Azərbaycan ardıcıl beş ildir ki, iqtisadi inkişafa görə MDB lideridir
Tarix: 24.12.2013 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru” mövzusunda konfrans keçirildi. YAP İdarə Heyəti və Siyasi Şurasının üzvlərinin, millət vəkillərinin, ziyalıların iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov bildirdi ki, ölkəmizin inkişafı, yüksəlişi, son illərin qüdrətli inkişaf perspektivləri və reallıqları Azərbaycanın müasir tarixinin ən yaddaqalan hadisələridir: “Dünyanın bir çox xalqları öz tarixinin qızıl əsrini keçmişində axtarmağa çalışır. Azərbaycanın çoxəsrlik tarixinin qızıl dövrü indiki günlərimizdə yaşanmaqdadır. Son 10 ildə keçdiyimiz möhtəşəm inkişaf tarixi bu fikri söyləməyə kifayət qədər əsaslar verir. Məhz buna görə də, Azərbaycan vətəndaşları cari ilin oktyabrında keçirilən prezident seçkilərində öz səslərini yenidən Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə verdilər. Azərbaycan seçiciləri İlham Əliyevi növbəti dəfə dəstəkləməklə bir yandan ötən illərdə həyata keçirilən Heydər Əliyev siyasətinin əldə etdiyi nailiyyətlərə, möhtəşəm uğurlara öz münasibətlərini ifadə etdilər, digər tərəfdən isə Prezident İlham Əliyevin rəhbərliyi altında növbəti beş il ərzində Azərbaycanı, hər bir Azərbaycan vətəndaşını gözləyən nailiyyətləri nəzərdə tutaraq Prezidentimizə dəstək oldular.
Elə buna görə də Prezident İlham Əliyev seçkilərdən sonra xalqa müraciətində və andiçmə məraisimində növbəti beş ildə Azərbaycanın başlıca inkişaf hədəflərini, Azərbaycanın inkişaf mənzərəsini müəyyənləşdirdi. Hədəflər, vəzifələr aydın şəkildə qarşımıza qoyulub. Təbii ki, qarşımızda duran ən başlıca hədəf Azərbaycanın inkişafının iqtisadi təməlinin müəyyənləşdirilməsi ilə əlaqədardır. Növbəti beş ildə Azərbaycanın inkişafının iki dəfə artırılması və bu müddət ərzində Azərbaycanın inkişaf etmiş dövlətlər sırasına daxil olması istiqamətində ən möhtəşəm addımların atılması əsas vəzifələrdəndir”. Ə.Əhmədov onu da bildirdi ki, bu hədəflərə çatmaq uğrunda Prezidentin rəhbərliyi altında Azərbaycan vətəndaşları şərəfli bir yolun yeni mərhələsinin başlanğıcındadır: “Biz böyük və şərəfli yol keçmişik. Qarşımızda isə daha böyük və məsuliyyətli vəzifələr dayanmaqdadır. Azərbaycanın dövlət müstəqilliyi hər bir vətəndaşın özünü azad dərk etməsi üçün etibarlı zəmin yaradıb. İndi azadlıq insan üçün, vətəndaş üçün sadəcə olaraq dərk edilmiş həqiqət deyil, bu daha çox etibarlı təminatdır, gələcəyə daha böyük ümidlərlə baxmaq deməkdir. Daha çox Azərbaycanın gələcəyinə inamın hər bir insanın özünün şəxsi inamına çevrilməsindən ibarətdir”. Konfransın əlamətdar bir gün ərəfəsində keçirildiyini qeyd edən YAP sədrinin müavini bildirdi ki, 24 dekabr Prezident İlham Əliyevin doğum günüdür: “Partiyanın hər bir üzvünün, ümumilikdə Prezidentin siyasətini dəstəkləyən hər bir Azərbaycan vətəndaşının adından Prezident İlham Əliyevi bu münasibətlə təbrik edir, ona uğurlar arzulayırıq”.

Son on ildə 1 milyon 200 mindən artıq
yeni iş yeri açılıb


Baş nazirin I müavini Yaqub Eyyubov İlham Əliyevin rəhbərliyi altında son on ildə görülən işlər, əldə olunan uğurlar barədə danışaraq bildirdi ki, Prezident İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın xoşbəxt gələcəyinə inandığını bildirib. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir. Son on il ərzində Azərbaycan keçid dövrünü başa vuraraq yeni inkişaf mərhələsinə qədəm qoyub, etibarlı tərəfdaş kimi, dünyada yüksək nüfuza malik ölkəyə, regionun bütün iqtisadi və siyasi məsələlərinin həllində əvəzolunmaz iştirakçıya və əsas söz sahibinə çevrilib. Bu gün ölkəmiz böyük transmilli layihələrin təşəbbüskarı və aparıcı iştirakçısıdır, kosmik klubun, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Beynəlxalq əhəmiyyətli konfransların, forumların keçirildiyi bir məkandır. Hətta dünyanın iri dövlətlərinin ciddi problemlərlə üzləşməsi fonunda Azərbaycanda makroiqtisadi sabitlik hökm sürür. Enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində qarşıya qoyulan vəzifələr uğurla icra edilir. Əhalinin həyat səviyyəsi davamlı olaraq yüksəlir”. Son on il ərzində 132 dövlət proqramı təsdiq olunaraq uğurla icra edilib və edilməkdədir. Bu müddət ərzində ümumi daxili məhsul 3,4 dəfə, onun adambaşına düşən həcmi 3, dövlət büdcəsinin gəlirləri 19, qeyri-neft sənayesi 2,2, kənd təsərrüfatı 1,5, informasiya və rabitə sahəsi 9,5, tikinti 5,6, turizm 12, nəqliyyat 2,6, ticarət isə 3,2 dəfə artıb. Strateji valyuta ehtiyatları xarici dövlət borcundan 10 dəfədən çoxdur. Ölkəmizin etibarlı tərəfdaş olması, investorların hüquq və əmanətlərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərarbər şəraitin yaradılması nəticəsində iqtisadiyyata 150 milyard dollar investisiya qoyulub ki, bunun yarısı xarici investisiyalardır. İqtisadi qüdrəti artmış Azərbaycan artıq xarici investisiya yatıran ölkəyə çevrilib. Azərbaycan dünyanın 150-dən çox ölkəsi ilə ticarət əməliyyatı aparır. 10 ildə xarici ticarət dövriyyəsi 8,8 dəfə, ixrac 11 dəfə, o cümlədən qeyri-neft ixracı təqribən 5, idxal isə 5,8 dəfə artıb. Son on ildə dövlət büdcəsinin sosialyönümlü xərcləri 8,1 dəfə, bununla yanaşı, əhalinin gəlirləri 6,9, orta aylıq əmək haqqı 6,3 dəfə artıb, 1 milyon 200 mindən artıq yeni iş yeri açılıb. İşsizliyin səviyyəsi 2 dəfəyə qədər azaldılaraq 5,2 faizə enib. Dünya İqtisadi Forumunun 2013-2014-cü illər hesabatına əsasən Azərbaycan 7 pillə irəliləyərək 148 ölkə arasında 39-cu yerə yüksəlib və ardıcıl olaraq beş ildir ki, MDB ölkələri arasında liderliyini qoruyub saxlayıb. Beynəlxalq Telekommunikasiya İttifaqının "İnformasiya cəmiyyətinin ölçülməsi 2012" hesabatında Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişaf indeksinə görə əvvəlki mövqelərindən 6 pillə irəliləyərək 155 ölkə arasında 68-ci yeri tutub və ən dinamik inkişaf edən ölkələr qrupunda yerini möhkəmləndirib. Qeyd edildi ki, bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyev ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inrkişaf kursu ilə demokratikləşmə, davamlı və dayanıqlı iqtisadi inkişaf, dünya birliyinə sürətli inteqrasiya, dövlətçiliyin daha möhkəmləndirilməsinə, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn siyasəti ilə Azərbaycanı qarşıya qoyulan hədəfə - dünyanın inkişaf etmiş ölkələri sırasında addımlaması məqsədinə doğru inamla aparır.

Qarşıdakı 5-10 il
ərzində ÜDM qeyri-neft sektorunun hesabına 2 dəfə artacaq


Maliyyə naziri Samir Şərifov qeyd etdi ki, son on ildə Azərbaycan ən yüksək zirvələri fəth edib, o cümlədən BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Bazar iqtisadiyyatına keçid dövrünü başa çatdırıb, investisiya alan ölkədən xaricə investisiya yatıran ölkəyə çevrilib. Bu dövr ərzində Azərbaycan xalqının rifah halı yaxşılaşıb, paytaxt və böləgələrin siması dəyişib, hər yerdə quruculuq, abadlıq işləri geniş vüsət alıb. Son on ildə Azərbaycanda bütün sahələrdə qazanılan uğurların nəticəsidir ki, cari ilin oktyabrında keçirilən prezident seçkilərində Azərbaycan xalqı yüksək fəallıq nümayiş etdirərək, İlham Əliyevə səs verib, yenidən Prezident seçilməsinə dəstək olub. S.Şərifov qeyd etdi ki, iqtisadi artım 3,4 dəfə olub, ÜDM-nin hər nəfərə düşən həcmi 3 dəfə artıb, sənaye sahəsində 2,8 dəfə, kənd təsərrüfatında 1,5 dəfə, informasiya və rabitə xidmətlərində 9 dəfə, xarici ticarət dövriyyəsində 8,8 dəfə, pərakəndə ticarət dövriyyəsində 3,1 dəfə artım əldə edilib. Ölkənin valyuta ehtiyatları təxminən 30 dəfə artaraq 50 milyard dollara çatıb. Bu dövrdə ölkə iqtisadiyyatına 150 milyard dollar investisiya qoyulub. 10 ildə qeyri-neft sektoruna yönəldilən əsas kapilatın həcmi 16,7 dəfə artaraq 52 milyard manata çatıb. Dövlət tərəfindən sahibkarlığa dəstək üçün 1,2 milyard manat məbləğində güzəştli kreditlər verilib, sahibkarlıq subyektlərinin sayı 3 dəfə artıb. Hər bir ölkə üçün ən vacib meyarlardan biri ümumi daxili məhsulun artım dinamikasıdır. Belə ki, ÜDM-nin istehsalına görə ölkəmiz 2003-cü ildə dünyada 108-ci yeri tuturdusa, artıq 2012-ci ildə 69 yerə irəliləyib. Qarşıdakı 5-10 il ərzində isə ümumi daxili məhsulu qeyri-neft sektorunun hesabına 2 dəfə artıraraq Azərbaycanın dünyanın ilk 50 ölkəsi sırasına daxil olması əsas hədəflərdəndir. Dünya İqtisadi Forumunun 2013-2014-cü il üzrə "Dünya Rəqabətlilik Hesabatı"nda Azərbaycan rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşıb. Qlobal iqtisadiyyatın böhran dövrünü yaşadığı və yüksək rəqabət mühiti ilə səciyyələnən bir zamanda Azərbaycanın 7 pillə irəliləməsi ölkədə aparılan məqsədyönlü sosial-iqtisadi inkişaf siyasətinin əyani göstəricisi və ölkəmizin beynəlxalq nüfuzunun artmasının nümunəsi kimi dəyərləndirilir. S.Şərifov Azərbaycanın qarşısında açılan imkanlardan bəhs edərək, qarşıdakı illərin hədəflərini müəyyənləşdirən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əhəmiyyətini diqqətə çatdırdı: “Bu inam bir daha ifadə edildi ki, ölkəmizin yaxın zamanlarda inkişaf etmiş dövlətlər sırasında olması mütləqdir. Bunu şərtləndirən amillər bugünkü reallıqlarımızdır”.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirdi ki, Azərbaycan son on ildə iqtisadi artım sürətinə görə dünyada liderliyini qorudu: “Bu gün Azərbaycanda davamlı, dayanıqlı inkişaf mövcuddur. Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib. Ən başlıcası ölkəmiz bu dövrdə dünya iqtisadi sisteminə uğurla inteqrasiya edib. Ölkəmiz xaricdə ikinci iqtisadiyyatını formalaşdırıb. Uğurlu investisiya layihələri ölkəmizin iqtisadi mövqeyini daha da möhkəmləndirir”. Ə.Abbasov bildirdi ki, yeni mərhələnin başlanğıcındayıq və dövlət başçısı İlham Əliyev "qara qızılı insan kapitalına çevirək" tezisini irəli sürərək, bu istiqamətdə biri-birindən əhəmiyyətli addımlar atdı: “Yeni texnologiyaların inkişafına yönələn addımlar da bu məqsəddən irəli gəlir. Ölkəmizin bu uğuru beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilib. Davos İqtisadi Forumunun hesabatında Azərbaycanın bu mövqeyi 56-cı yerdə qiymətləndirilib, bir çox göstərici üzrə isə MDB və Mərkəzi Asiya ölkələri arasında birinci yeri tutub. Ümumiyyətlə, Azərbaycan yeni texnologiyaların inkişaf səviyyəsinə görə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında qeyd edilir. Ölkəmizin kosmik klubun üzvü olması da mühüm uğur kimi qeyd edilir. Bu sahəyə böyük ümidlər bəslənilir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əsas hədəflərdən biri olan ümumi daxili məhsulun 2 dəfə artırılmasında informasiya texnologiyalarının rolu xüsusi qeyd edilir”. O da vurğlandı ki, bu gün İKT-dən gələn gəlirlər təxminən 2 milyard dollardır: “Hədəf 2020-ci ilə onu 8-8,5 milyard dollara çatdırmaq, İKT-nin ÜDM-nin formalaşmasında payını 10 faizə yaxınlaşdırmaqdır. Gələcək hədəflər daha böyükdür. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında bu hədəflər daha dəqiq müəyyənləşdirilib”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info