“Bakını Cenevrəyə dəyişmərəm”
Tarix: 19.12.2013 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Fəqan Əsədov: “İsveçrədə son 2 ildə olan tədbirlərimizin sayı və keyfiyyəti xeyli artıb”

“Palitra”nın xaricdə təhsil alan istedadlı, savadlı və aktiv gənclərlə bağlı olan rubrikasının budəfəki qonağı banklar ölkəsi sayılan İsveçrədə təhsil alan Fəqan Əsədovdur. Fəqan Əsədovla olan müsahibəni oxuculara təqdim edirik.
- Özün haqqında oxucularımıza məlumat verərdin…
-Mən orta təhsilimi Heydər Əliyev adına Müasir Təhsil Kompleksində almışam və daha sonra “Geneva Business School”a qəbul oldum. Orta məktəbdə oxuyarkən dərslərimə məsuliyyətlə yanaşmışam. Görünür, bu səbəbdəndir ki, məktəb illərində bəzi uğurlarım olub. Orta məktəbdə oxuyarkən “İntellekt Olimpiadasında” dünya üzrə 1-ci yeri tutmuşdum. Məncə, bu kifayət qədər fəxr olunası amil sayıla bilər. 2009-cu ildə isə Azərbaycanda keçirilən “İJSO” bilik olimpiadasında kimya, fizika və biologiya üzrə dünya 3-cüsü olmuşam. Bunlar ən böyuk nailiyyətlərimdir.
- Necə oldu ki, İsveçrədə təhsilini davam etdirmək qərarına gəldin?
- Düzü, mənim xaricdə təhsil almaqla bağlı əvvəldən də hədəflərim və planlarım olub. İsveçrə isə çox gözəl bir ölkə və ideal təhsil sisteminə malik dövlət olduğu üçün marağımda idi. Bu işdə isə əlbəttə ki, ilk olaraq valideynlərim mənə çox böyük dəstək oldular.
- Bir qədər də oxudugun ali məktəb, İsveçrə təhsil sistemi haqqında danışardın...
- Öncə onu deyim ki, İsveçrə inkişaf etmiş ölkə olmaqla yanaşı, burada bəzi şərtlər çox çətindir. Bu ölkədə yer-ərazi, torpaq qiymətləri çox baha olduğu üçün bir çox universitetlər də əhatəsinə görə bir qədər kiçik olurlar. Bu da təbii ki, təhsilin keyfiyyətinə heç bir təsir göstərmir. Sadəcə olaraq zərurətdən yaranan bir haldır deyə, hər kəs bunu adi qarşılayır. Böyük ölkələrdə hətta universitetlər üçün əlavə ərazilər də ayrılır, həmin yerlərdə tələbə yataqxanaları, laboratoriyalar və s. yerləşir. İsveçrədə ali məktəblərə qəbul olmaq da çətindir. Əlbəttə, kənardan baxanda “İsveçrədə təhsil almaq asandır” deyə düşünmək olar. Amma bu ölkədə oxuyanlar gözəl bilirlər ki, burada ali məktəbə qəbul olmaq belə çox çətin olur, nəinki əla səviyyədə təhsilini başa vurmaq. Görünür, bu səbəbdəndir ki, universitetlərdə tələbələr azdır və bu da dərslərin keyfiyyətini birə-on artırır. Siz burada istədiyiniz tanınmış professorla istədiyiniz zaman əlaqədə olub, ondan yardımlar alıb, məsləhətlərindən yararlana bilərsiniz. Hətta dərslərdə belə, professorlarla qızğın debatlar olur, tələbə-müəllim münasibətləri çox yüksək səviyyədə qurulur. Bu ölkənin təhsil sistemində bəyəndiyim daha bir xüsusiyyət odur ki, dərslərdə davamiyyət çox önəmlidir. Burada il ərzində keçəcəyiniz dərsləri də özünüz seçə bilərsiniz. Az və ya çox dərs götürmək isə tələbənin özündə asılıdır.
- Həmyerlilərimizin fəaliyyəti nə yerdədir? İsveçrədəki tələbələrimizi aktiv saymaq olarmı?
-Bu ölkədə həmyerlilərimiz kifayət qədərdir, desəm, yanılmaram. Fəaliyyətlərinə gəldikdə isə bu ölkədə türklər də çox olduğu üçün çox zaman gücümüzü birləşdirə bilirik. Biz bəzən onlardan, onlar da özlərini bizdən ayırmırlar. Tələbələrimiz barədə də eyni sözləri demək olar. Ümumiyyətlə, İsveçrədə 500-dən çox azərbaycanlı tələbə var. Tələbələrimiz ictimai-siyasi proseslərdə, diaspor fəaliyyətlərində aktiv olmağa çalışırlar. Hər il səfirliyin dəstəyi ilə böyük tədbirlər keçirilir. Lakin son 2 ildə olan tədbirlərin sayı və keyfiyyəti xeyli artıb. Bu il 26 fevralda Xocalı soyqırımının tanıdılması üçün möhtəşəm tədbir keçirmişdik. İsveçrənin paytaxtı Berndə baş tutan bu tədbirdə xeyli insan məlum soyqırımla bağlı maariflənə bildi. Hazırda təşkilatlanma işləri də yüksək səviyyədə davam edir. “Association of Azerbaijani Students in Switzerland”ın fəaliyyətini buna misal çəkə bilərəm.
-İsveçrə mədəniyyətini, bu ölkənin insanlarını çox tərif edirlər. Daha çox bu ölkədə səni nə cəlb edir?
-Haqlısınız. İsveçrə mədəniyyəti, demokratiyası, turizmi və s. sahələri zəngin olan bir ölkədir. Təriflər isə boş yerə yaranmır. Hər kəs gördüyündən məmnun qalır deyə, öz ölkəsinə qayıdanda xoş sözlər səsləndirir. İsveçrə inkişaf etmiş ölkədir. Bura həm də siyasətin və bankların vətəni kimi də tanınır. Bundan əlavə, onu deyə bilərəm ki, İsveçrədə məni buranın çox təmiz havasının olması və tıxacsız yolları cəlb edir. Amma əlbəttə ki, Bakını Cenevrəyə dəyişmərəm. Şimali Avropa ölkələrini nisbətən soyuqqanlı xalqların yaşadığı ölkələr kimi xarakterizə edirlər. Amma hər kəsə bəllidir ki, eyni sözləri qətiyyən Bakı-Azərbaycan və bizim ölkədə yaşayan xalqlara aid etmək olmaz. Azərbaycanda son illərdə ard-arda baş tutan beynəlxalq tədbirlər, müsabiqələr, yarışlar bir daha avropalılara onu göstərmiş oldu ki, biz nə qədər qonaqpərvər, istiqanlı bir millətik. Sözün qısası, İsveçrədə hər nə qədər müsbət amillər məni çox cəlb etsə də, yenə də ürəyim ölkəmizlə döyünür və bizim vətənin yerini heç bir məmləkət, ölkə verə bilmir.
- Sənin üçün əsas uğur formulu nədən ibarətdir?
- Uğur formulu hər kəs üçün fərqli olur. Amma düşünürəm ki, əgər uğurları sıralamaq istəyirsənsə, daim öz üzərində çalışmalısan və yeniliklərlə ayaqlaşmağı bacarmalı, yaxşı mənada mübarizə aparmalısan. Gənc üçün əsas tələb olunan nədir? Elm öyrənsin, sağlamlığını düşünsün və aktiv olsun. Şükürlər olsun ki, hər üç amil bu gün azərbaycanlı gənclər üçün adi hala çevrilib. Ölkəmizdə nə təhsil almaq, nə də aktiv olmağa heç bir məhdudiyyət qoyulmur. Belədə bizim üçün münbit şərait yaradılır, desəm, doğru olar. Sən də münbit şəraitdə uğur formulunu özün yaradırsan.
-Oxuduğun sahə üzrə Azərbaycana qayıdıb çalışmaq planın varmı?
- Bəli, bildiyiniz kimi mən biznesin idərə edilməsi üzrə oxuyuram. Azərbaycanda isə biznes fəaliyyəti üçün nəinki vətəndaşlara, eləcə də əcnəbi biznesmenlərə əlverişli şərait yaradılır. Mən də təhsilimi bitirdikdən sonra bəzi planlarımı həyata keçirməyi düşünürəm. Azərbaycanda bəzi irihəcmli layihələri davam etdirib böyütmək fikindəyəm. Azərbaycanda biznes işində görüləcək çox iş olduğunu bildiyim üçün Avropada qalmaq istəmirəm.
Azərbaycan kimi surətlə inkişaf edən ölkələrdə nəinki biznes sahəsi, bütün sahələr yatırımlar tələb edir. Bacarığı olan və təcrübəli, işini bilən adamlar təbii ki, bu yatırımlarla ölkənin inkişafına öz töhfəsini verə bilər.
- Gələcəyin peşəkar biznesmeni kimi Azərbaycanda biznes fəaliyyətinin gələcəyini necə görürsən?
-Düzü, dəqiq analizlər aparıb hansısa proqnozlar verə bilmərəm. Bu sahənin biliciləri öz rəylərində daha dəqiq olarlar. Amma onu vurğulaya bilərəm ki, Azərbaycandan onun inkişafı necə görünürsə, xarici ölkələrdən bu inkişaf daha möhtəşəm nəzərə çarpır. Ölkəmizin əlverişli coğrafi mövqedə olması və neft gəlirlərinin birbaşa ölkənin inkişafına yatırılması onu deməyə əsas verir ki, Azərbaycanda biznes fəaliyyətinə qərar verən istənilən əcnəbi öz seçimində yalnız qazanmış olar. Sürətlə dəyişən dünyada Azərbaycanın da mövqeyi daha da möhkəmlənir. Belə ölkələr isə nəinki biznes üçün, eləcə də digər fəaliyyətlər üçün daha əlverişli olurlar, nəinki dayaqları zəif olub gələcəyi sual altıda olan ölkələr. Bir sözlə, indinin gəncləri Azərbaycanın daha işıqlı gələcəyini öz gözləri ilə görəcəklər.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
06.11.2018
“Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
06.11.2018
“Dil babalarımızdan qalmış dəyərli mirasımızdır”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info