova: “Amerikalı tələbələr paytaxtımızı öz gözləri ilə görmək istəyirlər”
Tarix: 11.12.2013 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


“Amerikadakı həmyerlilərimizin bir-birilərinə yardımlarını əsirgəməmələri təqdirəlayiq haldır”

“Palitra”nın xaricdə təhsil alan tələbələrlə bağlı rubrikasının budəfəki qonağı Qərənfil Həsənovadır. Qərənfil Həsənova təhsilini uğurla davam etdirməklə yanaşı,yaşadığı şəhərdə etdiyi könüllülük fəaliyyətinə və ölkəmizin mədəniyyətini uğurla təmsil etdiyinə görə ABŞ prezidenti tərəfindən Prezidentin Fəxri Döş Nişanı ilə təltif edilən gənclərdən biri olub. Qərənfil Həsənovanın digər uğurları da olub və hazırda o öncül, adı birincilər sırasında hallanan xaricdə təhsil alan gənclərimizdən sayılır. Gənc fəalımızla olan maraqlı müsahibəni oxuculara təqdim edirik.
- İlk olaraq özünüz barədə məlumat verərdiniz.
- Mən 1991-ci ildə Lənkəran rayonunun Veravul kəndində doğulmuşam. 10 illik orta məktəb həyatım ərzində (xüsusi imtahan verərək, təhsilə birbaşa ikinci sinifdən başlamışdım) 3 müxtəlif məktəbdə - Veravul kənd 2 saylı orta məktəbində, Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada, daha sonra isə 4 saylı məktəb liseydə təhsil almışam. Orta məktəbdə daim müxtəlif fənn olimpiadalarının qalibi olmuşam, 2 dəfə “İlin şagirdi” seçilmişəm. Eyni zamanda, müxtəlif qəzet və jurnallarda ingilis dilindən tərcümə etdiyim qısa məzmunlu hekayələrim də dərc olunurdu. Hətta belə fəaliyyətlərimdən biri də “Palitra” qəzeti ilə bağlıdır. 5-ci sinifdə oxuyarkən sizin qəzetin elan etdiyi “Mən yay tətilimi necə və harada keçirdim?” inşa müsabiqəsinin qalibi olmuşdum. İndi də hər dəfə “Palitra” qəzetinə rast gələndə bir anlıq qalibiyyət məktubunu aldığım o günə qayıdıram.
11-ci sinifdə oxuyarkən Amerika Dövlət Departamentinin maliyyələşdirdiyi Gələcək Liderlərin Mübadiləsi (FLEX) proqramının qalibi seçildim və bir illik Amerikada orta məktəbdə təhsil almaq hüququ əldə etdim. Eyni ildə də Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul oldum. ABŞ-da təhsil aldığım müddətdə bir sıra uğurlarım oldu. Lakin ən önəmlisi yaşadığım şəhərdə etdiyim konüllülük fəaliyyətinə və öz ölkəmin mədəniyyətini uğurla təmsil etdiyimə görə Prezident Corc Buş tərəfindən Prezidentin Fəxri Döş Nişanı ilə təltif edilən gənclərdən biri seçilməyim oldu.
Məhz ABŞ-ın Pensilvaniya ştatında keçirdiyim bu bir il Amerika təhsil sistemini yaxından tanımağıma kömək etdi və qərara aldım ki, gələcəkdə təhsilimi bu ölkədə davam etdirim. Hazırda Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbində magistr pilləsi üzrə təhsil alıram.
-ABŞ-da təhsil almağa qərar verəndən sonra sizə ilk dəstək haradan gəldi?
-Təbii ki, ilk dəstək anamdan, daha sonra isə dostlarımdan oldu. Ümumiyyətlə, nəticə əldə edənə qədər planlarımı kiminləsə bölüşməyi sevmirəm. Hətta bəzən yaxınlarım buna görə məndən inciyirlər də. Sadəcə düşünürəm ki, əsas məsələ sonda əldə olunan nəticədir, onu əldə edənə qədər hansı əziyyətlərdən keçməli olduğumuz, neçə dəfə cəhdlər etdiyimiz deyil.
-ABŞ təhsil sisteminin özəllikləri nədən ibarətdir? Bir qədər də təhsil aldığınız universitet barədə məlumat verərdiniz.
-ABŞ təhsil sistemi ilə ilk dəfə tanış olduğumda ən çox sevdiyim müəllim və tələbələr arasında dost münasibətinin mövcud olması, tələbələrin hüquqlarına hörmətlə yanaşılması oldu. İstər orta məktəbdə, istərsə də universitetdə tələbəni tapşırılan materialı öyrənməyə məcbur etmək, hazır olmadığı dərsə cavab almaq halları olmur. Müəllim hansısa tələbənin geri qaldığını görürsə, dərhal öz əlavə yardımını təklif edir, qəbul edib-etməmək tələbənin öz öhdəsinə buraxılır.
Azərbaycanla müqayisədə xaricdə, xüsusən də Amerikada magistr dərəcəsinə, adətən 27-28 yaşdan sonra başlayırlar. Ona gorə də dərslərin məzmunu nisbətən daha ağır, həcmi isə daha çox olur. Mənim təhsil aldığım Kolumbiya Universiteti ABŞ-ın Harvard, Prinston və digər tanınmış universitetlərinin də daxil olduğu məşhur “Ivy League Universities” siyahısına daxildir və bu baxımdan bəzən dərs materialları daha ağır olur. Eyni zamanda, bizlər üçün bir çox imkanlar yaradılır, BMT, Dünya Bankı və digər nüfuzlu təşkilatlarla sıx əməkdaşlıqlar edilir, onların sessiya və tədbirlərində iştirakımız təmin edilir və s. Ən önəmli faktor olaraq isə müəllim və professor heyətinin nüfuzlu siyasətçilərdən ibarət olması, tanınmış liderlərin, müxtəlif dövlət başçılarının tez-tez universitetə dəvət edilmələri faktını qeyd etmək istərdim. Bu cür görüşlərin təşkil edilməsi biz tələbələrə hazırda dünyada baş verən hadisələri ən güclü siyasi liderlərlə müzakirə etmək imkanı yaradır və hesab edirəm ki, bu, tədris prosesinə, materialların daha asanlıqla mənimsənilməsinə çox yardım edir.
- ABŞ-da daha çox hansı sahələr üzrə təhsil almaq perspektivli sayılır?
- Düzünü desəm, Amerikada hansısa peşənin digərinə nisbətən daha perspektivli və ya üstün sayıldığını düşünmürəm. Önəmli olan seçdiyin sahəyə marağının olması, gələcək peşəni sevməyindir. Universitetlərdə bir qayda olaraq bir çox ixtisasları əhatə edən proqramlar olur, amma əksər hallarda universitet bir sahə üzrə ixtisaslaşmış sayılır. Məsələn, idarəçilik, siyasət üzrə təhsil almaq istəyənlər adətən bu sahədə tanınmış olan Harvard, Kolumbiya, Corctaun universitetlərinə müraciət edirlər.
- Bildiyimiz qədəri ilə ermənilər bu ölkədə kifayət qədər aktivdirlər. Azərbaycanlı tələbələrin təşkilatlanma işləri, təbliğatların aparılması və s. kimi fəaliyyətləri sizi qane edirmi?
- Artıq Amerikada təhsil alan gənclərimizin sayı yetərincə olsa da, Kolumbiya Universitetində sayımız çox azdır – cəmi 5 nəfərik. Erməni tələbələrin sayı isə bizimlə müqayisədə qat-qat çoxdur. Amma belə yerdə yaxşı deyiblər ki, “Əsas kəmiyyət deyil, keyfiyyətdir”. Tələbələrin təşkilatlanma işlərinə gəldikdə, xaricdə təhsil alan tələbələrimizlə bağlı təşkilatımızın rolunu xüsusi qeyd etmək istərdim. Daim fəaliyyətimizi dəstəkləyən, yardım etməyə hazır olan bir təşkilatın olduğunu bilmək çox önəmlidir. Çalışırıq ki, tələbələrimizin problemləri ilə yaxından tanış olaq, onlara dəstək verək, bir araya gətirərək, onların şəbəkələşmələrini təmin edək ki, gələcəkdə də bu əlaqələr davam etsin.
Azərbaycanın imici bir növ bizlərdən asılıdır. Bizim davranışımız, nailiyyətlərimiz ölkəmiz haqqında ümumi fikirin formalaşmasına çox yardımçı olur. Dərs ilinin cəmi 3 ay əvvəl başlamasına baxmayaraq, yeni dostlarım artıq Azərbaycan haqqında daha çox biliyə malikdirlər. Bəziləri yay tətilində Bakıya qayıtdığımda mənimlə birlikdə gəlib paytaxtımızı öz gözləri ilə görmək istəyirlər. Hətta artıq dəhlizdə mənimlə azərbaycanca salamlaşıb, hal-əhval tutanlar da var.
-ABŞ-da son illərdə Qarabağ münaqişəsi ilə bağlı xeyli müsbət yöndə işlər görülür. Tələbələr arasında bu istiqamətdə tədbirlər, təbliğatlar aparırsınızmı?
- Doğru vurğuladınız, son zamanlar bu istiqamətdə müsbət işlər çoxalıb. Əlbəttə, hər bir azərbaycanlı kimi Qarabağ münaqişəsi haqqında təbliğatlar aparmaq bizim ən qabaqcıl məqsədlərimizdən biridir. Yaxın günlərdə Xankəndinin işğalının 22-ci ildönümü ilə bağlı “Qarabağın səsi” layihəsini keçirməyi planlaşdırırıq. Bu layihə ilin əvvəlində Avropanın müxtəlif şəhərlərində həyata keçirilsə də, Amerikada ilk dəfə baş tutacaq. Belə tədbirlər zamanı istər Nyu York və Vaşinqtonda, istərsə də Amerikanın digər şəhərlərində yaşayan həmyerlilərimizin bir-birlərinə yardımlarını əsirgəməmələri çox təqdirəlayiq haldır.
-Dünyanın superdövləti sayılan ölkədə yaşayırsan. Bir qədər də buranın həyat səviyyəsi, amerikalıların mədəniyyəti, adətləri haqqında məlumat verərədin.
- Amerika həqiqətən də “Yeni dünya” dır. Ölçü və çəki vahidlərindən tutmuş həyat tərzinə qədər, hər mənada digər ölkələrdən fərqlənir. Burada həyat səviyyəsi yüksəkdir, amma təbii ki, əhalinin hamısı eyni gəlirə malik deyil. Kimlərsə 2 günlük həftə sonunu Las Veqasda keçirir, kimlərsə də həmin günləri ikinci iş yerində çalışmaqla. Amerikada olanda insanda belə bir fikir formalaşır ki, həyata keçməsi mümkün olmayan arzu yoxdur. İstənilən an küçədə, restoranda ən çox sevdiyin aktyor və müğənniləri görmək, dərsə getdiyin vaxt təsadüfən hansısa filmin çəkilişlərində iştirak etmək qeyri-adi hal sayılmır. İnsanlar sərbəstdirlər – heç kim digərlərinin geyimini, saç düzümünü, həyat tərzini müzakirə etmir, bunu fərdin müstəqil qərarı kimi qəbul edir. Buranın adamları həqiqətən də mehribandırlar. Bir çox hallarda metroda, ticarət mərkəzində tanımadığın insanlar səninlə salamlaşır, kömək lazım olanda yorulmadan, gülərüzlə sonadək sənə yardım edir, lazım olan məsələləri izah edirlər. Amerikalılar həm də əməksevərdirlər. Onlar gənc yaşlarından çalışmağa başlayırlar və 15-16 yaşından sonra ailəsindən maddi dəstək alan gənc özünü dünyanın ən xoşbəxt insanı hiss edir.
-Gələcək hədəflərin, planların barədə danışardın. Ölkəmizə qayıdıb biliklərini burada tətbiq edəcəksənmi?
- Hədəflərim çoxdur, onları həyata keçirmək üçünsə üzərimə çox ağır məsuliyyət düşür. Çətinliklərdən qorxub geri çəkilməyi qətiyyən sevmirəm, ona gorə də inanıram ki, ən azından bir qisminin öhdəsindən gəlməyi bacaracam. Amma hazırda qarşımda olan məqsədim universiteti bitirdikdən sonra Azərbaycana qayıtmaq, burada öyrəndiyim bilikləri orada tətbiq etmək və ölkəmizin inkişafında zərrə qədər də olsa rol oynamaqdır.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info