“Dərslik portalı”nın təqdimatı keçirildi
Tarix: 16.12.2013 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın (derslik.edu.az) təqdimatı keçirildi. Tədbirdə TQDK-nın sədri Məleykə Abbaszadə, təhsil naziri Mikayıl Cabbarov, dərslik müəllifləri, müstəqil ekspertlər, dərsliklərin nəşr edildiyi nəşriyyat evlərinin rəhbərləri, AMEA-nın mütəxəssisləri, dövlət qurumlarının əməkdaşları iştirak edirdi.
TQDK-nın sədri Məleykə Abbaszadə çıxışında bildirdi ki, Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan işləri həyata keçirmək üçün təhsil heyəti öz gücünü birləşdirməlidir. Onun sözlərinə görə dərslik portalının yaradılması barədə müzakirələr bir ildən çoxdur aparılır və son 4 ay ərzində bu məsələ ilə bağlı komissiya və nazirlik arasında intensiv müzakirələr aparılıb.
M. Abbaszadə qeyd etdi ki, bu portal bütün müəllimlərin, ekspertlərin, hətta dərsliyi istifadə edən şagirdlərin də dərsliklərin yazılma prosesinə, dərsliklərlə bağlı aparılan araşdırma prosesinə qoşulmasına imkan verəcək: “Yeni informasiya texnologiyaları bizə imkan verir ki, vaxtımızı biz özümüz planlaşdıraq. Təbii ki, dərsliklərlə bağlı TQDK-da mütəmadi olaraq, seminarlar keçirilirdi. Ancaq hər bir müəllim bu prosesə qoşula bilməzdi. Kiminsə iş vaxtı buna imkan vermirdi, kimsə uzaq yerdə yaşayırdı. Bu platforma imkan verir ki, harada yaşamasından asılı olmayaraq, bizim müəllimlər, valideynlər, şagirdlər bu prosesə qoşulsunlar. Biz təhsil problemlərini müzakirə edəndə yadımızdan çıxarmamalıyıq ki, bu prosesdə ən vacib insan təhsil alandır. Ona görə biz onun da fikrini öyrənməliyik”.
M. Abbaszadə bildirdi ki, bu platforma dərsliklər daim dəyişməsinə imkan verəcək. Onun sözlərinə görə, heç zaman yaxşı dərslik yaradıldığını və bunu 10-20 il istifadə etməyin mümkün olacağını demək mümkün deyil: “İndiki zamanda bu proses daim getməlidir. Ümid edirəm ki, bu prosesin davam etməsi sizin bu prosesə nə dərəcədə aktiv qoşulmağınızdan asılıdır. Belə bir portalın yaradılması bir-birlərinin səhvlərini və uğurlarını öyrənmək, ümumiyyətlə, bir-birimizi eşitməyə imkan verəcək”.

Dərsliklərin hazırlanması prosesi müəyyən
qüsurlara malikdir


Təhsil naziri Mikayıl Cabbarov isə çıxışında bildirdi ki, dərsliklərin keyfiyyəti mövzusu və hazırlanması prosesi haqlı olaraq təhsil ictimaiyyətini-valideynləri, təhsil alanları, müəllimləri, cəmiyyətin bütün təbəqələrinin hər zaman diqqət mərkəzindədir. Bunun təbii hal olduğunu deyən nazirin sözlərinə görə, təhsilin keyfiyyəti, məzmunun çatdırılması, təhsil prosesinin səmərəliliyi birbaşa olaraq dərsliklərin keyfiyyətindən asılıdır: “Bir çox hallarda demək olar ki, dərslik müəlliflərinin yanaşmaları ilə onları təhlil edən təhsil ictimaiyyətinin nümayəndələri, ekspertləri və valideynlərin yanaşmalarında olan fikir ayrılığı, fərqlilik bu məsələ ətrafında olan qızğın diskussiyalar müəyyən mənada məqsədlərin fərqli görünməsi mənasına gətirib çıxarır. Əslində reallıq ondan ibarətdir ki, məqsəd eynidir. Təhsil prosesində iştirak edən hər bir valideyn, müəllif və ekspertin bir məqsədi var ki, daha keyfiyyətli dərsliyi təhsil sisteminə gətirilsin. Bugünkü layihənin fəlsəfəsi Təhsil Nazirliyi olaraq bizim üçün məqsədi odur ki, biz ümumi bir platformanı, yanaşmanı, məqsədin bir çox qurumlarla müzakirə etdik və yekun qərara gəldik. Biz bu sahədə məsuliyyət daşıyan qurumlar kimi düzgün işçi, şəffaf ab-havanın yaradılmasını təmin etməli, sivil fikir mübadiləsi, təhlil, iş prosesi üçün şərait yaratmalıyıq. Bu prizmadan portaldan böyük ümidlər bağlayıram”.
M.Cabbarov onu da bildirdi ki, bu gün dərsliklərin hazırlanması prosesi texnoloji nöqteyi-nəzərdən müəyyən qüsurlara malikdir: “Belə ki, dərslik hazırlanan kimi biz bunu təhsil sisteminə və məktəbə təhvil veririk. Amma texnoloji nəzərdən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən prezidentin müvafiq sərəncamına əsasən həyata keçirilən dərsliklərin monitorinqi dərslik istifadəyə veriləndən sonra deyil, onun istifadəyə verilməsinin bir tərkib hissəsi kimi həyata keçirilməlidir”. Nazir bildirdi ki, TQDK tərəfindən dərsliklərin monitorinqi dərsliklərin istifadəyə verilməsinin tərkib hissəsi olaraq həyata keçirilsə, bu, resursların daha səmərəli istifadəsinə gətirib çıxara bilər. Nazirin sözlərinə görə, dərsliyin məzmunu ilə çapı məsələləri bir-biri ilə uyğunlaşmalıdır. Dərslikləri hazırlayan müəlliflərin daha çox həvəsləndirilməsinin vacibliyindən danışan nazir bildirib ki, bu gün faktiki olaraq tətbiq olunan sistem yalnız qalib dərslik müəllifinin hüququnun və zəhmətinin tanınaraq müvafiq qonorarların ödənilməsindən ibarətdir: “Bu kimi yanaşma heç də dərslik müəlliflərinin çoxluğuna və alternativliyinə xidmət etmir. Biz bu məsələ barədə düşünməliyik. Bir neçə dərsliyi ayrı-ayrı müəllif qrupu hazırlayırsa, burada müəyyən mənada asılılıq yaranır. Biz də bu asılılıqdan heç bir halda razı deyilik”.
M.Cabbarov qeyd etdi ki, bu gün və daimi olaraq dərsliklərin ümumi keyfiyyətinin təkmilləşdirilməsi üçün addımlar atılmalıdır. Onun sözlərinə görə, bu sahədə birinci məsələ təhsil sistemindən kənarda olan, lakin müvafiq elmi və peşəkar biliklərə malik olan müəlliflərin müəyyənləşdirilməsi, həvəsləndirilməsidir: “Yalnız elmi biliklərə malik olan müəlliflərin bu işdə olması kifayət etmir. Burada bir çox ixtisaslaşmış mövzular ortaya çıxır. Bunlara uşaq psixologiyası, onun müvafiq yaşından asılı olaraq qavramaq qabiliyyətindən başlayaraq dərsliklərdə vizual yanaşmalar, müəlliflərin bu gün tətbiq olunan məzmun (kurikulum) tələbləri, standartların tanışlığı ilə onların çatdırılmasına qədər, dərsliklərin təhlili prosesində təhsil alanın, valideynin, müəllimin və ya ekspertin fikri ilə dərslik müəllifinin fikri arasında ziddiyyət təşkil edə bilən məsələlər daxildir. Bu hər hansı bir dövlət məmurunun, qurumunun əmri əsasında həyata keçirilə bilərmi? Bu sualın cavabını siz məndən də yaxşı bilirsiniz”.
TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva yeni dərslik portalının mahiyyəti barədə ətraflı məlumat verərək bildirdi ki, derslik.edu.az ünvanında fəaliyyət göstərəcək dərslik portalında TQDK tərəfindən təhsil müəssislərində istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin elmi metodiki monitorinqi nəticəsində hazırlanmış yekun rəylər müəllimlərə dərsliklərlə işləməkdə metodiki köməklik göstərmək üçün nəzərdə tutulmuş materiallar və yeni tədris proqramları əsasında hazırlanmış və dərslik və dərs vəsaitlərinin bölmələri, fəsilləri üzrə materiallara dair qeyd və təkliflər yerləşdiriləcək. Onun sözlərinə görə, portalda yerləşdirilmiş rəylərlə bağlı sorğulara Təhsil Nazirliyi tərəfindən dərslik müəllifləri, TQDK tərəfindən isə dərsliklərin monitorinqində iştirak etmiş ekspertlər mütəmadi aydınlıq gətiriləcək: “Yeni nəşr ediləcək dərsliklərlə bağlı portala daxil olacaq qeydlər və təkliflər mütəmadi olaraq müzakirələrə çıxarılacaq və bu barədə portalda məlumat veriləcək. “Dərslik portalı” monitorinq, xəbərlər və müzakirə bölmələrindən ibarətdir”.

Təhsil naziri: “Tədris müddəti bu dərs ilində
artırılmayacaq”


Təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirdi ki, bu dərs ilində tədris müddətinin artırılması ilə bağlı heç bir dəyişiklik olmayacaq və dərs ilinin müddətinin növbəti tədris ilindən 2-3 həftə artırılması gözlənilir.
Bunun bir sıra səbəblərinin olduğunu deyən nazir qeyd etdi ki, inkişaf etmiş bir çox ölkə ilə müqayisədə Azərbaycanda akademik il çox qısadır: “Bu da şagirdlərə əlavə tədris yükü deməkdir. Ona görə də hesab edirik ki, növbəti tədris ilindən dərs ilinin uzadılması tədris prosesinin keyfiyyətinin artırılmasına yönələn addımlardan biridir”.

Ali təhsil müəssisələri orta məktəb dərsliklərin hazırlanması prosesində iştirak edəcəklər

Nazir açıqlamasında onu da bildirdi ki, ali təhsil müəssisələri orta məktəb dərsliklərin hazırlanması prosesində iştirak edəcəklər və bununla bağlı ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşlərdə də ətraflı müzakirələr aparılıb. Nazirin sözlərinə görə, bu, həmin təhsil müəssisələrinin də marağında olan məsələdir. M.Cabbarov qeyd etdi ki, dərsliklərin hazırlanmasında iştirak etməklə ali təhsil müəssisələrinin müəllimləri, peşəkar işçiləri əlavə gəlir mənbələri əldə edəcəklər: “Düşünürəm ki, hətta bu tədris ili üçün hazırlanan dərsliklərdə ali təhsil müəssisələrinin inkişafını daha fəal görə biləcəyik. hazırda bunun üzərində iş gedir”. Naziri bildirdi ki, ali təhsil ocaqlarında olan elmi mütəxəssislərin dərslik hazırlama prosesinə aktiv cəlb olunması qarşıda duran əsas məsələlərdən biridir: “Bu gün təəssüflər olsun ki, dərslik müəlliflərinin siyahısına baxdıqda görürük ki, heç də istədiyimiz həcmdə yüksək bilik və bacarığa malik olan ali təhsil ocaqları bu prosesin fəal iştirakçıları deyil. Burada sual ali təhsil ocaqlarına ünvanlanmalıdır. Nəyə görə bu prosesinin fəal iştirakçıları olan ali təhsil ocaqları mövcud prosesdə elmi biliklərini bölüşmürlər? Digər tərəfdən, ali məktəb müəllimlərinin bu prosesdə iştirak etməsi təbii olaraq maliyyə gəlirlərinin artırılması deməkdir. Bu prosesin təşkilində bizim tərəfimizdən müvafiq dəyişikliklər tətbiq olunacaq”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info