Dövlət orqanlarında qadın təmsilçilərin sayı artıb
Tarix: 27.12.2013 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2013-cü ilin yekunlarına dair kollegiya iclası keçirildi. İclasda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova son 10 ildə ölkədə ailə, qadın və uşaq problemlərinin həlli istiqamətində əldə olunan nailiyyətlər və 2013-cü ildə görülən işlər, gələcək perspektivlər barədə məlumat verdi.

Son seçkilərdə bələdiyyə üzvü
seçilmiş qadınların sayı 5 dəfə artıb


Tədbirdə AQUPDK-nin sədri Hicran Hüseynova bildirdi ki, ölkədə ailə, qadın və uşaq məsələlərin həlli dövlətin qarşısında duran əsas prioritet məsələlərdən biridir. Onun sözlərinə görə, ildən-ilə bu sahəyə göstərilən diqqət və qayğı nəticəsində mühüm nailiyyətlər əldə olunub: Amma bununla yanaşı, müəyyən məsələlərdə problemlər hələ də mövcuddur. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası layihəsində də qeyd olunur ki, bu sahədə dövlət siyasətinin əsas istiqamətlərini gender zorakılığı halların qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanların yaradılması, qadınların işdə irəli çəkilmə, rəhbər vəzifə tutmaq imkanlarının daha da genişləndirilməsi təşkil edəcək. Ana və uşaqların sosial müdafiəsi və mühafizəsinin gücləndirilməsi, işləyən valideynlər üçün uşaq baxımının asanlaşdırılması, uşaq bağçalarının sayının artırılması və həmçinin, ailə planlaşdırma xidmətlərinin inkişaf etdirilməsi dəstəklənəcək”.
Komitə sədri Hicran Hüseynova bildirdi ki, qısa müddət ərzində Azərbaycanın bütün icra hakimiyyəti orqanlarında qadın müavinlər təyin edilib, həmçinin qadınların təmsilçiliyi artıb: “Artıq bütün rayonlarda qadınlar müavin səviyyəsində təmsil olunurlar. Son seçkilərdə bələdiyyə üzvü seçilmiş qadınların sayı 5 dəfə artaraq, 26,7 faiz olub”. Onun sözlərinə görə, bir neçə il bundan əvvəl çox az sayda qadın təşkilatları fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 200-dən çoxdur. H. Hüseynova onu da qeyd etdi ki, bu da qadınların iqtisadi, sahibkarlıq, hüquqi müstəvidə öz hüquqlarını bildiyini və təşkilatlanmış formada fəaliyyət göstərdiyini sübut edir. Son 10 il ərzində Azərbaycanın bir çox istiqamətlərdə əldə etdiyi uğurlardan danışan Komitə sədri bildirdi ki, bu illər ərzində ölkədə 1 milyon 200 min yeni iş yeri açılıb: “Yoxsulluq təxminən on dəfə 49 faizdən 5,5 faizədək azalıb. Son 20 ildə əhalinin sayı 2 milyon artaraq 9 milyon yarıma çatıb”.

Selektiv abortların qarşısını almaq lazımdır

Komitə sədri onu da bildirdi ki, digər dövlətlərdə olduğu kimi, Azərbaycan da bu gün demoqrafik problemlə üzləşib. Son iyirmi ildə kişilərin sayı sürətlə artıb, əhali arasında cins nisbəti bərabərləşib. H.Hüseynova qeyd etdi ki, demoqrafik problemlə əlaqədar olaraq profilaktik tədbirlərin keçirilməsi vacibdir. Onun sözlərinə görə, selektiv abortların fəsadları ilə bağlı orta məktəblərdə, vətəndaşların qeydiyyatı idarələrində, tibb müəssisələrində maarifləndirici işlər aparılmalıdır: “Demoqrafik istiqamətdə qadın və kişilərin saylarındakı nisbətin dəyişməsi cinslər arasında disbalansın yaranmasına gətirib çıxara bilər. Bunun üçün selektiv abortların qarşısının alınması istiqamətində tədbirləri gücləndirmək, Səhiyyə Nazirliyi və digər müvafiq dövlət qurumları ilə birlikdə məsələyə nəzarəti artırmaq məqsədəuyğundur. Ailədaxili münasibətlərin tənzimlənməsi sahəsində daha çox mənəvi dəyərlərin aşılanması üçün maarifləndirici tədbirlərin sayı artırılmalıdır. Ana və uşaqların sağlamlığının mühafizəsi istiqamətində məlumatlandırıcı işlər aparılmalıdır. İntihar hallarının, xüsusilə uşaqlar arasında intiharın sayının çoxalması müəyyən tədbirlərin həyata keçirilməsi məsələsini aktuallaşdırır. Təhsil Nazirliyi ilə birgə “Məktəb psixoloqu” sosial təsisatının aktivləşdirilməsi, “Ailə psixoloqu” institutunun yaradılması bir çox dövlətlərdə olduğu kimi, “İnformasiya və psixoloji təhlükəsizlik haqqında” qanun hazırlanması və əsaslandırılması üçün tədbirlərin keçirilməsi məqsədəuyğun olardı. Qadınların idarəetmə və qərar qəbuletmədə iştirakının artırılması istiqamətində tədbirlərin keçirilməsi zəruridir”.

“Qadınları da sahibkarlığa cəlb
etmək lazımdır”

H.Hüseynova onu da bildirdi ki, Azərbaycanın bəzi rayonlarında qadınlar nə özləri oxuyur, nə də övladlarını oxumağa qoyurlar: “Bu da çox böyük problemdir. Nəticədə, 10 ildən sonra Azərbaycanda böyük boşluq əmələ gələcək”. O qeyd etdi ki, bəzi rayonlarda qadınlar yazmağı, oxumağı bacarmır, bəziləri hətta öz adlarını belə yaza bilmir. Onun sözlərinə görə, mühüm problemin həlli istiqamətində Təhsil Nazirliyi ilə birgə tədbirlər görülməli, onlar üçün maarifləndirici tədbir və treninqlər keçirilməlidir.
Komitə sədri ölkədə sahibkarlığın inkişafı və burada qadınların iştirakının çox vacib bir məsələ olduğunu vurğuladı: “Bir çox rayonlarda güclü sahibkar qadınlarımız var. Onlardan istifadə edərək digər qadınları da sahibkarlığa cəlb etmək lazımdır. Lakin bu gün təsərrüfatla məşğul olmaq istəyən qadınlarımız çox azdır. Əslində kənd yerində hər bir qadın təsərrüfat işləri ilə məşğul olaraq ailəsini dolandıra bilər. Rayonlarda isə 30-35 yaşında qadınlara işləməyi təklif etdikdə, xəstə olduqlarını bəhanə gətirirlər. Nə oldu, hamı birdən xəstə oldu? İnsanların düşüncəsində belə bir fikir formalaşıb ki, dövlət mənə borcludur. Amma heç bir dünya ölkəsində bu cür düşüncə tərzi yoxdur. Qadınların fəallığından danışarkən onların təhsilinə və sağlamlığına ilk növbədə fikir verməliyik. Yalnız o zaman qadınların çox böyük nailiyyətləri olacaq. Hər rayonda müəyyən sayda qadın sahibkar olmalıdır. O zaman hansısa fəaliyyət nəticəsində nailiyyətlərin şahidi ola bilərik”.

Uşaq televiziyasının yaradılması ilə bağlı müvafiq qurumlara müraciət edilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə çıxışında bildirdi ki, gələn il Azərbaycan uşaqlarının III ümumrespublika forumu keçiriləcək. O qeyd etdi ki, Azərbaycan uşaqlarının III ümumrespublika forumunun oktyabr-noyabr ayında keçirilməsi nəzərdə tutulub. Gələn ilin yanvar ayından etibarən forumla əlaqədar tədbirlər planının hazırlanacağını deyən komitə sədrinin müavini əlavə etdi ki, hər zaman forumun keçirilməsinə Heydər Əliyev Fondu və UNİCEF dəstək olur: “Budəfəki forumun keçirilməsinə də rayon icra hakimiyyəti və Təhsil Nazirliyinin dəstəyinə ehtiyacımız olacaq. Forumun keçirilməsində məqsəd uşaqları öz hüquqları ilə bağlı qərarların qəbul edilməsinə cəlb etmək, bunun dövlət tərəfindən təmin edilməsidir. Azərbaycan uşaqlarının I ümumrespublika forumu 2009-cu ildə, II ümumrespublika forumu 2011-ci ildə keçirilib, III ümumrespublika forumu isə 2013-cü ildə keçirilməli idi. Lakin Azərbaycan qadınlarının qurultayı və digər tədbirlərlə əlaqədar forumun vaxtı 2014-cü ilə dəyişdirilib və gələn il təşkil olunacaq”.
A.Sofiyeva qeyd etdi ki, forum çərçivəsində ən mühüm işlərdən biri rayonlardan seçimlərin aparılmasıdır. Birinci forumda 56 rayondan 250, ikinci forumda 85 rayondan 283 uşağın iştirak etdiyini deyən komitə rəsmisi bildirib ki, üçüncü forumda da bütün rayon və şəhərlərində 300-ə yaxın uşağın iştirakı gözlənilir: “Gələn il mayın sonlarına kimi, seçimlər yekunlaşdırılacaq, oktyabr ayına kimi isə seçilmiş uşaqlar üçün treninqlər keçiriləcək. Azərbaycan uşaqlarının III ümumrespublika forumunda yekun bəyannamə qəbul edilib, uşaqlar arzu və təkliflərini bildiriblər. Burada öz əksini tapan bir çox məsələlər həll edilib. Lakin uşaqların arzusu olan bəzi məsələlər hələ də öz həllini tapmayıb. Belə ki, bəyannamədə öz əksini tapan uşaq televiziyasının yaradılması ilə bağlı müvafiq qurumlara müraciət edilib. Çalışacağıq ki, Azərbaycan uşaqlarının III ümumrespublika forumu keçirilənə kimi uşaqların arzu və istəklərinin hər biri həll edilsin”.
Nazirlər Kabineti Humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov bildirdi ki, komitə tərəfindən hər il hazırlanan hesabat hökumətə təqdim edilir. Onun sözlərinə görə, ildən-ilə komitə tərəfindən görülən işlərdə böyük dinamika müşahidə olunur: “Müsbət nailiyyətlərin əldə olunmasında komitənin göstərdiyi təşəbbüskarlıq mühüm amildir. Belə ki, komitə öz təşəbbüskarlığı ilə müəyyən problemlərin həllinə nail olub. Bundan sonra da komitənin gələcək fəaliyyətinə uğurlar arzu edirəm”.
Tədbirin davamında millət vəkilləri, QHT rəhbərləri komitənin bu il ərzində gördüyü işləri yüksək qiymətləndirib, gələcəkdə ölkədə ailə, qadın və uşaq məsələlərin həlli istiqamətində hər zaman komitəyə dəstək olacaqlarını bildirdilər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info