Krım - gözəl turizm məkanı və əsrarəngiz tarixi diyar...
Tarix: 11.12.2013 | Saat: 22:23:00 | E-mail | Çapa göndər


III yazı

Krımla bağlı II yazımızda qeyd etmişdik ki, Krımda tatar-türk toponimlərinin mütləq əksəriyyəti zaman-zaman dəyişdirilib. Həmçinin I yazımızda onu da qeyd etmişdik ki, Stalin zamanında tatarlar kütləvi şəkildə repressiyaya uğrayaraq, Orta Asiyaya sürgün edilmişdilər. Onlar sonralar repatriantlar kimi geri dönsələr də, bu, bütün tatarlara şamil edilmədi. Ona görə də tatarlar Krımda milli azlıqlardan birinə
çevrildilər.


Hazırda isə Krımda qeyri-rəsmi məlumatlara görə 250 min nəfər civarında tatar yaşayır. Bu barədə rəsmi statistika isə sadəcə olaraq, mövcud deyil. Aldığımız məlumatlardan o da bəlli oldu ki, siyahıyaalmada və pasportda tatarlar da “ukraynalı” kimi qeyd olunurlar və onların milliyyətləri göstərilmir. Bələdçimizlə tatar icması və ya ailəsi ilə görüş barədə anlaşsaq da, proqrama daxil edilmədiyi üçün, bu alınmadı. Amma yolboyu onlardan bir neçəsi ilə rastlaşdıq və söhbətləşdik. Tatarlarla söhbətimiz olduqca maraqlı alınırdı. Çünki bir-birimizlə öz dilimizdə sərbəstcə danışa bilirdik. Tatarcadan elə bir söz olmadı ki, onu anlamayaq. Eləcə də, azərbaycancadan elə bir söz olmadı ki, tatarlar onu anlamasın. Qeyd edək ki, Krım tatarlarının dili öncədən qıpcaq şivəsində olub. Amma sonradan Krım xanlığı Osmanlı imperiyasının vassalına çevrilib, buna görə də Krım tatarlarının dili osmanlıların təsiri altında oğuz ləhcələrindən birinə dönüb. Təbii ki, öz müəyyən xüsusiyyətlərini saxlamaqla. Elə azərbaycanca da oğuz dil qrupuna daxil olmasına baxmayaraq, bizdə də qıpçaq kəlmələri az deyil. Buna görə də Krım tatarları və azərbaycanlılar bir-birini dil baxımından çox yaxşı anlayırlar...
Amma təəssüf ki, tatarların öz dilində təhsili olmadığı üçün onlar arasında dillərini yadırğayanlar da az deyil. Xüsusən də gənc nəsil tatarca səlist danışmaqda çətinlik çəkir...
Tatarlarla bağlı onu da qeyd edək ki, sürgündən sonra Orta Asiyadan Krıma qayıdan repatriantlar bu gün əsasən toplu halda daha çox infrastrukturdan kənarda yerləşdirilib. Bağçasaraydan Simferopola gedəndə yol boyunca onların saldıqları qəsəbəni görmək mümkündür. Orada əsasən fərdi şəkildə tatar evləri tikilib və normal, müasir infrastruktur gözümüzə görünmədi...

“Müqəddəs şəhər”də nə gördük?

Krımda bir gün vaxtımızı sərf etdiyimiz yerlərdən biri isə Sevastopol şəhəri oldu.. “Sevastopol” sözü yunancadan tərcümədə “təzimə, səcdəyə layiq, müqəddəs şəhər” mənası verir. Bu şəhərdə isə biz Azərbaycan diaspor nümayəndələri ilə görüşdük. Məlumdur ki, İkinci Dünya müharibəsi zamanı buranı rəşadət və qəhrəmanlıqlar göstərən, azərbaycanlılardan ibarət 77-ci atıcı diviziya qoruyub. Şəhərdə Qırmızı Bayraqlı Suvorov ordenli Serqo Ordjonikidze adına 77-ci Simferopol aticı diviziyası hərbçilərinin şərəfinə ucaldılmış xatirə abidəsi durur. O abidəni birlikdə ziyarət etdik və abidənin önünə gül dəstələri düzdük. Qeyd edək ki, bu atıcı diviziya 1920-ci illərdə Bakıda yaradılıb. Azərbaycanlılardan ibarət hərbi birləşmə ikinci cahan müharibəsində Ukraynanın, Qafqazın, Baltikyanı ölkələrin düşməndən azad edilməsində iştirak edib. Azərbaycanlı hərbçilər 1944-cü ildə “Sapun dağ” yüksəkliyinin alınmasında xüsusi rəşadət göstəriblər. Ona görə də Sevastopolda Azərbaycanın mərd oğul və qızlarının xatirəsinə belə bir abidə ucaldılıb...

Krımda azərbaycanlı turistləri cəlb edəcək
çox məqamlar var


Beləliklə, bir daha qeyd edək ki, Krıma səfərimiz müddətində bir çox otellərdə qaldıq, sanatoriya və istirahət mərkəzlərinə baş çəkdik. Bu baxımdan azərbaycanlı turistlər üçün onu da deyə bilərik ki, qaldığımız “İmperiya”, “Radisson”, “Palmira-Palas”, həmçinin “Villa Yelena” və “Yalta-İnturist” otellərində istirahətini Qara dənizin Krım sahillərində keçirmək istəyənlər üçün hər cür şərait yaradılıb. Bütün qeyd etdiyimiz, eləcə də etmədiyimiz turizm obyektlərində çimərlik, istirahət, əyləncə, müalicə bir məkanda toplanıb. Krım əsasən yay turizmi üçün daha əlverişli və qiymətlər baxımından nisbətən münasibdir. Ümumiyyətlə, Krımdakı turizm obyektlərinin, o cümlədən sanatoriya və otellərin özlərinin ayrıca çimərliyi var. Yarımadadakı çimərliklərin sayı 582-dir. Çimərliklərin 66-sı uşaqlar üçün nəzərdə tuutlub.
Ümumilikdə isə Krımda 4 minə yaxın mehmanxana, hərtərəfli möhkəm tibbi bazaya malik 140 sanatoriya, 7 akvapark, sağlamlığı bərpa etməyin müasir metodu sayılan 85 SPA mərkəzi var. Bütün bu imkanlar yay aylarında tək və ya ailəli şəkildə yarımadaya təşrif buyuran turistlərə öz istirahətlərini səmərəli keçirməyə imkan verir. Bu məqamla bağlı onu da bildirək ki, sovetlər dönəmində məşhur olan, Ayıdağın ətəyində yerləşən Artek pioner düşərgəsi indi Krımda əsasən nostalji ilə xatırlanır. Krım sahillərində hazırda Artekdən daha məşhur olan, müasir standartlara uyğun istirahət mərkəzləri və sanatoriyalarının olması adıçəkilən düşərgəni ikinci plana keçirməyə vadar edir...
Onu xüsusilə qeyd etmək istəyirik ki, Krım Ukraynanın əyaləti olmasına baxmayaraq, bir sıra postsovet ölkələrinin paytaxtlarından daha əlverişli və rahat nəqliyyat sisteminə malikdir. Məsələn, Krımın çox gözəl trolleybus sistemi fəaliyyət göstərir. Trolleybuslar bir şəhərdən digərinə gecə vaxtı saat 23.00-a qədər işləyir. Səhər saat 5-6-dan trolleybuslar xəttə çıxır. Həmçinin hazırda Krımda trolleybuslar əsasən yeniləri ilə əvəz edilib, köhnələri xətlərdən yığışdırılıb, buna görə də taksilərdən dala qalmayan keyfiyyətli, sürətli trolleybus xətləri mövcuddur.
Qəribə bir məqam odur ki, Ukraynada nisbətən keyfiyyətli benzinin bir litri 1 avroya olmasına baxmayaraq, taksilər nisbətən ucuz işləyir. Məsələn, təxminən 28 May metrostansiyasının yanından Elmlər Akademiyasına taksi cəmisi 30-35 qrivnaya aparır. Bu isə bizim pulla 3 manat civarındadır. Eləcə də taksi xidməti çox yaxşı fəaliyyət göstərir, təhlükəsizlik baxımından da diqqət çəkir. Hər bir taksi sürücüsü xidmət mərkəzi ilə daimi rabitə ilə təmin edilib və yola çıxanda, müştərini dediyi yerdə qoyanda, mərkəzə məruzə edir.
Ukraynalılar, o cümlədən krımlılar sağlamlığa çox fikir verirlər. İdmanla gündəlik məşğul olma, sağlam qidalanma ukraynalılar üçün prioritetlərdəndir. Həmçinin mağazalarda satılan məhsullar da bu baxımdan diqqət çəkir. Məsələn, sovetlər dönəmində bizdə apteklərdə satılan həblər formasında olan dadlı vitaminlər indi də Ukraynada marketlərdə satılır. Orada uşaqlar bu vitaminlərlə qidalanır. Bundan başqa, ukraynalılar soyuqdəymə zamanı da kimyəvi tərkibli dərmanlar qəbul etməkdən daha çox, təbii, otlardan ibarət çaylardan yararlanmağa üstünlük verirlər.
Yaxud azərbaycanlı turistlərin ən çox aldıqları Ukrayna məhsulları içərisində şirniyyat və kolbasaların adını çəkməyə dəyər...
Onu da qeyd edək ki, Ukraynada şəhərin mərkəzi yerlərində, bulvarda bahalıq və sui-istifadə halları yoxdur. Krımda belə yerlərdə qiymətlərin süni şişirdilməsinə rast gəlmədik.
İlkin AĞAYEV
Bakı-Krım-Bakı




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info