Bəhruz Məmmədov:“Eyni vaxtda həm Belçikada,həm də Almaniyada işə qəbul edildim”
Tarix: 23.12.2013 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


“Azərbaycanda neft kimyası məktəbi böyük tarixə malikdir”

Azərbaycanın istedadlı, savadlı, qeyri-adi bacarığa malik və yüksək intellektli gənclərinin sıraları genişlənməkdədir. “Palitra”nın xaricdə təhsil alan gənclərlə bağlı rubrikasının budəfəki qonağı belə hərtərəfli istedada malik gənclərdən olan Bəhruz Məmmədovdur. Bəhruzla söbət zamanı o da məlum oldu ki, o, daim öz üzərində çalışır, elmi axtarışları ilə yanaşı, gənc yaşında sürətlə uğur pilləkənləri ilə qalxmağı bacarır.
-İlk olaraq özünüz barədə oxucularımızı məlumatlandırardınız…
-Mən 1987-ci il, mayın 19-da Bakıda anadan olmuşam. 2004-cü ildə Yasamalda yerləşən 153 saylı orta məktəbi əla qiymətlərlə bitirdim. Təhsil aldığım müddətdə həmişə kimyaya həvəsim olduğu üçün bu sahəni seçdim və 2004-cü ildə Gəncə Dövlət Universitetinin Kimya fakültəsinə qəbul oldum. Universitetdə təhsil aldığım illər ərzində “Buxar” şirkətlər qrupunda 3 il kimyaçı vəzifəsində çalışdım. Maraq üçün deyə bilərəm ki, bu vəzifədə sənaye sularının kimyəvi analizi və suyun kimyəvi yumşaltma sistemlərinin quraşdırılması ilə məşğul olmuşam. 2008-ci ildə Gəncə Dövlət Universitetini bitirib, hər bir normal gənc kimi hərbi xidmətə yollandım. 2009-cu ildə hərbi xidməti bitirəndən cəmi 2 ay sonra yenidən öz sahəm üzrə aktiv olmağa çalışdım və ölkədə ilk qızıl mədəni olan Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkətində kimyaçı vəzifəsinə müsabiqə yolu ilə qəbul oldum. Növbəti 6 ay ərzində Mis zavodunda əməliyyat işləri üzrə mühəndis işlədim və 6 aydan sonra isə ümumi işlər üzrə proses mühəndisi vəzifəsinə qalxmışam. Bu zaman əsas vəzifəm isə mədəndə misin və qızılın istehsalında gedən kimyəvi proseslərə nəzarət və işçilərin işinin təşkili olub. 8 ay proses işləri üzrə mühəndis işlədikdən sonra 2011-ci ilin oktyabrında proses işləri üzrə aparıcı mühəndis vəzifəsinə( istehsalat rəisi) təyin olundum. Bu vəzifə daha çox idarəetmə ilə əlaqədar idi.(8 mühəndis və 52 fəhlə operator heyəti ilə işləyirdim).
-Bu qədər uğur və yüksəlişə rəğmən, necə oldu ki, yenidən təhsili davam etdirmək, işləri yarımçıq qoyub xaricdə oxumaq qərarına gəldin?
- Bəli, sualınızda haqlısınız. Bəlkə də mənim yerimdə başqa birisi olsaydı, hər şeyi öz axarına buraxardı. Amma mən daha geniş bilik imkanlarına malik olmağı düşündüm. İngilis dilini daha yaxşı öyrəndikcə Qərbdə kimyanın inkişafı ilə maraqlandım və kimyəvi istehsalatın nə qədər irəli getdiyini daha yaxşı anladım. Beləcə, xaricdə magistr təhsili almağı da qarşıma məqsəd qoydum. Bilirdim ki, bu, asan başa gəlməyəcək. Hətta, mədəndə işləməklə paralel olaraq Bakıda TOEFL imtahanına da hazırlaşırdım. 2 il həm işləyib, həm də hazırlaşandan və bir dəfə də aşağı bal yığandan sonra 2011-ci ildə istəyimə nail oldum və tələb olunan balı toplaya bildim.
- Niyə məhz Hollandiyanı seçdiniz?
- Çünki bu ölkədəki təhsil alacağım universitet mənim üçün əlverişli idi. Son zamanlar nano texnologiyaların xeyli populyar olmasını, nanokimya vasitəsi ilə yeni, daha üstün xüsusiyyətlərə malik materialların alınmasının mümkünlüyünü nəzərə alaraq Hollandiyada Tvente Universitetinin nəzdində yerləşən Avropanın ən böyük, dünyanın 3-cü ən böyük nanotexnologiya institutu olan MESA-da təhsilimi davam etdirməyi qərara aldım.
Nəticə etibarilə, 2012-ci ildə Tvente Universitetinə qəbul oldum və may ayında Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı proqrama qoşuldum.
2012-ci ilin iyulunda Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətində aparıcı mühəndis vəzifəsindən çıxaraq sentyabr ayından Tvente Universitetində kimya mühəndisliyi, nanokimya sahəsi üzrə təhsilimə başladım. Hazırda təhsilimin ikinci ilində magistr müdafiəsi ilə məşğulam. Müdafiə mövzum silikon əsaslı nanoliflərin sintezidir. Bununla nanoliflərə xüsusi komponentlər əlavə edib və üzərinə inteqrin əsaslı peptidler qoyaraq qırıq sümüyün bərpası üçün yeni materil sintez eləmək istəyirik.
- Həqiqətən də fəaliyyətin, istedadın və biliyinlə həmyaşıdlarına nümunə ola biləcək gəncsən. Başqa hansısa bizi təəccübləndirəcək fəaliyyətin olurmu?
- Düzü, hər şey zəhmətə bağlıdır. Gəncsənsə, enerjindən lazımınca istifadə etməlisən. Sualınıza gəldikdə isə, başqa uğurum idmanla bağlı olub və buna da zaman ayırmağa çalışmışam. Bakalavr təhsili alarkən cüdo üzrə bir dəfə Gəncə çempionu oldum, bura gələndən sonra isə yenə məğşuliyyətimi davam etdirdim və bu dəfə cüdo üzrə Tvente çempionu olaraq universitetin yığma komandasına qatıldım.
Ötən il ərzində universitetlərarası yarışlara da qatılıb uğurlar əldə etmişəm. Yəni elm öyrənməklə yanaşı idmanda da uğurları sıralamağa çalışıram.
-İctimai, diaspor işlərində də aktivsənmi? Tələbələrimiz necə, təşkilatlana bilirlərmi?
- Boş vaxtlarımda Avropanı gəzir, yeni insanlarla tanış oluram. Özümün də ictimai işlərə, ünsiyyətə böyük marağım var. Həmçinin, qeyd etmək istərdim ki, ötən ay Tvente Universitetində 70-80 əcnəbi tələbənin iştirakı ilə tədbir təşkil etdik və bu, çox uğurlu alındı.
Yunanıstan, Çin, İndoneziya, Ukrayna, Cənubi Afrika Respublikası, Türkiyə, Niderland, İran, Almaniya, Hindistandan xeyli sayda qonaqlarımız oldu. Tələbələrimiz də aktiv olurlar. Tvente Universitetində çox deyilik. 4 nəfər azərbaycanlı olsaq da, belə böyük bir tədbir keçirə bildik. Bundan başqa, Den Haaqada azərbaycanlılar nisbətən çoxdur və imkan daxilində tədbirlər də keçirirlər. Mən də imkan daxilində bütün tədbirlərə aktiv qoşuluram. Yaxın zamanlarda səfirliyimizdə də bir tədbir planlaşdırılır. Amma bu tədbirdə iştirak edə bilməyəcəm. Çünki həmin müddətdə Amerikada olacam.
- Azərbaycanda olduğu kimi, bilik-bacarığını orada da tətbiq edə bilirsənmi?
- Əlbəttə, əmək fəaliyyəti də vacibdir. Oktyabrda dünyanın 2 ən böyük şirkəti üçün imtahan verdim. Bunlar “Toyota”nın Avropa yüksək texnologiyalar şöbəsi və dünyanın ən böyük kimyəvi şirkəti olan “BASF the chemical company” idi. Nəticədə, həm “Toyota-Avropa”nın (Belcika-Brüssel) Yüksək texnologiyalar şöbəsinə, həm də BASF(Almaniya-Ludvegşafen) perkovskiyə (nanokatalizatorların sintez ve xassələrinin öyrənilməsi sahəsi üzrə) işə qəbul oldum. Lakin sonda Almaniyada işləmək qərarı verdim və aprel ayının birindən etibarən, artıq Almaniyada “BASF the Chemical Company”də işə başlayacam.
- Almaniyaya gedəcəyinizi dediniz. Hollandiyada yaşam şərtləri çətin idi ki, Almaniyada işləməyi seçdiniz? Ümumiyyətlə, bu ölkənin mühitinə, yaşam tərzinə uyğunlaşa bilmisizmi?
- Əslində seçimim dediyiniz amillə bağlı deyildi. Hollandiya çox tolerant ölkədir və insanları da spesifik xüsusiyyətlərə malikdir.
Öncə maraqlı bir məqamı deyim ki, burada hamı ingilis dilində danışır. Yəni təhsili olan da, olmayan da bu dili bilir. Adi küçə süpürgəçisinə belə, yaxınlaşıb nəsə soruşsanız, sizə səlis şəkildə ingilis dilində cavab verəcək. Hollandların başqa millətlərə qarşı çox tolerant olmaları isə mənə öz millətimi xatırladır.
Məsələn, deyə bilərəm ki, İtaliya, Fransa, İspaniya və gedəcəyim Almaniya kimi ölkələrdə bu, belə deyil. Rasizm meyilləri hələ də bu ölkələrdə özünü göstərir.
Bundan başqa, ölkənin tarixində su və suya aid tikintilər böyük rol oynadığı üçün maraqlı qeyri-adi körpülər görmək olur, hətta külək dəyirmanlarının çoxluğu da gözəlliyi birə-beş artırır.
Dünyada məşhur olan zanbaq plantasiyaları isə bura gələnlər üçün şəkil çəkdirməyə əla məkan sayılır. Qısası, Hollandiya çox zəngin ölkədir, həyat səviyyəsi isə yüksəkdir. Almaniya, Hollandiya və Finlandiya ilə birlikdə Avropanın ən güclü iqtisadiyyatı olan ölkələr sayılırlar.
- Artıq sizi kimya sahəsi üzrə peşəkar kadr saymaq olar. Azərbaycanda kimya sənayesinin inkişafını necə xarakterizə edərdiniz?
- Öncə onu bildirim ki, Azərbaycanda kimya, xüsusilə neft kimyası məktəbi böyük tarixə malikdir. Lakin qeyri-neft kimyası təəssüf ki, o qədər də aktual deyil. Eyni zamanda Azərbaycan dövlətinin ölkədə iqtisadiyyatın vəziyyətini yaxşılaşdırmaq üçün qeyri-neft kimyası sahəsində gördüyü işləri, texniki ixtisaslara verdiyi önəmi vurğulamaq lazımdır və bunlar göz önündədir. Dövlət proqramına seçimdə də zaman-zaman texniki ixtisaslara daha çox önəm verilməsi buna nümunə ola bilər. Xaricdə nanokimya üzrə təhsil alarkən daha dərindən anladım ki, neft kimyasından başqa digər kimya sahələri də dövlət büdcəsinə yüksək gəlir gətirə bilər. Hollandiyanın “Şell” “Filipps”, “Unilever” kimi nəhəng şirkətləri elmi- tədqiqatlara investisiya qoyaraq milyardlarla pul qazanırlar. Öz növbəsində belə şirkətlərin uğurlu olması dövlət büdcəsinə daha çox vergi verilməsi və daha çox yeni iş yerləri deməkdir. Azərbaycan da yaxın gələcəkdə bu sahədə olan inkişafın bəhrəsini görəcək. Təhsilimi bitirdikdən sonra istərdim ki, 1-2 il Avropanın aparıcı kimya şirkətlərindən birində mühəndis kimi daha çox təcrübə toplayım. Bundan sonra isə gələcəkdə Azərbaycanda qeyri-neft kimyasının inkişafı üçün reallaşdırılan layihələrin inkişafında yaxından iştirak etmək daha məqbul olardı. Xüsusilə,yeni “Kimya Parkı” lahiyəsinin uğurlu olacağına inanıram. Bir kimyaçı kimi deyə bilərəm ki, Azəbaycanda kimya sahəsində böyük potensial var. Sadəcə, bu potensialı müasir Qərb ölkələrində gedən elmi-tədqiqatlarla əlaqələndirmək lazımdır. Burada da xaricdə təhsil alan Azərbaycan gənclərinin rolu böyük ola bilər.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info