“Fransızlar anlayırlar ki, ermənilər tərəfindən aldadılıblar”
Tarix: 28.12.2013 | Saat: 21:40:00 | E-mail | Çapa göndər


Vüsal Hüseynov: “Prezidenti olduğum təşkilata indiyə kimi ancaq fransızlar rəhbərlik etmişdi”

Vüsal Hüseynov xüsusi təqdimata ehtiyacı olmayan gənclərimizdəndir. Ali təhsilini Fransada davam etdirən Vüsalı Azərbaycan ictimaiyyəti daha çox 2013-cü il fevralın 26-da demokratiyanın mərkəzi sayılan Fransa Parlamentində təşkil olunan tədbirdə haqq səsini ucaltdığı üçün ermənilər tərəfindən fiziki təzyiqlərə məruz qalandan sonra tanıyıb. Bu gün isə biz Vüsal Hüseynovu oxuculara daha geniş şəkildə təqdim edib, onun elmi axtarışlarını, diaspor fəaliyyəti və qazandığı uğurları barədə söhbət açacağıq.

- Vüsal, oxucularımızın sizi ətraflı tanıması üçün ilk olaraq özünüz barədə danışardınız.
-1986-cı il apreldin 13-də Gürcüstanın Rustavi şəhərində anadan olmuşam. Ailəmiz ziyalı ailəsi olub və atam riyaziyyat müəllimi işləyib. 1995-ci ildə Bakıya köçdük və təhsilimi burada davam etdirib 49, 91 saylı orta məktəblərdə və sonda isə Həbib bəy Mahmudbəyov adına Humanitar Texniki Elmlər Liseyində oxudum. 2003-cü ildə Azərbaycan Texniki Universitetinin Yerüstü nəqliyyatın idarəedilməsi fakültəsinə daxil oldum. 2007-ci ildə buranı müvəffəqiyyətlə bitirdikdən sonra magistraturaya sənəd verdim və fakültəmizdə ən yüksək bal toplayaraq magistr təhsilimə başladım. Daha sonra akademik məzuniyyət götürüb hərbi xidmətə getdim. 9 ay xidmət etdikdən sonra Təlim Tədris Mərkəzinə göndərildim və leytenant rütbəsi aldıqdan sonra taqım komandiri kimi ehtiyata buraxıldım. Magistr pilləsini bitirdikdən sonra müxtəlif sahələrdə fəaliyyət göstərmişəm. Dəmir yolu, metro,bank və dəniz neft kəşfiyyatı sektorunda çalışdıqdan sonra, hazırlaşıb doktoranturaya sənəd verdim, Texniki Universitetə qəbul oldum.
- Bəs, Fransaya gedən yol haradan başladı?
- Elə bu doktorantura təhsilindən sonra həmin yola üz tutdum. Mənim elmi rəhbərim Mustafa Babanlının fransız alimləri ilə sıx münasibətləri var idi. Onun fransız alimləri ilə müştərək layihələri çox olmuşdu. Belə qərara gəldik ki, ingilis dilini yaxşı bildiyim üçün elmi-tədqiqat işinin yarısını Azərbaycanda, yarısını isə Fransada apara bilərəm. Bu həm mənim üçün təcrübə olar, həm də xarici ölkədə bilik öyrənmək tədqiqat işlərimə müsbət təsir edərdi. Beləcə, 2012-ci ilin oktyabr ayında Fransaya getdim və orada yaxşı qarşılandım. Hətta tez bir zamanda Parisdə rəğbət qazanaraq öz mövqeyimi tuta bildim. Parisin məşhur “Paris 6” universitetində təhsilimə başladım. Burada ATCP adlanan məşhur doktorantlar təşkilatı var. Təşkilatda doktorantlar toplaşıb və burada üç ildən bir doktorantlar arasında prezident seçkiləri keçirilir. Sevindirici haldır ki, mən bu təşkilata namizədliyimi verəndən sonra mənə etimad göstərib 3 il müddətinə ATCP-yə prezident seçdilər. Bu fransızların təşkilatıdır və ilk dəfədir ki, təşkilata xarici vətəndaş prezident seçilir. Quruma indiyə kimi ancaq fransızlar rəhbərlik etmişdi.
- Bir qədər rəhbər seçildiyiniz bu təşkilat barədə ətraflı danışardınız.
- ATCP-nin 40 ilə yaxın tarixi var. Onun tərkibində 120-yə yaxın doktorant fəaliyyət göstərir. Bu doktorantlar da hər il yenilənirlər. Artıq mən təşkilatın rəhbəri olduğum üçün burada təmsil olunanlar ölkəmiz barədə kifayət qədər məlumatlanıblar. Hətta bu doktorantlarda Azərbaycan barədə böyük rəğbət də formalaşıb. İnşallah, gələcəkdə bu təşkilatda Azərbaycanla bağlı ən azı il ərzində iki dəfə tədbir qeyd etməyi planlaşdırıram. Bu da Azərbaycan günləri və s. formasında olacaq. Belə olan təqdirdə doktorantlarla bərabər professor-müəllim heyəti də ölkəmiz haqqında ətraflı biliklər öyrənəcək, məlumatlanacaqlar. Magistr və bakalavr pilləsində olan tələbələr də burada aktiv iştirak edəcəklər. Elə təbliğ olunası elm adamlarımız, ziyalılar olmalıdır ki, biz onlar haqda məlumat verib, tanışlıqlar yaradandan sonra bu fransız tələbələr gələcəkdə professor, müəllim olanda ən azı dərs dediyi zaman ölkəmizin adını çəksə, tanınmış ziyalımızı misal çəkə bilsin və bu da bizim üçün böyük uğur sayılar.
- Bəlkə bu təşkilata rəhbərlik etməyinizdən daha geniş istifadə edəsiniz?
- Haqlısınız. Sözün düzü, mən bir layihə hazırlayıb Gənclər və İdman Nazirliyinə təqdim etmişəm. Burada qeyd etmişəm ki, Fransadakı doktorant və elmi-tədqiqat işçilərini forum əsnasında Azərbaycana dəvət etmək istəyirəm. Gənclərin də qatılacağı bu layihə təsdiqini taparsa, gələcəkdə reallaşması üçün nazirlik buna öz köməyini göstərsə, düşünürəm ki, bu uğurlu bir addım ola bilər. Daha sonra istərdim ki, diasporumuzla bu barədə müzakirələr aparıb universitetimizdə Novruz bayramını geniş şəkildə, təbliğat formasında qeyd edək. Aktiv təbliğata ən qədim bayramlarımızdan olan Novruzun qeyd olunmasıyla başlamaq əla olardı. Sonra yavaş-yavaş tədbirləri sıralamağa çalışacam. Mənim təşkilata rəhbər kimi təsdiq olunmağım bir qədər uzun müddət çəkdi və sonra parlamentdə məlum olaylar baş verdi deyə, baş qarışdı və xeyli tədbir keçirməyə zaman və imkanım olmadı. Amma indi düşünürəm ki, qarşıda bizi geniş imkanlar gözləyir. Hələ ki, özüm təkbaşına belə bir layihəni hazırlaya və nazirliyimizə təqdim edə bilmişəm. Təşkilata rəhbərliyimdən istifadə edib gələcəkdə buradakı elm adamlarını Fransaya da apara bilərik və bu ölkədə apardığımız elmi-tədqiqat işləri ilə onları da tanış edərik. Azərbaycanda texniki sahə üzrə elmi-tədqiqat işləri son dövrlərə qədər çox zəif olub. Amma son 5 ildə Prezidentimizin bəzi sərəncamlarından, dövlət proqramlarından və konsepsiyalarından sonra texniki sahə, sənaye və s.-də olan sürətli inkişaf nəzərə çarpdı. Yenə də bizdə bəzi boşluqlar qalır ki, düşünürəm, burada da fransız elm adamlarının təcrübəsindən, texnologiyalarından yararlanmaq olar. Gənc mühəndisləri Fransaya aparıb oradakı tədqiqat işlərinə qatmaqla yanaşı onların alimlərilə də tanışlıq əlaqələrini yarada bilərik. Bu, gələcəkdə müştərək işlərin aparılması üçün çox önəmlidir.
- Xaricdə oxuyan bir gəncin ictimai işlərdə fəallığı nə dərəcədə önəmlidir?
- Bunun önəmi böyükdür. Mən ictimai işlərlə hələ Texniki Universitetdə oxuyarkən məşğul olmuşam. Əvvəl həmkarlar təşkilatı, daha sonra isə universitetin tələbə gənclər təşkilatında fəal olmuşam. Bu illər ərzində həmişə Azərbaycanı təbliğ etməyi öyrəndim. Fransaya gedəndən sonra da orada ölkəmizin təbliği ilə bağlı aktiv oldum. Bildiyiniz kimi Fransada erməni diasporu çox güclüdür. Bu səbəbdən də Azərbaycanın Fransada təbliğinə və diaspor işlərinin gücləndirilməsinə çox böyük ehtiyac var. Burada da ictimai işlərdə fəal olmaq mühüm rol oynayır. Çox təəssüf ki, onların güclü lobbisinin olmağı ilə əlaqədar olaraq Fransada türklərə və azərbaycanlılara bir qədər laqeydlik yaranıb. Fransaya ayaq basanda da ilk olaraq bu halı sezə bildim. Lakin zaman keçdikcə, insanlar məni şəxsən tanıyandan sonra onların münasibətləri xeyli dəyişdi. Belə bir deyim var ki, “Azərbaycanı sevmək üçün sadəcə onu tanımaq lazımdır”. Azərbaycanlıları sevmək üçün onlarla azacıq birlikdə vaxt keçirərək onların xasiyyətlərini tanımağın yetər. Bu, Fransada da dəfələrlə sübut olunub ki, fransızlar azərbaycanlılarla sıx ünsiyyətdə olandan sonra görürlər ki, bizim haqqımızda illərlə formalaşdırılan fikirlər yanlış imiş.
Bu ölkədə olan Azərbaycan diasporu, eləcə də tələbələr aktivliklərini ildən-ilə xeyli artırırlar desəm, yanılmaram. Buna isə Azərbaycan və Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, xanım Mehriban Əliyevanın və Azərbaycanın Fransadakı səfirliyinin orada yaşayan soydaşlarımıza diqqəti, Fransada həyata keçirilmiş çox böyük və vacib layihələr birbaşa səbəb olmuşdu. Bəlkə də bu fikirlər bir qədər böyük görünə bilər, amma həqiqətən də aktivlik göstərən soydaşlarımızın da fəaliyyətinin müsbət nəticəsinin hər yerdə şahidi oluram. Baxmayaraq ki, sayımız çox azdır, yenə də aktivlik göstərməyə çalışan diasporumuzu alqışlamaq lazımdır. Bilirsiniz ki, Avropa ölkələri arasında Fransa, azərbaycanlıların ən az getdiyi ölkələrdən biridir. Almaniya, İngiltərə ilə müqayisədə, tələbələrimiz də bura çox üz tutmurlar. Hətta İspaniya və İtaliyanın özündə də kifayət qədər aktivik.
- Sizcə, bu nə ilə bağlıdır? Burada erməni lobbisinin təsiri ilə formalaşan yanlış fikirlərin rolu varmı?
-Həm o məqam, həm də uzun müddət belə qayda olub ki, Fransaya oxumağa gələnlər mütləq şəkildə fransız dilini bilməli idilər. Lakin son dövrlərdə artıq ingilisdilli təhsil burada inkişaf edib. Artıq bu da tələbələrimizin Fransaya nisbətən üstünlük verməsinə də təsir edib. Bizdə fransız dilinin təbliği, öyrədilməsi prosesi də ləngiyib deyə, bu ölkədə sayımız nisbətən az olub.
- Diasporumuzun fəaliyyətini necə, qənaətbəxş saymaq olar?
- Azsaylı diasporumuzun fəaliyyətinə gəldikdə isə mən bunu qənaətbəxş hesab edirəm. Artıq burada 3 qeyri-hökumət təşkilatı aktiv fəaliyyət göstərir. Bunlardan biri bizim “TEAS”, digəri “Azərbaycan evi” və “Ulduz” təşkilatıdır. “Azərbaycan evi”nin tarixi əslində 90-cı illərin əvvəlinə gedir. 1991-ci ildə yaradılan bu təşkilat sonradan fəaliyyətini müəyyən səbəblərə görə dayandırmışdı. 2012-ci ildə yenidən azərbaycanlı gənclər onun fəaliyyətini bərpa etdilər. Hər 3 təşkilat Azərbaycan mədəniyyətini təbliğ edir və diaspor işləri görərək azərbaycanlıları öz ətraflarına toplamağa çalışır. Azərbaycanlı tələbələr də bu təşkilatları dəstəkləyir, onlarla həmrəy olurlar. Çalışırlar ki, hər bir layihələrdə aktiv olsunlar və təşkilati məsələlərdə iştirak edirlər.
- Erməni tələbələrin gənclərimizə maneələri olurmu?
- Hər bir vasitə ilə erməni diasporu istəyir ki, ölkəmizin nüfuzunu aşağı salsın. Buna nümunə olaraq şəxsən şahidi olduğum bir faktı qeyd edə bilərəm ki, 2013-cü ilin fevralında “TEAS” Xocalı ilə bağlı bir tədbir keçirirdi. Bu, bir bəstəkarın Xocalıya aid bəstəsinin canlı təqdimatı idi. Bura xeyli sayda fransızlar, xarici ölkə vətəndaşları və azərbaycanlılar da toplaşmışdılar. Ermənilər bundan qorxuya düşdülər və hiddətlərini özlərinə məxsus şəkildə göstərməyə çalışdılar. Onlar bu tədbirimizə qarşı broşürlər çap etdirib tədbirin reallaşdığı kilsənin girişində - pilləkəndə duraraq gələnlərə bu broşürlərı paylayırdılar. Erməni tələbələr tədbirimizi bu yolla boykot etmək istəyirdilər. Broşürlərdə isə yazmışdılar ki, guya Xocalı uydurma hadisədir. Bundan başqa, türklərə və azərbaycanlılara qarşı erməni lobbisinin illər boyu apardığı antitəbliğat kampaniyaları nəticəsində müəyyən qədər biz tələbələrə qarşı soyuq münasibət hiss olunur. Amma belə tədbirlərdə söhbət əsnasında əsl türk, azərbaycanlını tanıyan yerli əhali yanlış məlumatlandırıldığını anlayır. Biz onları haqlı suallar və faktlar qarşısında qoyanda, etiraf etməsələr də anlayırlar ki, aldadılıblar.
Düşünürəm ki, tələbələrimiz onların hər hansı bir provakasiyasına cavab verməməlidir. Hər işimizi ağıllı şəkildə qurmalıyıq və başımızı aşağı salıb öz işimizlə məşğul olmalıyıq. Biz əməldə necə olduğumuzu göstərməliyik, onlar isə sözdə.
Tural Tağıyev
Ardı var




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İsmayıl Kazımov: “Dildə məcburiliyə köklənən qaydalar mütləq gözlənilməlidir”
20.11.2018
İlkin Əsgər: “İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info