“İndi erməni tələbələr bizi üstələyə bilmirlər”
Tarix: 19.12.2013 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Elnur Həsənov: “Hər birimiz əcnəbiləri reallığa inandırsaq, həqiqətlər barədə uğurlarımız artar”

İstedadlı və bacarıqlı gənclərimizin xarici ölkələrdə təhsil almaları ölkəmiz üçün fəxr sayılası bir hal olmaqla yanaşı, tələbələrimiz üçün də yaxşı həyat təcrübəsi və əlavə biliklər vəd edir. Belə gənclərimiz isə cəmiyyətə o qədər də açıq olmurlar. Onlar daha çox təhsilləri haqqında düşünüb, bir qədər də ictmai işlərlə məşğul olurlar. “Palitra” həmin aktiv gənclərdən biri ilə oxucularımızı tanış edir. Bu, hazırda Almaniyada təhsil alan Elnur Həsənovdur. O, 1985-ci ildə Şəki şəhərində anadan olub. Orta məktəbi əla qiymətlərlə Şəkidə bitirən Elnur 2002-ci ildə Azəbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakultəsinə daxil olub. Elnur təhsil almaqla yanaşı digər fəaliyyətlərə də maraq göstərib və 2004-cü ildə Qərb Universitetində təşkil olunan gender bərabərliyi ilə bağlı Azərbaycanda qadın vəziyyəti mövzusunda məqaləsi qalib olub:
- Akademiyanı yüksək qiymətlərlə bitirdikdən sonra hər bir gənc kimi mən də hərbi xidmətə yollandım və hərbi xidmətimi zabit kimi başa vurdum. Maraq üçün onu da deyə bilərəm ki, Naxçıvanda dağ şəraitində və döyüş bölgəsində xidmət etmişəm və hətta, “xidmətdə fərqlənmə və qüsursuz xidmətə görə” xüsusi pul mükafatı da aldım. Bunları ona görə vurğuladım ki, məncə gənclərimiz təhsillərində olduğu kimi, vətənə xidmətdə də nizamlı və məsuliyyətli olmalıdırlar. Belə olan təqdirdə uğurlar sıralanacaq.
- Bəs necə oldu ki, Almaniyada təhsilinizi davam etdirmək qərarına gəldiniz?
- Məncə, belə bir ölkədə təhsili davam etdirmək hər bir gəncin arzusu olardı. 2008-ci ildə hərbi xidməti bitirdim və 2009-cu ildən indiki “Qarant Holdinq”ə aid “Meridian” hotelində əvvəl “reception” kimi işə başladım, sonra “night manager” təyin olunub, 3 il burda çalışdım. Sonra isə Almaniyanın Bremen şəhərində olan Bremen Universitetinə müraciət etdim. Qəbul olunduqdan sonra Təhsil Nazirliyinə də müraciət edib dövlət proqramında iştirak eləmək şansına nail oldum.
Təhsil Nazirliyində müsabiqədən uğurla keçib
Almaniyada turizm təhsili almağa başladım. Sual oluna bilər ki niyə məhz turizm sahəsini seçdim? Cavabı budur ki, bu sahənin inkişafına ölkədə böyük ehtiyac və dəstək var.
- Alman təhsil sisteminin özəllikləri nədən ibarətdir?
- Almaniya təhsil üçün doğrudan da ideal bir məkandır. Çünki burada hər şey sistemli qurulub.
Ən əsası, təhsil aldığınız yerlərdə məşğul olduğunuz elmin tətbiqi üçün şərait yaradılıb. Yəni üzərində işləyib çalışdığınız sahəni necə tətbiq eləməyin qaydalarını asanlaşdırırlar, tələbələrin praktik həyatlarına ciddi yanaşırlar.
Nəzəriyyə ilə praktikanın kombinasiyası özünü təhsildə göstərir ki, məncə bu da alman təhsilinin ən üstün cəhəti sayıla bilər.
-Bəs tələbələrimiz sadaladığın kriteriyalarla ayaqlaşa bilirmi?
- Hazırda Bremendə 10-a yaxın tələbəmiz təhsil alır. Əlbəttə ilk baxışdan bu rəqəm az görünə bilər. Amma ilbəil bu say çoxalmaq xətti üzrə gedir. Tələbələrimiz əlbəttə, bütün bu sistemə uyğunlaşırlar. Bu da azmış kimi, əlavə fəaliyyətlərə də vaxt tapırıq. Konkret olaraq ictimai fəaliyyətlərimizə gəldikdə, bu il Xocalı faciəsi ilə bağlı uğurlu bir tədbir təşkil etmişdik. Səfirliyimizə tədbirin keçirilməsiylə bağlı müraciətlər də etmişdik. Onlara da təşəkkür edirəm ki, sorğularımızı cavabsız qoymadılar, bizi istər ingiliscə, istərsə də almanca materiallarla təmin etdilər.
Bilirsiz, almanlar da soyqırımı məsələsində son dərəcə həssas millət sayılırlar. Yəhudilərə qarşı soyqırımı ilə bağlı utanc hissi cəmiyyətdə bu gün də hiss olunur. Yəni almanlara Xocalı həqiqətlərini çatdırmaq məqsədəuyğun bir fəaliyyət sayılır desəm, yanılmaram. Biz Bremendə yalnız Xocalıya dəstək aksiyası deyil, eyni zamanda Respulika Gününü də təşkil etdik və xarici tələbələri bu tədbirlərə cəlb eləyib, bəzi təbliğatlar maarifləndirmə işləri gördük. Xarici tələbələri tədbirlərimizə cəlb etməkdə məqsədimiz, həm də Azərbaycanın dostu qruplarını yaratmaq olub. Məncə işin ən effektiv tərəfi də budur. Çünki ermənilər əvvəllər həmişə belə məsələlərdə bizi üstələyə biliblər. Biz Azərbaycan həqiqətlərini professor və müəllim heyəti ilə də bölüşməyə çalışmışıq. Hətta hazırda mənim diplom rəhbərim, əslən italyan olan Ulrix Rohr deyir ki, mən azərbaycanlı tələbələri tanıyana qədər Qarabağ həqiqətlərini erməni dostlarımdan eşitdiyim qədəriylə bilirdim, amma indi hər şey barədə dolğun məlumatım var. Sizcə, bu, kiçik hadisə sayıla bilərmi? Hər bir azərbaycanlı ətrafında olan əcnəbini reallığa inandırsa, görün bizim diplomatik uğurumuz hansı səviyyədə olar… Yəni hər birimiz əcnəbiləri reallığa inandırsaq həqiqətlər barədə uğurlarımız artar.
- Müəllimi erməni dostlarının rəyləri əsasında formalaşmış yanlış fikirdən döndərə bildiyinizi dedin. Bəs ermənilər aktivdirlərmi?
- Ümumiyyətlə, ictimai rəyi, Azərbaycanın imicini formalaşdırmaq hər bir tələbənin borcu olmalıdır. Biz ermənilərdən çoxuq. Onların neqativ hərəkətləri ilə də hələlik rastlaşmırıq. Almaniyada türklər də çoxdur. Görünür, bu səbəbdəndir ki, burada bir qədər hərəkətsiz hala gəliblər. Onu da vurğulamaq istərdim ki, hazırda bizim xaricdə təhsil alan tələbələrin çox güclü əlaqə mexanizmi var. Biz istənilən haqsızlığa anında reaksiya verə bilirik. Ən azından öz universitetlərimizdə belə aktiv oluruq. Bu barədə dostlarımızla fikir mübadilələri də aparırıq.
Onlayn əlaqənin qurulması böyük uğurumuz sayılmalıdır. Çünki lazım olan informasiyanı bir birimizlə anında paylaşırıq.
-Bu əlaqənin effektivliyinə bir misal göstərə bilərsənmi?
-Əlbəttə. Hollandiyada bir televiziya kanalı Qarabağla bağlı verliş hazırlamışdı və orada Ermənistanın kiçik qardaşı adı altında həmin verilişin reklamı gedirdi. Mən bu barədə dərhal Maastrix şəhərində yaşayan həmyerlimiz İradə Uluxanlı məlumat Verdi, mən də dərhal xaricdə təhsil alan tələbələrimizlə bağlı olan təşkilatımızı məlumatlandırdım. Beləcə, operativ tədbirlər görüb, orada kanalın binası qarşısında tələbələrimiz aksiya keçirdi və nəticədə proqram efirə getsə də, o ifadə verilişdən yığışdırıldı. Düzdür, biz proqramın yayımına mane ola bilmədik. Amma kanal rəhbərliyini bu barədə məlumatlandırdıq, ən azından təpkimizi gördülər və növbəti dəfə daha ehtiyatlı davranacaqlar.
Ümumiyyətlə, İradə Uluxanlı ilə yanaşı Bremendə təhsil alan dostlarımız- Məmməd Əliyev, Araz Bağırlı, Aqil Qurbanov, Teymur Mehdizadə, Qasım Şirinli və təşkil etdiyimiz bütün aksiyalarda fəal olan gənclərə sizin mətbuat orqanı vasitəsi ilə minnətdarlığımı bildirirəm. İradə xanım çox mühüm insandır, çünki Mastrix şəhərində təkbaşına ermənilərlə savaş aparır.
- Almaniyanın təhsil sistemini təriflədin. Bəs daha hansı sahələri ideal saymaq olar? Ümumiyyətlə, doğrudanmı bu ölkə Avropanın yüksək yaşayış səviyyəsi olan ərazilərindən sayılır?
-Çox mühüm məsələyə toxundunuz. Məncə almanları fərqləndirən ən ali cəhət çətinlikləri dəf etməkdə inadkarlıq və intizamlılıqdır. İntizamlılıq məsələsində heç bir xalq onlarla yarışa bilməz. Punktuallıq
isə ən yüksək keyfiyyətləridir. Yaşayış səviyyəsinə gəlincə, sosial yönümlü siyasət doğrudan da uğurla həyata keçirilir və Almaniya bu sahədə ən mükəmməl ölkələrdən sayılır. Burada kapitalizm qorxusu yoxdur. Yəni Amerika kimi cəmiyyətlərdə insanlar işləmədiyi təqdirdə ac qalmaq təhlükəsi ilə rastlaşırlar. Amma Almaniyada sosial proqramlar çox uğurla həyata keçirilir. Qocalar və xəstələr daim dövlət himayəsində olurlar. Bu isə ölkənin ən böyük uğurlarından biridir.
- Yəqin təhsilini bitirdikdən sonra ürəkdən təriflədiyin Almaniyada qalmazsan?
- Əlbəttə, hər kəsə öz vətəni doğmadır və almanların 30 ilə etdiyi bəzi yenilikləri, uğurları ölkəmiz on ilə qazanır. Bu mənada düşünürəm ki, bizim də Almaniya kimi çox yüksək inkişaf etmiş ölkəmiz olacaq və heç kim də öz ölkəsinə dönməkdən çəkinmir. Bu belə də qalacaq.

Tural Tağıyev





 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info