“Rusiya Azərbaycanın imzaladığı sazişlərə qarşı deyil”
Tarix: 24.12.2013 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


“Azərbaycan enerji resurslarının ixracında
alternativ yollara sahib olmaq arzusundadır ki, Rusiya da bunu yaxşı başa düşür”


Məlum olduğu kimi bu yaxınlarda Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimi oldu. Qeyd edək ki, “Şahdəniz-2” layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcək. İlk qazın Avropaya 2019-cu ildə çatdırılması planlaşdırılır.
1999-cu ildə kəşf olunan “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və “Cənub” qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur.

2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanıb. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım edib. Ötən il ölkəmiz Türkiyə ilə Trans-Anadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalayıb. Bu il isə TAP layihəsi əsas ixrac marşrutu seçilib. “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaq. “Şahdəniz” layihəsinin ilkin mərhələsi - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstanı əhatə edir. Sonrakı mərhələdə Monteneqro və Xorvatiya da prosesə qoşulacaq. Bu boru kəmərinin Balkanlar istiqamətində uzadılması planları da var. Gələcək perspektivdə boru kəmərinin Rumıniya, Macarıstan və Avstriyaya da uzadılması ilə bağlı planlar var. Bütün bunlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunun artmasına işarədir. Ölkəmiz qitənin enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu artırmaqla dünyanın neft-qaz bazarında önəmli oyunçulardan birinə çevrilib. Elə bir neçə gün öncə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında bu ölkənin qazpaylayıcı sistemi olan “DESFA” şirkətinə məxsus səhmlərin 66 faizinin alınması üzrə Yunanıstan tərəfindən elan edilmiş beynəlxalq tenderin nəticələrinə əsasən “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.

“Putinin avqust ayında Bakıya etdiyi səfər çox uğurlu oldu”

İmzalanmış sənədlər Avropa Komissiyasının Enerji və Antiinhisar üzrə Baş Direktorluğu tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. İmzalanma mərasimində qeyd olunmuşdur ki, “DESFA” şirkətinə məxsus səhmlərin böyük hissəsinin ARDNŞ tərəfindən alınması Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artırılması, eləcə də Yunanıstana xarici investisiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyətə malik hadisədir. Azərbaycanın bu uğurlarını dördgözlə izləyən işğalçı Ermənistan tərəfi nələri itirdiyinin fərqinə varır. Ermənistanın “Birinci İnformasiya” agentliyi bu məsələni şərh edərkən yazır ki, Bakıda imzalanan saziş Qərb mediasında “əsrin müqaviləsi” kimi xarakterizə edilib. Araks Martirosyan adlı müəllif qeyd edir ki, gələn il “Şahdəniz”dən çıxarılacaq qazın həcminin 1 milyard 400 milyon kubmetrə çatdırılması planlaşdırılır. 2019-cu ildə isə Azərbaycanın Avropaya satacağı qazın həcmi 10 milyard kubmetrə çatacaq. Eyni zamanda qeyd edilib ki, yeni kəmər Rusiyadan yan keçməklə “Cənub axını”na alternativdir. “Birinci İnformasiya” məsələyə Rusiya Dövlət Dumasının keçmiş üzvü, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin prorektoru, Rusiya İctimai Palatasının üzvü Sergey Markovdan münasibət öyrənib. Bakıda imzalanan müqaviləni erməni saytına şərh edən Markov qeyd edib ki, Azərbaycan enerji resurslarının ixracında alternativ yollara sahib olmaq arzusundadır ki, Rusiya da bunu yaxşı başa düşür. Eyni zamanda Rusiya Gömrük İttifaqının genişləndirilməsində, o cümlədən Ermənistanın birliyə üzv olmasında maraqlıdır ki, bunu da Azərbaycan yaxşı başa düşür. Markov bunu başa düşülən, obyektiv səbəblər üzündən “maraqların toqquşması” kimi xarakterizə edir: “Amma tərəflər bunu yaradan motivləri yaxşı bilirlər və anlayırlar ki, mübahisə etmək yox, maraqların üst-üstə düşdüyü məsələlərdə əməkdaşlıq etmək lazımdır. Təbii ki, Rusiya Ermənistanın Gömrük İttifaqına üzv olmasında maraqlıdır. Amma onu da nəzərə almaq lazımdır ki, Vladimir Putinin avqust ayında Bakıya etdiyi səfər çox uğurlu oldu. Mən burada daha bir tendensiya görürəm-Azərbaycan tam obyektiv səbəblərdən neft və qazın Avropa İttifaqına satılmasında alternativ yola sahib olmaqda maraqlıdır. Əlbəttə ki, biz Azərbaycanın imzaladığı bu sazişlərə görə sevinmirik, amma bizim buna qarşı olduğumuzu demək səhv olardı. Hətta Rusiya bütün neft-qaz kəmərlərinin ərazisindən keçməsini istəsə belə, bu, mümkün deyil”. Ekspert bildirib ki, Azərbaycan kimi neft-qaz ehtiyatlarına sahib olan ölkələr Gömrük İttifaqı kimi birliklərdə maraqlı olmurlar. Onların neft-qazını bu birliklər olmadan da qəbul edirlər: “Böyük resurslara malik olan Azərbaycan da iqtisadi birliklərdə maraqlı deyil”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info