“Televiziyalarımızın potensialı MDB-də daha tez rəqəmsal yayıma keçməyə imkan verir”
Tarix: 14.12.2013 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən Azərbaycan ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə bağlı dəyirmi masa keçirildi. Tədbirdə MTRŞ, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan ərazisində fəaliyyət göstərən teleradio yayımçılarının nümayəndələri iştirak edirdi.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev bildirdi ki, Azərbaycanda rəqəmsal yayıma keçidlə bağlı məsələlər 2004-cü ildən müzakirə edilir: “ MDB ölkələri artıq rəqəmsal yayıma keçidlə bağlı hədəflərini elan ediblər. MDB ölkələri 2015-ci ildə tam olaraq rəqəmsal yayıma keçəcəklər. Azərbaycanın televiziyalarının kadr və texniki potensialı imkan verir ki, biz MDB ölkələrindən daha tez rəqəmsal yayıma keçək”.
Q. Cəbiyev qeyd etdi ki, Azərbaycanda analoq yayımı dayandırmadan, paralel olaraq rəqəmsal yayıma keçid nəzərdə tutulur: “Birdən-birə analoq yayımı dayandırmaq olmaz. Ona görə bu proses paralel şəkildə həyata keçirilir. Bizi hazırda düşündürən məsələ odur ki, əhalinin hamısında müasir televizor varmı? Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Azərbaycanda 132 min aztəminatlı ailə var. Müdafiə Sənayesi Nazirliyinin rəqəmsal yayımı həyata keçirəcək televiziya cihazlarının qiyməti 40 ABŞ dollarıdır. Yəni 132 min ailənin həmin cihazla təmin etmək üçün 5 milyon 300 min manat vəsait lazımdır. Bu isə dövlətimiz üçün elə böyük vəsait deyil”. MTRŞ-nin sədr müavini onu da vurğuladı ki, həmin vəsaitin dövlət tərəfindən ödənilməsi ilə bağlı MTRŞ Prezident İlham Əliyevə müraciət edib.
Q.Cəbiyev onu da bildirdi ki, rəqəmsal yayıma keçdikdən sonra telekanallar teleötürücülərə görə ödədikləri vəsaitlərin (tarifin) aşağı salınmasını istəyirlər. Onun sözlərinə görə, “Teleradio” İstehsalat Birliyi ilə yayımçılar arasında tarif məsələsində müəyyən fikir ayrılıqları var: “Yəni Teleradio İstehsalat Birliyi bir qiymət, telekanallar isə başqa bir qiymət təklif edir. Əlbəttə, bu qiymətləri tənzimləmək və yaxud müəyyənləşdirmək Mili Televiziya və Radio Şurasının səlahiyyətlərinə aid olan məsələ deyil”. MTRŞ rəsmisi bildirib ki, bu məsələ ilə bağlı son sözü Tarif Şurası deməlidir: “Rəqamsal yayım analoq yayımına nisbətən müasir yayımdır. Rəqəmsal yayıma keçməyin tariflərə təsiri olmayacaq”.

“Radioların yayım vəziyyəti bizi qane etmir”

Radio kanallarının rəqəmsal yayıma keçirilməsi ilə bağlı məsələyə münasibət bildirən Q.Cəbiyev qeyd etdi ki, təkcə Gəncədə fəaliyyət göstərən “Kəpəz” radiosu respublika yayımçısıdır: “Kəpəz” radiosu istisna olmaqla, fəaliyyət göstərən digər radiolarda bu imkan yoxdur. Bakıdan bir az uzaqlaşan kimi, radioların dalğası itir”. Q. Cəbiyevin sözlərinə görə, bu gün təkcə telekanalların yox, radioların da rəqəmsal yayıma keçirilməsi gündəmdədir. Yaxın vaxtlarda radio kanallarının da rəqəmsal yayıma keçirilməsi məsələsini müzakirə edəcəyik”.
MTRŞ rəsmisi onu bildirdi ki, son dövrlər radio dinləyicilərinin sayı artmaqdadır.

“MTRŞ telekanalların yaradıcılıq fəaliyyətinə
müdaxilə etmir”

Q.Cəbiyev onu da bildirdi ki, Milli Televiziya Radio Şurası qanunvericiliyə əsasən telekanalların yaradıcılıq fəaliyyətinə müdaxilə etmir: “Yaradıcılıq fəaliyyəti hər bir teleradio şirkətinin öz işidir. Tamaşaçı olaraq, bəzi televerlişlərin səviyyəsi bizi də qane etmir. Əgər hansısa veriliş tamaşaçını qane etmirsə, yaxşı olar ki, həmin vətəndaş kanalı dəyişsin. Televiziyalar ailə-məişət məsələsi qabardılan proqramlarla bağlı mövcud problemlər haqqında düşünməlidir. Ən yaxşı nəzarət ictimai nəzarətdir. Əgər cəmiyyət, tamaşaçılar hər hansı verilişlə bağlı narazılıq edirsə, televiziyalar bunu nəzərə almalıdırlar”.
Q.Cəbiyev bəzi televiziya verilişlərində sponsorların təbliğ edilməsinə geniş yer ayrılması məsələsinə münasibət də bildirdi. O qeyd etdi ki, bu məsələ bilavasitə MTRŞ-nın fəaliyyət dairəsinə aid olan məsələdir: “Reklamlarla və sponsorlarla bağlı qanunvericilikdə konkret tələblər mövcuddur. Bu həddi heç bir telekanalın aşmağa ixtiyarı yoxdur. Bəzi telekanallarda reklamlarla bağlı qanun pozuntularına yol verilir. Sponsorların elan edilməsi ilə bağlı müəyyən normalar aşılır. Bununla bağlı adekvat tədbirlər görürük”.
MTRŞ rəsmisi onu da vurğuladı ki, telekanallarda uşaq verilişlərinin həcmi və keyfiyyəti artırılmalıdır: “MTRŞ olaraq hesab edirik ki, Azərbaycanda uşaq kanalının yaradılması hələ tezdir. Bu sahə dövlətin nəzarətində olası sahədir”.
Q.Cəbiyevin sözlərinə görə, MTRŞ-nın mövqeyi ondan ibarətdir ki, ilk növbədə AzTV və İTV uşaq proqramlarının sayını artırmalı, özəl kanallar da bu məsələni diqqətdə saxlanılmalıdır.
“Teleradio” İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov isə bildirdi ki, Nazirlər Kabinetinin və Milli teleradio Şurasının (MTRŞ) qərarlarına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən rəqəmsal şəbəkənin qurulmasına başlanıb. Onun sözlərinə görə, hazırda rəqəmsal şəbəkə daha da genişləndirilib: “Bu gün respublika əhalisinin 95 faizini əhatə edən bu rəqəmli şəbəkə artıq istismara verilib. Hazırda həmin şəbəkədə 83 ədəd güclü rəqəmli televiziya vericiləri istifadə olunur. MTRŞ-nın qərarında göstərildiyi kimi, sosial paket müəyyənləşdirilib. Bu paketə daxil olan bütün televiziya proqramları rəqəmsal şəbəkədə yayımlanır”. M.Abbasov onu da qeyd etdi ki, Bakıda açıq paketlə yanaşı, kommersiya tipli 6 verici, Gəncədə isə 4 verici olmaqla paytaxtda 96 proqram, Gəncədə isə 54 proqram yayımlanır: “Rəqəmsal şəbəkənin genişləndirilməsi üçün bu istiqamətdə tədbirlər davam etdirilir. Dövlət Radiotezliklər İdarəsi tərəfindən aparılan monitorinqin nəticəsi göstərir ki, bu ilin sonuna kimi ümumi şəbəkədəki vericilər respublikanın istənilən nöqtəsində rəqəmli televiziyanın yüksək keyfiyyətlə yayımına imkan yaradır”. Direktor bu sahədə müəyyən problemlərin olduğunu vurğuladı: “Bununla bağlı müəyyən problem və çətinliklər də var. Çətinliklərdən biri də proqramların rayonlardakı telestansiyalara çatdırılmasıdır. Bu gün “Teleradio” İstehsalat Birliyinin imkanı ona çatır ki, biz istənilən vaxt analoqu dayandırıb, respublikanın bütün bölgələrində rəqəmli televiziya proqramlarının yayımını verə bilər”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info