“İndiki dövrdə gənclər üçün daha münbit şərait yaranıb”
Tarix: 14.12.2013 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Sərdar Yusifoğlu: “Ekologiya, hüquqi maariflənmə, sağlamlıq, kulturologiya, milli-mədəni irsimizin tarixi ilə bağlı xüsusi maariflənməyə ehtiyac var”

Son illər ölkəmizdə gənclər təşkilatlarının fəaliyyətində aktivlik özünü daha çox büruzə verir. Bunun ən başlıca səbəbi dövlət tərəfindən gənclər təşkilatlarına hərtərəfli diqqətin göstərilməsidir. Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyinin sədri Sərdar Yusifoğlu qəzetimizə müsahibəsində dövlətin gənclər təşkilatlarına göstərdiyi bu diqqəti yüksək
qiymətləndirdi.


-Azərbaycan gəncliyi bu gün nə dərəcədə dövlət qayğısı ilə əhatə olunub?
-Bildiyiniz kimi ulu öndər Heydər Əliyev xalqın çağırışı ilə hakimiyyətə gəldikdən sonra yeni yaradılan ilk nazirlik Gənclər, İdman və Turizm Nazirliyi (indiki Gənclər və İdman Nazirliyi) olub. Bu o demək idi ki, ulu öndər ölkəmizin inkişafinı sağlam gənclikdə görürdü. Xüsusilə 1996-cı ildə Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. Forumda ulu öndər Heydər Əliyev iştirak edib.
Ümummilli liderin imzaladığı fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.
İndiki dövrümüzdə gənclər üçün daha münbit şərait yaranıb. Gənclərimizin təşkilatı və fərdi lahiyələri üçün Prezident yanında Gənclər Fondunun zəhmətləri əvəzsizdir. Yaranmasından az bir vaxt keçməsinə baxmayaraq, minlərlə gəncin fərdi təşəbbüslərinin dəstəklənməsində durmadan çalışır.
Xaricdə təhsil alan gənclərimiz dövlət proqramından yararlana bilir. Təbii ki, bu tip məqamları saymağa vaxtımız çatmaz.
-Sizcə, gənclər ulu öndəri hansı səbəblərə görə sevir?
-Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, ölkəmizin müstəqil və suveren bir dövlət kimi dünya səhnəsinə çıxması azmı səbəbdir?
Dünya əhəmiyyətli beynəlxalq layihələrdə dövlətimizin iştirakçı olması və ümummilli liderin bu istiqamətdə ardıcıl və düşünülmüş strategiya yürütməsi çoxmu xırda xidmətdir? Tamamilə müflis vəziyyətə düşmüş dövlət büdcəsinin dirçəldilməsi, dağılmış iqtisadiyyatın bərpa olunması və ən əsası nizamlı ordu qurulması üçün atəşkəsin imzalanması, münaqişənin beynəlxalq müstəvidə müzakirəyə çıxarılması belə asan və görülməyəsi addımdır?
Bu məqamlar barədə fikirlər müxtəlifdir. Hər kəs istədiyi məsələyə müxtəlif cür yanaşa bilər.Xüsusən də, Qarabağ danışıqlarında Azərbaycan hakimiyyətinin ciddi səy göstərmədiyini deyənlər var. Məgər beynəlxalq güclərin, erməni diasporununun, ermənipərəst xarici siyasətçilərin atdığı addımlar da görünməyəcək qədər kiçik və önəmsizdir?
Bu gün Azərbaycan diplomatiyası gərgin şəkildə işləyir, dünyanın dörd bir yanında milli hüquqlarımızın bərpası və həqiqətlərin qəbul edilməsi üçün ciddi addımlar atır. Azərbaycanda hər kəsin araşdırma aparması və şəffaf məlumat toplaması üçün münasib şərait yaradılıb.Və yetərincə informasiya mənbələri, internet resursları var. Məncə, biz özümüzü, öz dövlətimizi tənqid etdiyimiz zaman düşmənlərin də nə işlə məşğul olduğunu görməli və müəyyən ölçülər götürməliyik. Azərbaycanın nicatı onun gəncliyinin birliyindədir. Bu birlik bizi parlaq sabahlara apara bilər. Bu sabah, bu gələcək uğrunda savaşmaq - bizə ulu öndərin vəsiyyətidir!
-Ulu öndərin ideyaları gənclərimiz üçün nə dərəcədə nümunədir?
-Biz ulu öndərin bizi tərk etməsindən keçən 10 il ərzində onun yoxluğunu hiss etsək də, digər tərəfdən, bizim üçün qoyduğu mirası - göz bəbəyi kimi qoruduğu Azərbaycanın müstəqilliyini görür, inkişafına şahid oluruq. Bununla da, ulu öndərin yoxluğu bizə aşılayır ki, xalq uğrunda çalışan-vuruşan dahilər dünyadan köçə bilər, amma onların əməlləri daimi yaşayır. Və bunu hiss edən hər bir gənc də, ulu öndər nümunəsindən özünə pay götürərək, həm daimi əməllər naminə yaşayır, həm də Heydər Əliyevin əbədiliyini özündə, sözündə və əməllərində yaşadır.
-Gənclər təşkilatlarının ictimai-siyasi fəallığı hansı səviyyədədir?
-Təbii ki, gənclərin əlində olan resurslar, bilgilər artdıqca təşkilatlarda fəaliyyətlərini genişləndirirlər və bu təqdirəlayiq haldır. Ən əsası, bu aktivliyin qorunub saxlanılması Prezident yanında Gənclər Fondunun stimul verməsi ilə bağlıdır. Yüksək səviyyəli hökumət nümayəndələri, gənclər və gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri ilə mütəmadi görüşlər də bu qəbildəndir.
-Gənclərin elmi-mədəni inkişafı üçün nə kimi işlər görürsüz?
-Bizim əsas işimiz elm və təhsilə töhfə verməkdir. Bu istiqamətdə çoxlu layihələr həyata keçirmişik. Məsələn, ötən il Prezident yanında Gənclər Fondunun dəstəyi ilə “Liderlik və mən məktəbi” layihəsini icra etmişik. Bu layihə Şəki və ətraf rayonları əhatə etmişdi. Burada xüsusi təlimlər keçirildi.Təlimlərə müxtəlif sahələrdən olan mütəxəssislər dəvət olunmuşdu.Gənclər o layihədən liderlik xüsusiyyət və bacarıqlarını öyrəndilər.
Bu il isə Prezident yanında Gənclər Fondunun dəstəyi ilə iki layihə həyata keçirmişik. Bunlardan biri “Region Gənclərinin Müasir Bilik Akademiyası” layihəsidir. Bu layihə çərçivəsində Bakıda yaşayan, təhsil alan 40-dan çox gəncə rus və ingilis dili tədris olundu.
Hazırda bitmək üzrə olan “Bakı və Abşeron gəncləri üçün müasir marketinq məktəbi” layihəsi uğurla davam edir. Bu layihədə 30 nəfər gənc iştirak edir. Təlim xaricdə təhsil almış, bu sahədə kifayət qədər təcrübəyə malik müəllim tərəfindən aparılır.
-Bu layihəni həyata keçirmək hansı zərurətdən irəli gəlib?
- Biz gənclərin iş tapmaları üçün marketinq üzrə nəzəri və praktik biliklərin və bacarıqlarının inkişaf etdirilməsini hədəf seçmişik. Layihənin keçirilməsində əsas məqsəd Bakı-Abşeron bölgəsindən olan gənclərə təcrübəli müəllimlər tərəfindən marketinq üzrə kursların keçirilməsidir. Bununla da gənclərin peşəkar bacarıqlarının artırılmasına və işlə təmin olunmasına dəstək göstərməyə çalışırıq. Biz istəyirik ki, gənclərin vətəndaş cəmiyyətinin inkişafında rolu artsın, gənclərimiz müsbət dəyişikliyə doğru irəliləməkdə daha əzmli olsun.
-Bu kimi layihələrin gənclərimizin öz bacarıqlarını üzə çıxarmağa nə dərəcədə köməyi olur?
-Qeyd etdiyim kimi, Prezident yanında Gənclər Fondunun fəaliyyətə başlamasından sonra, gənclər təşkilatlarımız cəmiyyətə daha çox və daha yaxşı xidmət göstərmək imkanları qazanıblar. Əgər dövlət maariflənməyə vəsait ayırırsa, biz də o vəsaiti düzgün istiqamətə yönəltməliyik. Hesab edirəm ki, paytaxta böyük ümidlərlə gələn bölgə gənclərimizin yeni bacarıqlarını açmaq, onları yönəltmək naminə hər bir təşkilat müəyyən qədər iş görməyə çalışmalıdır. Bölgələrdən gələn gənclərin problemləri Bakıda yaşayan gənclərə nisbətən daha çoxdur. Biz bu problemləri araşdırmalı və müxtəlif vasitələrlə aradan qaldırmağa çalışmalıyıq. Şübhəsiz ki, bizim icra etdiyimiz layihə, Bakıda təhsil alan bölgə gənclərində dil bilgisinə olan real tələbatın çox cüzi bir hissəsini ödəyir.
-Gənclərin əsasən hansı sahədə maariflənməsinə ehtiyac var?
-Ekologiya, hüquqi maariflənmə, sağlamlıq, kulturologiya, milli-mədəni irsimizin tarixi, ulu öndərimizin müasir Azərbaycanin quruculuğunda verdiyi töhfələrlə bağlı xüsusi maariflənməyə ehtiyac var.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info