Fəxr edirəm ki, azərbaycanlıyam!
Tarix: 13.12.2013 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Azərbaycanda hələ 1994-cü ildəki çətin vaxtlarda, yəni dövlət qurumlarının yenicə formalaşmağa başladığı zamanlarda ümummilli lider Heydər Əliyevin göstərişi ilə gənclərlə bağlı ayrıca nazirliyin yaradılması gənclər sahəsinə ayrılan diqqətin nəticəsi idi. Ümummilli liderin yürütdüyü gənclər siyasəti Azərbaycan gənclərinin yaradıcı, müstəqil düşüncəli, hərtərəfli hazırlıqlı və vətənpərvər ruhda formalaşmasına hesablanmışdı. Bunun üçün Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədi qarşıya qoyulmuşdu. Bu məsələləri reallşadırmaq və gəncləri ictimai-siyasi həyatda aktivləşdirmək üçün ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülüb. 2 fevral 1996-cı ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Forumda ümummilli lider Heydər Əliyev iştirak etmişdi. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən cənab Heydər Əliyev 2 fevral -Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında sərəncam imzaladı ki, bu da gənclərlə bağlı ayrıca günün ölkədə rəsmi səviyyədə qeyd olunmasını təmin etdi. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ümumiyyətlə, ümummilli liderin qoyduğu ənənə əsasında ölkədə gənclər forumları mütəmadi olaraq keçirilməyə başladı. Həmçinin gənclərin yaradıcılıqla məşğul olmaq, ictimai-siyasi aktivləşmək, bilik və bacarıqlarını daha yaxşı səviyyədə reallaşdırması üçün yeni-yeni gənclər təşkilatları yaradıldı, onların dünya və Qərb gənclər təşkilatları, qurumları ilə əlaqələrinin qurulması, əməkdaşlıqlar edilməsi gerçəkləşdi. Gənclərin təhsil, idman, incəsənət, yaradıcılıq və sair sahələrdə nailiyyətləri dəfələrlə artdı...

Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasəti yeni müstəviyə keçdi

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməsindən sonra isə əsası ümummilli lider tərəfindən qoyulan gənclər siyasəti yeni müstəvidə yeni uğurlarla davam etdirildi. Ölkədə “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” qəbul edildi və uğurla reallaşdırıldı. Həmin Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verdi və müəyyən uğurlar əldə olundu. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparıldı, istedadlı və yaradıcı
gənclərə dövlət qayğısı genişləndirildi. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirildi, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirildi. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradıldı və bu sahədə irəliləyişlərə nail olundu. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirildi, onların layihə və proqramlarına mütəmadi dəstək verildi. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirdilər.
Son zamanlar həyata keçirilən gənclər siyasəti ilə bağlı isə 2011-ci ildə qəbul edilən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı xüsusilə önə çəkilməlidir. Gənclər fəaliyyətinin bütün istiamətləri bu proqramda dəstəklənir. Bu dövlət proqramının ən böyük və üstün cəhəti ondan ibarətdir ki, ora düşən və orada əksini tapan bütün təkliflər gənclər tərəfindən irəli sürülüb. Gənclərlə bağlı bu dövlət proqramının hazırlanması ərəfəsində müəyyən qurumlar tərəfindən də etiraf edilirdi ki, heç vaxt bu qədər rezonans doğuran və diqqətə səbəb olan, gənclərin böyük ordusunu əhatə edən proqram olmayıb. Çünki gənclər özləri də aktiv surətdə həmin proqramın hazırlanmasında iştirak etdilər. Nəticədə çox əhatəli və mükəmməl bir proqram ərsəyə gəldi. Bu isə onu deməyə əsas verir ki, artıq Azərbaycanda bu cür proqramlar sosial sifarişin nəticəsi olaraq yaranır, gənclər ordusuna əsaslanır və əksəriyyəti əhatə edir. Gənclərin ideyaları əsasında da bu proqramlar həyata keçirilir. Gənclərlə bağlı proqramların uğurlu olmasının ən əsas səbəbi də bununla bağlıdır. 2011-ci ildə Prezident İlham Əliyev bir qrup gənclər fəalları ilə görüşü zamanı belə bir məsələ ortaya qoymuşdu ki, hazırlanacaq dövlət proqramı konseptual olmalı və real fəaliyyətlər ortaya qoyulmalıdır. Həmin proqram məhz bu prinsiplərlə həyata keçirildiyi üçün bu gün gənclər və bütün Azərbaycan cəmiyyəti onun bəhrələrini bariz şəkildə görür.
Bundan başqa proqramın hazırlanması ilə bağlı yaradılan dövlət komissiyasının tərkibinə dövlət qurumları ilə yanaşı qeyri-hökumət gənclər təşkilatlarının rəhbərləri də cəlb olunmuşdu. Hər cür şərait yaradılmışdı ki, gənclər həmin proqramın hazırlanması üçün öz töhfələrini verə bilsinlər. Bundan başqa son dövrlərdə proqramla bağlı olan tədbirlərin həyata keçirilməyə başlaması gənclər sahəsində keyfiyyətcə yeni mərhələnin formalaşmasını təmin etdi. Eyni zamanda regionlarda gənclər mərkəzlərinin yaradılması, Azərbaycan Gənclər Fondunun yaradılması kimi çox effektli və davamlı layihələr həyata keçirildi. İstər Gənclər və İdman Nazirliyi, istərsə də Azərbaycan Prezidenti yanında Gənclər Fondu çərçivəsində həyata keçirilən gənclər təşkilatları layihələrindən başqa, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası çərçivəsində də gənclər təşkilatlarının aktivliyini və gənclərə yönəlik layihələrin intensivliyini görmək mümkündür. Həmçinin istedadlı gənclərin, tələbələrin dəstəklənməsi, Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı dövlət proqramının icrası nəticəsində minlərlə gəncin dövlət hesabına xarici ölkələrdə təhsil alması və sair proqramlar var ki, çoxsaylı gənclər ordusunun öz inkişafı üçün bunlardan tam şəkildə bəhrələndiyini əminliklə bildirmək olar. Bu barədə qeyd edilənlər onu deməyə əsas verir ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənclərin intensiv inkişafını təmin edib və bu sahədə çox ciddi nümunələr yaradıb. Bu isə eyni zamanda digər dövlətlərin də Azərbaycan gənclər siyasətindən nümunə kimi yararlanmasına gətirib çıxarıb. Bu gün digər ölkə nümayəndələri, müvafiq sahədə fəaliyyət göstərən qurumların təmsilçiləri Azərbaycanın gənclər siyasəti və onun bəhrələri ilə yaxından maraqlanmağa başlayıblar. Bir sözlə, Azərbaycan gəncləri özlərini şanslı hesab etməlidirlər ki, gənclər siyasətindən, onlar üçün yaradılmış imkan və fürsətlərdən bu dərəcədə bəhrələnə bilirlər. Azərbaycanda daha çox sürətlə inkişaf edən, strateji sahələr, ixtisaslar üzrə gənclərin kadr hazırlığına ciddi diqqət yetirilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında belə bildirib: “Bütövlükdə kadr hazırlığı məsələsi hesab edirəm ki, xüsusi diqqət tələb edir. Bu məsələ, eyni zamanda, gənclərin bu işlərə cəlb edilməsi ilə bağlıdır. Gənc kadrların qabağa çəkilməsi daha da sürətlə getməlidir və ümumiyyətlə, bildiyiniz kimi, Azərbaycanda gənclər siyasəti uğurla aparılır, Dövlət Proqramı icra edilir. Gəncləri işlə təmin etmək üçün onların təhsilini yüksək səviyyədə təşkil etmək üzrə işlər gedir”.
Həmçinin gənclərin sosial və mənzil təminatını yaxşılaşdırılması istiqamətində də ciddi işlər aparılır. İpoteka kreditləşmə mexanizmləri təkmilləşdirilir, sosial və adi ipotekanın həcmi artırılır. Bu il ipotekaya ayrılan vəsaitlərin daha da artırılması üçün büdcədən əlavə vəsait ayrılması da gözlənilir ki, bu da gənc ailələrə böyük dəstək olacaq.
Prezident İlham Əliyev gənclər və bütün Azərbaycan cəmiyyətində böyük harizmaya malikdir. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin öz məqaləsində qeyd etdiyi kimi, Prezident İlham Əliyev yeni əsrin yeni lideridir. İlham Əliyevin yürütdüyü siyasətin uğurları Azərbaycanın sabit, hərtərəfli inkişafını təmin edib. Buna görə də onun yürütdüyü siyasətin alternativi yoxdur. Buna uyğun olaraq Azərbaycan müxalifətinin cəmiyyətdə heç bir nüfuzu və çəkisi qalmayıb. Hazırda Azərbaycan sıçrayışlı və intensiv inkişaf epoxasını yaşayır. Buna müvafiq olaraq cəmiyyətin ictimai şüuru inkişaf edir, ictimai-siyasi proseslərə, baş verən yeniliklərə yeni baxış formalaşır. Konkret olaraq xatırlatsaq, son beş ildə Azərbaycanın iqtisadiyyatı dəfələrlə artıb. ÜDM göstəricilərinə görə də dövlətimiz regionda və dünyada öncül mövqeyini qoruyub saxlayıb. Büdcə xərcləri 12 dəfə artıb. Hazırda 20 milyard dollar civarında büdcəmiz formalaşıb.Yoxsulluq səviyyəsi 49 faizdən 7,6 faizə düşüb. İşsizlik kəskin dərəcədə azalıb. Həmçinin ölkədə işsizliyin aradan qaldırılması üçün effektli dövlət tədbirləri həyata keçirilməkdədir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurla icra edilməsi isə regionlarla paytaxt arasındakı disbalansı aradan qaldırmaq və regionlarda məşğulluq səviyyəsini arzuolunan səviyyəyə çatdırmağa hesablanıb. Bütün bunlar isə əhalinin sosial rifahı və həyat səviyyəsini daha da yüksəltdiyi üçün təbii ki, vətəndaşların mütləq əksəriyyəti tərəfindən bu sahədə həyata keçirilən dövlət siyasəti tam dəstəklənir. Prezident İlham Əliyev çıxışlarında belə bir fikri vurğulayır: “Biz istəyirik ki, təbii ehtiyatlarımızdan ilk növbədə xalqımız bəhrələnsin”. Hazırda yürüdülən müstəqil enerji siyasəti də birbaşa xalqın maddi rifahına əsaslanır. Bundan əlavə, son dövrün iqtisadi böhranları nəticəsində inkişaf etmiş nəhəng ölkələrin belə məruz qaldığı məhrumiyyətlər, ağır sınaqlar və onların beynəlxalq arenada mövqelərinin müəyyən dərəcədə iflasa uğraması kimi kataklizmlər Azərbaycandan yan keçdi. Çünki Azərbaycan dövləti siyasi, iqtisadi və sosial sahədə bütün riskləri nəzərə almaqla və onlardan maksimum yayınmaqla ölçülüb-biçilmiş və təmkinli, səbatlı siyasət yürüdür. Bunun nəticəsidir ki, Azərbaycan böhrandan zərər çəkmədi. Əksinə, dövlət bu ərəfədə bir sıra sahələrdə meqa iqtisadi və infrastruktur layihələrini icra etməkdə davam etdi ki, bu da siyasi səbatlılığın və iqtisadi davamlılığın, dayanıqlılığın bariz nümunəsidir. Bütün bu nailiyyətlər isə əhali tərəfindən qiymətləndirilməyə və rəğbətlə qarşılanmaya bilməz. Çünki xalq bu uğuru öz gündəlik həyatında hiss edir. Təbii ki, dövlətin qazandığı uğurlar hər bir vətəndaş, gənc üçün uğurdur. Deməli, Azərbaycan dövləti və hakimiyyətinin əhalinin, eləcə də gənclərin mütləq əksəriyyəti tərəfindən dəstəklənməsinin real iqtisadi, sosial, infrastruktur quruculuğu, beynəlxalq arenada uğurlu mövqe, uğurlu və müstəqil enerji siyasəti və kompleks şəkildə digər göstəricilərdən ibarət əsasları mövcuddur. Bütün qeyd edilənlərə görə də Azərbaycan gəncləri, ümumiyyətlə, Azərbaycan cəmiyyəti, cəmiyyətin bütün təbəqələri müstəqil inkişaf xətti tutan, dünyada və regionda liderlik göstəricilərini getdikcə artıran Azərbaycan dövləti ilə fəxr edir, qürur duyurlar. Gənclər Azərbaycanımızın məhz bu yolla inkişafının alternativsizliyini yaxşı anlayırlar. Ona görə də Prezident İlham Əliyevin ölkəni etibarlı şəkildə gələcəyə aparan siyasəti ətrafında sıx birləşiblər. Çünki bütün qeyd edilənlərdən əlavə, azərbaycançılıq ideologiyasının, milli məfkurəsinin və identikliyinin olduqca güclənməsi də məhz ümummilli lider Heydər Əliyevin və indiki zamanda onun davamçısı olan İlham Əliyevin siyasəti ilə birbaşa bağlıdır.

Təhminə İsmayılova


Yazı “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı layihəsi çərçivəsində elan etdiyi müsabiqəyə təqdim edilir













 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info