“Rusiyadakı universitetlərin hər birinin öz Azərbaycan klubu var”
Tarix: 25.12.2013 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


Rüstəm Həsənzadə: “Təhsilimi bitirib Bakıya deyil, Şuşaya qayıtmaq istəyirəm”

Xaricdə təhsil alan gənclərimizlə bağlı rubrikamızın budəfəki qonağı Rusiyanın Moskva Dövlət Universitetində təhsil alan Rüstəm Həsənzadədir. Rüstəmin adı xaricdə təhsil alan gənclərimiz arasında ön sıralardadır. O, Rusiya kimi böyük ölkədə Azərbaycanı kifayət qədər təmsil etməklə yanaşı, təhsilini də uğurla davam etdirir. Rüstəm Həsənzadə ilə olan maraqlı müsahibəni oxuculara təqdim edirik.
- İlk olaraq oxucularımıza özünüz barədə məlumat verərdiniz.
-Mən, Həsənzadə Rüstəm 1994-cü ildə Bakı şəhərində anadan olmuşam. Təhsilimə 2000-ci ildə Namiq Axundov adına 1 nömrəli məktəbdə başlayıb, sonradan 2011-ci ildə İstedadlı uşaqlar üçün ingilis dili təmayüllü 16 nömərli liseydə bitirmişəm. Hazırda isə, Lomonosov adına Moskva Dövlət Universitetində Dünya siyasəti fakültəsində ali təhsil alıram.
- Rusiya Azərbaycana qonşu dövlətdir. Yəqin bu səbəbdən Moskvanı seçdiniz?
- Düzü, yaxın ölkə olduğu üçün deyil, bir sıra amillərə görə bu dövlətdə təhsil almağa üstünlük verdim. Uşaq vaxtlarımdan Azərbaycan tarixi və mədəniyyəti ilə yanaşı, rus mədəniyyətinin incəliklərinə də maraq göstərirdim. Hər zaman rusların knyazlıq dövründən bugünkü günümüzədək dünyanın ən böyük və siyasət arenasının ən güclü dövlətlərindən birinin qorunub saxlanılması bacarığına xüsusi maraqla baxıb, araşdırıb,yeri gələndə hətta bəzi məqamlara görə fərəhlənmişəm.
Belə bir prosesin əsrlər boyu necə qorunub saxlanılması, burada hansı xarici və daxili siyasi gedişlərdən istifadə olunmasını anlamaq, siyasi gedişləri daha dərindən, professional şəkildə analiz etməyi bacarmaq və bütün bu suallara cavab tapmaq üçün, məhz Rusiya Federasiyasında ali təhsil almağı düşündüm. Moskvanı isə paytaxt və böyük bir meqapolis olduğuna görə seçdim. Boş yerə deməyiblər ki: "Moskva- imkanlar şəhəridir".
Moskva Dövlət Universitetinin tələbəsi adını qazanmağımı bildikdə sevincimin həddi-hüdudu yox idi. Sevincimlə yanaşı anlayırdım ki, artıq çox çətin və məsul bir yola çıxmışam. Yəqin, siz də çox gözəl bilirsiniz ki, bu ölkədə, xüsusilə də belə bir güclü və tanınmış universitetdə təhsil almaq, Azərbaycanı təmsil etmək böyük məsuliyyət tələb edir. Sadəcə olaraq sualınıza qüvvət olaraq deyə bilərəm ki, qonşu dövlətdə təhsil almağımın müsbət cəhəti o oldu ki, bu imkandan istifadə edib dünyanın digərucqar ölkələrində təhsil alan həmyaşıdlarımdan fərqli olaraq, Azərbaycanda tez-tez oluram.
- MDU-nun kifayət qədər nüfuzlu ali təhsil ocağı olduğunu qeyd etdiniz. Bir qədər də burada oxuyan azərbaycanlılar barədə danışardınız...
-MDU-da və ümumiyyətlə, Moskvada təhsil alan azərbaycanlı tələbələri bir yerə toplayan, onların təşkilatlanmasında böyük rol oynayan xeyli cəmiyyətlər var. Buna misal olaraq deyə bilərəm ki, Rusiyada aparıcı universitetlərin hər birinin öz Azərbaycan klubu var. Burada toplaşıb müxtəlif mövzular barədə müzakirələr aparırıq, yeri gələndə bir-birimizə kömək edirik, hətta professorlarımızla bərabər konfranslar, bayramlar keçiririk. Konkret olaraq təhsil aldığım MDU-ya gəldikdə isə məndə olan məlumata görə, universitetimizdə 150-yə yaxın azərbaycanlı tələbə təhsil alır. Onların da aktivliyini qənaətbəxş saymaq olar. Həmçinin deyə bilərəm ki, hörmətli Leyla xanım Əliyevanın rəhbərliyi ilə yaradılan Rusiyadakı Azərbaycanlı Gənclər Birliyi gənclərimizlə bağlı çox fəal işlər görür. Bütün bu təşkilatlanma və aktivlik təbii ki, bizim bir çox məqamlarda vacib üstünlüyümüzdən xəbər verir. Erməni tələbələrə gəldikdə isə Rusiyada ermənilərin çox yaşamasına baxmayaraq, aktiv görünmürlər. Qeyd etmək istərdim ki, əgər onlar hansısa bir mövzuda bizimlə rəqabət apara bilsələr, həmçinin bilik və savad yarışlarında üz-üzə gəlsək, bu onlar üçün böyuk bir fəxr sayılar. Çünki özləri də gözəl anlayırlar ki, azərbaycanlılar daim bilikdə irəlidə olublar. Biz erməniləri hər zaman hər bir sahədə qabaqlamışıq, tələbə fəallığında belə. Qısası biz daha güclü, daha böyük bilik potensialına malikik.
-Son zamanlar Rusiyada əcnəbilərlə bağlı çətinliklər yaranmışdı. Bu, tələbələrimizin fəaliyyətində özünü göstərmədi ki? Ümumiyyətlə, problemləriniz olmur ki?
- Dediyiniz problemlər yalnız miqrantlarla bağlı yaranmışdı. Miqrantlarla bağlı keçirilən yoxlamaların, yaranan problemlərin tələbələrə heç bir aidiyyəti olmur. Ola bilər ki, millətçilərinbir qədər fəallaşması bu işə siyasi don geyindirir. Amma belə yoxlamalar Avropanın inkişaf etmiş ölkələrində də tez-tez olur, qanunsuz, nəzərdə tutulmuş vaxtdan artıq ölkədə qalan gəlmələr, deportasiya olunur. Sadəcə, bu cür proseslər Rusiyada kütləvi şəkildə aparıldı, deyə narahatlıq doğuran məqamlar oldu. Rusiya böyük dövlətdir və burada hər cür neqativ hallar yarana bilər. Sadəcə olaraq qayda-qanunlara riayət edib düzgün şəkildə bu ölkədə fəaliyyət göstərmək lazımdır. Dostlarımdan, yaxınlarımdan belə bir problemlə üzləşən olmayıb. Tələbələrdə normal şəkildə öz fəaliyyətlərini davam etdirirlər.
- MDU köklü universitetlərdən sayılır. Bir qədər də universitetin, Rusiyanın təhsil sistemi, dərslərin səviyyəsi, tələbə və müəllim münasibətləri barədə danışardınız.
- Bəli, MDU MDB məkanında nömrə bir, dünya səviyyəsində isə 100 ən yaxşı universitet siyahısında ilk yerlərdə duran ali təhsil ocağıdır. Rusiya 2010-cu ildə Bolonya təhsil sisteminə keçməsi barədə qərar verib. Fikrimcə, bu proses təhsil normaları üçün daha vacibdir. Bizim universitetdə təhsil almaq heç də asan deyil. Tarix, sosioloqiya, politoliqiya, beynəlxalq münasibətlər, xarici dillər kimi profil fənlərə müəllim və tələbələr tərəfdən böyük maraq göstərilir, daha çox leksiya saatları ayrılır.
- Diaspor, ictimai, sosial işlərdə aktivsinizmi? Rusiyada gənclərimizə daha çox dəstək haradan gəlir?
-Hər zaman çalışmışam ki, sosial işlərdə fəal olum. Biz gənclər təkcə təhsilə diqqət ayırmamalıyıq. Öz ölkəsini uğurla təmsil etmək istəyən, gərək digər fəaliyyətlərdə də aktiv olsun. MDU-ya daxil olduğum ilk günlərdən etibarən kurs və qrup yoldaşlarım məni qrup nümayəndəsi seçdilər. Əslində bu mənim üçün bir şok effekti verdi. Təsəvvür edin ki, Azərbaycan vətəndaşı Rusiya vətəndaşları və başqa xarici dövlətlərin nümayəndələri arasında qrup nümayəndəsi seçilir. Bəlkə də bu, bir çox adam üçün adi görünə bilər, amma səmimi sözümdür, bu, çox məsuliyyətli və şərəfli işdir. Bir neçə tələbəni bir növ həm də idarə edirsən, fərqləndiyin üçün bu məsul işdə təmsil olunduğunu hər kəs də görür. Mən hesab edirəm ki, bugünkü günə qədər belə vəzifəmi qoruyub saxlaya bilməyim mənim və bizim dövlətin bir növ kiçik də olsa, uğurlarından biri sayılmalıdır. Çünki ən xırda detallarda belə, ermənilərdən irəlidə olub bəzi hallarda onlar üzərində səlahiyyət sahibi olmaq müsbət amildir. Bu, həm də yaxşı təcrübədir. Bu yaxınlarda ASAIF-in baş katibi Nəcibə Mustafayeva Moskvaya gələndə azərbaycanlı tələbələrlə görüş keçirdi və Moskva üzrə koordinator seçiminə start verildiyini söylədi. Çox zaman keçmədi və mənim namizədliyim ASAIF-in Moskva koordinatoru kimi təsdiq edildi.
Tələbələrimizə dəstəklə bağlı sualınıza gəldikdə isə Ümumrusiya Azərbaycan Konqresinin və Azərbaycanın Rusiyadakı səfirliyinin rəhbərləri və nümayəndələri hər zaman forumlarımızda və konfranslarımızda iştirak edirlər, bizə dəstək olurlar. Təbii ki, dövlətimiz də ən yüksək səviyyədə bu işləri diqqətdə saxlayır, lazım gələndə səfirlik vasitəsilə bəzi problemlərimizə qayğı ilə yanaşırlar.
-Dövlətin xaricdə təhsil alan gənclərə qayğısını qeyd etdiniz. Bəs, ümumilikdə Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətini necə dəyərləndirərdiniz?
- "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nı bu məsələdə qeyd etmək, elə bir çox mətləblərə işıq salır. Dövlət gənclərə diqqəti daim artırıb və bu qayğı ilbəil artmaqdadır. Artıq hər bir abituriyentimiz üçün imkan yaradılır ki, xaricdə, istədiyi ali məktəbdə təhsil ala bilsin. Bildiyim qədəri ilə 2000-ci ilə kimi barmaqla sayılacaq qədər gənc var idi ki, xaricə oxumağa göndərilirdi. Hətta elə rayon şəhər var idi ki,orada yalnız 4-5 gənc xaricdə təhsil alırdı. Bu gün bölgələrdən saysız-hesabsız tələbə var ki, həm aparıcı ölkələrdə təhsil alır, həm də digər fəaliyyətlər göstərərək ölkəmizi təbliğ edir. Bu, adını çəkdiyim proqram da çox effektivdir və Azərbaycan gənci bu proqramdan mütləq lazımınca yararlanmalıdır.
- Azərbaycandan xarici ölkələrə, xüsusən də Rusiyaya oxumağa gedən tələbələrimizə hansı məsləhətləri verərdiniz?
- Rusiya da Azərbaycan kimi inkişaf edir, təhsilində də ciddi uğurlar var. Bu ölkəyə üz tutan, təhsil almaq üçün gəlməyi düşünən tələbələrin fikrini dəstəkləyirəm. Tövsiyəm odur ki, siyasətlə maraqlanan və gələcəkdə siyasətlə məşğul olmaq istəyib, bu ölkədə həmin sahə üzrə təhsil almaq istəyən indiki abituriyentlərimiz daha çox çalışsınlar və maksimal dərəcədə erudisiya və intellektlərini artırsınlar. Gənclərimiz gözəl anlamalıdırlar ki, bizim dövlətimizin gələcəyi onların əlindədir. Bunun üçün onlar elə təhsil illərindən lider olmağı bacarmalıdırlar və bacarıqlarını ortaya qoymalıdırlar.
- Son olaraq ənənəvi sualımızı verim. Özünüzün hansısa arzu, istək və ya təklifiniz varmı?
- Əlbəttə var. Arzum budur ki, bizlərin-xaricdə təhsil alıb müəyyən təcrübə yığan və eyni zamanda ölkəni təmsil edən gənclərin sayı xeyli artsın. Bir də doğma vətənimə qayıdıb biliklərimi burada tətbiq edəndə Bakını deyil, məhz Qarabağı seçim! Orada-Şuşada, Ağdamda fəaliyyət göstərib bu xoşbəxtliyə nail olum. Təklifim isə budur ki, gənclərin fəaliyyətlərini işıqlandırmaqda böyük iş görən “Palitra”nın bu təqdirəlayiq addımını xaricdə yaşayıb fəaliyyət göstərən azərbaycanlılar da ciddi təbliğ etsinlər. Qəzetinizə təşəkkürümü bildirirəm ki, gənclərimizə böyük önəm verib onların uğurlarını mətbuata daşıyırsınız. Sizə böyük uğurlar diləyirəm!

Tural Tağıyev







 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info