“Azərbaycan müstəqil, çoxşaxəli xarici siyasət yürüdür”
Tarix: 24.12.2013 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Arye Qut: “Dünyada ikinci elə bir intellektual məkan yoxdur ki, dünyanın 70 ölkəsinin elita nümayəndələri orada aktual problemləri müzakirə etsinlər”

İsrailin "Birinci radio” radiostansiyasında bu ölkənin sakinləri arasında kifayət qədər populyar olan “Suallarla üz-üzə” verilişində Azərbaycan- Ermənistan münaqişəsi, Xocalı soyqırımı, Azərbaycan-İsrail tərəfdaşlığının perspektivləri geniş şərh edilib.
"Birinci radio” radiostansiyasının daimi şərhçisi, beynəlxalq münasibətlər sahəsində ekspert, “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının (Azİz) idarə heyətinin üzvü Arye Qut verilişin aparıcısı Mark Kriçevskinin suallarına cavab verərək qeyd edib ki, Azərbaycanın hazırkı rəhbərliyi müstəqil çoxşaxəli xarici siyasi strategiya yürüdür: “Biz İsrail olaraq Azərbaycanın necə çətin, açıq desək, ağır geosiyasi vəziyyətdə xarici siyasət yürütdüyünü çox gözəl başa düşürük.
Ekspert qeyd edib ki, belə bir situasiyada İsraillə qarşılıqlı strateji münasibətlərlə bağlı rəsmi Bakının hazırkı xarici siyasi davranışı müdriklik, soyuq siyasi hesablama və Azərbaycan Prezidentinin rəhbərlik etdiyi milli maraqları əks etdirir. Məhz buna görə də İsraildə Azərbaycan Prezidenti İlham Əliyevə böyük hörmətlə yanaşır, onun diplomatik müdrikliyini və müasir xarici siyasi problemlərin həllində təcrübəsini, Azərbaycanı beynəlxalq arenada mühüm, güclü və müstəqil amilə çevirən ölkə iqtisadiyyatının sürətli inkişafında səylərini yüksək qiymətləndirirlər".
İsrail eksperti qeyd edib ki, İsraillə Azərbaycanın iqtisadi əlaqələri son illər postsovet məkanının digər ölkələri ilə olan analoji göstəriciləri xeyli qabaqlayaraq ciddi templərlə inkişaf edib:" İsrail Azərbaycanda neft hasilatı, qida, telekommunikasiya, kənd təsərrüfatı, hərbi sənaye kompleksi və sənayenin digər növləri üçün yeni texnologiyaların mühüm idxalçılarından birinə çevrilib.
Mən Azərbaycan-İsrail münasibətlərinə, hər iki tərəfin də əldə olunanlarla kifayətlənmək niyyətində olmadıqlarını qeyd etməklə, müsbət strateji tərəfdaşlıq kimi baxıram".
Qutun sözlərinə görə, rəsmi Təl-Əviv daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir. Bütün bu faktlar təsdiq edir ki, İsrail və Azərbaycan olduqca mühüm insan körpüsünə - Azərbaycandakı yəhudi icması və İsraildəki Azərbaycan diasporuna söykənən möhkəm iqtisadi və siyasi əməkdaşlıq bazisinə malikdir.
Mark Kriçevskinin Bakı Humanitar Forumla bağlı sualına cavab verən Arye Qut qeyd edib ki, Bakı Humanitar Forumu beynəlxalq intellektual birliyin, siyasətçilərin, alimlərin, mədəniyyət xadimlərinin, nəzəriyyəçilərin, vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşüb, müzakirələr apardığı həqiqi və real məkandır: “Bu gün dünyada praktiki olaraq ikinci elə bir intellektual məkan yoxdur ki, dünyanın 70 ölkəsinin siyasi, elmi, intellektual və biznes elitasının nümayəndələri orada görüşərək, bütün dünya birliyi üçün maraq doğuran iqtisadi inkişafın humanitar aspektləri, multikulturalizm və bənzərsizlik, postmodern dövründə milli identiklik, davamlı inkişaf və ekoloji sivilizasiya, informasiya məkanının qloballaşması şəraitində medianın aktual məsələləri kimi problemləri müzakirə etsinlər. Bu forumda İsrail dövlətinin yetərincə təmsil olunduğunu görmək çox xoş idi. İsraili üç Nobel mükafatı laureatı, professor Dani Şextman, professor Ada Yonat və professor Arye Varşel təmsil edirdi. Onların hər biri III Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil edilməsi, azərbaycanlıların səmimiyyəti və qonaqpərvərliyi barədə təəssüratlarını mənimlə bölüşdülər.
Mən İsrail vətəndaşı və İsraildə Azərbaycan diasporunun nümayəndəsi kimi qeyd etdim ki, Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə qayğı və diqqətlə yanaşır. Bütün dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə və unikal bir yer olan Qırmızı qəsəbə həqiqətən Azərbaycanın fəxridir. Burada yəhudilərlə azərbaycanlılar əsrlər boyu mehriban yaşayır, bir-birini doğma qardaş hesab edirlər. Bu insanlar ümumi tale ilə bağlıdır. Təsadüfi deyil ki, 1918-1919-cu illərin faciəli hadisələri zamanı erməni daşnaklar Azərbaycan şəhərlərində qanlı qırğın törədərkən, azərbaycanlılarla bərabər üç mindən çox yəhudi də həlak olub”.
Ekspertin sözlərinə görə, Müqəddəs Torpaqda, İsrail dövlətində Azərbaycanın əsl diaspor təşkilatı olan Beynəlxalq “İsrail-Azərbaycan” Assosiasiyasının yaradılması Azərbaycanın dözümlülük və tolerantlıq siyasətinin nəticəsidir: “Bu diaspor təşkilatının məhz əslən Azərbaycandan olan yəhudilər tərəfindən yaradılması tarixi faktdır. Bu gün reallıq belədir və bir qədər qeyri-təvazökarlıq kimi görünsə də, deməliyəm ki, Azərbaycan bununla fəxr edə bilər, İsraildə Azərbaycanın yetərincə güclü diaspor təşkilatı - Beynəlxalq “İsrail-Azərbaycan” Assosiasiyası fəaliyyət göstərir. Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu assosiasiyanın strateji tərəfdaşıdır”.
Azİz idarə heyətinin üzvü qeyd edib ki, assosiasiya hər ay İsrailin müxtəlif şəhərlərində “Justice for Khojaly” adlı sənədli sərgi və “Azərbaycan günləri” keçirir: “Biz bütün İsrailə göstəririk ki, Xocalı qətliamının qəddar və amansız səhnələri Azərbaycanın ürəyində həmişə sağalmaz və ağır yara olaraq qalacaq”. O, verilişdə məlumat verib ki, bir qış gecəsində erməni faşistləri 613 nəfəri amansızlıqla qırıblar, onlardan çoxu xüsusi qəddarlıq və işgəncələrlə öldürülüb. Xocalı şəhəri Ermənistan tərəfindən aparılan etnik təmizləmə və Azərbaycan torpaqlarının işğalında mərhələlərdən biri olub. Bildirilib ki, erməni faşistlərin günahsız uşaqlara, qadınlara və qocalara qarşı barbar qəddarlıqlarının heç bir izahı yoxdur: “Bu gün Ermənistanda yüksək postlarda duran şəxslər – Serj Sərkisyan, Seyran Ohanyan və başqaları istər ideoloq, istərsə də iştirakçı olaraq bu qanlı soyqırımda günahkardırlar”.
A.Qutun sözlərinə görə, İsrail müasir Azərbaycandakı 20 minlik yəhudi icmasına səmimi münasibətdə ölkə rəhbərliyinin rolunu yüksək qiymətləndirir: “Gəlin unutmayaq ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib, ölkə sakinlərinin orta hesabla hər 7 nəfərindən biri qaçqındır. Azərbaycanda heç vaxt antisemitizm olmayıb və biz-əslən Azərbaycandan olanlar, İsraildə Azərbaycan diasporunun nümayəndələri bununla fəxr edirik. Azərbaycan əsl sivilizasiyalararası dialoq nümunəsidir. Siz mənə ikinci bir istər müsəlman, yaxud xristian ölkəsi göstərin ki, orada Prezidentin və ölkənin birinci xanımının himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilmiş olsun. Mənim fikrimcə, siz sadəcə olaraq ikinci belə bir ölkə tapa bilməzsiniz”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info