“Almaniya universitetlərində Azərbaycan həqiqətlərini təbliğ edirik”
Tarix: 25.12.2013 | Saat: 23:01:00 | E-mail | Çapa göndər


Samir Əsgər: “Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi Almaniyada ilk və üzv sayına görə Avropada ən böyük tələbə gənclər təşkilatıdır”

Xarici ölkələrdəki gənclərimiz təhsil almaqla yanaşı, həm də Azərbaycan xalqının təmsilçisi, onun qədim mədəniyyətinin, adət və ənənələrinin təbliğatçılarıdır. Buna görə də xarici ölkələrin aparıcı ali məktəblərində təhsil almaq üçün tələbələrin seçilməsi, ixtisaslarının müəyyənləşdirilməsi və onlara təhsil almaq üçün lazımi şəraitin yaradılması mühüm əhəmiyyətə malik olan məsələlərdir. Bu məsələ Azərbaycan dövlətinin həmişə diqqət mərkəzində olub, elm və təhsil sahələrində tədqiqatçı, müəllim və tələbələrin mübadiləsi geniş
vüsət alıb.

Hazırda Azərbaycandan kənarda təhsil alan azərbaycanlı gənclərin sayı minlərlədir. Onların arasında bizim müsahibimiz, Samir Əsgər (Abbasov) də var. Qeyd edək ki, Samir 1981-ci ildə Cəlilabad rayonunda dünyaya göz açıb. 1988-1997-ci illərdə Cəlilabad şəhər 8 saylı orta məktəbdə oxuyub.11-ci sinfi Bakının Xətai rayonunda yerləşən 249 saylı orta məktəbdə başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olaraq, oranı müvəffəqiyyətlə bitirib. Daha sonra Almaniyanın Kiel Tətbiqi Elmlər Universitetində təhsil alıb. Hazırda elmi işinin müdafiəsinə hazırlaşır. Eyni zamanda, Almaniyada fəaliyyət göstərən Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin (ATEİB) sədridir.
-Qarşıdan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Bu bayramla bağlı yaşadığınız şəhərdə hansısa tədbir keçirəcəksinizmi?
-İlk öncə qəzetinizin rəhbərliyi və bütün əməkdaşları, eləcə də xalqımızı salamlayır, qarşıdan gələn bayramlar münasibətilə səmimi qəlbdən təbrik edirəm. Təbii ki, tək yaşadığımız şəhərdə deyil, Almaniya ərazisində kiçiktərkibli yığıncaqlar olacaq. Amma üzvlərimizin əksəriyyəti vətəndə olacaqları üçün bu tədbirlər baş tutmaya da bilər.
- Nə vaxtdan Almaniyada yaşayırsız?
-Almaniyaya 2006-cı ilin 6 martında gəlmişəm və o zamandan bəri burada yaşayıram. Hal-hazırda Almaniyada həm diaspor, həm də şəxsi biznesimlə məşğulam. Şəxsi biznesim dedikdə isə, bura tərcüməçilik bürosunun yaradılması və inkişafı aiddir.
- Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin əsas amalı nədir?
- Bu, qarşısına Almaniyada təhsil alan və müxtəlif sahələr üzrə elmi işlərlə məşğul olan azərbaycanlı gəncləri birləşdirmək məqsədi qoyan qeyri-siyasi bir təşklatdır. ATEİB-in yaranması ilə məşğul olan təşəbbüs qrupu 2007-ci ildə təşkil edilib. Mənimlə bərabər aktiv üzvlərimizdən, əsasən Dr.Rezo Əliyev, Telman Əliyev, Dr.Qurban Ələkbərov, Rəqsanə Hacıyevanın iştirakı ilə bir il müddətində onlarla azərbaycanlı gənci bir ideya ətrafında birləşdirmək mümkün oldu. Təşkilat 12.01.2009-cu ildə Frayberq (Saksoniya) şəhər məhkəməsi tərəfindən qeydiyyata alındı. ATEİB-in əsas məqsədi Almaiyada təhsil sahəsində çalışan azərbaycanlı gənclər arasında əlaqə yaratmaq, elmi mövzularda təşkil edilmiş görüşlərdə fikir mübadiləsinin və bu mövzularda yerli xalqın iştirakının təşkili, Almaniyada əldə edilmiş bilik sayəsində mütərəqqi təhsilin və elmin nailiyyətlərinin Azərbaycana transfer məsələləri, təhsildə və elmdə böyük uğur qazanmış gənclərin üzə çıxarılması, Almaniya və Azərbaycan ali məktəbləri arasında yeni əlaqələrin qurulması və mövcud olanların möhkəmləndirilməsinə çalışmaq, Almaniya gəncləri və həmçinin burada təhsil alan, başqa ölkələrdən gəlmiş tələbələrlə mədəni əlaqələrin qurulmasından ibarətdir. Təşkilat olaraq Almaniya universitetlərində Azərbaycan gecələri, müxtəlif elmi konfranslar və digər tədbirlər keçirir, Qarabağ həqiqətlərini yayırıq. Qeyd edim ki, Birliyin bir neçə şəhərdə bölmələri fəaliyyət göstərir.
- Siz, Azərbaycan diasporunun birləşməsi, ölkəmizin tarixinin və mədəniyyətinin təbliği istiqamətində hansı işlər görürsünüz?
-Hər kəs bacardığı qədər bu işə dəstək göstərdiyi kimi, mən də əlimdən gələni etməyə çalışmış və qarşıdakı illərdə də bunu etməyə çalışacağam. Nəzərinizə çatdırım ki, rəhbərlik etdiyim ATEİB Almaniyada ilk və üzv sayına görə Avropada ən böyük tələbə gənclər təşkilatıdır. Biz, dünya diaspor təşkilatları içərisində bəlkə də özü-özünü maliyyələşdirən tək-tük təşkilatlardan biriyik.
Bundan əlavə hər ilin may ayının sonuncu həftəsində Almaniyada təhsil alan bütün gənclərin gələ biləcəyi “İllik görüş” adlı toplantı keçiririk və bu tədbirə də hər zaman maraq böyük olur.
Bu tədbir artıq ənənə halını alıb və çox güman ki, gələn il mayın sonuncu həftəsi yenə baş tutacaq.
- Tədbirlərinizə yerli xalqın marağı hansı formadadır?
-Bizim təşkil etdiyimiz tədbirlər əsasən tələbə və professor heyətinə hesablanır. Yəni, sırf universitetlər üçün təşkil olunur. Bu tədbirlərdə orta hesabla 60-150 elm insanı iştirak edir. Burada təkcə almanlar deyil, həm də başqa millətlərdən olan tələbələr və elmi işçilər iştirak edirlər. Beləliklə, biz təkcə almanlara deyil, başqa xalqlara da özümüzü təqdim edə bilirik.
- Hazırda bu ölkədə diaspor gənclərmiz aktiv fəaliyyət göstərirlərmi?
-Ətrafımda tanıdığım gənclər əllərindən gəldiyi qədər aktivlik göstərir və imkan daxilində aktiv olmağa çalışırlar.
- Bu gün diasporumuz üzərinə düşən məsuliyyətin öhdəsindən gələ bilirmi?
-Bu sual çox çətin və cavabı da məsuliyyətlidir. Unutmayaq ki, biz başqa diaspor təşkilatları ilə müqayisədə çox gəncik, öyrəniləsi və dərs götürüləsi çox işimiz var. Biz məsuliyyətin öhdəsindən gəlmək üçün hər zaman çalışmalıyıq. Öhdəmizə düşən işlər zamanın tələbinə görə dəyişdiyi kimi, bizim də üzərimizə düşən məsuliyyət dəyişir. Və bir də unutmayaq ki, buna qiyməti bizlər deyil, xalqımız və zaman verəcək. Yəni gələcək nəsillər buna qiymət verəcək, ya da buna ən azından ümid edirik.
- Azərbaycan buradan daha yaxşı “görünür”, yoxsa Almaniyadan?
-Azərbaycana baxışlar müxtəlif ola bilər. Təhsil sferasında olduğum üçün Azərbaycanda bu sahədə olan müəyyən problemlər məni çox narahat edir. Ümid edirəm ki, yeni təhsil naziri və komandası buna bir əlac tapacaq və təhsilin keyfiyyəti yüksələcək. Başqa sahələrə gəlincə, burada da müsbət və mənfi tərəflər istər daxildən, istərsə də xaricdən aydın görünür. Amma xaricdən baxıb analiz etmək daha rahat olur. İnkişaf və dirçəlmək isə daxildə həll olunacaq işdir.
- Maraqlıdır, almaniyalı həmyaşıdlarınız münasibətlər qurmaq üçün sizləri özlərinə yaxın buraxırlarmı? Onlarla birgə hansısa layhələriniz olubmu?
-Alman dostlarım çox olmasa da, vardır. İkisi ilə tələbəlik illərindən dostlaşmışam; Jens Hoffman və Norman Wiese. Onlarla birgə layihələrim olub. Yaşadığım Şlesviq-Holştayn əyalətində əlillərin şəhər kitabxanalarında özlərini necə hiss etmələri, onlara kitabxanalardan necə istifadə etmək imkanları və problemləri ilə bağlı layihə həyata keçirmişik. Layihəni əyalətin Sosial Nazirliyi ilə birgə işləmişdik. Sırf Azərbaycanla bağlı isə prezentasiya hazırlığında təcrübələrindən yararlanmışam. Burada onlar mənə nəyi daha yaxşı edə biləcəyimi göstəriblər və məncə burada onlardan çox şey öyrənmişəm. Onlar istər təhsilimdə, istərsə də başqa məsələlərin həllində mənə çox yardım ediblər. Onların hər ikisinə də ömrüm boyu minnətdar olacağam.
- Gələcək üçün hansı planlarınız var?
-Yuxarıda qeyd etdiyim kimi, may ayına görüşümüz və əgər alınarsa, Köln və Flensburg şəhərlərində ilin ilk aylarına tədbirlərimiz planlaşdırılır. Planlar olur və olacaq. Bunları nə qədər reallaşdıra biləcəyimizi isə, qarşıdakı aylar və illərdə görəcəyik, əsas olan planlı və sistemli şəkildə işləməkdir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info