“Xaricdə oxuyan hər bir gənc “fikir oğrusu“ rolunu oynamalıdır”
Tarix: 27.12.2013 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Ümüd Səlimzadə: “Təhsilimizi aldıqdan sonra, qayıdıb Azərbaycanda komanda şəklində işləməliyik ki, müsbət gözləntilər özünü doğrultsun”

“Palitra”nın xaricdə təhsil alan istedadlı və bacarıqlı gənclərlə bağlı rubrikasının budəfəki qonağı Ümüd Səlimzadədir. Ümüdlə söhbətimizdən sonra belə bir qənaətə gəldik ki, Azərbaycan tibb elmində yeni Topçubaşov və Cavadzadələrin nəsli, yeni xələfləri yetişməkdədir. Özü də, bu gələcəyin bacarıqlı, savadlı kadrları olacaq gənclər ilk təcrübi uğurlarına ölkədən kənarda yeni-yeni biliklər öyrənməklə başlayırlar.
Ümüd Səlimzadə ilə olan müsahibəni oxuculara təqdim edirik:
- Ümüd, ilk olaraq oxucularımıza özünüz haqqında məlumat vermənizi istərdik.
- Mən öz simamda sizi və şimaldan-cənuba, şərqdən - qərbə yayılaraq böyük bir arealda yer alan, ürəyi Azərbaycanla döyünən bütün dünya azərbaycanlılarını salamlayıram və fürsətdən istifadə edib qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hər bir azərbaycanlının bayramını təbrik edirəm. Mən - 1989-cu il 6 sentyabr tarixində Masallı rayonunda anadan olmuşam. Orta təhsilimin bir neçə ilini Bakı şəhərində davam etdirsəm də, təhsilimin son illərini Masallıda almışam. 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə qəbul oldum. 2012-ci ildə buranı müvəffəqiyyətlə bitirib, elə həmin il Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) birgə təşkil etdiyi müsabiqənin qaliblərindən biri olmuşam. Müsabiqənin şərtlərinə əsasən, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" na daxil edilmişəm. Hazırda Almaniyanın Berlin şəhərində yerləşən, “Charite Universitet” klinikasının Qulaq -burun- boğaz və baş-boyun cərrahiyyəsi şöbəsinin assistentiyəm. Bu klinikada təhsilimi rezidentura pilləsi üzrə davam etdirirəm.
-Almaniya tibb sahəsində kifayət qədər uğur əldə etmiş ölkə sayılır. Yəqin bu amilə görə buranı seçdiniz.
-2009-cu ilin yay aylarındakı tibb praktikasını Türkiyənin Ankara Universiteti, İbn Sina xəstəxanasında keçmək şansı əldə etdim. Orada praktika keçən zaman teorik biliklərimizin yetərli, praktik biliklərimizin az olmasını hiss etdim. Məndə, tibb təhsilimin ixtisaslaşdırılma hissəsini xaricdə öyrənib daha mükəmməl, daha ixtisaslı bir həkim olmaq ideyası yarandı. 2010-cu ildə isə İstanbul Universitetinin Çapa–Universitet Klinikasında 1 ay müddətinə təcrübə keçəndən sonra bu istək daha da artdı. Daha sonra, Təhsil Nazirliyinin Almaniyada rezidentura keçmək üçün təklif etdiyi əlverişli imkanı dəyərləndirib, bu ideyanı həyata keçirmək qərarına gəldim. Ümumiyyətlə götürəndə, belə seçim etməyimin bir neçə səbəbi oldu. Әn başlıca və ən əsas səbəblərdən biri, dediyiniz amildir. Yəni, Almaniyanın tibb məktəbinin və bu məktəbin özünəməxsus dəst-xəttinin olması burada mühüm rol oynadı. Digər səbəblərdən biri isə alman mədəniyyəti, dünyada məşhur olan alman punktuallığı və almanların hər işdə müsbət mənada özünəməxsusluqları - dəqiqliyə üstünlük vermələri məni məhz bu ölkədə təhsil almağa yönəltdi.
- Alman təhsil sistemindən razısınızmı? Bu ölkədə təhsilin özəllikləri nədən ibarətdir?
- Mən rezidentura pilləsi üzrə təhsil aldığımdan, istərdim ki, sizə bir az bu barədə məlumat verim. Rezidentura pilləsi üzrə burada təhsil almaq üçün hər hansı bir imtahana ehtiyac yoxdur. Sadəcə olaraq, alman dilini bilmək kifayət edir ki, burada müvafiq tibb ixtisasları üzrə təhsil alasan. Hərçənd ki, öz diplomunu Almaniyada tanıtmaq üçün xüsusi bir imtahana ehtiyac var. Amma sən universiteti əgər Almaniyada bitirsən, buna da ehtiyac qalmayacaq. Yəni qısası, özəlliklər və özünəməxsusluqlar çoxdur.
-Bəs burada tibb sahəsi üzrə təhsili bitirdikdən sonra işə qəbul prinsipləri və iş sistemi necədir?
-İşə qəbul prinsipi də tam fərqlidir. Belə ki, sən yalnız bir ərizə yazıb, klinikanın direktoruyla görüşdən müsbət nəticə əldə edib, işə başlaya bilərsən. Bizim klinika bədxassəli şiş xəstəlikləri üzrə ixtisaslaşdığından hər həftə buna uyğun bir "Şiş" konfransında və ağır pasientlərin rentgen nəticələrinin müzakirəsinə dair yığıncaqda iştirakımız məcburidir. Bunlardan başqa hər iki həftədə bir dəfə ixtisasımıza uyğun müxtəlif xəstəliklər barəsində slayd təqdimat hazırlamağımız da məqsədəuyğun hal hesab olunur.
- Almaniyada oxuyan tələbələrimizlə əlaqələr qurursunuzmu? Təhsildən əlavə, ictimai, diaspor işlərində aktivsinizmi?
- Təbii ki, qürbət ölkədə təhsil alıb fəaliyyət göstərirsənsə, soydaşlarınla sıx əlaqədə olmalısan. Ümumiyyətlə, nəzərinizə bir şeyi çatdırmaq istəyirəm ki, bizim sahədə xüsusi iş prinsipləri olduğundan və günün demək olar ki, 10 saata qədər müddətini iş şəraitində keçirdiyimizdən azərbaycanlı tələbələrlə görüşmək şansımız, əsasən həftə sonları olur. Bundan əlavə, Azərbaycanın Almaniyadakı səfirliyinin təşkil etdiyi müxtəlif tədbirlərdə də iştirak edib, ölkəmiz üçün vacib olan tarixi günlərdə bir araya toplanmağı özümüzə borc bilirik.
- Adətən, xaricdə təhsil alan gənclərimiz onlara olan dəstəkdən razılıqlarını bildirirlər. Almaniyada necə, diaspor və səfirlikdən dəstək alırsızmı?
-Bu sual barəsində fikirlərim çox pozitivdir. Çünki Almaniyadakı səfirliyimiz bizim üçün Azərbaycan doğmalığının, qonaqpərvərliyinin bariz bir nümunəsidir. Belə ki, səfirlik qeydiyyatında olan və Almaniyada yaşayan hər bir azərbaycanlının əlaqə vasitələri səfirlikdə mövcuddur və onlar daim diqqətdə saxlanılır. Eyni zamanda səfirliyin də müvafiq əlaqə vasitələri bizdə var. Yaranmış hər hansı problemə görə ora müraciət edəndə, vaxt itkisi olmadan bizimlə rabitəyə keçib məsələnin həll olunmasında çox yardımçı olurlar. Bu mənada deyərdim ki, səfirliyin bizə dəstək olmadığını desəm, yalnışlığa yol vermiş olaram. Eyni zamanda diaspor təşkilatlarımız da tələbələrimizlə birgə fəaliyyət göstərirlər.
-Tibb üzrə təhsil alırsınız. Azərbaycan tibbinin gələcəyini necə görürsünüz?
- Çox maraqlı bir mövzuya toxundunuz və mənə elə gəlir ki bu suala verilən cavab, nəinki bu qəzetin hər bir oxucusu üçün, eyni zamanda hər bir vətəndaşımız üçün maraqlı olar. Bizdə belə məsəllər var: "Deyirlər, ot öz kökü üstündə bitər və su gələn arxa bir də gələr". Bu misalları sizə ona görə xatırladıram ki, Azərbaycan tibbi dünyaya akademik Mirməmməd Cavadzadə kimi Qafqazda ilk böyrəkköçürmə əməliyyatını icra edən, Mustafa Topçubaşov kimi 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu - inyeksion efir-yağ narkozunu - anelgeziya üsulunu kəşf edən (sonradan bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başladı) insanlarımızı bəxş edib. Bu gün isə xaricdə tibb sahəsində təhsil alan 1500-dən artıq həkimimiz bu inkişafı yenidən dirçəltmək qabiliyyətindədir. Sadəcə, təhsilimizi mükəmməl şəkildə aldıqdan sonra, qayıdıb Azərbaycanda komanda şəklində işləməliyik ki, müsbət gözləntilər özünü doğrultsun.
-İnsan amilini dediniz. Bəs tibb sahəsində olan müasir texnologiyalarla bağlı nə deyə bilərsiniz ?
-Tibb sahəsində son texnologiyaların tətbiqinə gəldikdə isə sizə kiçik bir nümunə demək istəyirəm ki, dünyada hər 5 saniyədə 1300 insan bu və ya digər səbəbdən dünyasını dəyişir. Ölüm sayına səbəb isə ən çox müxtəlif xəstəliklərdir. Bu gün biz müasir texnologiyalardan düzgün qaydada istifadə edə bilsək, insanımızın daha uzunömürlü, daha sağlam olmasını təmin edə bilərik. Məhz buna görə də, tibb sahəsində ən yeni texnologiyaların tətbiqi ən arzuolunan hal hesab olunur. Bu da ölkəmizdə mərhələ-mərhələ həyata keçirilir, klinikaların, dövlət xəstəxanalarının yenidən qurulub, ən son texnologiyalarla təmin edilməsi çox təqdirəlayiq hal hesab olunur.
- Sonda ənənəvi sualımızı verim. Təhsilinizi bitirdikdən sonra, həyata keçirmək istədiyiniz hansı planlar var?
- Təhsilimi uğurla başa vurduqdan sonra, vətənimə, millətimə bağlı bir insan kimi ilk növbədə öyrəndiklərimi, qazandıqlarımı öz vətənimdə tətbiq etmək istəyirəm. Mənə elə gəlir ki, Azərbaycandan kənarda təhsil alan hər bir gəncimiz "fikir oğrusu" rolunu oynamalıdır. Yəqin ki, çoxumuz ipəyin ilk dəfə Çindən dünyaya bir tacir tərəfindən, əsasının içərisində oğurlanmaqla yayıldığını bilirik. Məhz biz də öz beynimizlə öyrəndiklərimizi, yenilikləri "oğurlayaraq" gətirib Azərbaycanda həyata keçirməliyik. Çünki bu gün bizləri gözləyən, müxtəlif xəstəliklərdən əziyyət çəkən, minlərlə insanımız var... Çünki bu gün dövlət məhz minlərlə insan arasından bizi seçib, bizə güvənib, bizə etibar edibsə, bizə bu vəsaitləri ayırıbsa, biz də öz növbəmizdə bu inamı doğrultmalıyıq...
Ən əsası, bu işi təkcə Bakıda yox, bütün regionlarda etməliyik. Nəzərə alsaq ki, bu gün regionlarda olan tibb mərkəzlərinin sayı hər il artırılır və bu mərkəzləri Bakıdan cəmi 3-4 saatlıq yollar ayırır, niyə də gedib həmin bu regionlarda çalışmayaq? Bir faktı unutmaq lazım deyil ki, hər bir xəstə yerində, zamanında müalicə və müayinə olunsa, daha effektiv olar.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info