“İnsan alverinə qarşı mübarizədə dövlətlə QHT-lər arasında isti münasibət mövcuddur”
Tarix: 11.12.2013 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Ramiz Alıyev: “Dövlətin insan alveri sahəsində vətəndaş cəmiyyəti institutları ilə apardığı birgə mübarizə öz nəticəsini verməkdədir”

İnsan alveri bu gün dünyanı ən çox narahat edən problemlərdən biridir. Hər il minlərlə şəxs insan alverinin qurbanına çevrilir. Bu məsələ ilə bağlı mübarizə aparılsa da, əsaslı nəticələr əldə olunmur. QHT-lərin də bu sahədə fəaliyyəti önəm daşıyır. İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı da bu sahədə fəaliyyət göstərir. Təşkilatın sədri Ramiz Alıyev qəzetimizə müsahibəsində bu sahədəki problemlərdən və gördüyü işlərdən danışdı.

- İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı bütün dönəmlərdə olduğu kimi bu il də öz istiqaməti üzrə fəaliyyət göstərib və maarifləndirmə tədbirləri həyata keçirib. Çalışmışıq ki, apardığımız maarifləndirici layihələrimizlə, KİV-də çıxışlarımızla bu problemi daha da diqqət mərkəzinə gətirək və problemin həlli yollarını axtaraq. Ölkəmizdə sosial şəbəkələrə maraq olduqca böyükdür. Əksər istifadəçilərin də gənclərdən ibarət olduğunu düşünsək demək olar ki, sosial şəbəkələr vasitəsi ilə insanların maarifləndirilməsi məqsədəuyğun bir iş olar ki, biz bundan da səmərəli şəkildə istifadə edirik. Eyni zamanda hər il olduğu kimi bu il də, maarifləndirmə sahəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ilə sıx və səmərəli şəkildə əməkdaşlıq etmişik. Hazırda da müəyyən maarifləndirici layihələrlə bağlı işlər aparılır. Çalışırıq ki, müasir dövrün nəbzinə uyğun olan layihələr olsun.
- Hansı layihələri reallaşdırmısınız?
- Təşkilatımız bu ilin ilk aylarından müxtəlif növ maarifləndimə üsullarından istifadə edərək bir çox tədbir və seminarlar reallaşdırıb və təşkilatımızın nümayəndələri KİV-də maarifləndirici çıxışlar edib. Sosial şəbəkələr vasitəsilə gənclər sözügedən problemlə yaxından tanış edilib. Aprel-iyun aylarında isə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda maarifləndirmə tədbirləri həyata keçirilib. Regionlarda layihələrin keçirilməsi çox effektli bir nəticələr verir. Ona görə ki, region əhalisinin informasiya qəbul etməsi paytaxt əhalisindən fərqlidir. Məhz ona görə də, insan alveri qurbanlarının əksəriyyəti regionlarda yaşayan insanlardır. Buna görə də hesab edirəm ki, vətəndaş cəmiyyətinin nümayəndələri layihələrinin əksəriyyətini regionlarda, ucqar kəndlərdə həyata keçirsələr daha keyfiyyətli nəticə əldə etmək mümkün olar. Bizim layihələrin böyük əksəriyyəti regionlarda həyata keçirilib. Hazırda da müxtəlif növ maarifləndirmə üsullarından istifadə edərək vətəndaşlarımızı bu problemlə yaxından tanış etməyə və insan alverinə qarşı birgə mübarizə aparmağa çalışırıq.
- İnsan alverini yaradan amillər hansılardır?
- Konkret demək çətindir ki, bu problemi hansı amil yaradır. Ancaq bu da həqiqətdir ki, insan alveri bir çox amillər nəticəsində yaranan bir problemdir. Bütün dövrlərdə olduğu kimi hazırda da dünyanın hər bir nöqtəsində insan alveri problemi mövcuddur. Ancaq biz mütləq deməliyik ki, hər bir ölkədə də bu problemin həlli yolları ilə bağlı atılan addımlar eyni deyil. Əgər dünyanın bütün əhalisi insan alveri ilə bağlı eyni dərəcədə mübarizə aparsa təbiidir ki, problem aradan qalxar. Təəssüflər olsun ki, dünyanın hər bir yerində digər problemlər kimi bu problemlə də mübarizə aparanlara yanaşı, həmin problemin daha da çoxalmasını istəyən insanlar var. İnsan alverini yaradan ən birinci amil insanların kifayət qədər məlumatlı olmamasıdır. Yəni insanların maariflənməsi yüksək səviyyədə olsa, onları heç kim aldada bilməz. Ümumilikdə insan alveri cinayəti ilə məşğul olan cinayətkarlar informasiya qıtlığı olan yerlərdə özlərinə daha asan qurban tapırlar. Buna görə də insan alveri ilə qətiyyətli mübarizə aparan bütün ölkələr öz əhalisinin müxtəlif yollarla maariflənməsinə şərait yaradır və dəstək göstərir. Bilirsiniz ki, insanların maarifləndirilməsində ən çox yük məhz vətəndaş cəmiyyətinin üzərinə düşür. Ölkəmizdə də bu sahəyə çox ciddi diqqət var. Dövlət istər özü, istərsə də QHT-lər və KİV vasitəsi ilə insanların maariflənməsinə şərait yaradır. Qətiyyətli mübarizə aparmaqla yanaşı maarifləndirmə işlərinə də böyük dəstək olur. Buna görə də, dövlətlə vətəndaş cəmiyyəti arasında bir isti münasibət mövcuddur.
- QHT-lərin bu istiqamətdəki fəaliyyəti qaneedicidirmi?
- Heç bir sahədə qüsursuz iş yoxdur. Demək olmaz ki, bütün QHT-lərin fəaliyyəti mükəmməldir və yaxud da bütün QHT-lər öz fəaliyyətləri ilə problemlərlə mübarizə aparmaq niyyətindədir. Hərdən bəzi QHT-lər elə çıxışlar edir ki, adamın inanmağı gəlmir. Amma ümumilikdə qeyd edə bilərəm ki, hazırda insan alveri ilə mübarizə aparan vətəndaş cəmiyyətinin nümayəndələrinin əksəriyyəti öz uğurlu işləri ilə insan alverinə qarşı mübarizə sahəsinə töhfələr verməkdədir.
- Dövlətin insan alverinə qarşı mübarizə sahəsində apardığı fəaliyyətini necə qiymətləndirirsiniz və hansı dövlət orqanı bu problemlə daha səmərəli mübarizə aparır?
- Dövlətin bu sahədə atdığı addımları görmək çətin deyil. Hər kəsin gözünün görə biləcəyi qədər böyük işlərdir. İstər cinayətkarlığa qarşı mübarizə sahəsində aparılan işlər, istərsə də maarifləndirmə işlərində verilən dəstəkləri xüsusən qeyd etmək lazımdır. İnsan alveri qurbanı üçün yaradılan şərait, insan alveri qurbanına ayrılan müavinət, yaradılan sığınacaq, onlara müxtəlif növ peşə kurslarının keçirilməsi, vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq və s. dövlətin apardığı uğurlu işlərdəndir. Dövlətin vətəndaş cəmiyyəti institutları ilə apardığı birgə mübarizə nəticəsini verməkdədir. Bilirsiniz ki, ABŞ Dövlət Departamenti hər il insan alverinə dair hesabat açıqlayır. 2013-cü il üçün hesabatına görə, sevindirici hal odur ki, ölkəmiz 3-cü kateqoriyadan 2-ci kateqoriyaya qalxıb. Yəni bu, o deməkdir ki, aparılan uğurlu işlər öz bəhrəsini verməkdədir. Azərbaycan dövləti hər zaman vətəndaşlarının taleyi ilə bağlı, onların hüquq və azadlıqlarının qorunması yolunda lazım olan addımlar atır. Eyni zamanda vətəndaş cəmiyyətinin bir çox nümayəndələri də hər zaman ölkəmizin və ölkə vətəndaşlarının maraqlarını öndə tuturlar. O ki qaldı hansı dövlət orqanının insan alverinə qarşı mübarizə sahəsində daha yaxşı iştirakı ilə bağlı sualınıza, mən deyərdim ki, aidiyyəti orqanların hər biri bu mübarizəyə öz töhfəsini verməkdədir. Bilirsiniz ki, İnsan Alverinə Qarşı Mübarizə Komissiyası var və komissiyada dövlət orqanlarından nümayəndələr vardır. Komissiyanın rəhbəri daxili işlər nazirinin müavini, polis general- leytenantı Vilayət Eyvazovdur. Hesab edirəm ki, İnsan Alverinə Qarşı Mübarizə Komissiyası uğurlu fəaliyyət göstərir və daha da uğurlu işlər qarşıdadır. Hər birimiz öz işlərimizlə Komissiyanın fəaliyyətinə dəstək olmalıyıq. Fikrimcə, Vətəndaş Cəmiyyətinin nümayəndələri ən çox DİN-nin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ilə sıx əməkdaşlıq edir, idarədə mütəmadi olaraq QHT-lərlə görüşlər keçirilir, müzakirələr aparılır, mövcud problemlə mübarizə sahəsində yeni vasitələr axtarılır. İnsan Alverinə Qraşı Mübarizə üzrə QHT koalisiyası ilə Milli Koordinator arasında Memorandum da imzalanıb. Bu memorandumun imzalanması uğurlu və qarşılıqlı əməkdaşlığa gözəl bir töhfə kimi başa düşülməlidir. Eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə ilə tədbirlər və seminarlar təşkil olunur.
- Ümumiyyətlə, bu problemi birdəfəlik necə həll etmək olar?
- Bu problemin tam həlli hazırkı dövr üçün hələlik heç bir dövlətdə mümkün olmayıb, ancaq qətiyyətli şəkildə aparılan mübarizə sahəsində müəyyən irəliləyişlər əldə etmək mümkündür. Bura həm cinayətkarlarla mübarizə, həm də insanların bu problemlə bağlı maariflənməsi daxildir. Hansı ölkədə bu mübarizə növləri qarşılıqlı şəkildə birgə gedirsə, orada müsbət irəliləyişlər əldə olunur. İnsanlar nə qədər bu problem haqqında maariflənsələr bu cinayətlər də bir o qədər az olar. Əgər bu problemin həll olmasını istəyiriksə, hər bir vətəndaşımız bu işdə dəstək olmalıdır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info