“Tarix həqiqət aynasıdır”
Tarix: 28.12.2013 | Saat: 22:02:00 | E-mail | Çapa göndər


“Düşünürəm ki, sənət dünyamda etdiklərim hələ də azdır...”

Əməkdar artist Fərhad Hüseynov: “Müəllim tədrisi necə apararsa tələbə də sənətə elə maraq göstərər. Mən tələbələrimdən sənətə qarşı sevgi görürəm”

Fərhad Əbdül oğlu Hüseynov 1942-ci ildə Bakı şəhərində anadan olub. 1963-ci ildə Asəf Zeynallı adına musiqi məktəbinin balaban şöbəsinə daxil olub. 1967-ci ildə oranı bitirib və həmin il Azərbaycan İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsinə qəbul olub, oranı isə 1972-ci ildə bitirib. 2002-2006-cı illərdə Azərbaycan Dövlət Milli Konservatoriyasında təhsil alıb. İncəsənətdə fəaliyyətə 1962-ci ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında klarnet və balaban alətləri üzrə ifaçı solist kimi başlayıb. 1981-1983-cü ildə Bakı Ali Partiya məktəbində klubun müdiri vəzifəsində işləyib.
1984-2005-ci ilə qədər Ağırmaşınqayırma işçiləri Həmkarlar İttifaqı Respublika komitəsi "28 May" adına Maşınqayırma zavodunun klubunda direktor vəsifəsində çalışıb. 1962-1978-ci illərdə Əhsən Dadaşovun və Baba Salahovun ansamblında ifaçı olub. 1978-1995-ci illər F. Hüseynovun rəhbərliyi altinda "Ney" instrumental ansamblında bir çox lent yazıları var və dünyanın bir çox ölkələrinə yayılıb. 2000-ci ildən başlayaraq F.Hüseynovun çoxsaylı lent yazıları və kompakt disklərdə ifaları işıq üzü görüb. Azərbaycanın istehsalı olan "Nəsimi", "Babək" və bir çox filmlərə rəqs yazıb və ifa edib. 1970-ci ildə Azərbaycan Dövlət Televiziyası və Radiosunun fonduna 50-yə yaxın lent yazıları təqdim edib. "Ney" instrumental ansamblı əsgərlər üçün döyüş bölgələrində konsert proqramları ilə çıxış ediblər. Azərbaycanın demək olar ki, əksər televiziya kanallarında həm müsahibə, həm də bir neçə nəfəs alətində canlı olaraq çıxış edib. Azərbaycanın bütün bölgələrində qastrol səfərində olub, vaxtilə kənd təsərrüfatı zəhmətkeşləri qarşısında çıxışlar edib. Azərbaycan Dövlət Rəqs Ansamblının heyətində Danimarka, Fransa, İtaliya, Polşa, Afrika dövlətlərində qastrol səfərində olub. Rauf Hacıyev adına 15 saylı musiqi məktəbində və Q.Qarayev adına 9 saylı məktəbdə gənclərə öz biliyini öyrədir. 2006-cı ildən Azərbaycan Milli Konservatoriyasında müəllim-müşayiətçi olaraq fəaliyyət göstərir, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim vəzifəsində çalışır.
2007-ci ildə Sevil xanım Əliyevanın, Zərifə xanım Əliyevanın əziz xatirəsinə ithaf olaraq bəslədiyi "Ana" mahnısının öz ifasında olan diski Heydər Əliyev Fonduna hədiyyə olaraq verilib.


Müsahibimiz Azərbaycan Milli Konservatoriyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Əməkdar artist Fərhad Hüseynovdur:

- Fərhad müəllim, Azərbaycan incəsənətində sizin sənət yolunuz əvəzsizdir. 70 illik ömrünüzü, sənət dünyasında yaşayıb-yaratdıqlarınızı necə xarakterizə edərsiniz?
- 70 ilin ömür yolunda 50 ildən artıq xatirələr, düşüncələr yaranıb ki, onlar haqda danışmaq üçün böyük kitab çap etməyin zərurəti yaranar. Çünki 50 ildən artıq bir zaman çərçivəsində yalnız səhnələrdə çıxış etdim. Təkcə Azərbaycanın bölgələrində deyil, hətta dünyanın bir çox ölkələrində səfərdə oldum. Səfərlərimin əsas məqsədi Azərbaycan mədəniyyətini, musiqi dünyasını və ən əsası incəsənəti təbliğ etmək idi. 1962-ci ildən M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ansamblda çalışmağa başladım. Mən o zamanlar böyük sənətkarlarla çiyin-çiyinə çalışırdım, onları müşayiət edirdim. O sənətkarlar ki, bu gün Azərbaycan musiqi mədəniyyətinin korifeylər ordusudur. Təəssüf ki, bu gün onların çoxu yoxdur. Mən Xan Şuşinski, Əbülfət Əliyev, Şövkət Ələkbərova, Sara Qədimova, Tükəzban İsmayılova, Fatma Mehrəliyeva kimi sənətkarları müşayiət edirdim. Mən fəxr edirəm ki, o cür insanlarla nəinki Azərbaycanı qarış-qarış gəzdim, hətta dünya ölkələrində birgə səfərdə oldum. Bu günə qədər Azərbaycan incəsənəti üçün bir çox işlər gördüm. Lakin düşünürəm ki, sənət dünyamda etdiklərim hələ də azdır...
- Nəfəs alətləri ixtisası üzrə təhsil alan gənclərin gələcək fəaliyyətləri haqqında nələr deyə bilərsiniz?
- Bu gün nəfəs alətləri ixtisası üzrə təhsil alan gənclərin gələcəyi çox parlaqdı. Çünki onların bu sənətə həvəslə yiyələnməkləri məni çox sevindirir. Sənət dünyamda uzun illər boyu musiqi məktəblərində nəfəs alətləri ixtisasını tələbələrimə tədris etdim. Bu gün isə ali musiqi məktəblərində gənclərə bu sənətin incəliklərini aşılamağa çalışıram. Onlarda bu sənətə qarşı maraq və sevgi olduğunu görüb daha da ruhlanıram. Bu gün incəsənət aləmində, nəfəs alətləri üzrə inkişaf da yüksək səviyyədədir. Çünki vaxtilə balaban alətini ifa edən musiqiçilərimiz çox zəif idi. Mən çalışırdım ki, bu sənət Azərbaycanda çox inkişaf etsin və bunun üçün də tələbələrimə bu sənət haqqında geniş müzakirələr aparırdım. Çünki müəllim tədrisi necə apararsa, tələbə də sənətə elə maraq göstərər. Bəli! Mən arzu etdiyim kimi tələbələrimdən sənətə qarşı sevgi görürəm.
Balaban alətinə marağın az olmasının səbəbi isə əvvəllər qarmon aləti olmadığı üçün balaban müşayiət edən zaman yalnız dəm tutardı. Ona görə dəmkeşə o qədər diqqət edən, maraq göstərən olmurdu. Amma indi balaban solo ifa alətidi. Çünki vaxtilə mən efirlərdə, radio dalğalarında tez-tez balabanda solo ifa edib, sənəti üzə çıxardım, cəmiyyətdə bu alətə qarşı maraq oyandı.
Hal-hazırda Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alan gənclərin bir çoxu nəfəs alətləri fakültəsi üzrə mənim sinfimdə təhsil alırlar. Tələbələrimin bir çoxu ali təhsillərini bitirdikdən sonra musiqi məktəblərində nəinki balaban, hətta bir çox nəfəs alətlərini tədris edirlər. Gələcək üçün yeni kadrlar, nəfəs alətləri ifaçıları yetişdirməyə çalışırlar. Bu sənət mütləq inkişaf və təbliğ olunmalıdır. Çünki əvvəllər ansambllarda klarnetə daha çox üstünlük verilərdi. Lakin artıq balaban aləti aparıcı səs olaraq işlədilir. Buda mənim məktəbimin nəticəsidir. Klarnet ifaçısı kimi daha çox tanınsam da, amma mən klarnetə deyil, daha çox balabana üstünlük verib aləti ifa edərək cəmiyyətdə təbliğ edirdim. Ona görə ki, klarneti hər bir ifaçı çala bilir. Lakin balabanı ifa etmək çətindir.
Bu gün mən tələbələrimə nəfəs alətləri şöbəsindən olan ney, tütək, zurna alətlərini də tədris edirəm. Ən əsası, tütək bizim milli alətimizdir və bu alətlərdə xalq musiqilərimizi ifa etmək əlbəttə ki, mədəniyyətimizin ən yüksək zirvəsidir.
- Xalq mahnımız olan “Sarı gəlin” mahnısını balabanda ilk siz ifa etmisiniz. Lakin bu gün milli musiqimizə bədxah qonşularımız sahib çıxmaq istəyirlər. Bu haqda fikirlərinizi bilmək istərdik.
- Vaxtilə mən “Ney” instrumental ansamblının bədii rəhbəri idim. Bu ansamblla bir çox milli musiqilərimizi lentə yazılıb, audio yazılarımız dünya ölkələrinə yayılırdı. Qastrol səfərlərimdən əvvəl lent yazılarımı bütün dünyada dinləyirdilər. Hansı ölkədə qastrol səfərində olurdum, valları satış vitrinlərində görürdüm.
Bir gün Türkiyədə səfərdə olduğum zaman Mədəniyyət Dərnəyinin Rəhbəri Çetin Kaya ilə görüşdüm. Söhbət əsnasında o, musiqi köşəsində xüsusi diqqət ayırdığı, sevgi ilə və hər gün dinlədiyi lent yazılarından birini mənim üçün səsləndirdi. Mən lent yazısını eşitdiyim zaman çox təəccübləndim. Çünki bu, mənim balabanda ifa etdiyim “Sarı gəlin” mahnısı idi. O, bu ifa haqqında mənə dedi ki, bu musiqini mən uşaq vaxtımdan eşitmişəm. Anam hər gün “Sarı gəlin” mahnısını zümzümə edərdi, mən isə dinləyərdim. Ona görə bu musiqiyə hər gün qulaq asıram. Bu mahnı mənə doğma və əzizdir.
O zamanlar “Sarı gəlin” mahnısını ilk dəfə balabanda ifa etməklə efirə mən çıxardım. Çünki bu mahnını vaxtilə efirdə ifa edən olmayıb. Xalq arasında dildən-dilə gəzirdi, oxunurdu, lakin efir məkanında ifa edilmirdi. Mənim ifamdan sonra Akif İslamzadə bu mahnını lentə yazdırdı. Bundan sonra “Sarı gəlin” mahnısını ifa edən xanəndələr çox oldu.
Bədxah qonşularımızın da milli musiqimizə sahib çıxmaları təsadüfi deyil. Xüsusilə də “Sarı gəlin” mahnısına. Çünki bizim kökü olan musiqimiz hər bir xalqın istək nəzəri olub. Dünyada bizim qədər musiqi mədəniyyəti zəngin olan ikinci bir xalq yoxdur. Onun üçün də kim hansı yollara əl atsa da, bizim xalqın keçmişini dəyişə bilməz. Tarix həqiqət aynasıdır.
- Sənət həyatınızda etmək istədikləriniz?
- Allah ömür versə, bu sənəti yaşatmaq üçün çox işlər görmək istərəm. Yeni mahnılar yazıb, musiqi tariximizdə qədim mahnılarımızı, xalq rəqslərimizi araşdırıb ifa etməklə gənc nəslə ötürmək arzusundayam. Çünki vaxtilə milli kinolarımıza “Babək”, “Babamın babasının babası” kimi böyük filmlərimizə rəqslər bəstələyib, ifa etmişəm. Ən əsası da, Allah ömür versə istedadlı gənclərimizə düzgün sənət yollarını göstərmək arzusundayam.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info