Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Müştərək Komissiyanın 3-cü iclası olub
Tarix: 11.12.2013 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Dekabrın 11-də Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyasının 3-cü iclası keçirilib. Bakı Biznes Mərkəzində keçirilmiş tədbirdə hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının nümayəndələri iştirak ediblər.
İqtisadiyyat və sənaye naziri, Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev hazırda Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mehriban dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu, Müştərək Komissiyanın ikitərəfli əməkdaşlığın genişləndirilməsinə verilən əhəmiyyətin göstəricisi olduğunu vurğulaıb. Qeyd edilib ki, ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri böyük rol oynayır. Belə ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri, İki Müqəddəs Ocağın xadimi, Kral Əlahəzrət Fəhd bin Əbdüləziz Al Səudla keçirdiyi görüşlər əlaqələrimizin inkişafında dönüş nöqtəsi olmuş, yüksək səviyyəli əməkdaşlığın təməli qoyulub. Prezident İlham Əliyevin 2005-ci ildə Səudiyyə Ərəbistanına səfəri çərçivəsində dövlət rəsmiləri ilə keçirdiyi mühüm görüşlər və imzalanmış sənədlər iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin inkişafına təkan verib. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər. Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində ölkəmizin beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyini daim dəstəkləyir və işğalçı ölkə ilə diplomatik münasibətlərin qurulmasından imtina edir. Azərbaycan Səudiyyə Ərəbistanı dövlətinin bu mövqeyini yüksək qiymətləndirir.
Nazir Şahin Mustafayev bildirib ki, Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasəti regionda əməkdaşlığa ən böyük maneədir və Azərbaycan torpaqları azad edilməyənədək işğalçı ölkənin regional layihələrdə iştirakına imkan verilməyəcək.
Vurğulanmışdır ki, Azərbaycan və Səudiyyə Ərəbistanı arasında indiyədək müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 10-dan çox sənəd imzalanıb. Ticarət dövriyyəsinin həcmində müsbət dinamika müşahidə edilir. Azərbaycanda fəaliyyət göstərən Səudiyyə Ərəbistanı kapitallı 6 şirkət tərəfindən ölkə iqtisadiyyatına 368 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Bununla belə, ticarət və investisiya əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük imkanlar var. Bu baxımdan iş adamlarının iştirakı ilə müntəzəm olaraq biznes forumların və sərgilərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Nazir dünən keçirilmiş biznes forumun iqtisadi, ticarət və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edərək deyib ki, Müştərək Komissiyanın əvvəlki iclasından ötən dövr ərzində ölkələrimiz arasında iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin inkişafı istiqamətində bir sıra işlər görülüb. Eyni zamanda, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişin və Xırdalan şəhərində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi üzrə müvafiq kredit sazişinin imzalanması nəzərdə tutulur. Bundan başqa, dənizçilərin sertifikatlarının (diplomların) tanınması, gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım, baytarlıq, fitosanitariya, elmi-texniki əməkdaşlıq, hava əlaqəsi haqqında ikitərəfli sənədlər üzrə danışıqların aparılması planlaşdırılır.
İclasda Azərbaycanın hazırkı sosial-iqtisadi vəziyyəti və qazandığı uğurlar barədə də məlumat verilib. Qeyd edilib ki, ölkədə siyasi və makroiqtisadi sabitlik mövcuddur, iqtisadiyyat davamlı şəkildə inkişaf edir. Belə ki, 2002-2012-ci illərdə ÜDM 3,4 dəfə, adambaşına ÜDM 3 dəfə, dövlət büdcəsinin gəlirləri 19 dəfə, xarici ticarət dövriyyəsi təqribən 9 dəfə, qeyri-neft sektoru 2,7 dəfə, neft sektoru 4,2 dəfə artıb, 1 milyondan çox yeni iş yeri yaradılıb. Yoxsulluğun səviyyəsi son 10 ildə 8 dəfə azalaraq 5,5 faizə enib. Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr nəinki region ölkələrinin, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Transanadolu və Transadriatik qaz kəmərləri isə Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəyyən edilmiş hədəflərə nail olunması ölkəmizin qüdrətinin daha da artmasını, beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini, əhalinin rifahının daha da yaxşılaşmasını təmin edəcək.
Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Müştərək Komissiyanın həmsədri Əbdüllətif bin Əhməd Əl-Osman çıxışında Azərbaycana səfərindən məmnunluğunu dilə gətirib, qonaqpərvərliyə görə təşəkkür edib. Bildirilib ki, ölkələrimizi ümumi dəyərlər və qədim tarix birləşdirir və Səudiyyə Ərəbistanı Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki haqlı mövqeyini dəstəkləyir. Səudiyyə Ərəbistanının Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini qeyd edən həmsədr komissiyanın ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli rol oynadığını söyləyib, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini paylaşıb. Əbdüllətif bin Əhməd Əl-Osman çıxışında, həmçinin Səudiyyə Ərəbistanının iqtisadiyyatına dair məlumat verib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov və Səudiyyə İnkişaf Fondunun nümayəndəsi Muhammad Al-Başir hər iki ölkənin biznes və investisiya imkanları, Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu çərçivəsində iş adamları arasında aparılan ikitərəfli görüşlərin nəticələri barədə danışıblar.
Sonda Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 3-cü iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Müştərək Komissiyanın həmsədrləri – iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri Əbdüllətif bin Əhməd Əl-Osman imzalayıblar. Protokola əsasən, iki ölkə arasında iqtisadi-ticarət və investisiya, sənaye və energetika, kənd təsərrüfatı, bank və maliyyə, mədəniyyət və turizm, təhlükəsizlik, idman və gənclik, elm və təhsil, səhiyyə, mətbuat, hava əlaqəsi sahələrində əməkdaşlığın və hüquq-müqavilə bazasının genişləndirilməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info