“Filippinin biznes dairələrində Azərbaycana böyük maraq var”
Tarix: 25.12.2013 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


Filippində yaşayan yeganə azərbaycanlı Əmir Hüseynzadə: “Burada xaricilər üçün son vaxtlar çox yaxşı imkanlar yaradıblar, bu, həm viza, həm də ev təminatı ilə bağlıdır”

“Ölkəmizin neft-qaz ehtiyatları, yeni binaların tikilməsi, fabrik-zavod açılması, iş yerləri yaradılması ilə bağlı informasiyalar Filippinin ən böyük şirkətləri tərəfindən diqqətlə izlənilir”


Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız var. Harada yaşamasından asılı olmayaraq onlar ölkəmizlə bağlı məlumatlar yaymağa, reallıqları çatdırmağa çalışırlar. Bəzi ölkələr var ki, orada soydaşlarımız çoxluq təşkil edir. Lakin bu dəfəki müsabimiz Filippində yaşayan yeganə soydaşımız Əmir Hüseynzadədir:

- Mən Bakıda ADU-nun Şərqşünaslıq fakültəsini bitirmişəm, müxtəlif dövlət orqanlarında çalışmışam. Son 9 ildir ki, Filippində yaşayıram. Burada bisneslə məşğulam. Orada ticarət şirkətim var. Mən Filippinə əslində 10-12 il öncə turist kimi getmişdim. Oranın təbiəti çox gözəldir, gözəl adalar, quma bənzər ağ torpaq var. Turistlər üçün gəzməli yerlər çoxdur. Eyni zamanda, əhalisi çox üzügülərdir, özlərini problemlərlə yormurlar. Çox nikbin xalqdır. Bəlkə də, bəzi şeyləri onlardan öyrənmək lazımdır. Havası da çox yaxşıdır. Yayda temperatur 26-30 dərəcə olur. Biznes barədə də imkanlar çoxdur. Filippinin 100 milyondan çox əhalisi var. Ona görə də iş qurmaq problem deyil. Digər tərəfdən də ölkə özü yaşamaq üçün bahalı ölkə deyil. Mənzil icarəyə götürüb yaşayırıq. Təkcə Manila şəhərində 20 milyon əhali yaşayır. Kimin nə qədər vəsaiti varsa, həmin məbləğdə ev tapıb yaşamaq olar. Mənzil almaq üçün banklar kiçik faizlə kredit verirlər. Xaricilər üçün son vaxtlar çox yaxşı imkanlar yaradırlar. Bu həm viza, həm evlə təminatla bağlıdır. Ümumiyyətlə, xaricilərə yerli camaat çox hörmət edir. Orada yaşayış şəraiti ilə bağlı desək məsələn, yeməklərə gəldikdə restoranlarda bütün ölkələrin yeməkləri var. Bazar, dükan, ərzaq əldə etmək üçün də elə bir problem yoxdur. Nəqliyyatda da qiymətlər normaldır. Digər tərəfdən əhalisinin üzügülər olması yaşayış üçün komfort şərait yaradır.
Bir neçə il bundan öncə Azərbaycandan bir neçə millət vəkilinin gəlişini təşkil etmişdik. Orada siyasi xadimlərlə görüş, həmçinin biznes-form keçirildi. Qərara gəlindi ki, gələn il bir neçə bines adamları, siyasi xadimləri Bakıya dəvət edək. Ola bilsin ki, bu yay mövsümündə reallaşsın. Burada həmçinin turizmlə bağlı fikir mübadiləsi aparıldı. Ancaq bu sahədə bir qədər problem var ki, bu da viza ilə bağlıdır. Eyni zamanda nəqliyyat problemi də var. Çünki birbaşa nəqliyyat yoxdur. 2011-ci ildə mənim rəhbərliyimlə Filippin-Azərbaycan Dostluq, Ticarət və Biznes Cəmiyyəti yarandı. Üzvləri də filippinli nümayəndələrdir. Onların Azərbaycana böyük marağı var.
- Filippinlilərin azərbaycanlılara qarşı münasibəti necədir?
- Mənim oraya ilk gəlişim zamanı, yəni 8-9 il öncə onlar Azərbaycan adlı ölkə tanımırdılar. Son illər Azərbaycanla bağlı informasiyanın genişlənməsi, o cümlədən, “CNN” telekanalı vasitəsilə reklam çarxlarının yayımlanması, eyni zamanda mənimlə birgə çalışanlar da informasiya əldə edirlər. Hansı ölkədən olduğumu soruşarkən, Azərbaycan deyəndə bəziləri bilmirlər, sonra mən başa salıram ki, harada yerləşir, necə bir ölkədir, o zaman təsəvvür yaranır. Ona görə çalışıram ki, yerli adamların informasiyası olsun. Bundan başqa son bir ildə Azərbaycan neft-qaz layihələri ilə bağlı informasiyalar qəzet və jurnallarda öz əksini tapır. Belə bir təsəvvür var ki, bu ölkə neft-qaz imkanlarına malik ölkədir.
Orada faktiki olaraq yaşayan azərbaycanlı yoxdur. Rusiyadan da çox azdır. Əsasən Koreya, Yaponiya, Amerika, Almaniyadan olanlar çoxdur. Əksəriyyət bizneslə məşğul olur və uşaqları da orada təhsil alır. Ümumiyyətlə, müxtəlif dillərdə, istər alman, istər çin və s. dillərdə məktəblər var. Türklər də var, onların orada restoranları fəaliyyət göstərir, məktəbləri də var. İranlılar orada çoxdur və əksəriyyəti oraya tibb sahəsində təhsil almağa gəlirlər, 90 faizi stamotologiya sahəsində təhsil alır. Maddi baxımdan orada təhsil ucuzdur. Filippinin ali təhsil ocaqlarının diplomları tanınır.
- Əlaqələrin genişlənməsi üçün hansı addımlar atmağa çalışırsız?
- Orada türklərin Ticarət, sənaye palatası tərəfindən tədbir təşkil olunanda məni də dəvət edirlər. Yerli Filippin ticarət və sənaye palatasının nümayəndələri ilə tanışam, onlar da tədbirləri olduqda məni dəvət edirlər. Ümumiyyətlə, bu regionun nümayəndəsi kimi tədbirlərdə təmsil olunuram. Orada azərbaycanlı olmadığı üçün qrup yaradıb, sayt açmaq imkanı yoxdu. Ancaq ətrafımdakı insanlara bacardığım qədər informasiya çatdırmağa çalışıram. Biznes adamlarında Azərbaycana maraq çoxdur. Ölkəmizin neft-qaz ehtiyatları, yeni binaların tikilməsi, fabrik-zavod açılması, iş yerləri yaradılması ilə bağlı informasiyalar Filippinin ən böyük şirkətləri tərəfindən diqqətlə izlənilir. İndiyədək əlaqələr geniş olmadığına görə, hazırda Filippində Azərbaycanın səfirliyi də yoxdur. Ola bilər ki, gələcəkdə açılsın. Filippin son bir neçə ildə inkişaf edib. Bundan başqa da orada siyasi tərəfdən stabillik var. Stabillik biznes üçün böyük şərait yaradır.
Mən orada ilk olaraq nəqliyyat şirkəti yaratdım, sonra ticarət şirkəti açdım, son iki ildə bir neçə xarici biznes tərəfdaşlarımla birgə Manilanın şimalında böyük şirkət yaradırıq. Bəlkə gələn il fəaliyyətə başladı. Burada onlar həm ticarət mərkəzi, həm qış dağ turizmi, attraksion mərkəzi üçün investisiya qoyur. Mənim orada bir çox siyasi xadimlərlə, hökumət adamları ilə tanışlığım var, prezidentlə, nazirlərlə də görüşüm olub. Amma Azərbaycanla bağlı məlumatları yoxdur.
- Hazırda yəqin ki, Bakıda yaşayan filippinlilərin ölkəmizlə bağlı daha yaxından tanış olmaq imkanı yaranır...
- Bakıda yaşayan filippinlilər çoxdur. Əksəriyyəti ya neft şirkətində mühəndis, ya da servis xidmətlərində-evlərdə çalışırlar. Ancaq Filippindən daha çox Amerikaya gedib tibb bacısı kimi fəaliyyət göstərirlər. Təəssüf ki, Filippinlə Azərbaycanın işçi dəyişmək müqaviləsi yoxdur. 120 milyon əhalidən 10-15 faizi xaricdə yaşayır. Ötən ilin statistikası ilə 18 milyard dollar xaricdə çalışan filippinlilər ailələrinə vəsait ödəyiblər. Bu rəsmi məlumatdır. Xaricdə işləmək onlar üçün sərfəlidir, o həmin maaşı ilə 10 nəfəri saxlaya bilər.
Mənim övladlarım böyükdür, xaricdə oxuyurlar. Azərbaycan, ingilis, ispan dillərini bilirlər. Bura onların Vətənidir, gəlib-gedirlər. Əsas ana dilini bilirsənsə yaddan çıxmır. Sadəcə işlətmək lazımdı. Ümumiyyətlə, xarici dil bilmək yaxşıdır. Azərbaycanda, Bakıda 20 il bundan qabaq 90 faiz rus dilində danışırdısa, indi gənclərin 30 faizi rus dilində danışır. İndi ingilis dilində danışmağa üstünlük verirlər, o da əksəriyyət yüksək səviyyədə danışa bilmir. Çünki orada dövlət dili ingilis dilidir. Amma getdiyim yerin şəraitinə uyğun olaraq oranın dilini öyrənməyə məcbur olursan.
- Filippinliləri ölkəmizə dəvət etmisinizmi?
- Mən bir neçə dəfə filippinli tanışlarımı dəvət etmişəm. Onlar Azərbaycana gəliblər. Hamısı çox razıdır, xüsusilə yeməklərini bəyənirlər. Bir yerə gedəndə deyirlər ki, çox yerdə olmuşuq, amma Azərbaycanın yeməkləri daha dadlıdır. Onların mətbəxi Asiya mətbəxidir, əsasən donuz ətindən istifadə edirlər. İlk növbədə donuz əti, toyuq, baliq ucuzdur, həm də onlar bizdən fərqli olaraq çörək deyil, düyü yeyirlər. Yeməkləri dadlıdır, amma bizim üçün gündəlik onları yemək çətindir.
Buraya gəldikdə şəhər xoşlarına gəldi, şəhərdən kənar dağlıq ərazilərə, Qubaya səfər etdik. Buraya yay fəslində gəldikdə temperaturda elə bir fərq olmur.
Ancaq Azərbaycanla bağlı informasiyaları azdır. Küçədə min nəfəri saxlasan, onlardan 5 nəfəri Azərbaycanı tanıyar. Böyük ölkələrlə yanaşı, hansı ölkələrdə ki, çox çalışırlar, onları tanıyırlar. Rusiya kimi böyük ölkənin adını bilirlər, amma elə bir məlumatları yoxdur. Ruslar da oraya az gəlir. Ancaq Filippin bir ölkə kimi mənim xoşuma gəlir. Küçədə bərkdən danışmaq, qışqırmaq, təhqiredici ifadələr işlətmək yoxdur. Turist də çoxdur. Orada da yollarda tıxaclar var. Ancaq sistem elə qurulub ki, tədricən avtomobillər gedir və sürücü tıxacı hiss etmir. Səkilər, işıqforlar, yolların quruluşu normaldır. Bütün binaların altında avtoparklar yerləşir. Kasıbları, küçədə yatanları da var. Köhnə binalarla yanaşı, yeni binalar da inşa olunub. Müxtəlif siyasi partiyalar var. Problemlər həll olunur.
- Orada Qafqaz ölkələrinin nümayəndələri, o cümlədən ermənilərlə rastlaşırsızmı?
- Yox, bir neçə erməni var idi orada, kompyuter işlərində çalışırdılar. Onlar da çıxıb getdilər. Ümumiyyətlə, orada erməni, gürcü yoxdur. Özbəkistan, Qazaxıstandan olanlar var ki, müqavilə əsasında Asiya İnkişaf Bankında çalışırlar. Rusiyanın səfirliyi var. Ümumilikdə, orada keçmiş sovet ölkələrindən 60-70 adam olar.
Gələcəkdə çalışırıq ki, nümayəndələr buraya gəlsin, yerli biznes adamlarıyla işbirliyi qura bilərlər. Bakıdan oraya insanları aparmaq çətindir, amma oradan gətirmək nisbətən asandır. Cəmiyyətdən əlavə, orada Ticarət və Sənaye Palatasının bir nümayəndəliyini açmaq istəyirik. İstəyirik ki, kim orada çalışmaq istəyir onlara dövlət qeydiyyatı ilə bağlı xidmət göstərək.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Davamlı olaraq inkişaf edən, güclənən bir Azərbaycan var”
16.03.2019
“Hamı “Qarabağ”ı məğlub etmək istəyir”
07.03.2019
Krançı qadın: “Bacarıq və cəsarət varsa, hər bir qadın istənilən kranı idarə edə bilər”
01.03.2019
“Milli geyimlərimiz Beynəlxalq Moda Festivalında hər kəs tərəfindən çox bəyənildi”
28.02.2019
Ötən il Neft Fondunun mənfəət nefti və qazın satışı üzrə gəlirləri 9,8 milyard dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info