“Azərbaycanlı tələbə kimi Avstraliyada dövlət işində çalışmaq qürurvericidir”
Tarix: 12.12.2013 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Rəşad Həsənov: “Azərbaycandakı inkişafı görmək üçün iqtisadiyyat üzrə ekspert olmağa ehtiyac yoxdur”

Azərbaycanın istedadlı və savadlı gənclərinin sayının çoxalması qürurverici haldır. Oxucuları belə aktiv və savadlı gənclərdən biri olan Rəşad Həsənovla yaxından tanış edirik. Rəşad Həsənov hazırda Avstraliyanın Deakin Universitetində iqtisadiyyat üzrə doktorantura təhsili alır. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunu Fərqlənmə Diplomu ilə bitirib. Sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” ilə Böyük Britaniyanın Qlazqo Universitetində iqtisadi və maliyyə sektorlarının idarə olunması ixtisası üzrə magistr dərəcəsi alıb. Rəşadla bağlı maraqlı bir məqam kimi onu da qeyd edə bilərik ki, o,
hələ tələbə ikən BMT-nin Bakı ofisi və digər qurumlarda təcrübə keçib, Azərbaycan Mərkəzi Bankında çalışıb. Fəxrimiz sayılan bu gənc hazırda Avstraliyanın Viktoriya Ştatının Maliyyə və Vergi Departamentində işləyir.
-Özünüz haqda qısa məlumat verərdiniz...
- 1987-ci ildə Şəmkir rayonunda doğulmuşam. Bakıda boya-başa çatmışam. Nəsimi rayonu Texniki-Humanitar liseyinin məzunuyam. Ali məktəbin bakalavr pilləsini İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda başa vurandan sonra magistr təhsilimi Böyük Britaniyanın Qlazqo Universitetində aldım. Sonuncunu xaricdə təhsil üzrə dövlət proqramının köməyi ilə etdim. Xaricdə təhsil isə orta məktəb yaşlarımdan arzum olub. Səbəb yeni ölkələr, yeni insanlarla tanışlıq, öz ixtisasım, dünya üzrə qabaqcıl universitetlərdən birində təhsil almaq istəyi idi.
- Xaricdə təhsil hər bir gəncin arzusudur. Bu arzunu reallaşdırmaqda sizə daha çox kimlər yardımçı oldu?
- Əslində mən əvvəlcə bu işdə mənə olacaq dəstək haqqında düşünüb sonra xaricdə təhsil barədə qərar qəbul etmişdim. Xaricdə təhsil almaq istəyi məndə yeniyetməlik illərimdən yaranmışdı. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili aldığım zaman bir neçə dəfə beynəlxalq konfrans və seminarlarda iştirak etmişdim. Birinci kursda oxuyanda ilk dəfə ABŞ-a - konfransa getmək planımı az qala pasport problemim pozacaqdı. O vaxtlar xarici pasportu bizdə 18 yaşdan sonra verirdilər, mənim isə hələ 18 yaşım tamam olmamışdı. Bu problemi konfransa bir neçə gün qalmış Təhsil Nazirliyi vasitəsilə həll edə bildik. Yəni, xaricdə təhsil arzum çoxdan var idi. Valideynlərim ziyalı adamlardır - atam jurnalist, anam universitet müəllimi. Təhsil haqqımı isə onların aldığı əməkhaqqı ilə ödəmək bir qədər problemli görünürdü. Bakıda universiteti bitirib hərbi xidmətə getdim və elə o vaxt xaricdə təhsil üzrə dövlətin proqramı qəbul olundu. Dərhal xaricdəki bir neçə universitetlə yazışmalara başladım, müvafiq imtahan verdim, Böyük Britaniyanın Qlazqo Universitetində magistraturaya qəbul olundum. Yalnız bundan sonra sənədlərimi dövlət proqramı əsasında təqdim etdim və maliyyə xərclərimin - təhsil haqqımın və yaşayış xərclərimin ödənilməsini Azərbaycan dövləti öz üzərinə götürdü.
- Sənin üçün Böyük Britaniyada təhsil almaq çətin olmadı ki? Oradakı təhsil sistemi ilə Azərbaycanın təhsili arasında müqayisələr aparmaq maraqlı olardı...
- Təbii ki, təhsil sistemlərində fərq mövcuddur və mənim çətinliklərim də az olmayıb. Ancaq mən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdindəki Xüsusi İstedadlar Qrupunu bitirdiyimdən, çətinliyim elə də çox olmadı. Çünki bizim qrupumuzda da dərslər Qərbdəki dərsliklərdən istifadə olunmaqla və ingilis dilində keçirilirdi. Bütün bunlara baxmayaraq, istənilən halda xüsusilə də ilk vaxtlar çətinliklər var idi. Müəllimlərin daha tələbkar olması, ingilis dilinin ana dilim olmaması özünü həm öyrənmə, həm də qiymətləndirmə prosesində büruzə verirdi. Lakin zamanla çətinliklərə alışdım və təhsilimi uğurla başa vurdum.
- Qlazqoda azərbaycanlı tələbələrin ictimai fəaliyyətlərini qənaətbəxş saymaq olarmı?
- Bizim təhsil aldığımız dövrdə Qlazqoda Azərbaycandan cəmi 4 nəfər tələbə idik. Buna baxmayaraq, ölkəmiz haqqında kifayət qədər danışır, təbliğatlar aparmağa çalışırdıq. Milli bayramlarımızı əcnəbilərlə birgə qeyd edirdik. Hətta Azərbaycan və Şotlandiya yığmaları arasında Falkrik şəhərində keçirilən futbol oyununda da təxminən 20-25 nəfər xarici tələbə dostlarmızla yığmamızı dəstəkləməyə getmişdik. Ancaq Britaniyanın başqa şəhərlərində azərbaycanlı tələbələr daha çox və daha şəbəkələşmiş şəkildədirlər. Bu baxımdan London və Mançester şəhərlərini xüsusi vurğulamaq olar. İndinin özündə də internetdən aldığım məlumatlara əsasən onlar çox fəal diaspor fəaliyyəti ilə məşğuldurlar.
- Avstraliyada tələbələrimiz aktivdirlərmi?
- Mənim yaşadığım Melburn şəhərində azərbaycanlı çox azdır. Tanıdığım və əlaqədə olduğum cəmi bir neçə nəfər soydaşımız var. Bu baxımdan hansısa geniş tədbir keçirmək o qədər də asan deyil. Avstraliyada Azərbaycan səfirliyi bu yaxınlarda açılıb. Səfirlik ölkənin paytaxtında – Kanberrada yerləşir. Melburndan paytaxta təxminən 700 kilometrdir. Buna baxmayaraq bu günlərdə Kamberraya gedib səfirliyimizdə də olduq. Cənab səfir və səfirliyin digər əməkdaşları bizi çox mehriban qarşıladılar və maraqlı diskussiyamız oldu. Səmimi atmosferdə keçən görüş zamanı səfir Rövşən Cəmşidov şəbəkələşmənin əhəmiyyətindən söz açdı, Azərbaycanı bu ölkədə tanıtmaq istiqamətində bizə dəyərli tövsiyələr verdi və gələcəkdə tədbirlər keçirmək üçün səfirliyin hər cür dəstək verəcəyini diqqətimizə çatdırdı. Doğrusu, bu görüş və səfirin söhbətləri bizi xeyli ruhlandırdı. Fürsətdən istifadə edib sizin qəzetiniz vasitəsilə başda cənab Rövşən Cəmşidov olmaqla səfirliyin bütün əməkdaşlarına bir daha təşəkkür edir, onlara işlərində uğurlar diləyirəm.
- Bir neçə ölkədə təhsil alan nadir tələbələrdənsiniz. Azərbaycan, Böyuk Britaniya, indi də uzaq Avstraliya... Üç ölkənin fərqli təhsilini qavramaq çətin deyil ki?
- Yox çətin deyil. Artıq çətinliklər demək olar ki, arxada qalıb. Açığı, Avstraliya Britaniyanın keçmiş koloniyası olduğundan istər həyat tərzi, istərsə də insanların davranışında oxşar cəhətlər çoxdur. Ona görə də bura gələndən özümü yad bir insan kimi hiss etmədim. Axı buna qədər Britaniyada təhsil almışdım. Qlazqoda ilk vaxtlar yaşadığım çətinliklər- dərs sisteminə adaptasiya, dil problemləri, universitet resurslarından istifadə, yerli əhali ilə inteqrasiya kimi çətinlikləri burada hiss etmədim. Ancaq istənilən halda, dünyanın tam əks bir guşəsinə getmək çətin və məsuliyyətli addım idi. Fərqli iqlim qurşaqları, Avstraliyanın ölkəmizdən daha uzaq olması, ətrafda azərbaycanlıların az olması və digər faktorlar ilk vaxtlar öhdəsindən gəlməli olduğum çətinliklər idi. Artıq çox şeyə uyğunlaşmışam...
-Aldığımız məlumata görə, təhsil almaqla yanaşı Avstraliyada dövlət işində də çalışırsınız. Bu cür uğur qazanmağın sirri nədədir? Artıq “öyrəndiklərinizin bəhrəsini görürsünüz” demək olarmı?
- Açığı, həyat prinsiplərimdən biri heç vaxt təslim olmamaq və dayanmadan çalışmaqdır. İş məsələsində də uğur asan başa gəlməyib. Avstraliyaya gələndən sonra bir çox iş yerlərinə sənəd verdim. Maraqlıdır ki, ilk 4 ayda təxminən 30 “inkar” məktubu aldım. Bu uğursuzluğun əsas səbəbi Avstraliya vətəndaşı olmamağım və tələbə vizasına işlə bağlı limitlər qoyulması idi. Ancaq buna baxmayaraq ixtisasıma uyğun iş axtarışını davam etdirdim. Nəticədə Viktoriya ştatının Maliyyə və Vergilər Departamentində işə qəbul olundum. Bu, bir növ bizdəki nazirlik statuslu bir departamentdir. Bir ildən artıqdır ki, bu qurumda çalışıram.
- Avstraliya mədəniyyəti, adət-ənənələri barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, bu ölkənin Azərbaycanla əlaqələri necədir? Avstraliya ilə Azərbaycan arasında tələbə mübadiləsi varmı?
- Avstraliya ilə Azərbaycanın coğrafi cəhətdən çox uzaq olması ölkələrimiz arasında istər mədəni, istərsə də iqtisadi əlaqələrin tarixən zəif inkişafına səbəb olmuşdu. Lakin indi qloballaşma məsafələri xeyli “qısaldıb”, səyahətetmə şanslarını isə xeyli artırıb. Xaricdə təhsil üzrə proqramın qəbul edilməsindən sonra Avstraliyada təhsil imkanları xeyli genişlənib. Nəticədə istər bura daimi yaşayış üçün köçən, istərsə də Avstraliyaya oxumağa gələn həmvətənlərimizin sayı çoxalır. Burada səfirliyimizin fəaliyyətə başlaması isə şübhəsiz, güclənməkdə olan əlaqələrin daha da genişlənməsinə imkan verəcək.
Ötən ilin avqust ayında bizim Təhsil Nazirliyindən bura nümayəndə heyəti gəlmişdi. Onlar bir sıra universitetlərdə maraqlı görüşlər keçirdilər. Məqsəd bu ölkə ilə tələbə mübadiləsini genişləndirməkdir. Ümid edirəm ki, bu səfər də əlaqələrin möhkəmlənməsinə ciddi təsir edəcək.
Adət-ənənələrə gəlincə, Melburn immiqrantların ən çox yaşadığı şəhərlərdəndir. Ona görə də tez-tez şəhərdə müxtəlif millətlərin milli festivalları keçirilir. Təsadüfi deyil ki, Melburn Avstraliyanın mədəniyyət paytaxtı sayılır. Bu şəhərdə hər ay hansısa bir məşhur müğənni konsert verir, teatr tamaşaları səhnələşdirilir, mühüm idman hadisəsi baş tutur. Məsələn, “Australian Open” tennis turniri, “Formula-1”üzrə Avstraliya qran prisi və s.
-Gələcəyin peşəkar iqtisadçısı kimi, Azərbaycanın iqtisadi inkişafını necə xarakterizə edərdiniz?
-Təbii ki, Azərbaycanın son 20 ildə iqtisadi inkişafı göz qabağındadır. Bu inkişafı görmək üçün iqtisadiyyat üzrə ekspert olmağa ehtiyac yoxdur. Ölkəmiz ÜDM artımına görə son illərdə dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilib. Bir çox ölkələrə mənfi təsir edən qlobal maliyyə böhranının ölkəmizdən yan keçməsi hökumət və Mərkəzi Bank tərəfindən həyata keçirilən uğurlu antiböhran tədbirləri ilə birbaşa bağlıdır.
Bundan başqa, mənim müşahidələrimə görə, hökumətimiz iqtisadiyyatımızın neftdən asılılığını minimuma endirmək üçün mühüm addımlar atır. Fikrimcə, iqtisadiyyatın diversifikasiyası və qeyri-neft ixracının artırılması daha davamlı iqtisadi inkişafa yol aça bilər. Düşünürəm ki, hökumətin bu sahədə həyata keçirdiyi və gələcəkdə nəzərdə tutulan layihələr bu işin öhdəsindən gəlməyə imkan verəcək.
-Xaricdə təhsil almaq arzusunda olan gənclərimizə məsləhətiniz nə olardı?
-İlk növbədə gərgin zəhmət, çox oxumaq, çox çalışmaq. Xaricdə təhsil indi 10-15 il əvvəlki kimi əlçatmaz deyil. İndi qarşısına məqsəd qoyan hər kəs savad və bacarıqla bu arzuya çata bilər. Sadəcə, məqsədə doğru gedəndə rast gəlinən çətinliklərə dözmək lazımdır.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info